Xaricdə təhsil alan 75 məzun akademik fəaliyyətə cəlb edilib

2016-12-19 20:59:57 / 413 dəfə oxunub

Dekabrın 17-də ADA Universitetində Təhsil Nazirliyinin təşkilatçılığı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nın məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı işgüzar panel keçirilib. Sabahinfo.az-ın məlumatına görə, müzakirələr zamanı məzunlar açıq fikir mübadiləsinə qoşularaq akademik sahədə daha fəal iştirakı təmin edəcək nüanslar barədə rəylərini söyləyiblər. Paneldən sonra xaricdə təhsil almış məzunlarla ali təhsil müəssisələrinin rəhbər şəxsləri arasında işgüzar  görüşlər təşkil olunub. 

  

Forumla bağlı təəssüratları təqdim edirik.

 

Vüsal Hüseynov  ABŞ-ın Harvard Universitetinin məzunu,  millət vəkili

Bu cür görüşlər məzunları bir araya gətirib, onlarla sıx əlaqə yaratmaqla yanaşı, həm də digərlərinə də stimul vermiş olur. Mən də xaricdə təhsil alan gənc olaraq bu cür görüşlərdə məmnuniyyətlə iştirak edərəm. Həm öz təcrübəmi paylaşaram, həm də məzunlar arasında yaradılan şəbəkəyə qoşulmuş olaram.

Həsən Həsənli- Böyük Britaniyanın məzunu, nazir müşaviri

-"Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunlarının akademik fəaliyyətə  cəlb edilməsi üçün keçirilən tədbir davamlı olacaq. Məzunlar Təhsil Nazirliyi və digər rəsmi qonaqlarla birbaşa fikir mübadiləsi aparmaq, ali təhsil müəssisələri ilə fərdi görüşlərdə tədris üçün mövcud imkanlar barədə məlumat almaq və onların akademik sahədə daha fəal iştiraklarını təmin edəcək şərtlər bərədə təkliflər etmək imkanı əldə etdilər. İndiyədək 75 məzun akademik fəaliyyətə cəlb edilib. Biz məzunların universitetlərlə əlaqələrini genişləndirməklə onları akademik fəaliyyətə cəlb edə bilərik.  Bu mühazirələr, seminarlar və treninqlər ola bilər. Universitetlərdə SABAH qruplarında məzunların akademik fəaliyyəti üçün  imkanlar yaradılıb.

Şahlar Əsgərov – təhsil eksperti

-Bu görüş olduqca əhəmiyyətli idi. Tədbirdə iştirak edəndə ölkəmizin təhsil gələcəyinə ümid hissim bir qədər də artdı. Çünki orada 4 spikerdən 3-ü, Hafiz Paşayev, Mikayıl Cabbarov, Şahmar Mövsümov, xaricdə təhsil alıblar. Bizim təhsilimizi xaricdə oxumuş dəyərli insanlar idarə edir. Bu, mənim üçün fəlsəfi bir baxışdır. Məzunların verdikləri suallar çox gərəkli idi. Bir çox auditoriyalarda olmayan tənqidi təfəkkür müşahidə etdim. Bu, olduqca önəmlidir. Üçüncüsü onu deyim ki, özümü daim düşündürən bir sualı həm cənab nazirə ünvanladım, həm də məzunlarla fikirlərimi bölüşdüm. Mən bilmək istəyirdim ki, xaricdə təhsil üçün bakalavr, yoxsa magistr təhsili seçilməlidir. Birmənalı şəkildə magistr təhsili dedilər. Bu, məni çox sevindirdi. Bakalavr səviyyəsində gedən uşaqların yarısını itiririk. Magistr səviyyəsində olanlar isə qayıdır və ölkəmizdə xidmət edir.

Etibar Əliyev –təhsil eksperti

-2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı işgüzar paneli yüksək qiymətləndirirəm. Məzunların işlə təminatı olduqca vacib məsələdir. Belə tədbirlərin keçirilməsi məzunlarda ölkədə qalıb çalışmaq üçün motivasiyalar yaradır. Tədbirin əsas üstünlüklərindən biri açıq dialoqlara üstünlük verilməsi idi. Düşünürəm ki, bu həm də məzunların qarşısında yeni üfüqlər açdı. Məzunların elmi fəaliyyətə cəlb olunmalarına, onların işlə təminatına edilən çağırışlar qarşıya qoyulan əsas məqsədə - "qara qızılın insan kapitalına” daha sürətlə keçidinə şərait yaradacaq. Tədbirin bir mühüm keyfiyyəti də ondan ibarət idi ki, məzunlar təhsil naziri, rektorlarla və bir-biriləri ilə səmərəli dialoqlar apardılar. Bütün bunların ali bir məkanda, ADA Universitetində baş tutmasını xüsusi olaraq dəyərləndirirəm.

 

Mustafa Babanlı – ADNSU-nun rektoru

-Bu tədbirdə ən böyük qazancı ali məktəblər və onun rəhbərləri götürdü. Kadrlarla birbaşa təmas imkanı yarandı . Bir çox ali məktəblərə tam imkan verdi ki, top universitetləri bitirib, gəlmiş məzunlarla birbaşa təmasda olsunlar. O cümlədən də biz. Dövlət proqramı ilə oxuyub gəlmiş məzunları seçirik. Bizimlə işləməyə maraqlı olan məzunlarla yenidən görüşəcəyik.

Kənan Həsənov  – Böyük Britaniyanın Nottingham Universitetinin məzunu

-Nottinqham Universitetində təhsildə liderlik və menecmentlik ixtisası üzrə təhsil almışam. Hazırda şirkətlərin birində marketoloq, layihə rəhbəri kimi çalışıram. Mən çox məmnun oldum ki, bütün məzunlar arasında böyük əlaqələrin, qurulduğu tədbirdə bir araya gəldik. Hazırda  akademik fəaliyyət üçün bir təhsil platforması hazırlayıram. Çox güman ki, yaxın aylarda görəcəksiniz. Burada hər birimiz öz təcrübəmizi bölüşdük.

Nərgiz Hüseynova –Birləşmiş Krallığın Edinburq Universitetinin məzunu

-Edinburq Universitetinin Marketinq və biznesin analizi ixtisası üzrə magistratura səviyyəsində təhsil almışam. Bugünkü tədbir çox təqdirəlayiqdir. Biz hamımız ölkəmizə yeniliklə, təcrübə ilə qayıdırıq. Qayıdan hər bir tələbə gələcək nəsil, tələbələr üçün öz töhfəsini verir. Fikrimcə də bunu bölüşmək hər birimizin borcudur. Bugünkü tədbirin nəticəsində ümid edirəm ki,  hər kəs gələcək bir planını bölüşəcək və bu, yeni uğurun başlanğıcı olacaq. 

Emin Əmrullayev –  ABŞ-ın Kolumbiya Universitetinin məzunu, Təhsil Nazirliyinin şöbə müdiri

-Bu proqramla xaricdə təhsil alan məzunlardan biri kimi düşünürəm ki, bu cür görüşlərin keçirilməsi vacib idi. Hesab edirəm ki, məzunların həm təcrübələrini bölüşmək, həm də fikir mübadiləsi aparmaq üçün bu cür silsilə tədbirlərin keçirilməsinin müsbət təsirini görəcəyik. Eyni zamanda ali təhsil müəssisələrinin rəhbər şəxsləri arasında işgüzar  görüşlər də stimul yaratmış olacaq.

 

Muxtar Hacıyev – Xəzər Universitetinin siyasi elmi və beynəlxalq münasibətlər kafedrasının müdiri, Böyük Britaniya məzunu

 

-Məzunların akademik fəaliyyətə cəlb olunması ilə bağlı şəxsən mən çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu forum mütəmadi şəkil ala bilər. Artıq öz professional və şəxsi keyfiyyətlərinə görə seçilərək nüfuzlu xarici universitetlərdə təhsil almağa göndərilmiş uğurlu fərdlərimizin hər biri müxtəlif sahələrin mütəxəssisləridir. Onlar öz ixtisasları üzrə müasir dünyamızın tələb etdiyi bilik və bacarıqlara sahibdirlər. "Qara qızılın ağ qızıla” çevrilməsinə xidmət edərək dünyanın qabaqcıl təcrübəsini həm nəzəri, həm də praktiki cəhətdən öyrənərək məzun olub, daha sonra ölkəmizə qayıdıb, müvafiq ixtisasları üzrə öz karyeralarında uğurları ilə cəmiyyətimizdə seçilə bilən gənclərimiz var. Mən hesab edirəm ki, bu gənclərimizin akademik fəaliyyət göstərərək,  bir vətəndaş məsuliyyətindən qaynaqlanan xidmət göstərməyə meylli olması çox təqdirəlayiq haldır. Təhsil Nazirliyinin belə gənclərin potensialından ölkəmizin modernləşməsi, vacib olan insan kapitalının daxildə də davamlı olaraq inkişaf etdirilməsi üçün, o cümlədən təhsil problemlərinin müzakirəsi və onların həlli istiqamətində cəlb olunmalarında səmimi niyyət və iradəsi aydın görünür.

 



Son xəbərlər
6 otaqlı evdə yanğın olub
2017-01-22 22:00:23
FİFA-ya tarixi cəza
2017-01-21 13:55:28
Siqaretlər bahalaşıb
2017-01-21 13:43:04



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws