Məmmədova Xatun - Günahkar olmuşam istəyimlə mən

2016-12-20 22:00:12 / 15021 dəfə oxunub

Uçular eşqin sarayı

Sinəndə ürək soyuqdu, Gəl mənə nəğmə oxuma. Boğazdan gələn sözlərdən Ruhuma çələng toxuma.

Hələ sevgi dərsin yarım, Səndə məhəbbət nə gəzir?! Xəyalının üzü sərtdi, Onda hərarət nə gəzir?!

Yazın,yayın qış kimidi, Payızın necə olacaq? Simruqunun lələyi yox, Qaranlıq gecə olacaq.

Gözlərindən yaş axdımı, De bir həsrətin üzündən? O qədər acı dindirdin, Qaçdı qismətin özündən.

Hər istəyə sevgi deyən, Qalmısan sözün əlində. Uçular eşqin sarayı, Qədirbilməzin əlində.


Öyrətmə məni Öyrətmə özünə öyrətmə məni (M.Yaqub)

Mürgüdən,yuxudan ayılar könlüm, "Sən Allah, özünə öyrətmə məni!” Hələ köz saxlayıb, alışar külüm "Sən Allah, özünə öyrətmə məni!”

Elə öz dərdimə yanım özüm mən Bir yerdə yaşadıq səbrim, dözüm, mən. Didərgin düşərəm özüm özümdən, " Sən Allah, özünə öyrətmə məni!”

Qoy qalım həsrətin qəm yağışında, Bəxtimin atdığı daş qarğışında. Göyərə bilərəm payız yaşında "Sən Allah, özünə öyrətmə məni!”


Neyləyim

Bir quş idim,sənsə qoşa qanadım, Qanadlarım qırılıbsa neyləyim? Ağır-ağır şələlərin altında Zərif çiynim yorulubsa neyləyim?

Necə çəkim ikimizin yükünü, Bu taleyin, qara bəxtin hökümü. Mən nisgilli bir bənövşə bükümu Həsrətimlə sarılıbsa neyləyim?

Ruzigarın qarşısında vücudum, Acı yedim, sevinc varmı bir udum?! Yoxluğunu necə danım, unudum, Ümidlərim qırılıbsa neyləyim?!

Arzularım sınıq düşüb, sozalıb, Gözüm, könlüm qəhərimdən söz alıb. Sənsiz günüm, gücüm, qüvvəm azalıb Dünya mənə dar olubsa, neyləyim?!

Gəl yuxuma, buna qalıb gümanım, Yaradandan mənə səbr umanım. Başım üstən çəkilırmi dumanım, Vaxtım, vədəm daralıbsa neyləyim?!


A gəlin qızım

Baldızın bacındi, a gəlin qızım. Sənə ürəyində sevgi bəsləyir. Tənha dünyasından bir sirdaş umub, Bir həmdəm gözləyir, bir dost səsləyir. Dilini şirin elə!

Qaynın qardaşındı, a gəlin qızım. Sən ona bacısan, gəlinbacısan. Çətin günlərində dayağın oiar. Qırarsan qəlbini, desən acı sən. Dilini şirin elə!

Qaynatan atandı, a gəlin qızım. Hörmətini saxla, qulluğunda dur! Xeyir-duasından uca olarsan, Minnətdar ürəyi qalalar qurur. Dilini şirin elə!

Qaynanan anandır, a gəlin qızım, Könlündən səadət ümidi axır. Sən də balasısan, nə fərqi var ki, Sənə öz oğlunun gözüylə baxır. Dilini şirin elə!

Oglum əzizindi, a gəlin qızım. Ələ, hislərini keçir ələkdən. Bizə də qəlbində yer ayırarsan Əgər sən oğlumu sevsən ürəkdən. Dilini şirin elə!


Dünəndən bəri

Ürəyim dil açıb çoxdan danışır, Nəğməkar bülbülə dönəndən bəri. Həsrətim od olub yandırır məni Bağrımın başında dinəndən bəri.

Sevilmək istədim mən ürəyimcə, Sevməyi bacaran bu ruhu incə. Nisgilin əlindən hey gündüz-gecə Göynədum, ümidim sönəndən bəri.

Günahkar olmuşam istəyimlə mən, Dərdlərim telimdə ağarır dən-dən. Məni dəli edən, məni dərd edən, Öz iman atından enəndən bəri.

Bir pətək bal ilə bir qram zəhər, Məni hara atır qəzavü-qədər? İçimi doğradı min acı qəhər, Könlüm həmdəmindən sınandan bəri.

Ruhum oyalanır, oxuyur dil-dil, Bilirəm bu ağrı ötüşən deyil. Gözlərimdə həsrət, içimdə nisgil, Sabaha gedirəm dünəndən bəri.


Ümidlərim qırıq

Güvəndiyin uca dağ, Təpələnirsə əgər, Qum kimi ayaqlara , Səpələnirsə əgər, Kövhər bilib, zər bilib, Düzlüyünü öydüyün, Mərd tanıyıb, nər bilib- Kürəyinə döydüyün, Zirvədən enir demək.

Saf bulağa, körfəzə , Lil qarışa bilirmiş. Nurlu-işıqlı üzə, Kül qarışa bilirmiş, Allahını unudub, Imanından qaçanlar, Əyriliyə yalana, Qucağını açanlar, Namərdə dönür demək.

Sığınıb yaşayırsan, Ürəyinin içində. Tükənir ümidin də, Yoxa çıxır gücün də, Daraşır vücuduna, Min əndişə, min təlaş, İnsanı etibarsız, Bu həyat yavaş-yavaş Gözündə sönür demək.

Axı bəşər övladı, Çıxırsa cızığından, Günəş də sönə bilər, Sökülə bilməz ki, dan. Könüllər zülmət gecə, Nəfsinə yağırsa qar, Yer oxundan tərpənər, Dünya tarimar olar. Qiyamət dinir demək.



Son xəbərlər
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws