Nigar Arif - Xəyalın hərdən-bir başımı qatır

2016-12-21 16:51:36 / 7408 dəfə oxunub

……………Mənim albomum……….. Mənim albomum aynalar idi… Yağış yağanda, Hərdən səmada buludlar qar yoğuranda, Evimizdə isti hava buxarlananda, Külək soyuqdan qaçıb ətrafa duman saranda, Qaranlıqdan ay işığı süzülüb üzünü pəncərəmə yaxanda, Mənim albomum aynalar idi… Çəçələ barmağım küsərdi həmişə şəkil çəkəndə, Daha çox işarə barmağım gələrdi köməyimə. Ortancıl, elə ortada qalardı, Nişan barmağımsa, nə çəkdiyimi nişan alardı. Bax beləcə… beləcə rəsmim də tamamlanardı… Çox vaxt bir qız idi hədəfim, Üzü mənə sarı,yolu qarşı tərəfim. Bənizi günəş,gözləri ulduz, Saçları sonsuz, Köksündə ürək, Uca bir ağaca söykənmiş kürək Bir də səmadan aşağı vurnuxan baxış, Bu baxışdan yavaş-yavaş tökülüb, yıxılan yağış, Məni çağırardıki "gəl bizə qarış”… Arabir peyda olan bir təbəssüm vardı bu tabloda… Ağızı qulaqlarında, çürük diş görsənərdi. Bax o çürük dişdə də, Uşaqlığın saflığı,qayğısı gizlənərdi. Tez böyümək arzusu, O uşağın qəlbindən, Kipriyinə dırmaşıb, Gözlərinə enərdi. Hə… əcəb günlərim idi… İndi yağış yağanda, Səmada buludlar qar yoğuranda, Evimizdə isti hava buxarlananda, Külək soyuqdan qaçıb ətrafa duman saranda, Qaranlıqdan ay işığı süzülüb üzünü pəncərəmə yaxanda, O albomdan çıxır uşaqlığım, Baxıramki böyüyüb xeyli… Böyüyüb,lap elə mənim kimi. Dayanır gözümün qabağında, Yaddaşımın yaddan çıxmış bağında, Və mənə deyir: Salam,mən gəldim...


......................Səsizlikdə sən varsan.................... Haçandır düşmüsən könlümə,gülüm, Həsrətin tikanı sinəmə batır. Sənsizlik verərkən canıma zülüm, Xəyalın hərdən-bir başımı qatır.

Bu sevgi dəyəsən mənə düşməyib, Dərdindən yamanca arıqlamışam. Xəbərin də yoxdu,hardan biləsən, Nə qədər rəsmini qucaqlamışam.

Bəzən danlayıram özüm-özümü, Gah səndən küsürəm,gah barışıram. Tez-tez yoxluğuna tutub üzümü, Bilirsən nə qədər söz soruşuram?

Cavabsız suallar verib əl-ələ, İnciyib yenə də geri qayıdır. Fikirlər yatmağa qoymur gecələr, Səs salıb qəlbimdə səni oyadır.

Yox,elə bilməki çox darıxıram, Sənsizlik sözündə sən varsan axı. Arabir yollara dönüb baxıram, Hansı yol de bizi qaytarsın axı?

Bir görüş zamanın bircə saatı, Qoparar ömürdən neçə səhifə Elə bil günlərin tutub inadı, Keçmirlər mən səni düşünüm deyə.


..................... Gedirəm özümə gəlməyə........... Çəkil,dünya,çəkil,çəkil...gedirəm özümə gəlməyə. Elə nə vaxt ağlayıram,başın qarışir gülməyə... Gül..,gül doyunca, Ağladığın,ağladığım yol boyunca, İçinə qov kədərini, Tut boynundan,as gülüşdən o həyasız qəhərini. Gül...gül,təki gülüşlər də bilməsin, Dodağının arxasında açmadığın dərd qapısı, Hansı sirrlə,hansı həyat silləsindən qıfıllanıb... Gül,təki heç kim bilməyə... Nə varki gülə-gülə, Gülə-gülə,yeriyə-yeriyə, ayaq üstə ölməyə?..


.........................Darıxdınsa................ Keçib ürəyimin başında otur, Çəkinmə,istəsən dolan,gəz biraz. İşdi darıxdınsa keç gözlərimə, Üzümdən süzülüb baxışımda az.

Qar boyda yaş ol ki,yanağımda dur, İçib varlığını susuz məhəbbət, Əvvəlcə yox etmək istəsin səni, Sonra düşünsünki eyləyir qələt.

Nəğmə tək düş hərdən bu dilimə də, Adını astadan zümzümə edim. Yenə də arzular gətirsin səni, Toplayıb özümü özümdən gedim.

Desinlər dəlidi,bu divanədi, Qoy ötüb Məcnunu arxada qoyum. Təbiət ayılsın qış yuxusundan, Hələ mən sevginə təzəcə uyum.

Mənə nə,bu sevda lap boran olsun, Geyinib səbrimi isinəcəyəm. Olmadı,od vurub şəkillərinə, Yanan ümidləri düşünəcəyəm.

Gəl əyləş fikrimin özəl yerində, Bil sevmək necədi,sevilmək nədi. Doğulub eşqimin körpəsi kimi, Gör ruhum ruhuna necə dayədi

Keçib ürəyimin başında otur, Çəkinmə,istəsən dolan,gəz biraz. İşdi, darıxdınsa keç gözlərimə, Üzümdən süzülüb baxışımda az.


................Çətirmi götürüm,papaqmı geyim............ Mənim baharıma kim su çilədi? Gülüm,bənizində bu şehlər nədi? Dolubdu gözlərin,dolub göl kimi, Bu nəmli çöhrənin günahı nədi?

Sarmaşıb baxışın qəm hasarına, Yaşlar salxımında gilə-gilədi. Sevinci üzündən söylə,kim dərib? Kədərin işvəsi cilvə-cilvədi.

O bir cüt çadırda gecələdiyim, Xəyala daldığım gecəm var mənim. Ağlama,gözündə xəlvət gizlənən, Gəzib dolaşdığım küçəm var mənim.

İndi islanır o qara bəbəklər, Çətirmi götürüm,papaqmı geyim? Üşüyür qəlbimdə şən kəpənəklər, Büzüşüb baxıram,ordan nə deyim?

Çabalayır əksim,batır rəsmim də, Bu dərin dəryana dözə bilmirəm. Çıxar göz yaşında boğma məni də, Vallah heç dənizdə üzə bilmirəm.

Ay zalım,kipriyin incədir axı, Bu boyda yükünü necə daşısın? Büküb qamətini ağır damcılar, Özü öz yükünü niyə daşısın?


......................Hardasa bir işıq var.......... Hardasa bir işıq vardı, Qaranlığı aydınladan... Yuxarıdan aşağıya, Ya da, yerdən göyə qədər məsafələr arasında... Uzaqla yaxının əl-ələ verib qurduğu, Qəribəliklər,düşüncələr arasında... Sadə bir toxunuşla, O sirrli,bənzərsiz, hər qəlbin kirəsində tutduğu bir komada, Möcüzələr oyadan, Çıxdığı səfərlərdən əli-dolu qayıdan, Hardasa bir işıq vardı, işıqları yaradan... Ən parlaq,ən zəif,ən önəmli həyat baxışlarında, Ucu görünməyən bucaqların, son dayanış nöqtəsi, Əl çatmayan dünyaları qucaqlayan, bir ehtimal bölgəsi. Olmazların,bəlkə də olmaz dediklərimizin gerçəkliyə döngəsi... Sənin itirdiyin,mənim axtardığım,arzuların tapdığı, Hardasa bir işıq vardı,hardasa... həmişə,hər yerdə, Hardasa bir işıq var hələ də, Və onun adına "Ümid”deyirlər!..


..Əllərin arzusu......

Üstündən gör neçə,neçə vaxt keçib, Sonuncu görüşdə qalıb bugünüm. Qapının ardından baxır o dünən, İçəri girmirki,biraz sevinim. Bir addım geridə uşaq oturub, Dirsəyi dizində,əli üzündə. Dodağı büzülüb diləklərimin, O uşaq dediyim görüş gözümdə. Balaca əllərin arzusu böyük, Balaca əllərim vida istəmir. Doğma qucaq bilib sənin əlini, Getməyib özgəyə,yada, istəmir. Daha duyğularım sığmır beşiyə, Yol alır yoluna şeirlərimdə. Dil açıb yeriyir ürək sözlərim, Bu sənə yazılan sətirlərimdə. Nəşəsi qaçıbdır keçən günlərin, Çoxdandı yatmayıb kürlük edirlər. Səhərlər o başdan gözləyib səni, Gecələr dəyəsən məni güdürlər. Az əvvəl ötəri yağış da yağdı, Döydü pəncərəmi narın damcılar. Elə bil islandı quru zaman da, Xatirən doğuldu,verdi sancılar. Yerin üzərinə şımşək bağırdı, Mən ondan qorxuram sən ki bilirsən. Görəsən,yadına düşdümmü o an, Düşdümsə,bəs niyə zəng eləmirsən? Üstündən gör neçə,neçə vaxt keçıb, Sonuncu görüşdə qalıb bugünüm. Qapının ardından baxır o dünən, İçəri girmirki biraz sevinim...



Son xəbərlər
Bu rayonlarda qaz olmayacaq
2017-02-21 12:35:26
Ucuz iPhone istehsal olunacaq
2017-02-20 18:48:31
"Beşiktaş"da ciddi itki
2017-02-20 18:37:19
Allargik rinit
2017-02-19 20:09:54



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws