"Yaxşı-yaxşı çəkin, bir azdan sökəcəklər"

2016-12-22 16:37:52 / 1656 dəfə oxunub

Yeni ilin gəlişiylə əlaqədar olaraq hər il olduğu kimi bu il də metro çıxışlarında, sakinlərin çox olduğu ərazilərdə yeni il yarmarkaları qurulub. Ancaq bu il təşkil olunan yarmarkalar üçün ötən illərdəkindən fərqli olaraq xüsusi çadırlarda quraşdırılıb.

sabahinfo.Az xəbər verir ki, Yeni il yarmarkalarında qiymətlərlə maraqlanmaq üçün qafqazinfo paytaxtın bir neçə metro çıxışlarında olub.

Qurulduğu zaman sakinlər tərəfindən yas çadırlarına bənzədilərək zarafat mövzusu olan bu yarmarkaların görünür ki, ömrü elə də uzun olmayacaq. Çünki ayın əvvəlində 12 çadır qurulması nəzərdə tutulsa da, artıq 4-ü sökülüb. Üz tutduğumuz "28 May" metro stansiyasının qarşısındakı çadır da bu gün, ya da sabah sökülə bilər. Bunu bizə ərazidə olduğumuz zaman söhbətləşdiyimiz satıcılar bidirdi:

"Deyəsən, elə sonuncu çəkən siz olacaqsınız, yaxşı-yaxşı çəkin, bir azdan sökəcəklər. Bizə deyirlər ki, olmaz".

Çadırların sökülməsinin səbəbini öyrənmək üçün bu dəfə FHN əməkdaşlarına yaxınlaşdıq. Suallarımızı cavablandıran qurumun əməkdaşı təhlükəsizlik qaydalarına əməl edilmədiyini söylədi:

"Elektrik naqilləri çəkilib, hər an arzuolunmaz bir hadisə baş verə bilər. Təhlükəsizlik baxımından yanğınsöndürən balonlar qoyulmalı, bəzi çatışmazlıqlar aradan qaldırılmalıdır".

Yarmarkalarda müxtəlif formalı burun, qulaqdan tutmuş, cizgi film qəhrəmanlarına kimi hər şey var. Belə olan halda alıcıların, xüsusilə də azyaşlıların vitrindəki əşyalara marağı da böyük olur.

Piştaxtasına yaxınlaşdığımız satıcılar çadırlar sökülməsə, hələlik alış-verişin yaxşı olduğunu qeyd etdilər:

"Qiymətlər mağazalardakından yarıbayarı aşağıdır. Bu səbəbdən də sakinlər alış-veriş üçün bizə üz tuturlar. Ötən illə nisbətdə qiymətlərdə elə də fərq yoxdur. Hələ endirimlər də edirik".

Yarmarkada ümumi qiymətlərsə, belədir: yolkalar ölçülərinə müvafiq olaraq 10-200 manat, zərlər 1-1.50 manat, yolka oyuncaqlarının 6-sı 2-5 manat, 12-si 3-9 manat arasında dəyişir.

Bundan başqa, bayram günü Şaxta baba obrazında olmaq istəsəz, bu, sizə 35 manata başa gələcək.

Alıcılar da qiymətlərdən razıdır. Bakı sakini Nəzakət Cəfərovanın sözlərinə görə, evdə yeni illə bağlı hər şey olsa da, uşaqlar yenə də istəyir:

"Buradan hər dəfə keçəndə məcbur olub yeni nəsə alırıq. Uşaqlar evdə olan şeyləri də yenidən istəyirlər. Qiymətlər mağazalara baxanda yaxşıdır".



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws