“Xətai” stansiyasında aparılmış yenidənqurma və sağlamlaşdırma işləri

2016-12-23 20:52:15 / 1575 dəfə oxunub

Azərbaycan Respublikası Prezidentinin "Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq olunmuş "Bakı metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üçün mövcud Qırmızı və Yaşıl xətlərdə müstəqil hərəkət təşkil edilməlidir. Bunun üçün eyni səviyyədə kəsişən xətlər ayrılmalı, hərəkətin intensivliyinin artmasının təmin edilməsi məqsədilə "Xətai” stansiyasının I baş yolunun rekonstruksiyası və işlək vəziyyətə gətirilməsi, eyni zamanda "Xətai” (Y-13) və "Həzi Aslanov-2” (Y-17) stansiyaları arasında 3 stansiya və tunellər inşa edilməsi nəzərdə tutulmuşdur.

1968-ci ildə istifadəyə verilmiş "Xətai” stansiyasının və ona bitişik tunellərin tikintisi hələ 1949-cu ildə başlanmışdır. Tunel geyimləri, eləcə də metronun fəaliyyəti üçün əhəmiyyətli olan avadanlıqlar bütün bu illər ərzində aqressiv geoloji və hidrogeoloji mühitin təsiri altında olmuşdur. Uzun müddət "Xətai” və "Cəfər Cabbarlı” stansiyaları arasında hərəkət ancaq bir yolla - II yolla təşkil edildiyindən I yolda mövcud havalandırma səmərəsiz olmuş, həmçinin qatar yolunun hər iki tərəfdən bağlı, dalan tipli olması orada çuqun tunel geyiminin korroziyasının sürətlənməsinə səbəb olmuşdur. Məhz bunun nəticəsi olaraq həmin yolda sağlamlaşdırma və yenidənqurma işlərinin aparılmasına zərurət yaranmışdır.

"Xətai” stansiyasının I baş yolunun, o cümlədən stansiyaya bitişik mənzil yolunun və dalan yollarının sağlamlaşdırılması işlərinə 2014-cü ilin sonlarında başlanılmışdır. Burada tunel geyimi xarici diametrləri müvafiq olaraq 6 m və 5,5 m olan çuqun tübinqlərdən və dəmir-beton bloklardan ibarətdir. Ötən müddət ərzində korroziyaya uğramış çuqun tunel geyimlərində sağlamlaşdırma işləri həyata keçirilmişdir: - mövcud diametri 6 m olan 127 halqa tunel geyiminin daxilində xarici diametri 5,5 m olan yeni çuqun tunel geyimi quraşdırılaraq gücləndirilmişdir. - köhnə və yeni tunel geyimi arasındakı boşluqlar 2490 m3 sement-qum məhlulu ilə doldurulmuşdur; - ümumi sahəsi 3000 m2 -ə yaxın dəmir-beton blokların səthi təmizlənərək aqressiv mühitə davamlı maddələrlə örtülmüş, yeni quraşdırılmış və mövcud çuqun tübinqlərin səthi korroziyaəleyhinə boya ilə rənglənmişdir; - stansiya kompleksi nəzərə alınmaqla ümumilikdə 830 m3 betonlama işləri görülmüşdür; - möhkəmləndirmə və hidroizolyasiya işləri ilə əlaqədar tunel geyimi arxasına 356 ton sement məhlulu vurulmuşdur; - sağlamlaşdırma işləri aparılan sahədə yolun üst quruluşu elementləri tamamilə dəyişdirilmiş, 1385 pm yeni R50 markalı hərəkət relsi, 650 pm təmas relsi quraşdırılmışdır. Bütün kommunikasiya xətləri (müxtəlif təyinatlı kabellər, su xətti və s.) və buna müvafiq avadanlıqlar yenilənmişdir. Bu məqsədlə :

- d=90mm ölçülü 1830 pm polietilen boru, d=89mm ölçülü 100 pm metal boru quraşdırılmışdır; - ümumi uzunluğu 4300 m olan müxtəlif təyinatlı kabellər və ona uyğun avadanlıq və ləvazimatlar (yol, kiçik mexanizasiya və birləşdirici qutuları, torpaqlanma zolağı, metal rəf və s. ) yenilənmişdir; - 1900 m işarəvermə və rabitə kabelləri dəyişdirilmiş, zəruri sayda svetofor avadanlıqları, o cümlədən drossel-transformatorlar, avtostop, cemper atqıları quraşdırılmışdır; Stansiyanın I baş yolu tamamilə yenidən qurulmuşdur. Belə ki, I stansiya yolunun platformasının yükdaşıyan və örtük konstruksiyaları, həmçinin stansiyanın yol divarı yenidən üzlənmişdir. Bu zaman:

- sərnişin platformasında 67 ədəd dəmir-beton plitə yenisi ilə əvəz edilmişdir; - 658 m2 divar və döşəmə qranitlə üzlənmişdir.

Bundan əlavə, stansiyanin platforma hissəsində də təmir-bərpa işləri aparılıb. Stansiyanın orta zalında və platformada "Durlum "GmbH”” şirkəti tərəfindən korroziyaya davamlı özəl metal asma tavan, 3D divar lövhələr və LED işıqlandırma sistemləri ilə təchiz olunub. Qeyd edək ki, ilk dəfə istifadə olunan bu materiallarla yanaşı bəzi hissələrdə mərmər-qranit örtükdən də istifadə edilib. Ərazinin havalandırmasını həyata keçirən 26 saylı şaxtada gücləndirmə və təmir işləri aparılıb, avadanlıqlar yenilənib. Həmçinin 113 saylı şaxtada yeni havalandırma sistemi quraşdırılıb. "Bakı Metropoliteni” QSC-nin daxili imkanları və müvafiq strukturları tərəfindən həyata keçirilən işlər zamanı daha qənaətcil və keyfiyyətli material və avadanlıqlardan istifadəyə üstünlük verilib. Həyata keçirilən işlərin davamı olaraq "Xətai” stansiyasının I baş yolu istismara verildikdən sonra stansiyanın II baş yolunda və orta zalında rekonstruksiya işləri aparılacaq. Sağlamlaşdırma işlərinin tam şəkildə başa çatması üçün istismar müddəti başa çatmaqda olan 3 ədəd LT-2 tipli eskalatorlar alman istehsalı olan Viktoria tipli yeni eskalatorla əvəz ediləcək və stansiyanın yerüstü vestibülü də daxil olmaqla stansiyanın kompleks təmiri işləri həyata keçiriləcək.



Son xəbərlər
ATƏT monitorinq keçirəcək
2017-04-26 11:28:55



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws