O minlərlə Anaların oğludur,

2016-12-24 19:47:06 / 4411 dəfə oxunub
Ramiz Qusarçayli! Bu gün bütün Türk dünyasına doğma, əziz olan bu imza öz möhüründə Azərbaycan adlı bir qədim diyarın şeir, sənət tarixini şərəflə yaşadan, davam etdirən  bir zaman daşıyır.Minlər, milyonlar tərəfindən sevilir, dönə-dönə oxunulur, təbliğ olunur. Mən də Onun çoxsaylı oxucularından, sənətdə fanatlarından biriyəm. Ədəbiyyata, şeirə həvəsim məni hər zaman əlim yetən qədər yerli yazarlarımıza bağlı saxlayıb. İşlədiyim redaksiyalarda həmişə onlarala sıx təmasda olmuşam. Yerli radioda şeirlərini seçib oxumuş, ədəbi işçi kimi poeziya dəqiqələrinə geniş yer ayırmış, onlarla müsahibələr təşkil etmiş, dəyərli sənət nümunələrimizi təbliğ eləmişəm. Bir müddət fasilədən sonra isə Ramiz Qusarçayli ilə daha yaxından tanışlığım şairin 55 yaşı ilə bağlı Qubada Qırmızı Qəsəbədə, çalışdığım "Birlik-Edinstvo" Beynəlxalq qəzetində verdiyimiz geniş məqalə və müsahibə ilə bağlı oldu. Yazını baş redaktorumuz, dəyərli jurnalistimiz Nəcəfqulu Nəcəfovla birgə hazırlamışdıq. Bu yazını işləmək elə də çətin deyildi, bircə Ramiz müəllim, onun ölməz sənəti haqqında yüzlərlə gözəl, bənzərsiz fikirləri ardıcıllıqla düzmək qalırdı. Söz axınının qarşısını heç cür "bağlaya" bilmirdik...  Hansı şeirini əlavə edəsən, hansı bəndini təhlil edib fikirlərini bitirə biləsən... Geniş bir yazı alınmışdı, bütün səhifəni tutsa da heç nəyi ixtisara salmağı heç düşünmədik də. Şairin bu yazıya əlavə olunan bütün şeirləri dəyərli, əsil sənət nümunələri idi həmişəki kimi, amma məni sümüyümə kimi yandırıb göynədən "Ağlama" şeiri taleyimi "Ay işığı" ilə həmişəlik bağladı...
Ramiz Qusarçayli qeyrətli, sözünün çəkisini bilən şair olmaqdan başqa, həm də əsil sənət fədaisi, namuslu vətəndaşdır. Doğulub boya-başa çatdığı, yazıb-yaratdığı Quba torpağında sağlam ədəbi mühit yaratmaq, istedadı olan gənclərə daim qayğı göstərmək, dəyərli söz adamlarımız ilə görüşlər, tədbirlər keçirmək məqsədilə yaratdığı "Ay işığı" ədəbi məclisi uzun illərdir ki, şanlı, təkrarsız bir yol gedir. Azərbaycanımızın müxtəlif guşələrində yaşayan elm, sənət adamlarını bu sənət özəyində cəm edən, onlarla sıx təmas, yaradıcılıq əlaqələri  yaradan Ramiz Qusarçayli bu yolda heç də az əziyyət çəkməyib.  Təcrübəli rəhbər, gənc yazarlara qayğıkeş Atadır. 
Dekabrın 25-i bu dəyəri Ustadın, söz Nəhənginin doğum günüdür. Onu bir Ana dünyaya gətirsə də bu gün O minlərlə Anaların oğludur, elin dərdini, torpağının qübarını, şəhid Analarımızın ağrı-acılarını,  Azərbaycan həqiqətlərini şeirinin dili ilə bütün dünyaya çatdıra bilən Vətən Oğludur! Yaralı torpağında "Azərbaycan bayrağı" şeiri ilə Şəhidliyə ucalan el Oğlumuzdur!
Mən əziz Şairimizi, doğmadan da doğma  Qardaşımı, məslək, əqidə yoldaşımı Doğum günü münasibətilə ürəkdən təbrik edirəm! 
Siz sənətimizin, şeirimizin, Azərbaycanımızın Şah Vüqarısınız, Ramiz Qusarçayli!!!


Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws