Allahşükür Ağa - Pəncərədən gözəl görünür həyat

2016-12-25 20:44:23 / 12034 dəfə oxunub

Gəmi

Uzun - uzun yolların sonunda dayanan gəmi
Ümidə oxşayır.
Amma bir az yorğundu deyəsən.
Çünki onu gözləyən adam
Həyata əlvida dedi dünən.
Əgər kimsə onu gözləsə, 
Yoluna düzələr gəmi.
Bu gün gəlməsə də,
Sabaha gələr gəmi.


TƏZAD

Gözümdə ildırım çaxır,
Ürəyimdə günəş doğur.
Təzad deyilmi?.
olum və ölüm kimi.

Və yaxud
Əlil arabasında əyləşən qızın
ayaqqabı hirsi,
harasa çıxıb gedən ayaqlarının
yaddaşını yandırır indi.

Bəzi adamlar bilmir,
əlil arabası ilə qolboyun olan həyatın şirinliyini.
Ayaqları olanla yerimir həyat,
Amma şikəst ayaqları ilə
Dördnala çapır həyat.
Nə qəribə təzad.

 

Alasan dünyanı qol arasına


Yarından küsəndə deyirəm bir gün
Qoşulub gedəsən bal arısına.
Dilini bildiyin başa düşmədi,
Can söylə, dünyanın lal arısına.

Düz oldum, düzümü bilən olmadı,
Üz tutdum, üzümə gülən olmadı.
Gözüm yolda bitdi, gələn olmadı, 
Saldım öz başımı qal arasına.

Yaxandan qopmaya dünyanın əli,
Qoşma, müxəmməsi, təcnis, qəzəli.
Dünya Leyli ola, səndə ki dəli
Alasan dünyanı qol arasına.

 

Bir qız

Kəndin ortasında çiynində səhəng,
Arxayın - arxayın gedirdi bir qız.
Qolları beyt idi, yerişi sərbəst,
Qəlbində müxəmməs deyirdi bir qız.

Görüb çox adamın dodağı yandı,
Qızın da alışıb yanağı yandı.
Evlərə çəkilən sular utandı,
Çox qızın xətrinə dəyirdi bir qız.

O hardan gəlmişdi yoxuydu bilən?
Yoxuydu dalınca bir gedib gələn?
Kağıza on şeir hönkürdü qələm,
Götürüb qaçmağın yeriydi bu qız.


Dan üzü

Dan üzü elə qızarıb,
Qan damır yanağından.
Elə bil günəş dişləyib üfüqü 
Bir günlük darıxdığından.

Dan üzünə yazmaq istədiyim misramı
Hamı oxuya bilsəydi, bilsəydi əgər-
O misranın
Vergülü durna səsindən qoyulardı.
Nidası upuzun bir buluddan-
Xoşbəxt olardı insanlar.

Uşaqlıqdan boylanıram dan üzünə,
Elə bilirəm yuxularımda
Yazdıqlarımı görə biləcəyəm
Üfüqdə.

Bəlkə yazdıqlarımı
Vaxt silib atır üfüqün ayağı altına,
Qurban olum Allahım,
Sal mənim sevdamı
Dan üzünün yadına.

 

Pəncərədə həyat


Pəncərədən gözəl görünür həyat,
Baxıb deyərsən ki,
Mən də uşaqlar kimi qartopu oynaya bilərdim,
Amma istəmədim.
Atları elə çapardım ki,
Ayaqların səsində tanış bir ritmi tuta bilərdim.
Dedim nəyimə lazım.
Mən ki onu əbədi saxlaya bilməyəcəm.
Pəncərədən baxırsan, sanki 
Qatarda yorğun bir bələdçi ilə söhbət eləyirsən.
Məsələn, qatar Bakıya saat neçə də çatır,
Sualını verirsən.
Onsuz da özün bilirsən
Amma onun deməyi sənə ləzzət eləyir.
Pəncərədən baxırsan
Pişik pəncəsini yalayır
Qovsan onu, ancaq qar üstündə
Ayaq izləri qalar. 
Baxıb düşünürsən
Bu pişiyin nə gözəl xətti var.

 

 

 

 

 

 

 



Son xəbərlər
Daun xəstəliyi
2017-03-17 13:02:14
YUXU
2017-03-15 18:47:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws