Ehtiram İlham - "Mən adam acıyam, dostum"

2016-12-25 23:09:26 / 19743 dəfə oxunub

BİR AZCA
Həmid Ormanlıya

Mən adam acıyam , dostum,
Gəl səndən dadım bir azca.
Bir azca savab eləyib,
Günaha batım bir azca.

Nə mübarək camalın var,
Al, məni dünyamdan qopar.
Haman dərdlərimi qaytar,
Qurusun matım bir azca.

Gəl, yenə düşüm azara,
Mən azarlı üzüqara.
…Başımı qoşum başlara,
Başımı qatım bir azca.

Hər saz xalında, gülündə,
Hər kəs yurdunda, elində.
…Bir halal adam dilində
Çəkilsin adım,bir azca.

 

***

Allah-allah… nə havadı
Belə qaynayan qanımda?
Zamanmı mənimlə deyil,
Ya mən yoxam zamanımda.

Ora haradı-söz gedə,
Haqqı göstərə güzgüdə.
Gözüm dörd oldu…özgə də
Nə gördüm ki, dörd yanımda?

Kiməmsə, odur şeirim də,
Belə tanıyıb görün də.
…Canım ağrıyan yerimdə –
Ağrımın yeri canımda.

 

***
Şükür deyərsiniz – birtəhər çıxsam,
Bu gündən o ayın onuna kimi.
Bir quru cəsədəm – uçmuş ruhumnan
Ağrıdan inləyən canıma kimi.

Fələkdən saymadım, fələk saymadı,
Mənə haqq elədi, heç nə qıymadı.
Aldı nəyim ki var, gözü doymadı –
Sordu iliyimdən qanıma kimi.

Nələr arzuladım, nəymiş qismətim,
Özümə çatmadı özcə söhbətim.
Mən daha kimnənsə barışam çətin –
Ərşin sultanından xanına kimi.

Vaxtmı hesablayım, məqammı güdüm,
Hardan gəlmişdim ki, hara da gedim.
…Sonuncu sözümü birinci dedim,
Birinci sözümün sonuna kimi.

Alçaq könüllərdir ən uca yerim,
Nə yurdum bəllidlir, nə sərhədlərim.
…Yanından yol alıb gedən dərdləri
Gələr Ehtiramın yanına kimi.

 

***
Fələk məni yenəmməzdi bu boyda,
Mən bu dərddən yaralanan adamam.
Dərd ömrümü dən yerinə üyüdüb
Bu dərdimlə uralanan adamam.

Xoş gün məndən qaçaq düşüb, gizlənib,
Dərd içimdə əzizlənib, sözlənib.
Qoşa dərdi düyünlənib, düzlənib
Sinəsində sıralanan adamam.

Bu nisgildən səssiz-səssiz ötürəm,
Bu qəmlərin çiskinində itirəm.
Bu kədərin kölgəsində bitirəm,
Bu dərdimdən havalanan adamam.

 

***

Çox da ki, çəməni çiçək-çiçəkdir,
Dərib qoxlamaram, gül orucuyam.
Elə odlandırıb közüm qalmayıb-
Bir ocaq yerində kül orucuyam.

Könlümə arzular dolandan bəri,
Bircə istəyimi görmədim diri.
Şeytanın əlinə verib günləri,
Aylar tamarzısı, il orucuyam.

Yenə bürüyübdü dağlarını çən,
Torpağı tökülən qanla ölçülən.
Bütövlük istəyən bir halal Vətən,
Halallıq diləyən el orucuyam…

 

***

Dərddən yol aldı dünyaya,
Yaşamaq istədi guya.
Göz açdı Günəşə, Aya,
Boylandı-boylandı, gördü,
– Bu Allah bəndəsi.

Baxmadı dayaz-dərinə,
Boyun əydi qədərinə.
Əzabına, kədərinə,
Ağladı, sızladı, güldü,
– Bu Allah bəndəsi.

Canında qalmadı canı,
Olmadı bir sirr açanı.
Bir-bir əlinə keçəni,
Taladı, dağıtdı, böldü,
– Bu Allah bəndəsi.

Nələr dolandı başında,
Üşəndi öz təlaşından.
Bir cavan oğlan yaşında,
Yaşadı, yoruldu, öldü,
– Bu Allah bəndəsi.

 

 ***

Haçandı küsüb, inciyən,
İlhamım üzümə baxdı.
Şeir yazmaq istəmirdim,
Bir işdi əlimdən çıxdı.
Yazın ömrümə, qardaşlar.

Qanımı sümürüb içən,
Fələklə öcüm çatmırsa,
Yetmirsə heç nəyə əlim,
Heç kimə gücüm çatmırsa,
Kəsin ömrümü, qardaşlar.

Mən elə Allah bəndəsi,
Tanrının xəbəri olmaz.
Nə gəlir, qoy mənə gəlsin,
Kimsəyə xətəri olmaz.
Yazıq ömrümə, qardaşlar. 

Gördünüzmü hardan gəlib,
Yol aldı hara güzarım?
Qazdığınız quyu ki, var,-
Qoy olsun axır məzarım,-
Qazın ömrümə, qardaşlar.

 

Başdaşındakı yazı

 
Atanı, ananı görmək istədin,
Atana, anana qurban olum mən.
Axır mənzilinə belə tələsən
Ömür karvanına qurban olum mən.

 

Olmadı çəkdiyin dərdin əlacı,

Sızladı qardaşın, göynədi bacın.

Sən idin bir nəslin başının tacı,
Adına, sanına qurban olum mən.

Şirin xatirəyə döndü hər anın,
Qurumaz göz yaşı o üç balanın.
Rahatlıq tapdımı ağrıyan canın?
Ağrıyan canına qurban olum mən.

 

  ***

Torpağın altına köçəndən bəri,
Bağrımın başıdı yeri İlhamın.
Bu dünya boydadır, – bitib tükənməz,
Adı, xatirəsi diri İlhamın.

Təpərdən, dözümdən qalmadı heç nə,
Ürəkdə arzumdan qalmadı heç nə.
Özümə özümdən qalmadı heç nə –
Yarı İlhamındı, yarı İlhamın.

Nə çəkdi, nə çəkdim bəxtin əlindən,
Ruhudur canımdan canıma köçən.
Daha iki ömrü yaşayıram mən –
Biri Ehtiramın, biri İlhamın.

 

GET-GEDƏ

Atilay üçün

Ehtiyacdandımı, ya yaşdandımı,
Azalır başımda ağıl, get-gedə.
Mən yaşadığımdı cəhənnəm özü,
Bitir cənnət haqda nağıl, get-gedə.

Gözümü açandan gözüm yaşdadı,
İşim əlamanda, qaçhaqaçdadı.
Nə ki, niyyətim var, zaman xışdadı,
Arzum uzaqlardan baxır get-gedə.

Dünyada qalası dünya malıdı,
Tanrı sevdasıdı, haqq amalıdı.
Oğul atasına oxşamalıdı,-
Sənə oxşayıram, oğul, get-gedə.

O DA MƏN YAŞDAYDI

46 yaşımın tamamından bir neçə gün sonra
oğlumun 11 yaşı olasıdı. Yadıma düşdü ki, atamı
itirəndə mən oğlum,
atam da mənim indiki yaşımdaydı – onda, 1980-ci ildə…

Mən də sən boydaydım o vaxtı, hələ
Ağlım da başdaydı baban gedəndə.
Gücüm çatannan da, çatmıyannan da
Dava-dalaşdaydım baban gedəndə.

Yıxıldım, qalxmadım bir də heç zaman,
Qaldım boynubükük elə o vaxtdan.
Alnıma bir qara xətlə yazılan
Baxtnan barışdaydım baban gedəndə.

Bir də doğmayacaq xoş sabahlarda,
Qalxan nalələrdə, qopan ahlarda,
Yolunan saçlarda, yaş yanaqlarda,
Quruyan yaşdaydım baban gedəndə.

Mən onun yaşına yetişdim axır…
Beləcə başladı təzə bir nağıl….
…Elə sən boydaydım o vaxtı, oğul,
Elə sən yaşdaydım baban gedəndə.

17.12.2014

AVTOPORTRET

Bu adam sevmədi özünü,
Özgələrini sevdi amma…
Ömründə bir xoş gün görmədi,
Əzablı günlər gördü amma.

Başına uçuldu tikdiyi,
Fil çəkəmməyəndi çəkdiyi
Tumurcuqlamadı əkdiyi,
Gül-çiçək açdı dərdi, amma…

Qaçmasa da bir yol sözündən
Qaçdılar hər yerdə özündən…
Qarışqa idi öz gözündə,
Başqaları bir devdi amma.

Dözüb də hamının nazına,
"Hə” dedi hər şeyin azına.
Can deyib oğluna, qızına,
Çörək yox, ürək verdi amma.

Bəlkə də heç baxtlıq deyilmiş
Bugünlük, sabahlıq deyilmiş
Ölüb yaşamaqlıq deyilmiş,
Bəlkə yaşayıb öldü amma.

12.09.2011

BƏRİ BAX
Ədalət Nicata

Qanım lap əzəldən qaynadı sənə,
Suyun şirin gəldi, adam, bəri bax.
Onda düz demişdin, mən bu ürəklə
Canımı verəcəm bada, bəri bax.

Çəkilir yollardan daha səs-səmir,
Biz haqqın quluyuq, haqq kimi sevir.
Ya məndən biryolluq üzünü çevir,
Çevirib üzünü ya da bəri bax.

Bu şairlik ki var, bəlkə həvəsdi
Elə bu həvəslə hamı tələsdi…
Heç nə yazmasan da, bir sözün bəsdi,
Bax bəri, söyləyim – o da bəri bax.

ADAM OLAMMADIM

Adam çağırıldı mənim də adım,
Mən bu adamlıqdan heç yarımadım.
Gəzdim qarış-qarış, addımbaaddım,
Adamdan bir xəbər alınca qaçdım.

Adam görkəmində, adam biçimdə
Adam sevgisində, adam gücündə
Adam axtarıram adam içində
Adama həsrətli qalınca qaçdım.

Adam ki, gəlmirsə adam belindən,
Tutulub asılmaz adam dilindən.
Adam olammıram adam əlindən,
Bu daşı başıma salınca qaçdım

Tamarzı qalsam da düzün dalınca
Getmədim çörəyin, duzun dalınca
Qaçmadım şeirin, sözün dalınca
Mən adam olmağın dalınca qaçdım.

AY VƏTƏN

Yenə ən yanıqlı bir nəğmə kimi,
Adın dodaqlarda, Vətən, ay Vətən…
Səndə çörəyini tapa bilməyən
Gəzdi iraqlarda, Vətən, ay Vətən.

Olubsan çəkənə dərdi verən də,
Dərd dağarcığıymış dərdli sinən də…
Bahara dönürsən adın gələndə,
Qarda, sazaqlarda, Vətən, ay Vətən.

Sən böyük ruhların savaşlarında,
Sevdalı canların təlaşlarında,
Yadlara düşərsən göz yaşlarında,
Höyüş yanaqlarda, Vətən, ay Vətən…

Göyləri alıbsan, tutubsan yeri,
Heç açan olubmu səndəki sirri.
Bir Vətən yaşadır orda hər biri, –
Səndən uzaqlarda, Vətən, ay Vətən.

Sən – azın çoxusan, sən – çoxun azı,
Tək sənə sarıdı hamının üzü.
Verdin Ehtirama ilhamı, sözü –
Qaldı varaqlarda, Vətən, ay Vətən.

02. 08. 2013. Sevastopol.

 

***
Üzümdə su yoxmuş, içimdə qəhər,
Qalmadı canımda nə güc, nə təpər.
Bu qansız dünyayla qaldım bərabər, –
Yaşadım, ay Ana, səndən sonra da…

Yapışıb qol-boyun dərdnən-amannan,
Qurtardım biryolluq dinnən, imannan.
Ağrıyan ürəknən, titrəyən cannan,
Yaşadım, ay Ana, səndən sonra da…

Elə dünənəcən Sən də vardınmı?
Oğlunla, qızınla bəxtiyardınmı?
Sən mənsiz bircə an yaşayardınmı, –
Yaşadım, ay Ana, səndən sonra da…

Sənsiz bu gündümü, bu həyatdımı?
Dözüb dayanıram, zarafatdımı?
Xəbərin oldumu, Ruhun şaddımı? –
Yaşadım, ay Ana, səndən sonra da…



Son xəbərlər
“Ceyms Bond” vəfat etdi
2017-05-23 18:44:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws