Müzəffər Məzahim - İçimdə yurd salıb dərd oyuq-oyuq

2016-12-26 09:10:43 / 22439 dəfə oxunub

QANADLI İGİDLƏR İSRƏYİR VƏTƏN

Koroğlu gözlədi otuz doqquz gün Cəmi bircə günə səbri çatmadı. Yuxusu gözündən düşdü didərgin, İlan vuran yatdı, osa yatmadı.

Tələsdi məqsədə, kama yetməyə, Gizlicə seyr etdi öz atlarını. Günəşdən süzülən zərrin şəfəqlər, Əritdi atların qanadlarını.

Peşiman olsa da öz əməlimdən. Boğdu qəzəbini, səbrlə dözdü, Yəhərsiz-yüyənsiz mindi Qıratı, Dağlarda, düzlərdə quş kimi süzdü.

At duydu tərkində ürəkli ər var, Çapdıqca hey çapdı, açdı qol-qanad. ...Belcə Dürat da çıxdı sınaqdan, Verdi bəhrəsini cəsarət, inad...

Artıq atlarımız qanad çıxarıb, Hələ də səbr edib gözləyirik biz. Dəli bir nərə çək səbrsiz babam, Bəlkə də diksinib daşa səbrimiz.

Qanadlı atlar yox, Koroğlu kimi, Qanadlı igidlər istəyir Vətən. Əsl vətənpərvər oğullar minsə, Atlar qanad açar ər qeyrətindən.


BİR DƏ XƏBƏR TUTURSAN Kİ... Bu dünya xəlbir dünyadır, İçində saxlamaz bizi. Gəlib sahmana salarıq, Gedəndə ağlamaz bizi.

Hər gün keçdiyim yolları, Oxuyub bitirəm gərək. Daşıdığım qısa ömrü, Mənzilə yetirəm gərək.

Qırılan son umuddan da, Sıxılır canı admaın. Azca qara buluddan da, Qaralır qanı adamın.

Hər şey verib Tanrı, hətta, Aşımızı qarışdırır. Ömrü də oyuncaq verib, Başımızı qarışdırır.

Bir də xəbər tutursan ki, Bir anlıq aman qalmayıb. Ruh da yır-yığış eləyib, Qalmağa zaman qalmayıb.


YAXINAM Tanrı pıçıldayır mənə: Mən sənə səndən yaxınam. Əbədi, sönməz od kimi, Qəlbinə gündən yaxınam.

Yarandım sudan, atəşdən, Müqəddəs ruhla görüşdən, Göylərə aydan, günəşdən, Torpağa dəndən yaxınam.

Ömürdür ilk-son pənahım,- Içimə sığmayır ruhum... Göylərdə dolanır ahım, Dağlara çəndən yaxınam.

Qiyamət öz içimdədir, Gəlişimdə, köçümdədir, O dünya mən biçimdədir, Mən ona ündən yaxınam.


QORXURAM

Ölüm mənə vız gəlir, Mən ömürdən qorxuram. Sükutu kiridirəm, Səs-səmirdən qorxuram,

Bu düyünlər, bu sirrlər, Hisslərimi əzirlər... Pambıqla baş kəsirlər, Mən dəmirdən qorxuram.

Dünya cığal, qəlbqıran, İti qurda qısqıran... Çoxluca su aparan, Bu xəmirdən qorxuram.

Məramımı ləngidən, Hövsələmi təngidən, Yollarımı səngidən, Bu səbrdən qorxuram.

Sevinc dərdə əriyir, Təsəllilər kiriyir... Cəmlər birdən törəyir, Mən O Birdən qorxuram.


DÖNÜM BU QÜRBƏTDƏN

Bu qərib dünyanın ocaq daşıyam, Bir üzüm qaradır, bir üzüm soyuq. Burda yaşamağa hələ naşıyam, İçimdə yurd salıb dərd oyuq-oyuq.

Getməyə yerim yox, qalmağa üzüm, Yumağa yer də yox günahlarımı. İçir göz yaşımı hələ də gözüm, Özüm böyütmüşəm öz ahlarımı.

Çalınan zəmitək biçilib içim, Yeyilmiş, tapdanmış örüş yeriyəm. Artıq yol üstəyəm, yüklənib köçüm, Dünyada sonuncu görüş yeriyəm.

Qorundum böhtandan, şərdən... Nə fayda? Yem oldum, yal oldum hər bədniyyətə. Bu fani dünyada yox imiş qayda, Dönüm bu qürbətdən əbədiyyətə!


SUÇUM ÇOX

Dupduru, saf suyun da, Dibində çirkabı var. Ömrün də, ölümün də, Hesabı, əzabı var.

Bu ömür yağışından, Taleyimə kir damır. Ürəyimə damır ki, Ürəyimdən sirr damır.

Suçum çox, bənzəriyəm, İnsanlığa qıyanın. Qoruya bilməmişəm, Salığını dünyanın.

Bu dünyada qəribəm, Hər şey mənə yad gəlir. Köçdən qalan ocağam, Hələ tüstüm yüksəlir.


QORXUDUR MƏNİ

Halaldır üz-üzə vuruşan mərdə, Namərdin pusqusu qorxudur məni. Həmd olsun Allahın verdiyi dərdə, Bəndənin basqısı qorxudur məni.

Çoxda gözüm yoxdur, aza dözərəm, Belimə şəllənən duza dözürəm, Hər türlü cəfaya, naza dözərəm, Duyğusuz vasvası qorxudur məni.

Qayıdar özünə etdiyin qarğış, Öz bahar ömrünə gətirmə qar-qış, Sözü üzə deyən düşmənə alqış, Dostların "mus-mus”u qorxudur məni.

Yenə kosa-kusa saqqal dəbərdir, Sülənən nəfsini yala gəbərdir, İçi kin-küdurət, əməli şərdir, Gülümsər maskası qorxudur məni.


TƏCNİS

Çıxıb pişvazına güllər, çiçəklər, Gəlsən, yaz səninlə göz-gözə gələr. Belə süzgün baxma, bənövşə rəngli, O bir cüt şeh qonmuş göz gözə gələr.

Qəlbimə vurduğun yaralar göz-göz, Həsrətin ömrümə dağ çəkir göz-göz, Eşqindən ürəyim olubdur göz-göz, Sən gəlsən birləşər göz gözə gələr.

Müzəffər sadiqdir bahar eşqinə, Vəfasız olanın əhdi, eşqi nə? Sayəndə qoymaram uca eşq enə, Qıymaram sevgini göz-göz əyələr.


ÖMÜR TƏSƏLLİDİR...

Payız günəşinin dalında qış var, İananma yalançı işartısına. Sevincin qapısı qəmə açılar, Baxmaz gözlərinin yaşartısına.

Yoxuşa dirənir enişin sonu, Ağlı-qaralıdır həyatın özü. Uğur gətirməz ki, hər işin sonu, Bərabər yaranıb əyrisi, düzü.

Gülüşün izini yuyur göz yaşı, Şirinin yerini acılar tutur. Ömür təsəllidir, insanlar naşı, Hər kəsin öz dərdi özünə çatır.

Əli boş gəlirik, boş gedirik biz, Dünya alış-veriş dünyası imiş. Doğumun bədəli ölümdür, şəksiz, Pozulmaz qaydadır bu gediş-gəliş.


BU HƏQİQƏTMİ İDİ?

Hamı bizdən danışır, gizli görüşdük güya, Ay da batmışdı, axı, qalmış idik tək-tənha.

Elə aludə idik, zənn eləyirdik, gözəlim, İkimizçün yaranıb, sanki, bu səssiz dünya.

Saf məhəbbətlə, təmiz niyyət ilə sevdi könül, Dözmərəm zəhmətimiz həsrət ilə getsə zaya.

Gecəni nurlara qərq eyləmiş idi camalın, Bu həqiqətmi idi, yoxsa ki, bir xoş xülya?

Qoy bu eşq ilə Müzəffər hələ yatsın, çünki, Görməyib indiyədək böylə gözəl bir röya.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws