İqbal Nehmət - Bu gecə laylamı çalma ay ana

2016-12-26 18:45:12 / 19989 dəfə oxunub

SƏN DƏ GET...

O gündən bu günə nə dəyişdi ki, O gün, bu gün deyil, ilim,sən də get. Sözlərim yarimçiq qaldı dilimdə, Sözüm küsüb getdi,dilim,sən də get.

Ömrümü vermişdim mən o cağima, Kimin qari yağdi kimin dağına? Qoşulub payizin son yarpağına, Telini qoxlayim, gülüm, sən də get.

Məni məndən soruş bir quru daşam, Qurumuş gözlərdə bogulan yaşam, Sənə bu könüldə yer saxlamişam, Bir gün dönəcəksən, bilim, sən də get.

Məni sən eylədin, min sənə əhsən, Əllərim sevinər, əlini versən, İsidə bilmədin, bir ürəyi sən, Ocagim sən də get, külüm,sən də get.

Haraya tələsir fələyin carxı, Dur desəm, nə fayda, o,durmaz axı, Öldürən ölənə yalvarmaz axı, Mən ölə bilmirəm, ölüm, sən də get.


ŞUŞAYA BİRİNCİ ÇATANA ƏHSƏN!

Qırsın qələmini sözü olmayan, Bircə misrasında özü olmayan, Heç kimin malında gözü olmayan, Bazarda göyərti satana əhsən. .. Adam ol, olarsan Allahın qulu, Çörəyin vardısa neynirsən pulu? Seçib hədəfini gözü yumulu, Sözü güllə kimi atana əhsən. .. Tamah gözdən vurub,qaşdan çıxardar, Başı olmayanı başdan çıxardar, Gündüz çörəyini daşdan çıxardar, Gecələr evində yatana əhsən. .. Sualım sənədir ay şah oğlu,şah, Bu torpaq nə qədər çəkəcəkdir ah? Dilində Qarabağ,əlində silah, Şuşaya birinci çatana əhsən.


Qanımızda rüşvət kimi azar var...

Bir gül əkin gəlib-gedən iyləsin, Heç olmasa quru sağ ol söyləsin, Sağalmırıq buna həkim neyləsin, Qanımızda rüşvət kimi azar var.

Azadlığın özəyində yetişən, Başı daşa,daşı başa bitişən, İki dünya arasında ötüşən, Unudulmuş gör nə qədər məzar var.

Yay çəkilir,deşib keçən oxdu-ox, Düz düşünən,düz danışan yoxdu-yox, Aramızda qələm tutan çoxdu-çox, Haqqı yazan neçə şair, yazar var?


BU GECƏ LAYLAMI ÇALMA AY ANA!

Bu gecə laylamı çalma ay ana, Yataram gedənim gələr, qayıdar. Mənim yuxularım gözdən asılıb, Yavaşca yuxumu dərər, qayıdar.

Tutub əllərindən ayağım üstə, Yeriyə bilmişəm, qaça bilmişəm. Gör necə laylanı yuxuma qatıb, Subhun qapısını aça bilmişəm.

Gözəl avazından, həzin səsindən, Kövrələr, ürəyim dayana bilər. Bu gecə laylamı çalma ay ana, Yatan körpəliyim oyana bilər.

Tək sənin gözündə uşağam hələ. Çoxunun dayısı, əmisiyəm mən. Ağıllı görünən dəli dünyanın, Hərdən ağıllısı,dəlisiyəm mən.

Ayın kölgəsində görünüm deyə, Qoşulub ulduza axdım olmadı. Bu gecə laylamı çalma ay ana, Bəlkə heç yatmağa vaxtım olmadı.

TAPDILAR

Günəş görünmədi, ay görünmədi, Günahı dumanda, çəndə tapdılar. Müəllim olmadım, həkim olmadım, Dərmanı, dəvanı məndə tapdılar.

Çoxunu qoydular axmaq yerinə, Sıxıb yandırdılar çaxmaq yerinə, Dönub öz içinə baxmaq yerinə, Şeytanı, mələyi dində tapdılar,

Get daha üzülmə, yoxsa qalmağın, Məqamı gəlməyib hələ dolmağın, Yazıb düsturunu insan olmağın, Toplayıb milyonda, mində tapdılar.


Şeytanı öldürə bilmirəm, Allah!

Köçümü dağıtdı köçümdə olan, Dəyişən, bir başqa biçimdə olan, Özgəni demirəm içimdə olan, Şeytanı öldürə bilmirəm,Allah!

Yarı aranlıdır, yarı dağlıdır, Çoxu Göyçəlidir, Qarabağlıdır, Haraya baxıram qaşqabağlıdır, Heç kimi güldürə bilmirəm, Allah!

Qırmışam naziyi,qalıb qalını, Dost niyə soruşmur,dostun halını? Qardaş arasında qardaş malını, İkiyə böldürə bilmirəm, Allah!

İqbalam,qoy deyim sözün düzünü, Düşmənim şərəfsiz öyür özünü, Didərgin sözünü, qaçqın sözünü, Dilimdən sildirə bilmirəm,Allah!

RAHAT OLURAM!

Ruhum göyərçin qanadı, Uçanda rahat oluram. Göz yaşımdı tumurcuğum, Açanda rahat oluram. .. Var deyil,yoxdan ölmüşəm, Sərsəri oxdan ölmüşəm, Bu canda çoxdan ölmüşəm, O canda rahat oluram. .. Ay doğacaq,gün batacaq, Oyatma, yatan yatacaq, Yavaş yerisəm çatacaq, Qaçanda rahat oluram.


QAYIT GERI KÖRPƏLİYİM... Yara üstə yaram qaldı, Halal qaçdı,haram qaldı, Atam getdi,anam qaldı, Qayıt geri körpəliyim. ... İşə,gücə yararsızdım, Savadsızdım,qərarsızdim, Sənə qədər günahsızdim, Qayıt geri körpəliyim. ... Evimizin tiri yoxdu, Ölü çoxdu,diri yoxdu, Çox sevdiyim biri yoxdu, Qayıt geri körpəliyim. ... Gözlərimdən yaş qaldırım, Bələyimdən baş qaldırım, Özüm boyda daş qaldırım, Qayıt geri körpəliyim. ... Qismətimi yeyən yemiş, Onun haqqı varmı demiş? Böyük olmaq çətin imiş, Qayıt geri körpəliyim.


MƏNƏ LAY-LAY DEMƏ, ANA! .. Duman gələr, çənə oxşar, Səndən gələn sənə oxşar, Məndən sonra mənə oxşar, Bir də yaranmağım çətin. .. Ölməsəm, ölüm inciyər, Qönçədə gülüm inciyər, Od vurma külüm inciyər, Alışıb yanmağım çətin. .. Gecəyəm, qarışan şərəm, Gəl desən, vallah gəlmərəm, Sabahı deyə bilmərəm, Bu gün dayanmağım çətin. .. Yalan şişər, doğru olmaz, Gözü toxdan oğru olmaz, Utananın oğlu olmaz, Daha utanmağım çətin. .. Tükənməyən soydu soyum, Sən ye doy ki,mən də doyum. Allah verən boydu boyum, Dartma, uzanmağım çətin. .. Zamanı satdım gümana, Birtəhər çatdım limana, Mənə lay-lay demə ana! Yatsam oyanmağım çətin.


SƏN MƏNİM SEVDİYİM O QIZ DEYİLSƏN..

Hərdən yozulmayan yuxusu vardı, Tək idi,yanında çoxusu vardı, O qızın bənövşə qoxusu vardı, Sən mənim sevdiyim o qız deyilsən.

Qaladın ocağı beləcə bişdim, Sevmək yanmaq imiş,axı demişdim, Sənmi dəyişmisən,mənmi dəyişdim, Sən mənim sevdiyim o qız deyilsən.

Enişə sürdülər yoxuşlarını, Sökdülər ən gözəl naxışlarını, Belə dəyişdilər baxışlarını, Sən mənim sevdiyim o qız deyilsən.

İnam söz kimidir,qiyməti baha, Sevib yaşayıram, şükür Allaha, Bağışla,inana bilmərəm daha, Sən mənim sevdiyim o qız deyilsən.


RÜŞVƏT

Soruşuram,bilməliyəm, Sonra deməyin dəliyəm, Hansı yolla getməliyəm? Hər döngədə,tində rüşvət.

Əlbəttə bir yolu vardır, Kəs kəbini sənə yardır, Oxuyub cini çıxardır, Güvəndiyim dində rüşvət.

İçən ayıqdan inciyib, İsti soyuqdan inciyib, Xoruz toyuqdan inciyib Banladığı hində rüşvət.

Baş əyirik,buyur ağa, Min belimə cıxaq dağa, Belə gedirik qabağa, Beldə ağa ,öndə rüşvət.

Nə dodaq bilsin,nə də dil, Əvvəl ver,sonra da əyil, Bu azar sağalan deyil, Səndə rüşvət,məndə rüşvət.


ŞEYTAN

Əvvəl dərində idi, Cıxıbdı üzə şeytan. Sizdə işi qutarıb, Köcubdu bizə şeytan.

Dayanıb sıramızda, Sağalıb yaramızda, Aılşıb aramızda, Rahatca gəzə şeytan.

Keyinib qara çuxa, Açılıb sinə,yaxa, Döydürür acı toxa, Çıxarır məzə şeytan.

Bu necə is,nə vərdiş? Yoxmu sonuncu gediş? Köhnələri ölməmiş, Qoğulur təzə şeytan.


Gedək sözü aramağa..

Sevə-sevə tələsirik, Qocalmağa,qarımağa. Sevgilim dur, saçlarımı, Anam gəlsin daramağa.

İstər ac ol,istərsə tox, Ömür qısa,güvənmə çox, Adam var adamlığı yox, Bircə işə yarımağa.

Tülkü bəy, yiyəsiz dərə, Eyni sözü deyir hərə, Çıxdı ağızdan bir kərə, Gedək sözü aramağa.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws