Aygün Sadiq - Sənsizlik günəşi əbədi sönsün

2016-12-27 18:39:22 / 930257 dəfə oxunub

ÇƏK GÖZÜNÜ

(müharibə qurbanına çevrilən məsum günahkarlara həsr edirəm)

Qara rəngli palçıq yağır bəxt deyilən o buluddan, İnsanlığı səsləmə, qız! O, çıxarıb səni yaddan, Çək gözünü ümidlərdən; Çək əlini yanar oddan... Həyatına addımlayır röyandakı kabusların, Dərd qapını döyəcəkdir, bəlkə, bu gün, bəlkə, yarın.

Acıyıram şəklindəki məsum, küskün baxışlara, Sağ qalmağın bədəl mi dir, hara gedir bu yol, hara?! Məsum gözlər lənət deyir həyat adlı sitəmkara! Olmaz olsun belə bəxti! Əcəl ala, Yer gizləyə! Kaş ki, Rəbbim bəxt yazını ağ qələmlə əvəzləyə!

Sən həyatı tanımazsan- O hiyləgər, napak qarı Həm səmaya körpü tutar, həm bağlayar qapıları, Bircə qətrə zəhəriylə neçə ömrü qoyar yarı.... Sənə şərbət sunsa əgər, alma, saqın, at kənara ( İçən hər kəs tərəddüdsüz təslim olur o idbara ! )....

Ölüm səni seçmədi, yox... Əcəl səni istəmədi, Kiçik, məsum vücudunu əlləriylə süsləmədi, Yazıq anan aparmadı, ya sonradan səsləmədi.... Qara-qura oyunlara düşəcəyin qaçılmazdır, Bir alver mi, ticarət mi- Ehtimal çox, şübhə azdır...

Dünyanın bu üzündəki sitəmi gör, zillətə bax. Çıx, keç şəklin hasarından o tərəfə, ömrü burax, Qaçıb gizlən bu həyatdan; qoy axtarsın, Vermə soraq! Alver qoxan bir tacirin caynaqları məhv ola kaş! Dünyanın bu tərəfində birdəfəlik bitə savaş !

2. SOYUQ GÜNƏŞ

Sənsizlik əlində əsir qəlbimi Səssiz fırtınalar bürüyüb yenə. Vaxtın əqrəbləri qaliblər kimi Məğrur addımlarla yeriyir önə.

Odlu bir kösöv var ürək yerində- Lay-lay şölələri alışıb yanır. Pərişan ömrümün üfüqlərində Sənsizlik rəngində günəş boylanır.

Soyuq şəfəqləri parlayıb durur, Titrədir üşüyən çiyinlərimi. Nəbzim saniyədə "sənsizlik" vurur, Lənətə gələsən! Kədər yeri mi?!

Qoyma sevincimiz qala yarımçıq, Bu sabah qəlbini yaxşıca dinlə, Götür telefonu, adımı tap, yığ, Sabahın bəzənsin mənim səsimlə.

Bu sabah səsimi eşitmək istə, Sönsün şəfəqləri soyuq günəşin. Səsin səpələnsin ürəyim üstə, Vüsal çək üstünə buzlu atəşin.

Sənsizlik günəşi əbədi sönsün, Bir də parlamasın paxıl-sevincək (Belə günəşi var hər tənha kəsin- Üşütsə, isitməz yüz qalın pencək) !Aygun Sadiq

Ruhun ehtiyacı səsindir ancaq, Bir anda silinir dünyamdan kədər. Səsin qulağıma yetişdiyi vaxt Ayrılıq məğlubdur, göz yaşı hədər.

Telefonum çalır, Yazılıb adın, Deyəcəyin sözü əzbər bilirəm: "Taledən hədiyyəm- sevdiyim qadın, Çayı isti saxla, indi gəlirəm".

3. GERÇƏK YUXULAR (Kərkük genosidinə həsr olunur )

Dün gecə röyama müsafir idi Kərkük'dən qovulan qaçqın körpələr. Qızmar günəş altda səhralıq yerdi, Gör nələr yaşanır orada, nələr.

Uçulub dağılmış köhnə divarı Sığınacaq etmiş iyirmi uşaq (O an istəyirəm səbəbkarları Çağırıb gətirək, hesab soruşaq!! ).

Gənc qadın oturub torpağın üstdə, Körpə balasını uyudur səssiz. Bəs hanı anası o birilərin? Axı ola bilməz körpə kimsəsiz !

Hələ seyr edərkən bu mənzərəni Mənə yaxınlaşır bir başqa mələk. Arzusu gözündən oxunur onun! Ah, zalım səbəbkar ! Ah, zalım fələk !

Acdır, yuxusuzdur, hava da bürkü, Əynini də qalın geyinib çoxu. Onların arzusu çox şey deyil ki- Bir ANA, Bir parça çörək, Və yuxu...

Hardansa bir parça çörək tapıram, Əlinə verirəm, Necə sevindi ! Ürəksə bir türlü olmayır aram, Yoxsa, o iyirmi körpə mənimdi?!

Yoxsa, o iyirmi körpə mənimdi?! Niyə əsim-əsim əsir ki ürək?? İllərdir iztirab qəlbə qənimdi, Vicdanın səsinə səs verim gərək !

Gözlər arzuları verəndə ələ Utanıb başını aşağı əyir. Xırdaca dodaqlar məsum səs ilə: "Məni qucağında uyut", - söyləyir...

Ürək parçalandı həmin üç sözdən, Köksüm nəfəsimi azad buraxdı ! Viran qəlb evinin aynası- gözdə Şimşəklər parladı, yağışlar axdı...

Axdı gözlərimdən, eləcə axdı, Qəlbim darmadağın, ruhum əzilmiş (Qızmar səhralıqda, günorta vaxtı Bir körpə yanıma pənaha gəlmiş!)....

Alıb qucağıma köksümə sıxdım, Sevinc arzuların yerini tutmuş, Yuxulu gözlərə bir daha baxdım: Laylam başlamadan qızcığaz yatmış!

Günahın özüylə doğulmusan sən- Bir türkmən övladı olmaqdı suçun ! Ərəbin əliylə boğulmusan sən Türkmən olduğunçün, TÜRK olduğunçün!

....Dün gecə röyama müsafir idi Kərkük'dən qovulan qaçqın körpələr. Qızmar günəş altda səhralıq yerdi, Gör nələr yaşanır orda, nələr.

4. SƏNİ YAZIR

Səni yazır darıxmaqlar Misra-misra, sətir-sətir. Ya özünlə qəmi apar, Ya ruhumu geri gətir !

Dərd buludu qəm ələyir Viran qalmış qəlb evinə, Həsrət kədər çiskiləyir Bir az sənə, bir az mənə....

Gəl dəyişək yerimizi; Dərd göndərim, çək dərdimi.... Qınamasın tanrı bizi, Mən çəkəni çəkərdi mi?

Pıçıldayır sənsizliyim Bir az kədər, bir az kədər... Şükr edirəm, yox gileyim Sənin kimi, sənin qədər.

Həsrətimin bir ünvanı Bir az SƏN ol, bir az da SƏN... Unutmuşam bu dünyanı Sənə tapındığım gündən.

Səni çəkir qəlb fırçası.... Rəssamlığım bəhanədir ! Səni yazır darıxmaqlar, Misra-misra, sətir-sətir....!

5. Bir görüş

Gözümüz həsrət çəkir həmdəmini bulmağa, İki cüt qol tələsir möhkəmcə sarılmağa, Saniyələr hey qaçır bizi bizdən almağa.... Gəl zaman qatarının sərnişini olaq biz, Vaxtı əvvələ çəkək; köhnəlməsin sevgimiz.

Bir gün belə, gecikib gətirmədik bəhanə, Narazı baxışlardan oxunmadı bir tənə, Min ildir, əsirinəm.... Hər gün aşiqəm yenə, Dəyişmədi sevgimiz, ötüb keçsə də min il ! Bizimki dəlilikdi, adicə sevmək deyil....

Uzaqdan salamlayır məni incə əllərin, Küləyə təslim olur o xurmayı tellərin, Fürsət tapıb arxamda gizlətdiyim güllərin Ömürlük ünvanısan! Dəyişmərəm adını, Görüşə xoş gəlmisən, həyatımın qadını....

Gəlirsən... Addımların verir görüş müjdəsi, Bir az hürkək, tələskən, tanış bir addım səsi... Ehmalca söylədiyin "darıxmışam" kəlməsi Bir anda qanad verir sənli arzularıma, Qopub tənhalığımdan, sarılıram yarıma...



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws