Sübhan Rəşidov - Yaşımı bilmirəm neçədən keçir?!

2016-12-28 09:22:42 / 599096 dəfə oxunub

Sübhan Vüqaroğlu (Rəşidov) 1995-ci il iyul ayının 31-ində Saatlı rayonunun Dədə-Qorqud kəndində anadan olmuşdur. Sumqayıt  Universitetinin Riyaziyyat fakultəsinin  IV kurs tələbəsidir.

"Məni sevgi yaşadır", "Sübhün şəfəqlərində"- adlı 2 şeirlər kitabının müəllifidir.

 

KEÇIR.

 

Hər mən səni xəyal edəndə,
Sanki ağ üzündən saça dən keçir.
Şeirlər dəfrərə qonaq gedəndə,
Qələm körpü salır, gecədən keçir.
 
Ömür saatımı belə qurmuşam,
əqrəbin yerində özüm durmuşam,
Sənin həsrətini rəqəm vurmuşam,
Yaşımı bilmirəm neçədən keçir?!
 
Sübhanın qəm dinir mənzərəsindən,
Sevinc mürgüləyir qəmin səsindən,
Baxıram düşüncə pəncərəsindən,
Sənli xatirələr küçədən keçir.
 
 
Ay Qız.

 
Səsin səmalara apardı məni,
Şirin xəyallara dalıram ay qız
Səni cümlə-cümlə yatırdacağam
Yerini vərəqdə salıram ay qız.
 
Dağıt düşüncənin hörgülərini
Unut bir gecəlik dərdü-sərini,
Mənə dəqiq söylə ölçülərini,
Əyninə bir şeir alıram ay qız.
 
Sor, kiməm, zəhmətim getməsin hədər?!
Adım Sübhan oldu, sirdaşım kədər
Şəxsi mənzilimə köçənə qədər,
Dünyada kirayə qalıram ay qız.
 
 
Yaşanmış Gecələr.

 
Gündüzlə gecənin məhəbbətindən,
Gecə bir günəşə hamilə qalmış.
Övlad xaric olan vaxtı bətindən,
Zaman da ananın canını almış.
 
O gündən yağışlar meydana gəlmiş,
Gündüzün qaşları düyünlənəndə.
Anasız övladın dərdi ələnmiş,
Səmadan torpağa qar ələnəndə.
 
O gündən şimşəyi bulud saxlamış,
Yetimin ahından çaxacaq demiş,
Günəş dənizlərə kəndir sallamış,
Yetimlər yanıma çıxacaq, demiş.
 
O gündən, hər sabah, ölən gecəyə,
Mən də keçmişimdə məzar qazmışam.
Yaşayan gecələr seçilsin deyə,
Yaşanmış gecələr şeir yazmışam.
 
 
Azalır.

 
Ömür ki var, xərcləməyin tərzini,
Sən seçsən də, seçməsən də azalır
Həyat adlı bu məktəbin dərsini,
Sən keçsən də, keçməsən də azalır.
 
Arzu odlar qalayır ki, gəl isin,
Ölüm adlı qaya yıxır gəmisin,
Zaman yeyir saatların zəmisin,
Sən biçsən də, biçməsən də azalır.
 
Hər şeirdə biraz itir, budur o,
Gecə gündüz növbələşir, odur o,
Altı deşik bir qabdakı sudur o,
Sən içsən də, içməsən də azalır.
 
Quruyandır bütün ömür çayları,
Sübhan boşa vermə ili, ayları,
Bu dünyada qalanların sayları,
Sən köçsən də, köçməsən də azalır.
 
 
Tərk Edəcəkdir
 
Bəlkə də, mən olsam qəmin aşiqi,
O da, öz gəlişin tərgidəcəkdir.
Nədən qaçmış olsam, fani həyatda,
Yerini ömrümdə bərkidəcəkdir.
 
Bir hesab öyrədib mənə tənhalıq,
Sözümə bölünsəm, vermərəm qalıq.
Dəryayam, qədrimi bilməyən balıq,
Səhvini quruda dərk edəcəkdir.
 
Ağacam, ünvanım sevginin bağı,
Bələyib kökümü, qəmin torpağı.
Tutmaram, küləkdə gedən yarpağı,
Onsuz da, payızda tərk edəcəkdir.
 
 
Özgənin Qisməti

 
Yenə də mən səni yada salmışam,
Xatirən ilhama gətirib məni.
Mən sənin sevgindən yetim qalmışam,
Fikir övladlığa götürüb məni.
 
Olmuşam kədərin, qəmin bənzəri,
İçimdə bir qalın dərd meşəsi var.
Sən məni tərk edib, gedəndən bəri,
Ruhumun göz adlı şəlaləsi var.
 
Qoy deyim hardandır ruhun əziyi,
Arzumdan, üstümə evim yıxıldı.
Sənin barmağına nişan üzüyü,
Mənim talehimə kədər taxıldı.
 
Sevgidə səhv böldü həyat bölgünü,
Qismət özgə oldu, indi qanmışam.
Bilmədən, düz sənin nişanın günü,
Mən də tənhalığa nişanlanmışam.
 
"Oxşar cütlüklərik" söyləmə bir də,
Görüş yerimiz də ayrı yerdədir.
Sizin görüşünüz soyuq şəhərdə,
Bizim görüşümüz şeirlərdədir.
 
Sənsizlik ömrümə oturdu baha,
Bilmirəm, mən sənə yadam, deyiləm?!
Məni öz nişanlım dəyişib daha,
Sənin düşündüyün adam deyiləm.
 
Eşqimiz ömrümə kəsildi qənim,
Bəxtimi gizlətdi dumanda, çəndə.
Getsən də ürəyim səndədir mənim,
Cehiz lazım deyil sənə, köçəndə.
 
 
Düzəltmişəm.

 
Məni qaranlıqdan çıxarsın deyə,
Səni öz dünyama ay
düzəltmişəm.
Yediyim qəmləri aparsın deyə,
Şeirdən, qəzəldən çay
düzəltmişəm.
 
Bəzən şahid olur, dəniz ahıma,
Dalğa ümüd verir, qovuşur quma,
Ürəyi xurcun et, yolla ruhuma,
Sənə məhəbbətdən pay
düzəltmişəm.
 
Adət etmişəm ki, göz yaşım axa,
Mən qəlbikövrək, mən
qəlbiyuxa.
Sənin ümüdlərə atdığın oxa,
Özüm xəyallardan yay
düzəltmişəm.
 
Mən Sübhanam, aşiqlərin
sonların,
Duyub, anlamışam dərdin onların,
Sevgi sarayında, eşq sutunların,
Sən bir-bir etsən də, zay, düzəltmişəm.
 
 
Düşür.

 
Yaşım iyirmini keçibdir daha,
Günahsız kəlməsi uşağa düşür.
Görməyin günahı gözün payına,
Duymağın günahı qulağa düşür.
 
Işərə verirəm dünyanı, qansan,
Sən arif deyilsən hikməti dansan,
Nə qədər oxuyur, öyrənir insan,
O qədər axtarır, marağa düşür.
 
Dünyanın neməti bizi aldadır,
Masası bəndələr qabağındadır,
Oturan kefində-damağındadır,
Hesab durub gedən qonağa düşür.
 
Sübhanam, verdiyim hər işarəti,
Onundan, doqquzu anlamaz qəti,
Ağlımdan süzülən sözün hikməti,
Çoxunun ağlından qırağa düşür.
 
 
Oyat Sevgimi.

 
Sayəndə günaha batmalı oldum,
Yaşada bilmədim rahat sevgimi.
Şeir qabağına atmalı oldum,
Ayrılıq qoxuyan boyat sevgimi.
 
Cansız cəsədini fikrimlə yuyub,
Sənli xəyalları bir sətir oyub,
Sənin varlığını baş daşı qoyub,
Ora bastırmışam həyat sevgimi.
 
Sevgimin ordusun sözlə vurmuşam,
Bir əsir almışam, yüzün qırmışam,
Xəyanət içirdib, yatızdırmışam,
Sübhanam, bacarsan, oyat sevgimi.
 
 
Xəyalımın Qonağı

 
Yenə xəyalımda gecələyirsən,
Səhər yeni şeir qazanacaqsan.
Sözümü üstünə yorğan edirsən,
Fikrimin üstündə uzanacaqsan.
 
Gərək sabit tutum baxışlarımı,
Göz yumsam, səsinə oyanacaqsan.
Gözümə çağırım göz yaşlarımı,
Oyanıb, gözümdə yuyunacaqsan.
 
Nə vaxt mehman olsan, bu günkü kimi,
Yenə mürəkkəbə boyanacaqsan.
Səndən daşımaram yana sevgimi,
Mənimçün, sonuncu dayanacaqsan.
 

 



Son xəbərlər
YAP da mitinq keçirəcək?..
2017-10-21 10:30:48



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws