Elnur Uğur Abdiyev - O göz yaşların gün gələcək, əllərindən tutacaq

2016-12-29 09:10:26 / 19331 dəfə oxunub

Xəyalını söykəmisən gözlərimin səkisinə,
Ta səndə sən gəlib məndə kölgələnir yaşamağa.
Ömür sığmır sənlə keçən sənsizliyin çəkisinə,
Günlər uçur suçsuz bəxtim an dilənir yaşamağa.

Gözlərimə ləpir salan xəyalının ayaq izi,
Sürünürəm o izə mən çatmaq üçün dizin-dizin.
Ömrün bahar fəslindəydik, şaxta vurdu sevgimizi,
Sənsizlik bir yoxsulluqdur həyat dəymir yaşamağa.

O qədər ki incitmisən qəlbi yaxıb qübarı da,
Hey döyülür yollarında gözlərimin qabarı da.
Bilirəm ki,həyat gülür siz tərəfdə,siz sarıda,
Sizə sarı dilim gəlir,qəlbim gəlmir yaşamağa...



**************

Adınla başlanır,bitir,
Alnımın hər bir cızığı.
Baxanlar baxır,üşüyür,
Mən baxıb necə qızınım?

Aramızda çox söz olur,
Günümüz söz-söz yozulur.
Hər gün bir hərfi pozulur,
Mənə yazdığın yazının.

Dərd verdin daşıdım,Allah!
Dərdimin yaşıdı Allah.
Üç fəsil yaşadım,Allah,
Ətrin duymadım yazının...

Mənimki gətirdi belə,
Hər gün bir sətirdi,belə.
Deyin, nə çətirdi belə?
Açın, kölgəmdə uzanın.



Addımlasan

Əlin azad,ağlın qulsa yaşamağa çatmaz gücün,
Sabahın da əsir olar,bu gün belə addımlasan.
Azad fikir azad edər bağlı qolu,bağlı əli,
Zaman səni bağışlamaz sübhə kölə addımlasan.

Azadlıqla çarpan ürək hər anına işıq ələr,
Bir işıqlı fikir min-min zülmət ruhu nura bələr.
Sağlam,çevik düşüncəylə zirvələri can fəth elər,
Addım-addım yol qısalar bu eşq ilə addımlasan.

Öz içindən özgə çölə daşınana bel bağlama,
O üzlərdə cizgi-cizgi özgə üz var əl saxlama.
Atan,baban gedən yolu təkrar-təkrar ayaqlama,
Öz üzün ol,öz - özün ol,içdən çölə addımlasan.



********

Yalan üzlər görəndə,
Göz dalana dirənir.
Hər doğrudur sandığın,
Bir yalana dirənir.

Bu zamanın üzü sərt,
Tərsi həlim,düzü sərt.
Sərt üz edir üzü sərt,
Daş dabana dirənir.

Kəsr xəttidir tamı.
Kəsir tam natamamı.
Natamamın davamı,
Kəm qalana dirənir.

Fikirdi beynin kürkü,
Soyunmaram bu mülkü.
Bütün sonların ilki,
Bir olana dirənir.



***********


Vaxtlı yağa bəxtə qarı taleyin,
İlham ala əl ürəkdən,göz əldən.
Dəqiq yaza sayı ömrün sayğacı,
Düşəndə də saça düşə gözəl dən.

Həyat dəniz, ömür gəmi,vaxt avar,
Bəxt yelkənin açmaq üçün vaxta var.
Bircə anda vaxta dövlət,vaxta var.
Gəl bir anda ək qəlbimə,gözəl,dən.

Sevən qəlbim əkin yeri,şum yeri,
Sevgini ək,qoy göyərsin şum,yeri.
Necə sevir bax Yer Göyü, Göy Yeri,
Nələr doğmur bu ikili gözəldən?



************

Bilirsənmi,ağaclar hər il niyə göyərir?
onları quşların səsi suvarır.
Bahar quşların səsindən diksinir.
Ağaclarda yumurta tumurcuqlar,
quşların yavru arzularıdır.
Bu quşların səsi var ha,
müharibənin göbəyində,
güllələri də susdura bilər.
Əbabil quşlarını xatırladıqca,
göydən daş-daş yağır ayrılıqlar...
Gözlərimdə o sevginin böyüklüyü,
o böyüklük içərisində,
Quşlar civildəyir,
ağaclar çiçəkləyir,
çiçəklər küləkləri əyir.
Quşların səsinin döngəsində,
çiçəyin ləçəklərini vərəqləyir zaman.
Tozlanır ağaclar,bitkilər,
quşların Günəşə sevgisindən.
Bilirsənmi,quşlar,
əsl ömrü,
yuva üstə yaşamışlar...



************

Göz görə-görə özünü oda atmaqdır sevmək,
dözməyincə ayaqlayıb ocağı söndürmək,
ayrılıqların hökmüdür.
Çəkisizlikdən yaranır ayrılıqlar,
hər çəkisizlikdə bir təklik var.
Təklik içində yanmaqdır,
İçində yanmaq şölələnməkdən uzaqdır.
Şölələnməkdən uzaqlıq xatirələri vərəqləməkdi.
Xatirələri vərəqləmək,
özünü aldatmaqdı,
özünü aldatmaq,
zamanı yubatmaqdı.
Zamanı yubatmaq,
ümidlə yaşamaqdı guya.
Ümidlə yaşa,dostum!
Vərəqlə xatirələri,
Bədənini yandırırmı dodaq yerləri....



****************

Sənə bir söz yazmaq istəyirəm,
söz susur dilimdə.
Kəlmə-kəlmə hecalayıram,
yazacağım sözlərimi.
Yaza bilmirəm yazmaq istədiklərimi.
İçimdə bir söz var,
şişir həsrətindən.
Sən,
səndən,
mən,
məndən,
ayrılığa gedən yollarıq.
Biz öz ayaqlarımızda,
düyün düşmüş ayaqqabılarıq.
Kim vurdu,bu düyünü bizə kim?
sənə yazmaq istədiklərim,
yaza bilmədiklərim.
Yaşaya bilmədiklərimiz,
yaşadıqlarımız.
İstəmədiklərimiz,
istəməyə məhkum olduqlarımız.
Yazmaq istəyirəm sənə,
peşmanam,
səni unuda bilmədiyimə...



Ağlama!

Ağlama,oğlum!
Yazığın gəlsin otağın səssizliyinə.
Necə qıyırsan,
başın üstündəki sükutun kimsəsizliyinə?
Ağlama,
qarşıda əzab dolu sabahlar,
hesab dolu günahlar var.
Göz yaşlarını saxla,
az ağla.
O göz yaşların gün gələcək,
əllərindən tutacaq.
Onda səni ovudacaq.
Nə vaxt ki dirənəcək səbrin beynində,
görəcəksən hər şey öz yerində,
təkcə sən artıqsan əynində,
onda ağlayarsan...
İndi yat,
bu beşik,
ev-eşik,
gör necə rəqs edir,
gözlərini mürgü döyəndə?
Körpə gözlərində,
hər damla yaş,
göylərin şimşək qırmancıdır.
Çəkilir şaqqa-şaraqla ürəyimə.
Görürsənmi,
sən də inciyirsən,
mən də...
Sənə ağlama demək,
elə bilirsən asandır mənə?
Ağlayırsan,
göz yaşların yanağın boyu axır.
o qədər körpəsən ki,
gözlərini silməyə əlim,
ucadan sus deməyə dilim gəlmir axı...




Son xəbərlər
“Ceyms Bond” vəfat etdi
2017-05-23 18:44:09



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws