Roma Xosrov: SƏNİN ÜRƏYİNDƏ HANSI FƏSİLDİ

2016-12-30 13:13:34 / 4009601 dəfə oxunub
MƏNİMÇÜN YUXULAR GÖRÜŞ YERİDİR

Sənsiz bu dörd divar isitmir məni,

Sənlə qızınıram yağışın altda.

Gecə hamıdan tez mən yatıram ki,

Şəklin darıxmasın balışın altda.

Bəzən bu yaxınlıq bezdirər səni,

Hər gün addım-addım uzaqlaşarsan.

Boş qalan küçələr təkləyər səni,

Bir gün mənsizliklə ayaqlaşarsan.

Səni sevdiyimi daşlar, divarlar,

Adını yazdığım ağaclar bilər.

Hər axşam bir qadın keçər içimdən.

Hər axşam bir qadın hayıma gələr.


Bir azca dolmuşdum göylərdən qabaq,

Bulud göz yaşımı görüb kiridi.

Mənim bu şəhərdə yerim yoxdur, yox,

Mənimçün yuxular görüş yeridir.


YAŞAMAQÇÜN ÜZƏ DÜŞDÜM

Kim gətirdi, kim azdırdı,

Mən hardan bu izə düşdüm.

Mənə də bir yer eləyin,

Bu dünyaya təzə düşdüm.

Ana, qulağın səsdədi,

Qucağın oğul istədi,

Gəlişim də baş üstədi,

Nə yaxşı ki sizə düşdüm.

Baxdım günəşsiz günümə,

Çox addım atdım ölümə,

Balam gəldi göz önümə,

Yaşamaqçün üzə düşdüm.


SƏNİN ÜRƏYİNDƏ HANSI FƏSİLDİ


Dərdinə dərmandı dərdindən ölən,

Xəstəlik tapanda məni harayla.

Bir isti baxışla soyuq havada,

Durum başın üstə zoğallı çayla.

Özünü qəlbimdə qoyub getmisən,

İndi də hardasan yadına düşmür.

Daha kişilər də azalıb xanım,

Ağıllı kişi hər qadına düşmür.

Sənsiz bu şəhərdə havam da çatmır,

Sən getdin səninlə havam kəsildi.

Ağaclar yarpağın soyunur indi,

Sənin ürəyində hansı fəsildi?!


Gələndə boş gəlmə bir az qəm gətir,

Qorxuram ki səndən qələm yazmaya.

Qorxuram söz qoşam mən sətir-sətir,

Kağızın üstünə gələm yazmaya.

Hər bir qadını aldadan bir kişi,

Hər kişini ağladan bir qadın var.

Gözlərim əksini tamam unudub,

Yaxşı ki qəlbimdə hələ adın var.

Dərdinə dərmandı dərdindən ölən,

Xəstəlik tapanda məni harayla.

Bir isti baxışla soyuq havada,

Durum başın üstə zoğallı çayla.


SALAM ALLAH SALAMIDIR


Salam Allah salamıdır,

Salam Allah necəsən?!

Dərdləşməyə adam yoxdu,

Hardasan bu gecə sən?!

Çıxıb özümdən getmişdim,

Bu gün özümdə deyiləm.

Məni yaxşı eşitməkçün,

Gəldim qarşında əyiləm.


Ətəyinə çatmır əlim,

Denən, çıxım hansı yola.

Hələ sağam gəl görüşək,

Gərək elə ölüm ola?!


AYRILIQ SEVGİDƏN ÇOX TEZ DOĞULDU


Əl atsam göyə də çatardı bəlkə,

Əlim xoşbəxtliyə çatmadı amma.

Bu boş küçələrdə könlüm isindi,

Ürəyim o evə yatmadı amma.

İtən inamımı tapa bilmirəm,

Qorxuram növbəti aldanış olar.

Hərə bir gözəllik axtarır məndə,

Kim mənim dərdimlə de tanış olar.

Saxladım gözümdə gözümün yaşın,

O göz yaşlarında gözüm boğuldu.

Sən demə ayrılıq bizdən də qabaq,

Ayrılıq sevgidən çox tez doğuldu.

Taleyim açarı itən bir qapı,

Ürəyim yiyəsiz bomboş otaqdı.

Ən uzaq bir adam mənə ən yaxın,

Yanımda olanlar məndən uzaqdı.

Əl atsam göyə də çatardı bəlkə,

Əlim xoşbəxtliyə çatmadı amma.

Bu boş küçələrdə könlüm isindi,

Ürəyim o evə yatmadı amma.


BİR QADIN QOCALTDI BİZİ


Yer üzündən Allahacan,

Sevgimiz ucaltdı bizi.

Bir qadın bir həyat verdi,

Bir qadın qocaltdı bizi.

Yox kimiydik, ola-ola,

Çiçək açdıq, sola-sola,

Bərkimişdik, dola-dola,

Ağladıb yumşaltdı bizi.

Göydən yeri süzən Allah,

Ürəklərdə gəzən Allah,

Tənhalıqdan bezən Allah,

Darıxıb çoxaltdı bizi.


SOLDU ÜRƏYİMDƏ BU PAYIZ HAMI


Arzular dağıldı küçə boyunca,

Asdım ümidimi bir qız telindən.

Nə sevə bilmədim onu doyunca,

Nə ölə bilmədim onun əlindən.

Soldu ürəyimdə bu payız hamı,

Məndən yarpaq-yarpaq adamlar düşür.

İlk görüş yerimiz o uçuq damda,

İndi yuva qurub quşlar görüşür.


Ağac da qurudu fikir çəkməkdən,

Ayaq izimizi yollar unutdu.

Hər axşam şəklinlə danışıram mən,

Gözlərim yağışdı, qəlbim bulutdu.


MƏNİ ALLAHDI GÖZLƏYƏN


Bu dünyadan o dünyaya,

Bir ömrün yolun gedirəm.

Qarşıma çıxan yolları,

Ayağı yalın gedirəm.

Mənə açılan qolların,

Çoxdu bağlayan yolların,

Anam, yığdığım pulların,

Hamısın alın gedirəm.

Kimsən ay məni gizləyən,

Gözü yaşlı əzizləyən,

Məni Allahdı gözləyən,

Tez yola salın gedirəm.


VƏTƏN


Bu gün hamı səndən danışdı Laçın,

Sən köhnə dillərə təkrarsan Vətən.

Bitdi sərhəddində dəmir tikanlar,

Qarşımda bir sədsən, divarsan Vətən.

Adammı ağladı, buludmu doldu,

Bu ömür yolu da nə uzun yoldu,

Yerdən göy üzü də əl çatan oldu,

Sən bizdən başqa cür kənarsan Vətən.

Dünya tüstülənir kirkirəsindən,

Bezmişəm vətəndə ev kirəsindən,

Adını sildilər yer kürəsindən,

Bircə xəritədə sən varsan, Vətən.


BASDIRDILAR O AĞACI


O ağacın qollarını,

Bu kimdir kəsir görəsən?

Budağı qorxu içində,

Yarpağı əsir görəsən?!

Yarpaq-yarpaq, budaq-budaq,

Kəsdilər qanı çıxmadı.

Basdırdılar o ağacı,

Ölmədi, canı çıxmadı.

O ağacda yuva qurub,

Quşlar ora yem gətirdi.

Ağac qolun itirəndə,

Quşlar da evin itirdi.

Qurdlar yedi için, çölün,

Qarışqalar köçüb getdi.

Kölgəsinə sığınanlar,

Baxıb gendən keçib getdi.


Bu şəhərdə havam çatmaz,

Hər küçəsi bir qəfəsdir.

O kəsilən ağac deyil,

Aldığımız son nəfəsdir.


32. TABUT


O dünyanın evlərinin,

Otaqları birdi atam.

Orda heç kimi axtarma,

Getdiyin qəbirdi atam.

Yaşayıb çatdın ölümə,

Ölüm ömrün davamıdır.

Tanrı qoymaz darıxasan,

Tanrı təkin adamıdır.

Saatı çəkdim geriyə,

Günlər sənə qayıtmadı.

Unutduğun adamlar da,

Varlığını unutmadı.


Bəlkə də sen ölməmisən,

Ayaq üstə ölən bizik.

Sən yerində dayanmısan,

Sənə doğru gələn bizik.


Bu kirayə ev-eşiyin,

Qapısın bağlayıb getdin.

Ömrü sürüb son mənzilə,

Vaxtı da saxlayıb getdin.

Yurdsuzların boyu demə,

Bir ovuc torpaq qədərmiş.

Ürəyi dağ olanların,

Cismi də uşaq qədərmiş.


Bircə Allaha borcluydun,

Daha borcun da qalmadı.

Canı tapşırdın Allaha,

Vaxtını çox da almadı.

Sən də...sən də... sümüyəcən,

Qəbirdə sınıxacaqsan.

Keçə bilsən imtahandan,

Aydınlığa çıxacaqsan.

Qəlbin yatıb saat kimi,

Durmusan sükut içində.

Tanrı laylanı çalacaq,

Getdiyin tabut içində.


BİR KİŞİ SEVGİSİ ÖLDÜYÜ YERDƏ

Böyüyür... böyüyür xırdaca bir söz,

Bir sözün içində boğulur adam.

Nə qədər dartılsa yenə yay kimi,

Qayıdıb özünə yığılır adam.

Hərə bir ürəyin içində imiş,

Ürək sıxıldıqca sıxılır adam.

Bu qısa ömürdə, bu uzun yollar,

Dolaşır ayağa yıxılır adam.

Birinin üstünə kölgəsin salır,

Birinin dalında dağ olur adam.

Bir kişi sevgisi öldüyü yerdə,

Bir qadın bətnində doğulur adam.


Roma Xosrov

AYB-nin üzvü

Prezident teqaüdçüsü



Son xəbərlər
Sabunçuda 2 otaqlı ev yanıb
2017-04-28 10:06:49
Zakir Qaralovdan yeni təyinat
2017-04-27 15:33:27
Ulduzları barışmır
2017-04-27 14:28:34
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-04-27 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws