"Eldar Mahmudovun işdən çıxarıldığını eşidib sənədləri yandırdım" - MTN-in idarə rəisi

2016-12-30 14:17:59 / 790 dəfə oxunub

"MTN işi"nə görə həbs edilən polkovnik Fizuli Əliyevin istintaqa verdiyi ifadə məlum olub.

 

Sabahinfo.az-ın ittiham aktına istinadən məlumatına görə, Əliyev Fizuli Zülfüqar oğlu ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib. O, istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən və üzləşmələr zamanı ifadə verməmək hüququndan istifadə edib, əksər suallara cavab verməkdən imtina edib, yalnız ayrı-ayrı sualları cavablandırıb.

 

MTN polkovniki istintaqa ifadəsində xidməti səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olmasını qismən etiraf edib. Füzuli Əliyev bildirib  ki, ləğv olunmuş MTN-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə 4-cü Baş idarəsi və həmin Baş idarənin 1-ci idarəsi öz fəaliyyətində birbaşa sabiq nazir Eldar Mahmudovun kurasiyasında olub.

 

F.Əliyev müavin kimi xidmətini Baş idarənin rəisi Sübahir Qurbanov tərəfindən verilmiş tapşırıq və göstərişləri əsasında  qurduğunu deyib.

 

MTN polkovniki istintaqa verdiyi ifadəsində inanılmaz bir etiraf edib. O, sabiq nazir Eldar Mahmudovun işdən çıxarıldığını eşidəndən sonra nazirliyə gəlib bəzi sənədləri məhv etməsindən danışıb: "Xidməti işimlə əlaqədar həm məxfi, həm də tam məxfi sənədlərlə işləməyə buraxılışım olub. Həmin növ sənədlər mənə aid olduqda xidməti otağımdakı seyfdə saxlanılıb.  Sonradan onların talehi nazirlikdə qüvvədə olan karqüzarlığın aparılmasına dair əmr və təlimatla tənzimlənib, mən də məxfi sənədlərlə işləyərkən həmin əmr və təlimatların tələblərini rəhbər tutmuşam. Bununla yanaşı xidməti otağımda məxfi olmayan çoxsaylı sənədlər olub və onların sonrakı taleyini müstəqil olaraq özüm həll etmişəm. 18 oktyabr 2015-ci ildə saat 10.30 radələrində MTN-nin inzibati binasının 4-cü mərtəbəsində yerləşən xidməti iş otağıma gəldim. Orada olarkən otaqda səliqə-səhman yaratmaq məqsədilə məxfi olmayan və lazımsız olan sənədləri kağız doğrayan maşına salmaqla məhv etdim. Məhv etdiyim sənədlər əsasən uzun müddət xidməti otağımda saxlanan, lazım olmayan və məhv olunması zəruri olan sənədlər olub".

 

F.Əliyev Eldar Mahmudovun işdən çıxarıldığı gün də MTN-dəki iş otağına gəldiyini açıqlayıb: "Həmçinin, 17 oktyabr 2015-ci il tarixdə, saat 11.00 radələrində  iş yerimə gəlmişəm. Lakin sonradan səhhəti ilə bağlı problemlərlə əlaqədar Baş idarənin rəisindən bir neçə günlük icazə alaraq evə getdim".

 

İfadədə məlum olur ki, F.Əliyev həmin gün axşam televiziyada milli təhlükəsizlik nazirinin işdən azad edildiyi barədə xəbəri eşitdikdən sonra, IV Baş idarənin rəis müavini, və həmin Baş idarənin 1-ci idarəsinin rəisi vəzifəsini icra etdiyinə görə iş yerində olmağını zəruri hesab edərək, səhhətində problemlər olmasına baxmayaraq saat 21.00 radələrində iş yerinə gəlib  və təxminən 1 saatdan sonra  evə qayıdıb. O, bir daha həmin gün məhv etdiyi sənədlərin yalnız lazım olmayan və məhv olunması üçün nəzərdə tutulan sənədlər olduğunu, onların arasında hər hansı məxfi və tam məxfi sənədlər olmadığını, lazımsız sənədləri məhv edilməsi üçün vaxt ayırmaq imkanı olduğundan onları məhv etdiyini bildirib. 



Son xəbərlər
Yeni MÜSABİQƏ
2017-02-24 12:32:52



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws