Zaur İlhamoğlu - Mübarizəm,şücaətim-Azərbaycan bayrağı!

2017-01-05 13:19:13 / 27286 dəfə oxunub
Zaur İlhamoğlu (Cəfərov Zaur İlham oğlu) 1984-cü ildə Şəki şəhərində anadan olub.2005-ci ildə AMİ-nin Şəki filialının İbtidai Təhsilin Pedoqogikası və Metodikası fakültəsini bitirmiş,sonradan Filologiya fakültəsi üzrə ixtisasını dəyişmişdir.Şəki şəhər M.Füzuli adına 3 saylı tam orta məktəbdə müəllimlik fəaliyyəti ilə məşğul olur.Şeirləri "Şəki təhsili"qəzetində, "Bölgənin sözu" almanaxında çap olunmuşdur.



Azərbaycan bayrağı.

Qan qoxulu o illərin hər dəhşətli anıyla.
Neçə-neçə məzlumların sipər olan canıyla.
Saya gəlməz şəhidlərin töküldüyü qanıyla
Qazandığım hürriyətim-Azərbaycan bayrağı!
Mübarizəm,şücaətim-Azərbaycan bayrağı!

Gəzib dolan bu dünyanı bayraq macərasında.
Varmı belə gözəl bayraq bayraqlar arasında?
Millətimin bir millət tək millətlər sırasında,
Varlığıma zəmanətim-Azərbaycan bayrağı!
Mən olmağım,şəxsiyyətim-Azərbaycan bayrağı!

Səma rəngim-Türk olmağım,Tükrlüyümdən var nişan.
Qırmızı rəng-mən azadam,qul olmaram heç zaman.
Yaşıl rəngim-dinim İslam,Allahım-tək Yaradan.
Hər rəngim bir əlamətim-Azərbaycan bayrağı!
Adım-sanım,şan-şöhrətim-Azərbaycan bayrağı!

Sənə olan bu sevgimin ölçüsü yox bəşərdə.
Səndən ötrü düşsəm xoşdur min bəlaya,min dərdə.
Təki dalğalansın mənim bayrağım zirvələrdə.
Sarsılmayan məhəbbətim-Azərbaycan bayrağı!
Öz eşqimə sədaqətim-Azərbaycan bayrağı!

Mən bu yurdun övladıyam birgə arzum var mənim.
Şəhid olum bayraq üstə bayraq olsun kəfənim.
Nə qədər ki,bayrağım var,var olacaq Vətənim.
Dağ vüqarım,şax qamətim-Azərbaycan bayrağı!
Qürur yerim,fəxarətim-Azərbaycan bayrağı!


Ana,mənə layla de!

Görürsənmi,anacan,necə də üzülmüşəm,
Necə də sınıxmışam.
Eh,elə dolmuşam ki,axası göz yaşımı,
Bəbəyimdə sıxmışam.
Körpə çağlarım təki yatım dizlərin üstə,
Laylançün darıxmışam.
Ana,mənə layla de!

Dizlərin-varlığımın sığındığı tək məkan.
Başımı qoyum,ana.
"Şirin balam,a layla
Körpə balam,a layla"
Səsini duyum,ana.
Bəlkə ruhum dincələr qoy yatım mışıl-mışıl,
Bir az uyuyum,ana.
Ana,mənə layla de!

Səhərdən axşamadək çəkdiyim acıları,
Bir gecədə unudum.
İçimdəki yanğını,içimdəki atəşi,
Birgə anlıq soyudum.
Kədər məngənəsində sıxılan ürəyimi,
Laylan içrə ovudum.
Ana,mənə layla de!

Axı yaxşı bilirsən sənin şirin sözlərin,
Varlığıma həyandır.
Yatırt! Yatdığım zaman birdən qorxub ağlasam,
Hay ver məni oyandır.
Birdə qorxmayım deyə,bıçaq qoy başım alta
Dur,bir üzərlik yandır.
Ana,mənə layla de!

Nə olsun böyümüşəm,yaşlanmışam həyatda,
Qurban sənə layla de.
Ehtiyacım var axı " olmaz" kəlməsi demə,
Dönə-dönə layla de.
Ölüm dizlərin üstə bəlkə dinclik taparam.
Susma,yenə layla de.
Ana,mənə layla de!


Görmür.

Nahaqq haqqı talan edir
Hakim müqəssiri görmür.
İnsanlığın məhv olmağın,
Ölü görür,diri görmür.

Çoxalıblar qan soranlar
Ürək qırıb,qəlb yaranlar.
Təmizlikdən dəm vuranlar,
Ürəyində kiri görmür.

Ayaq yaltaq çarığında
Gəzir şöhrət işığında.
Araz heçdir aşığında
Topuğunda Kürü görmür.

Küçələr insan karvanı.
Həm qocası,həm cavanı.
Gəl ki yığılan insanı,
Çoxu baxır,biri görmür.

Günah üstə gəlir günah.
Necə edək bunu izah?
Nə bilim,bəlkə də Allah,
Biz yaşayan "Yer"i görmür.


Nə edərsən?

Gəl qınama acı ömür sürənləri.
O cür ömür səni bulsa,nə edərsən?
Zəhmət çəkib yaratdığın gözəl ömrün,
Bir andaca qəfil solsa,nə edərsən?

İçindəki yanğı baxmaz heç bir şeyə.
Su qabını əllərində tutub göyə,
Su istəsən yanğıların sönsün deyə
Su yerinə zəhər dolsa,nə edərsən?

Ümidsizlik sarıdıqca ürəkləri,
Dəfn edərlər arzuları,diləkləri.
Bəslədiyin güllərində ləçəkləri
Qara yeller çəkib-yolsa,nə edərsən?

Güclü olmaq çətin deyil bacararsan.
Əllərinlə yarılmayan dağ yararsan.
Amma hələ demək deyil bəxtiyarsan.
Dərd özündən güclü,olsa nə edərsən?


Niyə fikirlisən?

Niyə fikirlisən?
Nə olub sənə?
Bu soyuq,qayğılı çöhrə nədəndir?
Daniş,ey sevgilim,çəkinmə.Danış!
Nədən bu qayğılar səninlə təndir?

Qəmli vücudunun ayaq izindən,
Görürəm gəldiyin yolun da qəmli.
Bəyaz qar üstünə düşən yaqut tək
O ağbənizində xalın da qəmli.

Boğur səni dibsiz kədər dənizi
Çəkir öz-özünə sonsuz qaranlıq.
Sixir ürəyini məngənə kimi
Mənası bilinməz bir pərişanlıq.

Nə isə xəbərmi duymusan məndən,
Yoxsa bir söz çatıb qulaqlarına?
Həmin sözdən doğan ağrı-acıdan,
Qəmginlik hopubdur yanaqlarına.

Özünmü yorğunsan,sevginmi yorğun,
Könlünmü əzgindir,ruhunmu əzgin?
Özün yorğunsansa çarə tapılar.
Amandır taqətdən düşməsin sevgin.

İnsana nə var ki,taqətdən düşsə
Bir gün dincəlməklə özünə gələr.
Əzizim,taqətdən düşən sevgiyə,
Nələr eyləsən də çətin dirçələr.

Ver çəkim yükünü,yüklü dayanma.
Düşünmə çiynimdə agır daş olar.
Bilərəm fikirdən,yükdən azadsan
Bu da bir ömürlük mənə xoş olar.

Sən fikir çəkəndə bağda çiçəklər
Zamanı çatmamış saralır,solur.
Günəş də şüasın saçmayır daha
Buludlar içində görünməz olur.

Onsuz da paxıllıq edənimiz çox
Bir az da güldürmə düşməni,yadı
Nədən söyləsin ki,hər "agzıgöyçək";-
-"Nəhayət bunlar da xoşbəxt olmadı"

Nə edim səninçün denən çəkinmə
Üzündə bir qədər sevinc saçılsın.
Mahnı oxuyummu qəmin dağılsın,
Şeir söyləyimmi könlün açılsın?

Yetər,ey sevgilim,bir az deyib-gül,
Sevincin sığmasın heç yerə,göyə.
Bax,bir də sənə sual verməyim
"Niyə fikirlisən?Nə olub?" deyə.


Bu həyat dediyin..

Bu həyat dediyin qəlizdən-qəliz
Çox incə mətləbdə qandırar səni.
Nahamar gətirib dünya üzünə
Zaman dülgərinə yondurar səni.

Gah sağa döndərər,gah çəkər sola.
Gah çəmən göstərər.gah salar kola.
Nə qədər dağ boyda qürurun ola,
Bir anda toz eylər sındırar səni.

Çoxu bu həyatın sirrin axtarıb,
Tapmayıb sonunda naəlac qalıb.
Qışın soyuğunda qəlbə od salıb,
Yayın istisində dondurar səni.

Zaur həyat haqda sözün bitirər.
Kimə gərəkdirsə,ibrət götürər.
Əvvəl sevdiyini sənə yetirər,
Sonra əldən alar yandırar səni.


Bir qadın ağlayır..

Bir qadın ağlayır gözlərində yaş
Dodaqlar islanmış,yanaqları nəm.
Hər günü bir qorxu,hər günü təlaş,
Sanki cəhənnəmdir düşdüyü aləm.

Qovrulur,od tutur baxışlarını
Çəkdiyi acıdan sinəsi yanır.
Tökür hönkür-hönkür göz yaşlarını
Yaşından geydiyi don da islanır.

Puç oldu ömrünün ən gözəl çağı
Uğursuz qismətin qurbanı oldu.
Düşdüyü bu məkan,bu "ər ocağı",
Solmuş arzuların ünvanı oldu.

Daha yaşamağa qalmayıb həvəs
Ölümün qanadı üzünə gərmiş.
Yaşarkən aldığı hər acı nəfəs
Gözündən tökdüyü yaşlar qədərmiş.

Sığışmır fəryadı nə yerə,göyə
Sözlər ilmə-ilmə qarğış toxuyur.
Yazılan qismətə,bəxtə,taleyə
Doğulduğu günə lənət oxuyur:

-"Beləmi gedəcək ömür boyunca.
Nə qədər alışam,nə qədər yanam?
İşıqlı dünyaya məni doğunca
Niyə bir qara daş doğmadı anam?"

Nə xoş ünsiyyət var,nə də şirin dil
Ancaq kobud sözlər,acı kəlmələr.
"Sahibim" dediyi insanla deyil,
Acı göz yaşıyla yatdı gecələr.

O,solmuş bir güldür son baharında
Düşmür o gül üstə günəş işığı.
Ağlayan qadının göz yaşlarında,
Axır bir kişinin vicdansızlığı.

Qadınlıq hissi də bədəninə yad.
Puç oldu o duyğu,o hiss büsbütün.
Onunçün özgədir daha bu həyat
O,öz həyatından olunmuş sürgün.

Hər cinsin özünə məxsus hissi var.
Qadına qadınlıq hissləri gərək.
Qadınki hissindən qaldısa kənar
Cismən yaşasa da ölüdür demək.

Nə qədər dedilər hərə bir yerdən:-
-"Çıx get!Körpəni də özünlə apar.
Ürəyin dincələr qəmdən,kədərdən
Ruhun bədənində sakitlik tapar"

O,isə bir addım atmadı kənar.
Susdu.Boyun əydi,bəxtə,qismətə.
Düşündü "Anayam mənim adım var"
Ölsəm də dözəcəm bu müsibətə.

Kİm ki əzab verir,çəkdirir sitəm
Axan göz yaşına olursa bais.
Mən həmin insana insan demərəm
Onun bir adı var-İblisdir! İblis!

...................................

Nə əlim çatmır sənə,
Nə də görmürəm səni.
Desəm "çox uzaqdasan",
Çalış qınama məni.
Sən ömrünün sabahı,
Mən ömrümün dünəni,
Mən odu sönmüş ocaq,
Sən bir nurlu çıraqsan.
Görürsənmi,əzizim..
Sən nə qədər uzaqsan?!

Gəlsəm də sənə tərəf,
Yenə çata bilmirəm.
Ya səni ürəyimdən,
Silib,ata bilmirəm.
Səsin qulaqlarımda..
Gecə yata bilmirəm.
Sənsə körpə səsinə,
Səhərədək oyaqsan.
Görürsənmi,əzizim..
Sən nə qədər uzaqsan?!

Mən qanqallar içində
Ömür sürən,gün sürən.
Bəlkə sən çəmən içrə,
Çiçək dərən,gül dərən.
Mən səhra ortasında,
Susuzluqdan can verən,
Sən daglar arasında,
Şırıldayan bulaqsan.
Görürsənmi,əzizim..
Sən nə qədər uzaqsan?!

Həsrətə köklənibdir,
Bu ayrılıq nəğməsi.
Ürək istər dinləsin
Aram-aram bu səsi.
Mən "Marian" çökəkliyi,
Sən "Everest" zirvəsi.
Fərqə bax,mən çökəklik,
Sən bir zirvəli dağsan.
Görürsənmi,əzizim..
Sən nə qədər uzaqsan?!

 



Son xəbərlər
ATƏT monitorinq keçirəcək
2017-04-26 11:28:55



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws