Əfsanə Rəvan - Bütün dərdlərimdən bezmişəm təmiz

2017-01-05 21:51:11 / 12912 dəfə oxunub

AMMA BAĞIŞLADIM BAXIŞLARINA

Qəbahət özünün, günah özünün, "Bağişla" söyləmək belə çətindi? Sənin ayrılığa varmış dözümün, Qürurlu dayanmaq xasiyyətindi.

Yenə, ilk addımı məndən umursan, Yenə,gözləyirsen "barışaq?" deyim, Bu sevən qəlbimi niye qırırsan? Sənin mənə qarşı yoxmu istəyin?

Həmişə günahsız olduğum halda, Səni sevdiyimçün əyilmişəm mən. Daha yorulmuşam inan bu yolda, Bir gör nələr-nələr itirmişəm mən.

İnan ki, dəyməzsən qədirbilməzim, Səninçün tökdüyüm göz yaşlarına. Deyərdim "bir ömür üzün gülməsin", Amma bağışladım baxışlarına.


DƏNİZ

Yenə gəldim görüşünə bax dəniz, Dayanma sakitcə, dalğalan biraz. Bütün dərdlərimdən bezmişəm təmiz, Al məni qoynuna yırğala biraz.

Dərdimi danışım dinlə sən məni, Əgər, haqsızamsa batır qoynunda. O qədər günahsız canlar almısan, Gör necə insanlar yatır qoynunda.

Dəniz, lal görsənib səs batıransan, Nə qədər daşlayım əsəbdən səni. Çəkib öz qoynuna tez yatıransan, Sevmədim, bununcün əzəldən səni.

Aldandım dənizin gözəl üzünə, Küləklər bəs etdi sirri açmağa. Gərək görünməyəm daha gözünə, Dönüm qağayıya qalxım uçmağa.


BU DÜNYANIN NƏYİN SEVƏK

Bu dünyanın, nəyin sevək? deyin mənə. Hər küncündə bir nalə var, min ah yatır. Hara baxsan, uşaqların harayıdır, Hara baxsan,"Din" altında günah yatır.

Seviləsi yanı yoxdur bu dünyanın, O, bu qədər körplərin yalvarışın eşitmirsə. Deyin mene, "necə sevək" axı deyin, Uşaqların xəyalını reallığa keçirtmirsə?

Hər gün, yeni bir uşağın, ezabının şahidiyik, Hər gün, yeni bir partlayış. Səslərinə oyanırıq. Tanrı, sənin mərhəmətin, rəhmin harda qalıbdırki? Hər gün yeni terrorçunun al-qanına boyanırıq.

Dünya sənə nifrətim var, sonsuz sayda, Soldurursan vaxtsız-günsüz açılmayan çiçəkləri, Niyə axı? də nə üçün? bu dünyadan qopardırsan o tər-təzə ləçəkləri? Yoxsa səndə bəyənmirsən, özünü de.? Yoxsa səndə baş qatırsan yalanlarla, düzünü de? Bu dünyanın ədaləti-haqqı yoxdu, Nə deyirsiz deyin mənə. Nə qədər ki,"ALLAH" deyib can alınır, Bu dünyada yaşamağın dadı yoxdur. lap istəsəz "naşükürsən" deyin mənə.


İLAHİ ANAMA DAYAQ OL MƏNİM

Anamın gözündə kədər görəndə, Boğur qəhər məni, boğur ah məni. Bir insan nə qədər dərd çəkər ALLAH, Bu qədər günahkar bəndəymiş yəni?

Anamın nəfəsi məni yaşadır, Dünyada ən əziz, yaxın kəsimdi. Desələr heç kəsin yoxdu həyatda, Deyərəm, Anam var,mənim bəsimdi!

Baxıram Anama kənardan durub, Görürəm iynəni saplaya bilmir. Artıq əvvəlki tək görmür gözləri, Eynəksiz heç bir iş haqlaya bilmir.

İlahi, Anama dayaq ol mənim, Nə olar kimsəyə möhtac olmasın. Təkcə arzum budur,heç bir Ananı, Mənim Anam kimi tenha qalmasın...


HARDASAN SOL YANIM MƏNİM

Dedim "bircə çıxaq gedək", Buralardan uzaqlara. Düzdü, çıxıb getdin amma, Başqa-başqa qucaqlara. Dedim "gəl bircə yaşayaq", Bir ağardaq saçımızı. Ölən zaman heç olmasa, Bircə çəkək acımızı.

Dedim "ömrüm sənin olsun", Sənə qurban canım mənim. Səndə gülüb razılaşdın, Hardasan? sol yanım mənim.


İNANMIRAM ŞAİRLƏRİN EŞQİNƏ

Mənə gəlib, o azdığın yolların, Hər küncündə bir xatirəm dayanır. Bir fəsillik gəlmə mənim ömrümə, Ürəyimdə yəni hisslər oyanır.

Çəkəmməzsən hər işvəmi, nazımı, Bircə dəfə acı baxsam küsərsən. Gəl bu qədər əmin olma, özündən, İki gündən əlaqəni kəsərsən.

İnanmıram şairlərin eşqinə, Sən şairsən bizdə heçnə alınmaz. Gözəlliyin vurğunusan bilirəm, Bu faktı kim danar axı, danılmaz.


ŞAİR

Nəyini öyürsən, nəyini şair, Nəyin var qələmdən, kağızdan başqa. Nə verdi, yazdığın şeirlər sənə, Nə verdi, sevdiyin o qızdan başqa.

Nəyini öyürsən, nəyini şair, Sən də hamı kimi adicə bəndə. Adına şeirlər yazdığın kəsin, İncə ürəyinin sahibisən də.

Nəyini öyürsen, nəyini şair De axı nəyinlə qürurlanırsan? Nə olsun, bir iki cızma qaran var, Dəyər görməyəndə səndə yanırsan.


SEVDASINA BİRİNİN

Səndən uzaq yaşaya, Əlin ona çatmaya. Hər gün qonaq gedəsən, Röyasına birinin.

Öz- özünü yaxasan, Dərddən göyə çıxasan, Pəncərədən baxasan, Dünyasına birinin.

Hər dərdinə yetəsən, Ürəyində bitəsən, Bir gün qurban gedəsən, Sevdasına birinin.

O can mənsiz qəm yemir, "Geri dön, qayıt" demir, Qərq olasan bir ömür, Dəryasına birinin.


ÜRƏYİNDƏ NECƏYƏM?

Nə vaxtsa mən olmasam, Yaşararmı gözlərin? Qəmlənərmi ürəyin, Bükülərmi dizlərin.?

Axtararsanmı görən, Hara baxsan əksimi. Yoxsa yenə sevirsən, Sevə bildiyin kimi.

O mənli günlərinin, Həsrətini çəkərsən? Ümid toxumlarını, Ürəyinə əkərsən?

Tanrıdan dilədiyin, Diləyində necəyəm? Nə isə narahatam Ürəyində necəyəm?

Hələ nə qədər sağam, Keç qarşıma özün de. Çox tezmi unudarsan, "Əgər ölsəm" düzün de.


MƏNSİZ HƏYAT NECƏDİ?

Eşitdim ki, saralırsan, solursan, Adım çəkiləndə yaman dolursan. Sıxılıb bir küncə tənha qalırsan, Artıq sənə gündüzlərdə gecədi Söylə görüm mənsiz həyat necədi?

Demisən ki, yaşamaqdan bezirsən, Mən olmayan şəkilləri əzirsən. Eşitdimki beyni duman gəzirsən, Baxmayırsan evdi yada küçədi Söylə görüm mənsiz həyat necədi?

Eşitdim ki, arzulayirsan məni, Deyirsənki, oydu ömrümün təni. İndidə mən deyim sən eşit yəni, Sənsiz keçirdiyim günlər heçədi. Söylə görüm mənsiz həyat necədi?

Qəlbim qırılsada səndən hər zaman, Ürək gizli istəyir səni inan. Qəldim əfv etməyə hazırdı hər an, Axı mənim qəlbim kövrək, incədi. Söylə görüm mənsiz həyat necədi?



Son xəbərlər
Qızıl xeyli ucuzlaşdı
2017-01-19 10:50:47
Bakı funikulyoru pullu oldu
2017-01-18 18:24:32



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws