Şahnaz Şahin - TALE MƏNƏ NƏ VERİDİ Kİ,NƏ ALSIN

2017-01-07 09:00:01 / 10752 dəfə oxunub

  • Səni çoxdan gözləyirdim,

    İndi niyə gəlmisən..?
    Ovcundakı nədir bəs,
    Şəklimi neyləmisən?..

     

    Yadındamı o gecə...
    Tükürpədən səssizlik..
    Əvvəldən ayrılığı,
    Biz belə bilməmişdik...

     

    Ölüm belə olmazmış,
    Can candan ayrılırdı...
    Bu boyda eşqdən bizə
    Xatirələr qalırdı...

     

    Nə deyib gedəcəkdik...
    Bir-birinə son anda?...
    Gəl necə görüşmüşdük
    Elə ayrılaq onda....

     

    Nə var ki.ağlamağa
    Gözünü silən olsa...
    "Yüz il gözləmək" olar,
    Sevirəm deyən olsa...

     

    ...Gör bir neçə il keçib,
    Nıyə indi gəlmisən...
    Nə get deyə bilirəm,
    Nə də ki,eyniməsən....!!

     

     

    ***

    Deyirsən darıxırsan,
    Otur birgə darıxaq...
    Mənə aid nəyin var
    Götür,birgə darıxaq..

     

    Axı nədir darıxmaq
    Bu sevginin yanında...!
    Özünü zamanında
    Yetir,birgə darıxaq...

     

    Bax bu da yelkən sənə..
    Ayrılıq nə..vüsal nə...
    Qurban olum qəminə
    Gətir,birgə darıxaq...

     

     

    BU GECƏNİN ŞEİRİ

    Səni sevmək...
    payızı sevməkdi,
    Taledən qovulub
    sərgərdan gəzməkdi...

     

    Dirigözlü ölmək,
    o dünyanı görüb gəlməkdi...

    Əllərində qandal daşımaq,
    bir işi yüz dəfə yenidən başlamaqdı...

     

    Dar ağacının altinda
    canını zikr edib...
    Hər gecə ayrılıqdan asılmaqdı...

     

    Güzgülərdən boylanan tənhalığa 
    üşümək,
    otaq küncündəki yalqızlığa 
    alışmaqdı....

     

    Dinindən dönmək...dinə gəlmək..
    Üzü qibləyə dayanıb AĞRI qılmaqdı...
    Səni sevmək...!

     

     

    TALE MƏNƏ NƏ VERİDİ Kİ,NƏ ALSIN

     

    Könlüm qırıq,ömür yarı ,a dünya,
    Əllərim boş,üzüm qara ,a dünya,
    Qorxum yoxdu bundan sonra ,a dünya
    Tale mənə nə verdi ki,nə alsın...

     

    Qəm yetirən,kədər dərən ürəyəm,
    Bu viran eşq ilə kimə gərəyəm.
    Loğmanı geçikən ağır xəstəyəm
    Tale mənə nə verdi ki,nə alsın...

     

    Kimi ona qismət dedi,kimi baxt.
    Nəyə gərək yel oynadan quru taxt,
    Tanrım sən də dön Göylərdən mənə bax
    Tale mənə nə verdi ki,nə alsın...

     

    Şahnazam,əllərəm yardan üzülü,
    Göz yaşlarım Göy üzünə düzülü,
    Dodağımdan son kəlmələr süzülür...
    Tale mənə nə verdi ki,nə alsın...

     

     

    ***

    Onda da belə idi .
    İçimi
    yandıra-yandıra yığıldı boğazıma,
    qızdırmalı sözlər...
    mən dedim sən yozdun..
    sonra da bunu 
    "gözlərini yum"..deyib
    dodaqlarımdan asdın....

     

    Onda da belə idi hava..Yağışlı,
    çiskinli....payız...
    əl-ələ tutub sevincdən ağlatdıq 
    küçələri..
    sən gedəndən bəri 
     belə xoşbəxt görməmişdim
    şəhəri...

     

    Ayrıldıq...
    sonra bir də heç vaxt
    xoşbəxt olmadı şəhər..
    sevincdən ağlamadı küçələr...
    xəstələnmədi sözlər....və sonra
    Biz də olmadıq...

     

     

     
     
    ***
     
    Bir tikə sevgidi 
    sahibsiz pişiyə verdiyim
    çörək....

    Xəstə köpəyin 
    boğazına qoyduğum kompresdi
    ən böyük savabım....

    Sevindirə bildiyim bir yetim uşaqdı
    xoşbəxtlik....

     
     
     
    ****
     
    Biz dost ola bilmədik..
    heç yaxşı düşmən də çıxmadı 
    bizdən,
    duelə çağırmağa..

    İndi artıq gecdi..
    bütün şübhələr keçdi!
    Bu boyda Yer kürəsində 
    daha kimsə tapılmaz
    darıxmağa...

     
     
    ***
    Yadımdan çıx yanıma gəl...
     
    Ruh tək görün gözlərimə.
    Mən itkin bilirdim səni,
    Bu bir möcüzə deyilmi...

     

    Saxlayaq vaxtı sonraya
    Bir ah de...nağıl başlasın...
    Kimsə suçlayacaq bizi..
    Deyək Allah bağışlasın...


Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws