Nigar Arif - Fikirlər fikrində girə döyüşə

2017-01-08 17:57:00 / 11000 dəfə oxunub

Mən balaca olanda

Mən balaca olanda, Böyük idi əşyalar. Boyumu da ötürdü, Boyda bəzi kuklalar. Anlamırdım... Düşünürdüm stol da, stulun anasıdı. Elə hey soruşardım, kimdir onun atası? Çaydanı da anlamırdım, Pıkhapık qaynayanda, Çaydanın balasını, Anasının yanında, sakitcə dayananda, Qınayırdım... Belə anda, Çay dəminin hayına, Öz dərdinə yananda, Ağlayırdım... Bəlkə onlar da ağlayardı, canlı olsa... Amma çay da olmazdı, Bu cəfalar olmasa... Mən balaca olanda, Vardı sadə oyunlar. Rəngarəng dünyam kimi, Şişirərdim balonlar. Uçurtmam olardı, Küləkdə salafanlar Oynayardım.. Təbiətlə,çiçəklə, Qarşıma çıxan, ən eybəcər böcəklə. O vaxt yox idi çirkin, Yox idi bir kimsədə, Hətta qara böcəkdə, Nə pislik,nədəki kin. Dünya bir meyvə idi, Mən içində çərtləyi. Bəlkə ən ağıllısı, Bəlkə də ən dəlləyi... Zaman zamanı gərdi, Kimsə meyvəni dərdi, O çərtlək də cücərdi. Dünya oldu bir ovuc, Mənsə oldum bir ağac, O dünyam boyda ağac... Anladımki əslində, hərşey tam əksinəymiş. Kiçiklər böyük imiş, böyüklərsə kiçikmiş...


.....................Qınamayasan...........

Doymayıb eşqinə,ölə acından, Həyatı gözündə dəfn eyləyəsən. Bütün arzuların tutub ucundan, İntehar cəhdinə himn söyləyəsən

Qalxıb ümidlərin sənə əl edə, Sanasan ayrılıq bayrağıdı bu. Özünün içində öz sərhədinə, Çatanda görəsən sevgi quludu.

Fikirlər fikrində girə döyüşə, Başını götürüb başdan gedəsən. Hisslərlə hisslərin çıxa görüşə, Oturub ürəklə söhbət edəsən.

Deyəsən "bu qəlblə neyləyim axı”? Sözündən çıxmağa sözün olmaya. Sevəsən,o tez-tez darıxmağını, Etiraf etməyə üzün olmaya.

Güzgüdə görəsən özün-özünü, Qarşında bu kimdi,tanımayasan. Göstərə məhəbbət əsil üzünü, Daha sevənləri qınamayasan.


...................Qeybət........

Səssiz ol,dostum, Bu profil kainatındı. Aha,ulduzlar söhbət edir, Ayrı-ayrı planetlər yığışıb bir araya, qeybət edir... Dayan görüm bu nə rəydi? Kimsə ağzını əydi, Bir ucu bizə dəydi. Anladımki mövzunun da, adı Yerdi. Deyirlərki guya bizdə, Problemlər "n” qədər, Onlarda birdi. Sən demə... Əşi,bilsən də demə... Axı günəşin yanmasından, Ulduzun da əvvəl-axır sönməsindən bizə nə? Biz ki gizlənib səhər, Parlamırıq gecələr. Bizim ki küçəmizə, Bulud almır küçələr. Abırsız Ay deyilik, Onun kimi zay deyilik, Çıxaq qara yola, Üzümüzdə ləkə ola. Hələ bunun şəklinə bax, Ulduzlar dövrəsində yamax-yamax. Sən belə böyük görünməsəydin, Kimin olardı görən bu çarx? Ay-hay göy üzü... Göyərmiş yazığın da üzü. Bu qədər ay-ulduzu, Daşımaq çətindi düzü. "Göydən yuxarı göy varmı”? -biri soruşur. "Bəs yerdən aşağı yer”? -o birinin üzü qırışır. Göydəkilər yerə qaçır, Yerdəkilər göyə uçur. Bu nədir,dəyəsən bütün bəşər, Bir-birilə qırışır. Bəlkə də yarışır. Hərə bir söz deyir, Dünyamız da qarışır. Ən kiçik peyiklər də, Özlərindən böyüklərlə, Kəskin ifadələrdə, Girib müzakirəyə. Yer çıxıb öz orbitindən, Hər şeyi atıb, Tutub bərk-bərk internetdən. Budur,itir set, Sən də get, Öz səhifəni özün tərk et. Səssiz ol,dostum, Bu profil kainatındı. Min söz atına, Sür siyasəti. Kim işinə yarımırsa, Qanununda qarımırsa, Bir yaranı sarımırsa, Al göz altına, Ya da at! Barmaqlıqlar arasında, O qara siyahıya at!


.........................Bəlkə mən də filmdəyəm..............

Duyğular tənək-tənək, Elə bil dolma bükür. Qaynayıb ətək-ətək, Gözümdən seli tökür.

Xatirələr lentinə, Bir səhnə süzür ekran. Zaman uzağa gedir, Yaxında üzür ekran.

Arada zənglər gəlir, Qəlbimin səslərindən. Bu gerçək deyil,bilir, Kövrəlirəm əbəsdən.

Masada bir çay qalıb, Stəkanda darıxır. Arada reklam olub, Düşüncəm də karıxır.

Elə bil tilsimdəyəm, Həyatda səhnələr çox. Bəlkə mən də filmdəyəm? Hələki xəbərim yox.

Hər ömür serialdı, Saysız bölümlərilə. Bəzən yarımçıq qalır, Qəfil ölümlərilə.

Bəzən də gözləyirsən, Həyat gözündə durur. Sən ölmək istəyirsən, Öldürmür bu rejisor.

Düşüncəmi əmirlər, Birdən-birə doladı. Səssiz olun,fikirlər, Artıq kino başladı...


.....................Öldü ölüm...........

Yığıb vaxtın kəfini, Saz eylədi kefini. Açıb həyat seyfini, Yaşamı çaldı ölüm.

"Paltarım yaxşı gendi” -deyib geydi kəfəni. Qara yasda ağ donla, Üç sabah qaldı ölüm.

Qapının cəftəsini, Qırıb keçdi həftəni, Ötüb neçə gecədən, Qırxa yol saldı ölüm.

Girib torpaq altına, Dincəldi tabutunda, Özü öz saatında, Haqladı ili ölüm.

Söykənib baş daşına, Qəfil gördü yaşını, Düşünərkən keçmişi, Bildi,qocalıb ölüm.

Günlər günə satıldı, Bütün yası atıldı, Nə vaxtki unuduldu, Özü də öldü ölüm.


................Arada qonağım ol.........

Arada qonağım ol, Gəl şad eylə yuxumu. Sənsizliyin əlindən, Al itirmək qorxumu.

Arada qonağım ol, Təsəlli sözlərimdə. Çıx narahat könüldən, Keç parla gözlərimdə.

Arada qonağım ol, Heç olmasa yolumda. Təsadüf adı ilə, Səni görüm solumda.

Arada qonağım ol, Biraz danış,biraz gül. Əhvalımda açılsın, Sevincimdən qızılgül.



Son xəbərlər
“Pul qıtlığı yaranıb”
2017-04-28 16:39:29
Sabunçuda 2 otaqlı ev yanıb
2017-04-28 10:06:49
Zakir Qaralovdan yeni təyinat
2017-04-27 15:33:27



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws