ZƏNGLİ SAAT

2017-01-09 14:28:20 / 2081 dəfə oxunub
Pəncərədən gün işığı üzümə düşür.Gözlərimi açıram.Başımın yanındakı elektron saata baxıram.Saat 07:56 dəqiqəni göstərir.Saatı adətən 8 tamamda qururam.Düz 4 dəqiqədən sonra saat zəng çalmalı və mən yerimdən qalxmalıyam.Əslində elə indi də yerimdən dura bilərəm.Amma yox qoy 4 dəqiqə də uzanım.Gözlərimi yumuram...Dayan! Gözlərimi açıram.Mən sağam?Ürəyim şiddətlə döyünür.İndi xatırladım. Mən heç evdə də deyiləm.Gecə yuxuda ikən öldürülməliydim.Özü də bir xanım tərəfindən. Ona görə burdayam,otel nömrəsində.Sinəmdən 2-3 ve ya başımdan bir güllə almalıydım. Ancaq hələ də sağam.Niyə?Bir dəqiqə,icazə verin lap əvvəldən yadıma salım.
Mən varlı biznesmenəm.Pulumun,rəhbərlik etdiyim şirkətlərin sayını deməyəcəm.Rəqiblərimin, düşmənlərimin sayını isə özüm dəqiq bilmirəm.Yaxşısı budur dünən baş verənlərdən danışım. Mən təmtəraqla təşkil olunmuş bir ziyafətə dəvət almışdım.Ora məndən başqa bir çox varlı iş adamları da gəlmişdi.Hər şey adamın könlünü oxşayırdı.Gözəl xanımlar,içkilər,musiqi.Əsl elit bir məkan.
Üzr istəyirəm ayaqyolunda olanda bir nəfərin içəri girəndən sonra telefon danışığını eşitdim.Kiməsə ”o artıq burdadı,gəlib ona yaxınlaşarsan” deyirdi. Sonra adımı çəkdi.İstər-istəməz səsi kəsdim.Ayaqüstəydim.Özümü sıxıb dayandım.Qulaq asırdım.O adam "çalış onu özünə cəlb elə,içirt,otelə gedin,sonra o yuxuda olanda bitir işini,nə bilim necə rahatdı sinəsinə 2-3,başına isə 1-i bəs edər,amma səsboğucuyla” deyib getdi.
Mən özümü təbii aparmağa çalışırdım.Kimin mənə yaxınlaşacağını gözləyirdim.Budur qırmızı qısa donda,əsmər bir xanım gülümsəyərək mənə tərəf gəlirdi.Elə bil Tia Karreradı.Sinəsi,ayaqları,yerişi onun uğrunda ölməyi tələb edirdi.Zarafat eləyirəm bunu şairanə səslənməsi üçün dedim.Ölmək fikrim yoxdur.Xanım mənə yaxınlaşdı,özünü təqdim etdi.Adını Ayuni dedi.Xeyr yaponiyalı deyildi.Əsl adı Aynurmuş.Gözləri azca qıyıq olduğu üçün dostları onu belə çağırırlar.Hə,sonra ordan-burdan danışdıq.Mənə içməyi təklif etdi.Düzü eşitdiklərim yadımda idi.Bunun bir plan olduğunu anlayırdım.Mən də öz planımı qurmuşdum.Planlarımızın ilkin mərhələləri tamamilə eyni idi.Tanış olmaq,içmək və birlikdə otelə getmək.Saatı səhər 08:00-a qurmaq,qızın silahını gizlədib rahat yatmaq.Bircə mənim planıma ölmək daxil deyildi.
Onu deyim ki Aynur xanım çox cəlbedici idi.Açığı ehtiraslı baxışı və cazibəsi ilə silahsız da adam öldürə bilərdi.Ovsunlu gülüşündən tez-tez istifadə edirdi.Beləliklə mən onunla 2 badə martini içib otelə getdim.Burda da o ofisianta cürbəcür içkilər sifariş etdi.Çox içməməyə çalışırdım..Ancaq daha 4-5 badə və mən bu gecə öldürüləcəyimi tamam unutdum.Sonra bunlar yadıma gəlir ki,o mənim üçün ehtiraslı rəqs elədi.Biz qucaqlaşdıq,səhv eləmirəmsə öpüşdük də,o soyundu.Mənim əynimdən köynəyimi də o çıxartdı.Daha sonrası yadımda deyil. Bircə onu xatırlayıram ki, saatı əvvəlcədən qurmuşdum,ancaq silahını tapıb gizlətməmiş içkinin təsirindən yuxulamışdım.
İndi isə oyanmışam.Bunları xatırlayıb sizə danışdıqca daha 3 dəqiqə keçdi.Saat 07:59 dəqiqədir.Hərəkətsiz uzanmışam.Hələ də çevrilməyə cəsarət eləmirəm.Bəlkə o məni indicə öldürəcək.1 dəqiqə vaxtı var hələ.Qalxacam.Elə başımı qaldırmaq istəyirdim ki,arxamda tərpəniş hiss etdim.Soyuq bir şey kəlləmə dirəndi.Yəqin ki bu tapançanın səsboğucu lüləyidir.Vəssalam,bu da axmaqlığımın finalı.Nəfsimin uğursuz planı.Bəxtimin sunami yaxınlaşan limanı.Ölüm anında bu poyeziyaya nə ehtiyac var,düşünə bilərsiz.Mən də sizlə razılaşaram.Cəld tərpənə bilmərəm.Tətiyi o saat çəkə bilər.Ancaq biraz bəxtim gətirsə saat zəng çalacaq.Bu zaman onun fikri yayına bilər və mən nəsə edə bilərəm.Gözüm saatın saniyələrindədir.Artıq 30 saniyə.Susuram,tərpənmirəm...20 saniyə,19,18,17.Ay Allah özü də bu gün ad günümdür..Yox qoy heç olmasa nəsə deyim.
-Sabahın xeyir,canım.
Görəsən xeyri olacaq.12 saniyə,11,10.
-Nə tez durmusan.Dünən yora bilməmişəm səni deyəsən.
Bu nə axmaq cümlə idi.Hələ 6 saniyə qalıb...3,2,1.Zibil saat.Zəng çalmadı.
-Saatın zəngini söndürmüşəm.
Nəəə?İnanmazsız bunu deyən o deyildi.Nərminin səsi idi.Bitdim mən.O burda neynir, Aynurun silahı da əlində.Nərmin mənim həyat yoldaşımdır.2 ildir evlənmişik.
-Nərmin,əzizim sən burda neynirsən?D dd dayan,sakit ol ,o silahı başımdan çək,izah eləyim sənə.
O dediyim kimi etdi.Mən tərəfdən çarpayının altından şampan şüşəsinin diyirlənib çıxdığını görəndə,başıma dirənən silah sandığım , soyuq bir şeyin əslində nə olduğunu anladım.Mən qalxıb oturdum.Nərmin ayağa qalxıb dayanmışdı.
-Deməli belə,hə,dünən sənə zəng edəndə nə dedin mənə?Dedin ki,əzizim,dostum ziyafətdə zəhərlənib onu xəstəxanaya aparıram,evə gec gələcəm.Narahat olma canım mən yaxşıyam,heç nə yeməmişəm.Burdakı yeməklər sənin bişirdiyin yeməklərin yanında heç nədir.Ona görə ağzıma bir tikə də qoymamışam.Bunları mənə sən dedin.Bəs burda nə azzarın var hmm?
Sizcə ona özümə bəraət qazandırmaq üçün nə deyə bilərdim.Bir fikirləşin.Bilirəm indi deyəcəksiz ki,nə deyəsən,hər şey göz qabağındadır.Ən yaxşısı tutarlı izah fikirləşənə qədər ona sual verim.Mütləq cavab verəcək.Çünki ürəyi dolu olanda,əvvəlcə ürəyini boşaldır,sonra mənə danışmağa imkan yaradır.
-Sən burda neynirsən,hə?
-Mənim bacım,bu oteldə,işə düzəlib.Resepşn.Növbəsin təhvil verib çıxanda siz gəlmisiz.Dərhal mənə zəng eləyib xəbər verdi.Əvvəl inanmadım.Dedim ola bilməz.Gəldim ki öz gözlərimlə görüm.Nə gözünü bərəldib baxırsan?Hə narahatsan o əsmər, uzun ayaq məstanın hardadır.Saçını yolub göndərdim.Heç nə eşitmədin?Nə ölü kimi yatmışdın.Çox içirtmişdi səni hə?
Heç bilməzsiz,mən ürəyimdə canım Nərminə nə qədər təşəkkür edirdim.O mənim həyatımı xilas eləyib.
Ayağa qalxıb geyinməyə başladım.
-Bağışla canım ,dedim.Əslində sən belə başa düşmüsən.Ancaq bax mən sənə izah etsəm görəcəksən ki,görərsən ki,burda başqa bir məsələ var.Mən ...
-Susss,yaxın gəlmə.
Onunla üzbəüz dayanmışdım.Günahımı dərk eləyirdim.Elə bu vaxt saat zəng çaldı.08:06 dəqiqədə.
-Saatı bu vaxta sən qurmusan.08:06 -ya?
-Hə.8-i altıncı ay.Bu gün axı sənin ad günündü.
-Ay Allah.Unutmamısan.Çoxsağol ürəyim.
Mən saatın səsin almağa gedə-gedə zarafatca soruşdum.
-Yəqin ki hədiyyəm də hazırdı.
Heç cürə saatın səsin ala bilmirdim.
-Zibil bunun səsi niyə alınmır.
-Çünki zəng çalan saat o deyil .
Elə Nərminə tərəf çevriləcəkdim ki, bu vaxt başıma nəsə çırpıldı.
-Bu da sənin hədiyyən,heyvan.
Yerdə uzanmışam.Gözümün qabağında sınıq-sınıq olmuş hədiyyəm.Ay nə gözəl, o ad günümə zəngli saat almışdı.


Son xəbərlər
Qobustanda ev yandı
2017-01-16 22:02:51
Yenə yağış yağacaq
2017-01-16 10:22:17



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws