Prezident: Azərbaycan ilə Estoniya arasında ticarət sahəsində fəal əməkdaşlıq həyata keçirilmir

2017-01-09 14:59:07 / 1700 dəfə oxunub

Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Marin Mittusun etimadnaməsini qəbul edib.

sabahinfo.Az-ın məlumatına görə, görüşdə dövlət başçısı özünün Estoniyaya, Estoniya prezidentinin də Azərbaycana səfərini məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında çox yaxşı qarşılıqlı anlaşmanın mövcud olduğunu və siyasi sahədə ölkələrimizin daim bir-birini dəstəklədiyini qeyd edərək, eyni zamanda bildirib ki, ticarət sahəsində bir o qədər də fəal əməkdaşlıq həyata keçirilmir. Azərbaycanın Estoniyada uzun illərdir səfirliyinin fəaliyyət göstərdiyini vurğulayan dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimizin fəal əməkdaşlıq etdiklərini deyib. 

Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, ikitərəfli münasibətlərin inkişafında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi işinə daha çox önəm veriləcək və bu da öz növbəsində Estoniya ilə Azərbaycan arasında qarşılıqlı idxal-ixrac əməliyyatlarının stimullaşdırılması, imkanların müəyyənləşdirilməsi üçün yaxşı şərait yaradacaq. Dövlət başçısı əlaqələrimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini də qeyd edib, mədəniyyət sahəsində əməkdaşlığın xalqlarımızın bir-birini daha yaxından tanıması baxımından önəmini vurğulayıb. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin Avropa İttifaqı çərçivəsində uğurlu inkişafından məmnunluğunu ifadə edib.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir siyasi əlaqələrimizin uğurla inkişaf etdiyini deyərək yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın möhkəmləndirilməsi baxımından önəmini qeyd edib. Səfir iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq həyata keçirdiyini və bir-birilərini dəstəklədiklərini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında ticarət, nəqliyyat, informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı və mədəniyyət sahələrində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws