Yaşar Süleymanlı - Sən öyrətdin dünyanı daha əlvan görməyi

2017-01-16 20:27:13 / 13373 dəfə oxunub

Yaşar Süleymanlı şair-yazar. 1980-ci ildə Ağcabədi şəhərində anadan olub. Üç şerlər və hekayələr kitabının müəllifidir. İlk kitabı "Bu da belə bir sevdadır" 2002 -ci ildə, ikinci kitabı "Məhəbbət qalası" 2005-ci ildə Bakıda, üçüncü kitabı "Salam Dəniz" kitabı isə Türkiyədə nəşr olunub. Bir neçə şerinə mahnı bəstələnib. Şerləri və hekayələri mütəmadi olaraq dövri-mətbuatda dərc olunur. Hazırda Rusiya federasiyasının Moskva şəhərində yaşayır. Bir neçə ədəbi qurumun üzvüdür. 
SALAM, DƏNİZ!

Salam, Dəniz! Bax, görüşdük bu sahildə səninlə biz. Yenə coşdun, yenə daşdın, Mənlə belə salamlaşdın… Gəldim səni yad etməyə, Dərdlə dolu ürəyimi az da olsa şad etməyə. Gəldim baxam sonsuzluğa, duyam səni, Duyğularla dolub-daşıb, Göz yaşımla yuyam səni. Gəldim sənə dərdlərimdən söz açmağa, Bəlkə məni bir duyasan! Ürəyimdə mamırlamış, kirəcləşmiş dərdlərimi Göz yaşınla sən yuyasan! Anam Dəniz, Al qoynuna! Dalğaların laylay desin, yatır məni! Dərdim sənə sığacaqsa, öz bətnində batır məni… Təzdən doğub bu dünyaya, dərdlərimsiz gətir məni. Sirdaş olaq, yoldaş olaq beləcə biz. Gülümsəyib körpə kimi baxım sənə, deyim yenə: "Salam, Dəniz!”

YENƏ...

Yenə qələm, yenə vərəq, yenə mən, Şerə dönür duyğularım, dil açır… Misralarda canlanırsan yenə sən, Yenə solmuş xatirələr gül açır… Həqiqətdən alıb məni xəyallar, Yenə məni yenə sənə aparır. Yenə sənə ünvanlanıb suallar, Yenə dilim yenə fəryad qoparır. Nədən axı, niyə axı, nə oldu? Nə dəyişdi, nədən belə dəyişdin? Getdiyimiz sevgi adlı bir yoldu, Son mənzilə qoşa gedək demişdin. Tez yoruldun, tez usandın, dəyişdin, Dedin daha ayrılıb mən gedirəm. Sən bu yolun, bax, sonuna yetişdin. Mən bu yolu qəlbimdə sən gedirəm. Sevgi, nifrət bir- birinə qarışır, Duyğularım heca- heca süzülür. Qəm- kədərlər ürəyimə darışır, Misralara xatirələr düzülür… Yenə qələm, yenə vərəq, yenə mən, Şerə dönür duyğularım, dil açır… Misralarda canlanırsan yenə sən, Yenə solmuş xatirələr gül açır…

AZƏRBAYCAN! Odlar yurdu, nə çox səni bölən belə, Od üstündə yağlı tikə bilən belə? Əsrlərdir tarixin qan, çilən belə... Yüz yerindən parçalanmış yaralı can, Azərbaycan! Təbrizimin gözləri yaş, qəlbi talan, Baxar sənə həsrət ilə Dərbənd qalan, Borçalıtək səndən ayrı düşən balan, Zəngəzurun, gözəl Göyçən, xan İrəvan - Azərbaycan! Qarabağın yağmalandı, talan oldu, Laçın, Şuşa, Ağdam dərddən solan oldu, Xocalıda ən dəhşətli olan oldu! Dağların qan, düzlərin qan, ağladın qan, Azərbaycan! Qalx məzardan, şah İsmayıl, yetiş dada! Odlar yurdu səndən sonra düşüb oda. Yüz illərdir öz elində kölə yada... Yetər, yetər, yetər artıq! Oyan! Oyan! Azərbaycan! Odlar yurdu, nə çox səni bölən belə! Od üstündə yağlı tikə bilən belə! Əsrlərdir tarixin qan, çilən belə... Yüz yerindən parçalanmış yaralı can! Azərbaycan, Azərbaycan, Azərbaycan! AXTARACAQSAN Ayrılaq söylədin, tərk edib getdin, İllərin sevgisin yıxdın, puç etdin. Sanma ki, arzuna, kamına yetdin, Sən məni hələ çox axtaracaqsan… Baxıb sevənləri gördükcə qoşa Təbəssüm dönəcək gözündə yaşa. Vuraraq başını sən daşdan-daşa, Sən məni hələ çox axtaracaqsan... Günlərin ötəcək mənsiz il kimi, Həsrət solduracaq səni gül kimi. Töküb gözlərinin yaşın sel kimi, Sən məni hələ çox axtaracaqsan... Hər gün həsrətimdən bir az ölərək, Sevincin yerinə kədər bölərək, Getdiyin qapıdan peşman dönərək, Sən məni hələ çox axtaracaqsan... Ayrılmağa nə var, unutmaq zülüm, Sinəndə min dəfə qorlanar külüm... Ayrıldıq - bitdimi, bitmədi, gülüm! Sən məni hələ çox axtarcaqsan... SƏNSİZLİK NƏDİR Mən - sənsiz hər şeydən əl üzən adam, Sən mənsiz danışıb-gülürsənmi heç? Ay mənim qəlbimə dərd düzən adam, Sənsizlik nə dərddir, bilirsənmi heç? Sənsizlik - icimdə bir xərçəng şişi, Ağrı-acısını dindirmək olmur. Sənsizlik - unudub, nə var hər işi, Özünü işə də göndərmək olmur. Sənsizlik - gecələr zülmət otaqda, Sübhədək özümlə danışmağımdır. Sənsizlik - can cəkib sənsiz yataqda, Ruhumla sağ ikən tanışmağımdır. Sənsizlik - yediyim, içdiyim zəhər, Ağzımın dadını itirməyimdir. Sənsizlik - süfrəmə düzüb qəm-kədər, Özümü yeyərək bitirməyimdir. Sənsizlik - insansız bom-boş şəhərlər, Milyonlar içində tənha olmaqdır. Sənsizlik - yataqdan qalxıb səhərlər, Səni axtararaq gözü dolmaqdır. Sənsizlik... Bu hissi anlaman üçün, Sənə sənsizlikdən nə deyim ki, mən? Anlayan deyilsən, ha düşün, düşün... Sənsizlik nədir ki, hardan biləsən? ... Mən - sənsiz hər şeydən əl üzən adam, Sən mənsiz danışıb-gülürsənmi heç? Ay mənim qəlbimə dərd düzən adam, Sənsizlik nə dərddir, bilirsənmi heç? SEÇİM HAQQI

Bu həyatı mən seçməzdim, Seçim haqqım olmadı ki! Özü ölçdü, özü biçdi, Həyat məni özü seçdi. Nədən seçdi məni, niyə? Gərək idim görən nəyə? Doğulandan bu günəcən, Bu həyatı söyə-söyə, "Lənətə gəl!” deyə-deyə, "Yaşayımmı?” deyə onu, Yaşayıram şübhə ilə, "Nə olacaq, - deyə, sonu?”

Asıb məni oyuncaqtək öz ipindən hey oynayır... Bir baxırsan, qara günü tapdı məni, Bir baxırsan, düz yolumda yıxdı məni. Dəli attək, ah, bu həyat çapdı məni, Yaman yordu, haldan saldı, sıxdı məni. Mən keçməzdim bu yollardan, Ayağıma bağ elədi bu yolları. Yollar məndən özü keçdi. Buraxmazdım mən ömrümə hər ötəni, Hər çatanı, hər yetəni. Həyat məni yol elədi, Gəldi məndən yüzü keçdi. Bu həyatda yaxşı axı nə gördüm mən? Nə əkdim mən, nə becərdim, nə dərdim mən? Seçim haqqım olsa idi lap əzəldən, Bilərdim nə edərdim mən. Yaranmadan, doğulmadan Tüpürərdim bu həyata gedərdim mən!

GÖRMÜŞƏM Xeyir olsun, dünən gecə yuxumda, Millətimi yaman gündə görmüşəm. Qəm cücərdib səpdiyi hər toxumda, Dərdlərini edir kündə, görmüşəm. Can qorxusu ürəkləri bürüyən, Haqqı boğub, asıb, kəsib sürüyən, Doğruları zindanlarda çürüyən, Yaltaqları gedir öndə, görmüşəm. Beyinləri manqurtlaşıb, kütlənən, Ar–namusu çılpaqlaşıb, lütlənən, Kasıbları səngərlərdə bitlənən, Varlıları durub gendə, görmüşəm. Namaz qılıb, oruc tutub, "haqq” deyən, Neçə məzlum, yetim kəsdən haqq yeyən, Büt önündə təzim edib, baş əyən, Neçə-neçə kafir bəndə görmüşəm. Ha düşündüm, nədir axı, nədir sirr, Sual etdim, gəzdim neçə ocaq, pir... Kimə dedim bu yuxumu yozun bir, Dedi: Yaşar, onu mən də görmüşəm. MƏNİM İçim talan, çölüm talan, Bölünmüşəm dalan–dalan, Məni məndən ayrı salan, Aradakı bu çay mənim, O tay mənim, bu tay mənim. O qədər ki, çəkilib dağ, Qəlbim olubdur "çilçirağ”, Geydiriblər libası ağ, Bu toy mənim, bu vay mənim, O tay mənim, bu tay mənim. Öz elində yada əsir, Biri asır, biri kəsir. "Bir Nəsirəm, bir də həsir”, İçi dolu saray mənim, O tay mənim, bu tay mənim. Bəsdir daha, yetər, yetər, Bunca zülüm, bunca xətər! Birləşməyə gücüm yetər! Əlli milyon! - bu say mənim! O tay mənim, bu tay mənim! DÜNYA BİRCƏ NƏFƏRMİŞ İlahi, bu dünya necə boş qalıb, Nə yer var, nə göy var, nə də bir kimsə. Elə bil hər yanı bir boşluq alıb, Cismim də asılıb, boşluqda qalıb. Nəfəsim kəsilir, havam çatmayır, Elə bil dayanıb, qəlbim atmayır... İlahi, ayrılıq, deməli, budur? Bu yoxluq, bu boşluq deməli odur! Deməli, bu imiş hər şeyin sonu, Deməli, bilmişəm hər şeyim onu, Nə varsa, o yoxsa - boşmuş, hədərmiş! Deməli, mən indi bildim İlahi, Dünya mənim üçün bircə nəfərmiş... HƏYATIMIN ILK GÜNÜ... Həyatımın ilk günü Doğulduğum gün deyil, Səni ilk dəfə görüb vurulduğum gün oldu. Elə bircə baxışdan qəlbim sevginlə doldu. Mənə bir həyat verib O sevgin məni doğdu. Sevgin coşdu, çağladı damarımda qan kimi. Sanki bir də doğuldum, sənə vurulan kimi! Böydükcə bu sevgi Mən böyüdüm, boy atdım, Xoşbəxtlik zirvəsinə, Səninlə birgə çatdım. Sən öyrətdin gülməyi, sevinməyi də mənə, Sən öyrətdin dünyanı daha əlvan görməyi, Sevilməyi də mənə… Həyatımın ilk günü Doğulduğum gün deyil, Səni ilk dəfə görüb vurulduğum gün oldu. O gündən nələr keçdi... yaşantılar dün oldu… Təəssüf ki, əzizim, Hər şeyin bir sonu var! Ömürdən ötən anlar Çətin geri qayıdar! Biz yaşadıq o anı, gəl, zamanı dayandır, Ölmüş həyat eşqimə yenə can ver, oyandır! Mümkün deyil… Duyğular Heç geriyə baxmadan durnalartək ötüşdü… Nə yazıq ki, əzizim, Həyatımın son günü getdiyin günə düşdü!

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!