Musa YAQUB : - Vəsiyyətim odur ki...

2017-01-16 20:38:47 / 16755 dəfə oxunub

Baş redaktordan:

Bu günlərdə gənc şair Emil Rasimoğlu ilə qərara aldıq ki, xalqımızın dəyərli şairi Musa YAQUBun ocağına səfər edib hal-əhval tutub bir könül səyahətinə çıxaq.Beləcə hörmətli şairimizlə əlaqə saxladıq. Zəngimizi çox böyük rəğbətlə qarşılayıb vaxtı təyin etdi.Səhhətindəki kiçik problemlərə görə görüşümüz bir müddət uzansa da nəhayət baş tutdu.Çox yüksək ehtiramla gəlişimizi qarşıladı.Sanki bir təbiət ömrünə səyahətə çıxdıq.Xeyli söhbətləşdik. Söhbətimizi sizlərə təqdim edirik. __________________

- Musa Yaqub necədi ? - Pis deyiləm.Babat.Hələ alababatı da var.Hələ alaya enməmişəm (gülür).Yaxşıyam.

- Musa müəllim,illəri yaşadız.Həqiqətən Tanrı varmı ? - Tanrı əlbəttə var.Əgər inam varsa.

- Ən çox O sizə öz varlığını inandıra bilib ya siz ona ? - Alnımda ömrün yazısı, Yazanı varsa, mən kiməm? Taleyimin qışı, yazı, Xəzanı varsa, mən kiməm?

Ulu göylər həmin-həmin, Bürc altında mən bir zəmin. Tərəzidən tərəzimin Asanı varsa, mən kiməm?

Bir ağ dəvənin belində, Bir dəli səhra yelində, Bəxtimin tanrı əlində, Ovsarı varsa, mən kiməm?

Nə biləndər, nə halıyam, Olum, ölüm sualıyam. Açılmış ulduz falıyam Yozanı varsa, mən kiməm?

- Musa müəllim, bir millət olaraq azad ola bilmişikmi ? - Bu çətin söhbətdi.Heç azadlığın özünün nə olduğu bilinmir.Çünki hər bir millətin öz azadlığı var.Mən elə bilirəm millət o zaman azad ola bilir ki, o tarixən yaşatdığı mənəvi dəyərləri qoruyub-saxlaya bilir.Azadlığın min tərəfdən çəksən şəkilləri, formaları var.Yəni ideyaları var.Qaldı ki, millətimin azad olmağına.Nə deyim, hələ bilmək olmaz var ya yoxdu.Deyə bilmərəm.

- "Keçirt bu payızın içindən məni” İçindən keçmək istədiyiniz hansı payız idi ? - O çətin bir payız idi.Çox çətin...Əvvəl payız da belə deyildi. Mən ümumiyyətlə payızı çox sevirəm.Çünki orda bir düşüncə var.Bax, yarpaq tökülür sən də tökülə bilərsən.Yəni insanı bir növ ayıldır.

- " Əyilib qarşında suala döndüm" Doğurdanmı sevgi var? Sevdiyin üçün əyilmək olurmu ? - Sevgi var.Və sevgiyə də əyilmək lazımdı.O əyilmək əyilmək deyil.O özünü fəda etməkdi, qurban etməkdi.Biri var yaltaqcasına əyiləsən, biri də var ki, dediyim kimi özünü fəda edəsən.Bu mənada öz sevginə,məhəbbətinə dik,şax əyilməlisən.Fizuli deyir ki; -Məhəbbət elə bir şeydi ki, orda şah ilə gəda bilinmir.Şah da əyilməlidi, gəda da...

Nə var eşqidən özgə, Başqa şeylər hədərdi. Dünyanın ömrü eşqin yaşamağı qədərdi.

Yəni nə qədər ki, dünya var o da yaşamalıdı.Sən də onun zərrəsisən.Mütləq ona tabe olmalısan.

- Musa müəllim, ölüm nədi ? - Ölüm dünyada yox olmaqdı.İndi onu deyirlər ruhdu, gələcəkdi.Hələ son vaxtlar "dünyasını dəyişdi"də deyirlər.Vallah nə deyim.Çox ağır məsələdi...

- Çox qorxursuz ? - Yox. Mən ümumiyyətlə qorxmuram.Çünki olan şeyə nə qorxu.Bir də ki, qorxsan da odu, qorxmasan da.Əgər iradən, fikirin, düşüncən möhkəmdisə, əgər sən dünyaya və yaşadığına inanırsansa və bu ömrü sən insan kimi yaşamısansa ondan qorxmaq lazım deyil. Ancaq hərdən-birdən adam diksinir də.Bəzən o diksinmədən bir titrəyiş yaranır. Axı o sənə kədər verir.Əzizlərindən, doğmalarından ayrılacağını bilirsən.

- Bu xalqın içində doğulduz, böyüdüz, təhsil aldız, yazıb-yaratdız, şəxsiyyət kimi formalaşdız.Bu xalqın sevilən şairinə, ziyalısına, aparıcı qüvvəsinə çevrildiz.Bütün bunlarla birgə bu xalqın başına gətirilən müsibətlərə, bu xalqın üzləşdiyi haqsızlıqlara bir ömür şahid olduz.Bu xalqın itirmədiyi nə qaldı ? - İtirmədiyi hələ ki, özü qalıb.Amma bir məsələ var ki, doğurdan da bilirsiz,mənəvi dəyərlərimizdən tutmuş çox kiçik müsbət keyfiyyıtimizə qədər itirə- itirə gedirik.Bəlkə də bu özümüzün inamımızdan, sadəlövlüyümüzdən, arxasızlıqdan, bəzən böyüklərmizin lovğalığından irəli gəlir.

- "Dəyirmanım sən zamanı görürsənmi, Sən zamanın işlətdiyi dəyirmanı görürsənmi...? " O hansı zaman idi ? - Elə özünün yaşadığı zaman.Dəyirman fırlanır da.Fırlanmalıdır mütləq.Çünki fırlananda yaxşını da, pisi də əzir.Deyək ki, o vaxt qarğıdalı çəkəndə çox dəyirmançılar istəmirdi qarğıdalı çəksinlər.Çünki o dəyirmanı xarab edirdi.Misal üçün: Biz elə bilirik dünya mələkdi.Amma,

Ələk fırlanırsa qurtardı getdi, Fırlanan ələkdə kəpəkdi dünya.

Heyf ki dəyirmanlar çıxdı əldən.Çünki dəyirmanda insaflı bir növbə vardı.

- Musa müəllim,həyat yorucu gəlmir ki ? Çox yaşamadız ki ? - Vallah indi o qismətdimi, taledimi...Nə bilim.Mənə ömür verəndən soruş.

- Bu illər ərzində itirdikləriniz çox oldu ? - İtirdiklərim ömürdü.Həyatda sifət saxlamaq, öz xarakterini saxlamaq çox çətindi.Çünki hərə bir tərəfdən müəyyən təsirlər edir.Bunlara baxmayaraq gərək insan xarakterini saxlasın.Xüsusiylə ziyalı, xüsusiylə şair.Yoxsa ki, bu gün başqa söz desin sabah başqa söz.Bu qəbuledilməzdi, götürülməzdi, nadanlıqdı.Öz də bilirsən, zaman-zaman yaradıcı adamlar müxalif olub, müxalifətdə olub.Döyüşmək üçün, vuruşmaq üçün, hakimiyyətə gəlmək üçün yox,ümumiyyətlə nələrinsə digər tərəfdən daha ədalətli, yaxşı olmasını bildirmək üçün.Amma bunu iqtidarlar qəbul etməyiblər.Ona görə da həmişə yaradıcı insanlarla hakimiyyət arasında münaqişə olub.Necə ki, indi də var, sabah da olacaq.

Qulamsa üsyanım qaynar içimdə, Şahamsa üsyanla müxalifətəm.

- Bəs həqiqət hansı tərəfdədir ? -Həqiqətimi...Həqiqəti görmək çox çətindi.Həqiqət tamlığı müxalifdə də olmasa ancaq görürsən ki o el tərəfi üçün danışır, şah tərəfi üçün yox.

- İtirdiklərinizdən söz açdız.Əgər sizə bir şans verilsəydi nələri geri qaytarardız ? - Heç birini qaytara bilmərəm.Bacarmaram.Nəyi qaytaracam ki...Lap şans verilsə də.Lap götürək yaşadığım hansısa bir günü.Necə qaytarım.Onun içində yaxşılıqlarım gedib, pisliklərim gedib...Mümkünsüzdü.

- Musa Yaqub üçün bu dünyanın qara daşı hardadı ? - İlk öncə onu deyim ki, qara daş haqında olan şeirim elə belə yaranmayıb.Ondan əvvəl yaranıb "İlahi, mən bu daşı götürüm, götürməyim ?”sonra olub "Əhəng daşı”.Bir çoxları deyir ki; "Bu dünyanın qara daşı göyərməz” şeirindən qüdrətli şeirlərin var.Amma bu şeirin bəxti gətirib.Bu fikir həm düzdü həm də yox. Həm sualınıza cavab olaraq həm də bu fikirə cavab olaraq deyim ki,hərənin ürəyində bir qara daşı var.Dərd daşı var, göyərməyən sevgi daşı var.Deyək ki, olanların arzusunda olanlar var ki, olmayacaq.Qayıtmaq istədiyi günlər var ki, qayıda bilməyəcək.

- Musa müəllim, yaradıcılığınız haqqında nə deyə bilərsiz ? - Nə bilim vallah..”Mən şairəm”, "Mən yaxşı yazıram” kimi ifadələr mənim dilimə gəlməz.Bunu demək mənim üçün ağırdı.İndi adam var ki, iki mahnı oxuyur başlayır ki, mən sənətkaram.Deyir də, neyləyək.Dilini kəsməyəcik ki...(gülür) Ancaq 20-30 il bundan öncəki şeirlərimi oxuyuram görürəm ki, pis deyil, oxumaq olar.Bu mənada hardasa güvəncim var.

- Musa müəllim, ədəbiyyatda, mədəniyyətdə, siyasətdə və ümumən həyatda nədən narazısız ? - Mənim "Mən heç bu dünyadan razı qalmaram” şeirim var.

Dərya incisini gizlədir hələ, Amma çör-çöpünü çıxarır üzə, Alıb mərdini də, namərdini də Bir süfrə başında yedizdirirsə Mən heç bu dünyadan razı qalmaram.

Bilirsən, dünyanın düz tərizisi var. Tərəzinin özü düzdü amma əyənləri çoxdu.

Baxardı zamana,vaxda gözləri, El kasad olanda tərəzimizin İnciyib ağlardı taxta gözləri. Göz ki, boşalırdı, göz ki, dolurdu, İrili,xırdalı yumurtalarla, Toyuq günahını çəkmək olurdu.

Yəni toyuq günahını çəkmək üçün taxta tərəzimiz vardı.İndi nəin ki, toyuq günahını heç toyuğun özün də düz çəkmirlər.(gülür)

- İndi kimin əlindədi o tərəzi ? - Ağırı,yüngülü yerbəyer eylər, Bu dünya özü bir daş tərəzidi. Aqillər yanında haqq yanında, Hörmət tərəzisi baş tərəzidi

Elə tərəzi var nə yüngül, ağır, Çəkiyə baxmır ki, çəkənə baxır. Hər ələ etibar etməzlər axı, Namərdin əlində çaş tərəzidi.

O namərdin, tamahkarın, nəfskarın əlindədir.Belə olanda da tərəzi tərəzi deyil.

- Musa müəllim, deyirsiz "Bir günah sənindi, bir günah mənim”.Sizin olan o bir günah nədir ? - Günahım odur ki, sözüm bitmir.

- Musa müəllim bəllidir ki, siz 60-cılar nəslindənsiz.Yəni siz bir ömürdə iki əsirin ədəbiyyatını birləşdirirsiz.O illərdən bu gün ki dönəmə qədər ədəbiyyatımızın uğuru və uğursuzluqları nələr olub? - Əslində mən bir şey deyim.Biz hər cür farmasiya vaxtı yaşamışıq.Həm sovet dönəmində həm müstəqillik dönəmində.Müstəqilliyin çətin illərini yaşamışıq.İndi müəyyən mənada yeriyirik.Hələ hara bilmək olmur.Yəni bu mənada mən özümdən danışım.O yaradıcılığa elə bir təsir etməyib.Mənim sandıq şeirlərim çox azdı.Çap olunmayanlar olub.Amma mən istəmədiyim nəyisə yazmamışam.Deyillər ki, onda ədəbiyyat təsir altında idi.Vallah mənim yaxşı şeirlərim elə sovet dövründə yazılıb.Yəni istəmədiyini yazma.İndikilər yazmırmı güya.İndikilər daha yaltaq, axmaq şeylər yazır.Lap gözə girirlər.Əgər sözlə, yaradıcılıqla yaltaqlanıb qazac əldə edilirsə bu başqa...Hər dövrün öz yaltaqları, yaltaq yerləri var.Mənə elə gəlirdi ki, ədalətsizliklərə dözmək olar.Ancaq sonralar gördüm ki, yox əyilmək olmur.Bax, Milli Məclisdə bu təsuratla üzləşdim.Doğurdan da gördüm ki, elə onlar nə deyirsə sən onu deyə bilmirsən.Əgər vicdanın varsa ürəyindəki həqiqəti deməlisən.Bu mənada çox çətindi yaşamaq,çox...

- "Bəlkədə borcundan çıxmadım,Vətən, Ömür bahar deyil, birdə qayıtsın.” Musa Yaqub borcundan çıxa bildimi Vətən qarşısında ? - Xeyir.Heç vaxt.Heç vaxt borcdan çıxmaq olmaz.Fəxrəddin Teyyub adlı bir şair var deyir ki;

Qoyun tabutumu özüm aparım, Çiyində getmək də borcdu deyirəm.

- Bu yaşa qədər elə bir şeiriniz varmı ki, indi oxuyanda mənəvi əzab çəkib deyəsiz ki,- kaş mən bu şeiri yazmazdım ? -Yox, yoxdu.Heç vaxt olmayıb !

- Musa müəllim, niyə sizə çatanda "...və başqaları” ? - Bilirsən, hər zaman insan münasibətlərində, cəmiyyətdə ikiüzlülük standartlar olub.Misal üçün: Xoşu gəlir başqasından mənim adımın yerinə başqasını deyir.Var da var insanlarda...Bilirsən ki, ədəbiyyatda sənin yerin hardadı.Bir də görürsən ürəyində var amma dilinə gətirmir.Bu çox çətin söhbətdi.Onu "...və başqaları" deyəndən soruş.

- Kimlərlə dostluq etmisiz və ya edirsiz ? - Bu sualı dəfələrlə veriblər. Bilirsən, mənim hamı dostumdu.Çünki mən kənddə yaşadığım üçün hamı bizim obaya gəlib.Çörək kəsmişik.Mən heç kəsin pisliyini deyə bilmərəm.Düzdü belə bir misram var.

Elə dostlarım var xoş xatirədi, Qalan dostlarım var mənə qalmayıb.

Qalan var ki, mənim deyil.Amma inan ki, ümumiyyətlə mənim heç kimə nifrətim yoxdu. Ədəbi baxımdan desəm həmişə yaxşı yazılara sevinmişəm.Hətta gənclər də var, orta nəsl nümayəndələri də.Məsələn: Bu yaxınlarda bir nəfər gənc şeirlərin gətirmişdi.Oxudum çox xoşuma gəldi.Adı Ruslan Dost Əli idi.Sonra rəy də yazıb verdim "525 ci qəzet”də çap olundu.Çox əla şeirlər idi.Ənənə üstündə yeni naxışlar idi.Sonra Vasif Zöhraboğlu, Kəmaləddin Qədim (onun hamısı yox, bir iki şeiri xoşuma gəldi). Belə bacardığım qədər hər kəsi izləyirəm.Amma vallah hamısını bir-bir yadda saxlamaq çətindi. Yeri gəlmişkən bir nüansı da deyim ki, məni bir də görürsən gəlib aparırlar kitab təqdimatlarına.Elə şərait yaranır ki, tənqid də edə bilmirəm.Adam öz fikirindən dönür.Mən durum necə deyim ki, bu kitab nədi, və ya axmaq şeirlərdi..Demək olmur.Necə deyim axı.Bu mənada bir də görürsən bu kimi məsələlərə görə qınayırlar.Amma qınayanlar da haqlıdı.

- Sizi sizə qalmayan dostlarınızdan ayıran nələr idi ? - Vallah, mən ayrılmamışam, onlar ayrılıb.İdeya cəhətdən bu ayrıntılar yaranıb.Mən müxalif düşüncədə olmuşam.Bir dönəm böyük Ziyalı Hərakatı var idi.Mən onun aparıcılarından biri idim.Hətta ona bir marş da yazmışdım.

Qaçarı atlarımız, Yollara saxlamışıq. Uçarı durnamızı göllərə saxlamışıq.

Könlümün mahnısı döz, Dözsə də gecə-gündüz. Qəfəsdə bülbülümüz, Güllərə saxlamışıq.

Adamlar yıxhayıxda, Canımız çıxaçıxda. Ruhumuz alabaxtda, Çöllərə saxlamışıq.

Allahdan paydı gələn, Bu payı kimdi bölən. Bölgünü haqqı bilən əllərə saxlamışıq.

Yapanlar yapdı düşdü, Zəlilər qopdu düşdü. Yumağa qanlı teşdi, Sellərə saxlamışıq.

Məsələn: Rayona gedəndə görürəm vəzifə sahibidi.O saat gözümdən qaçır.Sonra görəndə deyir ki;-Sən Allah bağışla məni.Mənə də deyəllər müxalifətçisən.

- İndi də sizi görüb qaçanlar var ?

- Az-maz bir iki nəfər var.

- O məqamda o qaçanlara deyəcəyiniz hansı söz könlünüzdən keçir ? -Yox, mən qınamıram ki.Mən də qaçıram onlardan.Qaçıram ki,məndən onlara xətər dəyməsin.

-Musa müəllim, xalqın önündə getmək çox çətindi ? - Əlbəttə.Çox çətindi.

- İnsandan nə tələb edir ? - Birinci növbədə inam tələb edir.Xalq sənə, sən də xalqa inanasan gərək.Yoxsa bicliklə,saxtakarlıqla olmaz.

- Musa müəllim, 50 illiyinizə, 60 illiyinizə, 70 illiyinizə şeirlər yazmısız.Bəs 80 illiyinizə necə.Yazmısızmı ? -Bəli, yazmışam.

Nə əvvələm, nə indiyəm, Səksənimin içindəyəm. Axırıncı keçiddəyəm, Bu keçidi keçim gedim. O bulaqdan çox içmişəm, Bu bulaqdan içim gedim. Bir sot biçin yerim qalıb, O sotu da biçim gedim.

Yarpaq-yarpaq tökülmüşəm, Sarmaşığa bükülmüşəm. Kərpic-kərpic sökülmüşəm, Pəncərədən baxım gedim. O qapıdan girmiş idim, Bu qapıdan çıxım gedim.

Zamanımız qalmaqaldı, Kimlər getdi, kimlər qaldı. Dünya evi darısqaldı, Eh...mən də ki, durum gedim, Əzabımı savabımı qoltuğuma vurum gedim.

Şirincə bir haray idi, Kəndə getmək hər ay idi. Dünyamız bir dərya idi, Gah çıxarır,gah batırır. Gah aşağı, gah yuxarı, Əyri çayın düz axarı. Dəyirmandı yuxum, gedim Boğazından girmiş idim, Unluğundan çıxım gedim. Ağnağazdan artıq qalan Urvamı da yığım gedim.

Gedən gəlsin, gedən qalsın, Nişan qalsın, bədən qalsın. Qoy məzarım Vətən qalsın, Torpağımı qucum gedim. Bir də dönüm, bir də baxım, Bülbül olub uçum gedim.

- Niyə axırıncı keçid ? - Daha axırıncıdı da.Amma uzun keçiddi (gülür)

- Musa müəllim, həyatda elə bir iş tutmusuzmu ki, bu gün də ona görə utanırsız? - Tutmuşam.Elə o bircə tutduğum işə görə də həmişə xəcalət şəkirəm. O dövr bir Şahalı kişi vardı.Onunla şərik olub bazara armud satmağa getmişdik.Elə oldu ki, o dedi ki;- bala, gedim çörək yeyim gəlim.Bu getdi.Alver də yaxşı idi.Bu gedəndən sonra ümumi pulun üstündən mən beş manat ayırıb götürdüm.Başqasına bir borcum vardı, istəyirdim onu verəm.Gəldi baxdı.Bir az şübhələnsə də heç nə demədi.İndiyə qədər də məni yandırır ki, o beş manatı gərək götürməzdim.Bax, peşmançılığım bu olub.

- Musa müəllim, uşaqlıq illəriniz necə keçib ? - Çox ağır keçib.Çörək tapa bilmirdik.Dəhşət idi...Ancaq ümidimiz çox böyük idi.Elə bizi yaşadan da ümid idi.O dövr bir bərabərlik də vardı.Bir ailə ac idisə demək hamı ac idi.Tox idisə demək hamı tox idi.İndi amma biri tərə yeyirsə, o biri ondan yüz kərə çox yeyir.

- Musa müəllim, 80 illik yubleylə bağlı nə düşünürsüz ? - Mən heç nə düşünmürəm.Vallah istəmirəm də... Ancaq bu yeni ildə yüzlərlə adam zəng edib deyir ki; - bu il yubleyindi də gələcik.Özüm də bilmirəm ki, hara gələcəklər.

- Fəxri adla bağlı nə deyə bilərsiz ? - Vallah maraqlanmıram da.Mən həmişə deyirəm.Fəxri ad bir paydı.Payı istəməzlər, payı verərlər.Mən istəmirəm.

-Bəs versələr necə ? - Bir misal çəkim.O vaxtlar həmişə dəb idi.Evdə çörəyi yeyib qurtarmısan.Bir də görürsən qapı döyülürdü qonşu bişirdiyi xörəkdən bir boşqab gətirib.Özlüyündə deyirsən ki, vaxtında gətirəydin də.Bax, onda qaytara bilmirsən.Qaytarmaq ədəbsizlikdi.Gətirib də... İndi əgər verilsə elə bir şey olacaq.

- Ümumiyyətlə şairə heykəlmi, digərlərindən fərqli məzarlıqmı və ya müxtəllif titullar lazımdımı ? - İndi Fəxri xiyaban var.Amma mən ölünün fəxr eləməyin görməmişəm.Mənə fəxri xiyaban da lazım deyil.

- Musa müəllim, demisiz ki, " Mən səninlə yolçuluqdan doymaram." O doydu ? - Xeyir, doymadı.Biri var ki, tale tərəfindən biri də var ki, özü tərəfindən.Tale tərəfindən oldu.Neyləsin.Nəysə...

- Musa Yaqubun vəsiyyəti nədir ? - Mənim vəsiyyətim odur ki, məni ancaq Buynuz kəndində, atam, anamın yanında dəfn etsinlər.Bir də üstümə iki dənə dəyirman daşı qoysunlar.

- Ayırdığınız zamana, vaxta, qonaqpərvərliyə görə var olun,Musa müəllim ! - Çox sağ olun.

SÖHBƏTLƏŞDİ: Yusif MƏHƏMMƏDOĞLU, Emil RASİMOĞLU



Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws