Kərimova Sevda - Ruhum tək yanımda sən olmayanda

2017-01-17 22:27:46 / 13334 dəfə oxunub

Kərimova Sevda Abbas Qızı 16-04-1982-ci ildə Ağstafa rayonunda anadan olub ailəlidir iki övladı var. Sevda Sevgi imzası ilə müntəzəm olaraq mətbuat orqanlarında öz şeirləri ilə çıxış edir.


ÜRƏYİMDƏSƏN

Təqvimdən siləcəm sənsiz günləri, Sən mənim hər zaman ürəyimdəsən. Əksini siləmməz gözümdən kimsə, Ağlamam çün mənim gözlərimdəsən.

Ürəyim çırpınır qəfəsdə quştək, Ruhum tək yanımda sən olmayanda. Ayrılıq yazmasın bu eşqə fələk, Ürəyim əzabdan susar o anda.

Qurban olum o müqəddəs mələyə, Səni mənə, məni sənə bəxş edib. Məlhəm edib bu sevgini ürəyə, Sənin adını qəlbimə nəqş edib.

Sevda sənin, səndə mənim gərəyim, Aləm bizim, həyat bizim, eşq bizim, Aylar, illər ötürsədə ürəyim, Zaman bizim, saat bizim, eşq bizim.


SƏN OLA OLA Çıxmışdıq eşq adlı yola bir zaman, Bir gün, qovuşarıq, edirdik güman. Bir vaxtlar bu qəlbi sanırdın koman, İndisə o anlar dönüb xəyala, Sənsiz yaşayıram sən ola-ola.

Qəmli musiqi də məni ovutmur, Gözümün yaşını silib qurutmur. Canım da çıxmayır, torpaq da udmur, Qurtara əzabım, qəmim azala, Sənsiz yaşayıram sən ola-ola.

Əlinin istisi əlimdə qalıb, Kədər dincliyimi əlimdən alıb. Sənli günlərimi yadıma saııb, Düşürəm gecələr mən haldan hala, Sənsiz yaşayıram sən ola-ola.

Sən mənim qəlbimdə solmayan gülüm, Sənsizkən həyatda hər anım zülüm. Qəlbim sənsiz qan ağlayır sevgilim, Ürəyim çırpınır hey sağa sola, Sənsiz yaşayıram sən ola-ola.

Hər görüş bir yuxu oyandıq bitdi, Gəzilən izimiz, dayandıq itdi. Sevənlər çoxusu murada yetdi, Biz isə yetmədik kama, vüsala, Sənsiz yaşayıram sən ola-ola.


SƏNSİZƏM İNDİ Yenə zülmət gecə, yenə tənhalıq, Yenə həsrətindən ürəyim dindi. Necə gözəl idi o sənli anlar, Bu sənli dünyada sənsizəm indi.

Əllərin əlimdə, gözün gözümdə, Rahatlıq tapırdım o an özümdə. Sən yoxsan cəmlənib kədər üzümdə, Bu sənli dünyada sənsizəm indi.

Mən söhbət edərdim, sənsə susardın, Maraqla sən mənə qulaq asardın. Getməklə sən məni həsrətə sardın, Bu sənli dünyada sənsizəm indi.

Ay mənim sevgidə dadlı nübarım, Həsrətdən qalmayıb səbri-qərarım. Biz ayrı qalmazdıq duyğulu yarım, Bu sənli dünyada sənsizəm indi.

Sən uzaq düşəndən Sevda gülündən, Küsüb əllərim də, daha əlindən. Bir zaman düşməzdim bir an dilindən, Bu sənli dünyada sənsizəm indi.


SƏNSİZ AXŞAM

Yenə hardan gəldi sənsiz bu axşam, Qəlbim sənsiz nalə çəkir alışır. Sən yoxsan, rəsmin var masamın üstə, Baxışlarım baxışınla danışır....

Xəyalını istəmirəm özün gəl, Mənə sevgi dolu səsin gərəkdi. Sənsiz yaşamağa həvəs qalmayıb, Yaşamağa xoş nəfəsin gərəkdi.

Leyli yalan, Şirin yalan, mən doğru, Bizim sevgi nağıl deyil əzizim. Məcnun yalan, Fərhad yalan, sən doğru, Gerçək sevgi dastanı təkcə bizim.

Min Leyli tay olmaz təmiz sevgimə, Sevdayam əhdimə sədaqətim var. Sevgimlə hər zaman bəxtiyaram mən, Mənim sən adında məhəbbətim var.


YALVARIRAM ALLAHA

Gecə gündüz əl açıb, zikr edirəm Allaha, O adını dilimdən, bir an uzaq salmasın. Gözlərimi gözündən, əllərimi əlindən, Sığalını telimdən, bir an uzaq salmasın. Yalvarıram Allaha, səni məndən almasın.

Puç olmasın ürəkdə, çiçəklənən diləklər, Bizidə yada salsın, xeyir yazan mələklər. Kənar olsun aradan, əsən dəli küləklər, Aramızda ayrılıq, həsrət odu olmasın. Yalvarıram Allaha, səni məndən almasın.

İstəyirəm səninlə bir ötsün, hər anımız, Hər iki dünya içrə, bir olsun məkanımız. Kaş səsimi eşitsin, uca Yaradanımız, Sənlə bağlı arzular, ürəyimdə qalmasın. Yalvarıram Allaha, səni məndən almasın.

Acımasız bu həyat, çox ağlatdı gözümü, Həyatda itdiyim an, səndə tapdım özümü. İstəmirəm bir daha, kədər alsın üzümü, Bundan belə gözlərim, qəm yaşıyla dolmasın. Yalvarıram Allaha, səni məndən almasın.

Sən özün bu Sevdaya, rəhm elə uca Allah, Sən ey hər şeyə qadir, sənə gətirdim pənah. Onsuzda çox çəkmişəm, bu sevgidə nalə-ah, Bir daha təkrarlanıb, qəm saçımı yolmasın. Yalvarıram Allaha, səni məndən almasın.


SƏNƏ HƏSRƏT QALMIŞAM

Yoxluqunla sanma ki, çox asan barışıram, O gözəl baxışınçün, yanıram alışıram. Dəli tək öz-özümlə, hey səndən danışıram, Gecə gündüz adını, anmaqdan yorulmuşam. Sənə həsrət qalmışam.

Səni sevir bu ürək, bir biləsən ki necə, Ürəyimi göynədir, duyğularım səssizcə. Gizlicə göz yaşımı axıdaraq hər gecə, Səndən qalan rəsmini oxşayıb sarılmışam. Sənə həsrət qalmışam.

Bu necə bir sevgidi, bu necə bir məhəbbət. Vüsalıda əziyyət, həsrətidə əziyyət. Sənsizlikdə anladım, sənsiz yaşamaq zillət, Yoxluqundan dolayı, solmuşam, saralmışam. Sənə həsrət qalmışam.


SƏNİ UNUTMAQI GÖZLƏMƏ MƏNDƏN

Sənsiz ürəyimi qanadacaqam, Səni unutmaqı gözləmə məndən. Düşünmə mən səni unudacaqam, Səni unutmaqı gözləmə məndən.

Sən mənim saçıma düşən ağ qarsan, Nə qədər ömrüm var, qəlbimdə varsan. Düşünmə zamanla unudularsan, Səni unutmaqı gözləmə məndən.

Sənin xəyalınla uyuyub gecə, Səninlə açıram sübhi beləcə. De, səni mən necə unudum, necə? Səni unutmaqı gözləmə məndən.

Ulduza baxıram sən görünürsən, Bəzən parlayırsan, bəzən sönürsən. Andıqca gözümdə yaşa dönürsən, Səni unutmaqı gözləmə məndən.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!