Roman Pakora: "Sonradan məlum oldu ki, o, alçağın və əclafın biri imiş"

2017-01-20 14:42:19 / 3868 dəfə oxunub

"Simurq"un sabiq baş məşqçisi Roman Pokora Azərbaycan karyerası ilə bağlı danışıb.

Sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, 2006-10-cu illərdə Zaqatala təmsilçisini çalışdıran ukraynalı mütəxəssis yerli mətbuata verdiyi müsahibədə ölkəmizə gəlişi və Zaqataladakı həyatı haqqında bəzi məqamlara da toxunub.

Geniş müsahibəni ixtisarla təqdim edirik.

- Düzünü demək lazımdırsa, mən "Aleksandriya"dan, demək olar ki, qaçdım. Azərbaycanda məni çoxdan çağırırdılar. Ancaq Lavrenko ilə anlaşma əldə etmək mümkün olmurdu. Nəhayət Kiyevdən bilet aldım və Bakıya yola düşdüm. Hətta komandanın birinci liqaya çıxması münasibətilə mükafatlandırılma mərasimində də iştirak etmədim. Səhər 11-də uçdum, saat 2-də "Simurq"un direktoru ilə görüşdük, axşam 6-da isə artıq klubla əməkdaşlıq haqqında müqaviləyə imza atdım. "Aleksandriya" ilə müqaviləmin davam etməsi kiçik maneə idi ki, bunun üçün Lavrenko ilə əlaqə saxladım. "Bəs sənin müqavilən necə olsun?" - deyə soruşdu. Mən isə "Nikolayeviç, burada heç bir cinayət yoxdur, komandanı əvvəlcə əsas, daha sonra isə birinci liqaya çıxardım, bunun üçün isə heç bir xüsusi tələbim olmadı", - cavab verdim.

Halbuki, yaxşı yadımdadır, "Poliqraftexnika"nı əsas liqaya yüksəldəndən sonra klubun direktoru Lavrenkoya demişdi ki, qiyməti təxminən 5 min dollar olan bir "BMV" var, gəlin onu Pokoraya hədiyyə edək, o isə razılaşmamışdı.

"Heç olmasa, hazırda yaşadığı birotaqlı evi ona verək" - Xeyr!

Nikolay Nikolayeviç yaxşı adamdı, ancaq bəzən daha ədalətli olmaq da mümkündür.

Bütün arqumentləri bitəndən sonra isə o mənə: "Səni 3 ay sonra Azərbaycandan qovacaqlar", - dedi. Aradan iki il keçəndən sonra 60 illik yubileyimi təbrik etmək üçün Azərbaycan nömrəmə zəng edən Lavrenko: "Mixalıç, siz yaxşı ki, o vaxt düzgün qərar qəbul etdiniz və getdiniz", - demişdi.

Lavrenkodan çox danışdıq, deyəsən. Gəlin məşqçilik bioqrafiyanızın Azərbaycan səhifəsi haqqında söhbət edək...

- Bəri başdan deyim ki, orada uzunmüddətli qalmaq çox çətindir. Qriqorçuk üçün şadam. "Qəbələ"də yerini möhkəmlətməyi bacarıb. Düzdür, bir ara yerli mətbuatla arasında çox ciddi şəkildə anlaşılmazlıq yaranmışdı, buna görə narahat idim. Öz təcrübəmə əsasən deyim ki, belə hallara ümumiyyətlə getməmək lazımdır.

Orada keçirdiyim dörd il yarım ərzində, demək olar ki, onlardan biri olmuşdum. Özümə çoxlu dostlar qazanmışdım. Zaqatala balaca, 25 min əhalisi olan şəhərdir. Ölkənin şimalında yerləşir və 20-yə yaxın millətin nümayəndəsi yaşayır. Ukraynalılar da var. Bizim diasporumuz da fəaliyyət göstərir. Şəhərdə Taras Şevçenkonun abidəsi də var.

Aydındır ki, 2005-ci ildə yaradılmış "Simurq"un çıxışı ölkədə ciddi ajiotaj yaratmışdı. Klub rəhbəri Zaur Məmmədov 4 min nəfərlik, süni örtüklü xudmani stadion da inşa etdirmişdi. Bizim matçlarımızda tribunalar adətən dolu olurdu. 2009-cu ildə biz bürünc medalları qazanıb Avrokuboklara yollananda bu, şəhərdə əsl bayram kimi qarşılanmışdı.

Yeri gəlmişkən, Zaur Məmmədov Dağlıq Qarabağda gedən müharibədə böyük faciə ilə üzləşmişdi. Bir gün o, evdə olmayanda mənzilə atılmış qumbara nəticəsində 20 yaşlı hamilə həyat yoldaşı vəfat edib. Çox şübhəli ölüm idi. Məmmədov 6 ay müddətinə istintaq altında oldu. Daha sonra isə o, ikinci dəfə Azərbaycanın tanınmış müğənnisi Zülfiyyə Xanbabayeva ilə evləndi.

Bir sözlə, Zaqatalada işləməkdən çox məmnun oldum. Bizim yaxınımızda hovuzu, güləş zalları olan Olimpiya Kompleksi var idi. Ümumiyyətlə, problemimiz yox idi. Azərbaycanlılar isə çox yaxşı insanlardır.

Dinlər arası fərqliliklər mane olmadı sizə?

- İslam - əsasında yaşlı insanlara, valideynlərə və adət-ənənələrə hörmət dayanan, çox mütərəqqi bir dindir. Bəzən bizim üçün normal olan şeyləri orada futbolçular özlərinə rəva görmürlər. Oyun haqqında taktika verirsən, baxırsan ki, hamı səni dinləyir. Orada məşqçi soyunub-geyinmə otağına girəndə bütün futbolçular ayağa qalxırlar. Rəhbərliklə bir yerdə oturmaq onlarda yaxşı qarşılanmır. Özümlə apardığım futbolçular da bu qaydalara alışmışdılar. Azərbaycanda insanlar çox ciddidirlər. Mən mətbuatla mübahisə edəndə Qriqorçuka görə bu səbəbdən narahat olmuşdum.

Hətta başıma bir əhvalat gəlib. Bir dəfə klub rəhbəri ilə şəhərkənarı bir restorana getmişdik. Hərəyə 50 qram içmişdik. Gizlətməyəcəm, Məmmədov içməyi sevirdi, mən isə aradabir ona yoldaşlıq edirdim. Ancaq bir neçə gün sonra qəzetlər yazdılar ki, Pokora hər gün araq içir. Adi həyat epizodundan sensasiya yaratmışdılar. Əgər klub rəhbərinin şəxsi əlaqələri sayəsində biz qəzet rəhbərliyi ilə əlaqə saxlayıb məsələni izah etməsəydik, ciddi bir ittihamla üz-üzə qalacaqdıq.

Zaqataladakı digər ukraynalılar özlərini rahat hiss edə bilirdilərmi?

- Əlbəttə ki. Əvvəlcə mən Mixail Starostyak və Slavik Nikvinskonu dəvət etmişdim. Daha sonra isə seleksiyaçılar Vladimir Mazyarı məsləhət gördülər. Əvvəlcə qəbul etmədim. Çünki Volodya çox çətin xarakterli adam idi və yarım il də heç yerdə oynamamışdı. Növbəti mövsüm isə Taras Çopik, daha sonra iki lvovlu Oleq Timçişin və Nikolay Lapko, ardınca isə "Dnepr"dən Saşa Poklonsko və Nikolay Zbaraxı çağırdım. Çox səliqəli və məsuliyyətli insan olan qapıçı Andrey Nikitin və sonradan əclaf olduğu məlum olan Aleksandr Malıgini də komandaya gətirdim. Sözümün üstündə dururam, adam necə hər oynadığı oyunda meydandan qovula bilər? Sürəti yoxdur, boyu hündürdür, ancaq başla oynaya bilmir, bir sözlə, alçağın biri idi.

2008/2009 mövsümündə "Simurq"un ölkə birinciliyində 3-cü olması ən yüksək zirvə idi?

- İkincilik uğrunda Bakı "İnter"i ilə axıra kimi mübarizə apardıq. Ancaq biz onsuz da hədəflədiyimiz nəticəni əldə etmişdik. Hələ üstəlik Avrokuboklarda da debüt etdik. Avropa Liqasının ilk təsnifat mərhələsində İsrail "Bney-Yehuda"sına məğlub olduq. Bəlkə də mövsümlərarası fasilədə komplektləşdirmə işi aparsaydıq, daha fərqli nəticə ola bilərdi. İlk matçımızı Zaqatalada deyil, Bakıda keçirdik. Bəhanə isə ənənəvi idi - stadionumuz UEFA standartlarına cavab vermirdi. Təbii ki, azarkeşlərimiz Bakıya da gəlmişdilər, təxminən 200-300 nəfər. Təbii ki, əzəmətli Tofiq Bəhramov ilə bizim "qəfəs"in arasında atmosfer baxımından çox fərq var idi. Təl-Əvivə cavab matçına gedəndə özümüzü Odessada kimi hiss edirdik. Demək olar ki, hamı rus dilində danışırdı. 4 gün orada qaldıq, demək olar ki, hər gün danışmağa kimisə tapırdım.

Bəs niyə 2010-cu ilin yayında Zaqataladan ayrıldınız?

- Əsas məsələ, Zaur Məmmədov komandadan getdi. O getdi, mənim də getmək vaxtım çatdı. Şəxsi fikrimcə, Məmmədovdan sonra "Simurq" tamamilə süqut etdi. Bir neçə il sonra isə tamamilə fəaliyyətini dayandırdı.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!