Misralarında Küləyi axsadan,Günəşə qucaq açan Allahşükür Ağadan gözəl şeirlər.

2017-01-28 13:20:09 / 7712 dəfə oxunub

Hardasa bir qız…

Hardasa, uzaq bir kənddə,
O kəndin ucqar dar daxmasında
Bir qız var,
Başını dizinə qoyub ağlar.
Əlində üz qabığı cırılmış
bir kitab…
Külək kitabı vərəqləyir
Şap – şap.
Anası pambıq yığan,
Atası mal otaran.
Gözünə bax,
Büsbütün qan – yaşdı.
O qızı,
ölmüş bir şairin
Sevgi şeirləri
Aldatmışdı.



Ayaq izlərim


Yollarda qoyub getdiyim
Ayaq izlərimə yazığım gəlir,
Qayıdanda qabağıma çıxana qədər 
darıxırlar.
Elə bil saralmış yarpaqlar da ayaq izlərini sevirmiş deyə,
Onları qucaqlayıblar.
Düşünürəm, yarpaqlar ayaq izlərini niyə belə sevsin ki…
O saat barmağımı dişləyirəm.
Ayaq izlərim əslində başımdan tökülür,
Yarpaqlar da ağacdan.



Küçə

Bu küçənin canında nə qədər addım səsləri var, 
Yazıq qıvrılıb ağrıdan.
Addımlar var, gedən,
Addımlar var, qayıdan.
Gözlədiyi addımların
Hesabına yaşayır küçə.
Qayıdanları sevinclə
Evlərə daşıyır küçə.
Bir adam da var,
Onu mən də gözləyirəm,
Küçə kimi,
Gəlmir ki, gəlmir,
Sayıram üçə kimi.
Gələr,
Gəlməz?
Bir gün gələr, xəlvət
Amma heç kəs bilməz.

 

Balıqlar, quşlar, uşaqlar

Tilov atıb balıqların yuxusunu qaçıran oğlan,
Sənin də başından tilov sallanır.
Xəbərin varmı,
Göyə baxsana?
Balıqların üzməyi nizamıdır dünyanın, 
Bu nizamı sədəf boyda tilovla uçurmağı,
Qurdla balıqları aldatmağı bacardınsa,
Sonra küçədə dilənən uşağa bir parça
çörək versən,
quşa dən səpsən,
zülüm – zülüm ağlayaram mən.
Üç şey məni həmişə ağladar,
Göydə quşlar, 
Çayda balıqlar,
Yerdə uşaqlar.
Onlar yeməyə aldanırlar.



Bir santimetr haqqında


Ən zəhləm getdiyi ölçü bir santimetrdir,
Mənə gülməyin. 
Qorxduğum da o.
Çəkindiyim də.
Eynimə deyil yüz santimetrlər
Və ya kilometrlər.
Amma bir santimetr,
Hər dəfə əsəblərimi titrədir.
O vaxt ki, dünya çempionu bir santimetr ucundan məqlub olur,
Dar ağacından asılan adam ayağı altda bir santımetr çatmadığından 
Boğulur.

 

Külək axsayır


Yarpaqlara çil çilənir,
Gübrədən, güllədən, tüstüdən.
Bəs çiçəklər harda açsın,
Bəs arılar harda sevsin,
Bəs küləklər harda əssin,
Gübrələrin,
Güllələrin,
Tüstülərin əlindən.
Üzüm yarpaqlarına düşən çilə çor deyir atam.
"Çor” sözü düşməyir adamların dilindən.
Üzüm ağacı ölür yarpaqlarından
Bəs quşlar harasından vurulur,
Bəlkə, yumurtasından?
Külək dalanlarda axsayır, ölür,
İnsanların ona duman əvəzinə 
tüstü yükləməyindən.

 

Quş və göy

Göy üzündə süzür bir quş,
Gözümdə dən dənləyir.
O da səni axtarırmış,
Gözümdə "sən” dənləyir.

Gözlərim onda olmasa,
O quş göydən yıxılar.
Mənim gözlərim üçün,
O quş yaman darıxar.

O quşu mən saxlamışam,
Göy üzündə necə süzür?
Gözümü çəksəm ondan,
Sınar bir parça göy üzü.

 

 

 

 

 

 

 

Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!