Mətanət Ulu Şirvanlı - Bilməzdim ruhumun köç anı başlar

2017-01-28 20:54:50 / 9219 dəfə oxunub
Mətanət Ulu Şirvanlı Yazıçı, şairə, publisist. Şamaxı şəhərində doğulub. Azərbaycan Yazıçılzr Birliyinin və Turkiye İlim ve Edebiyyat Eseri Sahibleri Meslek Birliyinin üzvü,, "Qızıl Qələm” Media Mükafatı laureatıdır. Ulu Şirvan qəzetinin təsisçisi və baş redaktorudur. Təhsil Nazirliyi Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin şöbə müdiridir. 10 şeir və nəsr kitablarının müəllifidir. Tələbə-gənclərin mənəvi dünyasının genişləndirilməsini və vətənpərvərlik ruhunun yeksəldilməsini nəzərə alaraq tez-tez ədəbi görüşləri keçirdiyi üçün bir sıra "Fəxri Fərman”larla təltif edilmişdir. Şeirləri mütamadi olaraq dövrü mətbuatda çap olunur. Televeziya və radio verlişlerində tez-tez çıxış edərək Şirvan bölgəsini təmsil edir. Eyni zamanda "Şirvan Dədə sözləri”nin tədqiqatçısıdır. Milyonların sevimlisi-professor Oqtay Rəcəbov, görkəmli bəstəkar Tahir Əkbər, istedadlı bəstəkar Hikmət Aslanov, gənc bəstəkar Arif Səlimov şairənin sözlərinə mahnılar bəstələmişdir.


 Şəhidlərin əziz ruhuna


Məzarlar üstündə güllərə dəymə, Şəhid yarasıdır, incidər onu. Doğmalar çəkilib gedəndən sonra, Çiçəklər danışıb, dindirər onu. Üstündəki qəm gülüdür, Ah, məni sənin dərdin çürüdür, Ölsəm, məni basdırmayın, Qoy desinlər diridir! Bilməzdim ruhumun köç anı başlar, Tökülsün başıma qayalar, daşlar. Ölsəm günahımı Anam bağışlar, Allah bağışlar, bircə bağışlamaz şəhid qucaqlayan quruca daşlar. Şəhid Xiyabanı qırmızı geyib, Geyib qərənfildən xınalı donu. Vətən, torpağını ala bilmirəm, Bəs necə olacaq bu işin sonu? Şakkamı assınlar dar ağacından. Niyə rəhm etsinlər quruca cana? Tökün gözlərimi qoyun ovcuma, Mən baxa bilmirəm Azərbaycana. Soyuq məzarlardan boylanır, düşür, Donuq baxışlardan neçə suallar. Allahım, şəhidin ruhu üşüyür, Əyibdir başını vüqarlı dağlar. Ey vətən, başını qaldır yuxarı, Yenidən doğular, cavanşirlərin. Dikələr əyilən uca dağların, Məzarı dinc olar bu, şəhidlərin. Məzarlar üstündə güllərə dəymə, Şəhid yarasıdır, incidər onu. Doğmalar çəkilib gedəndən sonra, Çiçəklər danışıb dindirər onu.
Sevgi
Türkün birlik yolu Mənim türk, türkmən qardaşım, birləşək, birlik olsun! Söyləyirik nə zamandı Yolumuz dirilik yolu! Andımız Vətən andı, Türkün yolu birlik yolu! Türan eli, türk qardaşım, Mənə əziz vətənimdə vətən daşım! Haray salın, səsləyin siz, Türk dilli, türk soylu, Türk oğlu, türk vətəndaşı. Həmrəylikdi türkün yolu, Birlikdədir gücü-zoru! Gözlərində şölə saçan hər arzusu zəfər dolu! Ey türk oğlu, Zəfər sənin qarşındadır, təki birləş! Birləşdikcə sən bütövləş! Mehmet Akif, Hüseyn Cavid, Ahməd Cavad amalında, Azadlığın yollarında Tökülsə də əgər qanım, Vətən, sənə halal olsun mənim canım. Doğudan Batıya tək, Həmrəliyliyin dadın bilək! Turan elim- vuran əlim, Budur, mənim əllərimdə Azərbaycan bayrağı var. Son arzumdu -son günümdə söyləyəcəm; Türk qardaşım, bu bayrağı qəbrim üstə sancacaqsan! Son nəfəsdə deyəcəyəm; Türk dünyası, Azər, özbək, türkmən, qazax, qırqız, kərkürk, uyğur... Türk soyudur sənin soyun, budur sənin nicat yolun. Birləş, birləş bütövləş sən! Bunu səndən tələb edir, Ana yurdum, ulu vətən!
Azərbaycan əsgəri!
Qurban olum oğul, sənə, Bax bu günə, dön dünənə. Çətin anda, dar günündə Arxalanır vətən sənə. Sən torpağı qoruyanda Sinən sərhəddi vətənə. Azərbaycan əsgəri! Ədalətin, əzminlə sən, Zülmətə qalib gəlirsən. Vətən oğlu haraylasa Sorağına hay verirsən, Yaza dönər hər növrağı, Əllərində var yarağı, Səngərdən gəlir sorağı, Azərbaycan əsgəri! Murov, Ərgünəş dağına, Əyilməyən bayrağına, Keşik çəkir torpağına, Azərbaycan əsgəri! Dönməz vicdandan, anddan, Keçər alovdan, oddan, Qoruyar torpağı yaddan, Azərbaycan əsgəri! Şəhid ruhu uça-uça, Bayrağı tut başdan uca. Candan çəkir çəpər yurda, Düzülüb sərhəd boyunca. Qəlbdə zirehdən libası, Qorunur vətən qalası, Millətimin balası- Azərbaycan əsgəri!
Nə deyim
Göy muncuğum düzülmədi, dağıldı, Yaşadığım dünyam özü nağıldı. Hey dedilər, bu qız yaman fağırdı, Yaman olub, qarasına nə deyim? Bizim bağça gül-çiçəkli meyvəli, Alma, heyva, narı ondan yeməli. Görən mənə kim eylədi "əməli”, Bu dünyanın duasına nə deyim? Boyu yoxdu, balacadı, dedilər, Bizim oğlan bax, ucadı, dedilər, Yad oğluna mənə nişan verdilər, O oğlanın babasına nə deyim? Bəs nə edim, ay qadasın aldığım, Ötən ili say, qadasın aldığım, Necə dözüm tay, qadasın aldığım, Bu oğlanın mən ədasına nə deyim?
Şirvan elatları
Bu köç hara gedir, bilmirəm belə, Gah atı kişnəyir, gah iti hürür. Yunu, yumağını verməyir yelə, Ocağın üstündə südü çürüyür. Çobanın çomağı özünə qalxan, Asılı qalıbdı bulludan gözü. Eli-elatıyla yaylağa çıxan Qışlqada qaralır ocağı-közü. Doğulub at üstə, ölüb at üstə, Çobanı dağlarda, elatı düzdə. Yaylaqdan qışlağa üz tutan zaman Yolunu azmayır dumanda, sisdə. "Quzuya dönməyir qurdun balası” Bax belə deyilir dədə sözündə. Çomağa sarılır düşsə qovğası, Beləsi tapılmaz Yer kürəsində.
Bir dənədir
Saçların söyüdə bənzər, bax, dedilər, Demədilər gözündəki bu qəm nədi? Mən anamın ahlarından doğulmuşam, Ay biçarə, başın üstə bu çən nədi? Ağ yaylığı nişanə ver istəklinə, Ay pir olmuş, bax, yaylığın ələmdədi. Gizli bilib sığınmısan yar qoynuna, Bütün sirrin əyan olub, aləmdədi. Çəkilib qeybə, gedib eşqi -murazı, Soruş ondan bəs xətrinə dəyən nədi? Oxu qəlbin, aç ürəyin, bir gecədə, Hardan bilim, ürəyində görən, nədi? Yar söylədi, göydən yerə enə mələk, Xeyri yoxdu, dedi, səndən bir dənədi!
Ölümə qənşər
Dünya sehrbazdı, kələk, Oyun çıxardacaq fələk. Gah ağlayaq, gah da gülək, Dur, gedək ölümə qənşər. Sinəmdə dərdin toxumu, Əlimdən alıb yuxumu. Əzrayıl tutub yaxamı Dur, gedək ölümə qənşər. Dağ dalında qüzeyləmə, Gözlərindən qəm ələmə. Əcəldən möhlət istəmə, Dur, gedək ölümə qənşər. Hər şey Allah əlindədir, Hikmət vallah ölümdədi. Tabuta bax, çiyindədi, Dur, gedək ölümə qənşər. Ay Mətanət, sehr-sirsən, Ölüm gəlib, sən gülürsən. Madam belə tələsirsən?! Dur, gedək ölümə qənşər.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!