Vüsalə Asif:HƏSRƏTİN KÖLGƏSİ

2017-02-04 13:11:29 / 8678 dəfə oxunub
Səni sevmək

Bilirsənmi, ləpələrin sahilinə
qaranəfəs qaçmasıymış səni sevmək....
Qızılgülün qaranlıqda açmasıymış səni sevmək...
Yüz illərlə susuz qalan, cadar- cadar olmuş arxın
suyla dolub, daşmasıymış səni sevmək...
Göy üzünün dolub- dolub,
Hönkür- hönkür yağmasıymış səni sevmək...
Kor adamın bu dünyaya
 əlləriylə baxmasıymış səni sevmək...
Sənə həsrət dodaqların
 aynalarla öpüşüymüş səni sevmək...
Ayla günün, sübh çagında
görüşüymüş səni sevmək...
 Son ümidin qığılcım tək pərvanəni
yaxmasıymış səni sevmək...
Həsrətimin vüsal adlı
sancısıymış səni sevmək...
Harda kiçik ağrı olsa,
qaçıb məni tapmasıymış səni sevmək...
Gecələri gözlərimin yuxusunun
gəlib sənin kirpiyində yatmasıymış səni sevmək...
Barmağımın şeir yazıb,
 öz başını qatmasıymış səni sevmək...
 Ehhh, içimdə öz- özümdən qaçmagımmış səni sevmək...
Hər dəfə də itirəndə "məni" səndə tapmağımmış səni sevmək...
Uzaqdan e, lap uzaqdan səni sevmək istəməkmiş
SƏNİ SEVMƏK...
Səni sevmək istəmirəm.

***

KİMSƏ BİLMƏYƏ

 Bir ayrılıq mahnısına, Süzəsən, kimsə bilməyə.
Yola salıb sevdiyini,
Küsəsən, kimsə bilməyə.
Yolları izsiz keçəsən,
Qəm içinnən qəm seçəsən.
Güzgüdən sor, gör necəsən?
necəsən, kimsə bilməyə.
Tellər qıvrıla yanaqda,
Əlin quruya dodaqda.
Sakit, qaranlıq otaqda
Öləsən, kimsə bilməyə...


***
HƏSRƏTİN KÖLGƏSİ

Sən taqətdən düşmüş ayaqlarınla
 heç vaxt keçmədiyin
küçə üçün darıxdınmı?
Yox...
Amma mən darıxdım.
 Heç zaman ritmini eşitmədiyin
bir ürəyin havasına əl qaldırıb oynadınmı?
Yox...
Amma mən oynadım.
Sən, gülüşdən məhrum olan
bir qəlbin üşüdüyünü gördünmü?
Yox...
Amma mən gördüm.
Sən yağmayan yağışda
duyğularının kölgədə islandığının şahidi oldunmu heç?
Yox...
olmadın,
Amma mən oldum.
Sən saralmış xatirələrinə,
arzuladığın o xoş günlərini
gömüb
 qura bilmədiyin xəyallarında can verdinmi?
Yox...
 vermədin.
Amma mən...
Bilsən necə darıxıram heç vaxt olmayacaq olanlar üçün?
Amma sən...
Eeh, həsrətin bir kölgəsisən.

***
ÖLÜMSÜZLÜK

Bir az ölümsüz olasan,
Öldüyün anı biləsən,
Ruhunun içindən keçib,
Alın yazını siləsən.
Qalasan yurdsuz,
 yuvasız Köç edə köçdüyün yer də,
Oxlanasan ürəyindən,
Qanadlar açdığın yerdə.
Ayaqların da yorula,
Qollarına qonaq gələ,
Baxışların oğrun - oğrun,
Qara yollarla ağ gələ.
Çəkəsən yükünü belə
Yoxun üzündən gedəsən,
Ölümün qapına gələ,
Tutub əlindən, güləsən.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!