HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN İQTİSADİYYATI

2017-02-27 11:36:12 / 4949 dəfə oxunub
Heydər Əliyevin dünya siyasətinin ən aparıcı simalarından biri kimi nadir insan olduğunu onun qərəzli opponentləri belə etiraf edirdilər. Ulu öndərin idarəçilik qabiliyyətindən, dövlətçilik dərslərindən, eləcə də Azərbaycan dövləti və xalqı üçün çəkdiyi zəhmətlərdən söhbət açmaq bütöv bir tarixi mərhələyə işıq tutmaq, yüksək praktiki əhəmiyyətə malik dəqiq və konkret elmi-nəzəri fikirlərə əsaslanan bir təlimdən bəhs etmək kimi məsuliyyətli bir işdir. Zəka və müdrikliyi, öz millətinə və vətəninə olan sevgisi ilə bəşər övladını heyrətə gətirən ümummilli lider Heydər Əliyevin zəngin dühası qiymətli fikir və hikmət xəzinəsi idi. Etiraf etməliyik ki, taleyi Heydər Əliyevin taleyi kimi xalqının, millətinin, dövlətinin taleyi ilə bu qədər yaxından bağlı olan ikinci bir dövlət başçısı təsəvvür etmək, doğrudan da çətindir. Başqa sözlə desək, fitri idarəetmə istedadı, iti fəhm və dərin zəka, siyasi uzaqgörənlik və müdriklik, fenomenal yaddaş və dəmir məntiq, böyük vətənpərvərlik və yüksək humanizm, qətiyyət və cəsarət, şəfqət və comərdlik kimi xüsusiyyətləri özündə cəmləşdirən ümummilli lider Heydər Əliyev üçün dövlətçilik və Azərbaycançılıq ideyaları hər şeydən üstün idi. O, xalqına, vətəninə ürəkdən bağlı idi və dəfələrlə də bunu istər çıxışlarında, istərsə də fəaliyyətində sübut etmişdir. Hələ 1990-cı ilin yazında "İstəyirəm ki, xalqımız mütəşəkkil olsun, milli qürur hissi daha da güclənsin, tariximizi sevək, Vətən qarşısında xidməti olan insanların qədrini bilək” söyləyən dahi Heydər Əliyevin ən əsas arzusu xalqın birliyinə, bütün azərbaycanlıların həmrəyliyinə söykənən qüdrətli milli dövlətin yaradılması olmuşdur. Məhz bu arzu ilə də ümummilli lider Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyin əsaslarını, bunun ən vacib şərtlərindən olan qanunvericiliyin, demokratik seçkilərin presedentini yaratdı, Milli Ordu quruculuğuna real impuls verdi. Xalqımızın yenilməz oğlu Heydər Əliyev təkcə yaşadığı günlər, illər barədə yox, daim parlaq, xoşbəxt sabahlar barədə düşünən lider idi. Ona görə də ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda həyat səviyyəsinin yüksəldilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrində rəqabət qabiliyyətli məhsullar istehsal edilməsi, mövcud resurslardan daha səmərəli istifadə olunması və beləliklə də Azərbaycanın iqtisadi baxımdan dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsi üçün lazım olan hər bir tədbiri həyata keçirir, mümkün olanı edirdi. Bu yerdə hörmətli akademik Ramiz Mehdiyevin "Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr” əsərindən aşağıdakı fikirləri yada salmaq yerinə düşərdi: "1969-cu il Azərbaycanın dövrü tarixində yeni dönüş ili oldu. Respublikamızın dinamik inkişafının təmin edilməsinə dair kompleks proqramlar işlənib hazırlandı. Bu yorulmaz fəaliyyət nəticəsində 1970-1985-ci illər ərzində baş vermiş dəyişikliklərin vüsəti, rifahın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi baxımından, sözün tam mənasında, müstəqil Azərbaycanın yaranması salnaməsində ən parlaq səhifədir. Həmin illərdə Heydər Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti respublika iqtisadiyyatının hərtərəfli tərəqqisi və intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul etmişdi. Sosial-iqtisadi inkişafın başlıca istiqamətlərini müəyyən edən həmin qərarların xalqımızın mənafeyi baxımından tarixi əhəmiyyəti vardı. Tam inamla demək lazımdır ki, indiki mərhələdə Azərbaycanın suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin müntəzəm surətdə genişlənməsi və dünya iqtisadiyyatına daha dərin inteqrasiyası prosesi hələ 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində təməli qoyulmuş potensiala əsaslanır”. Bəli, məhz SSRİ dövründə qəbul edilmiş qərarların, həyata keçirilmiş tədbirlərin nəticəsi idi ki, ötən əsrin 70-ci illərində Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf etmiş, pambıqçılıq, taxılçılıq, üzümçülük sahələrində rekord göstəricilər qazanılmışdır. Bununla da insanların yaşayış şəraiti yaxşılaşmış, bir çox sosial problemlər həllini tapmış, ucqar kəndlərdə belə, əhalinin firavan yaşayışı təmin olunmuşdur. Ümummilli lider Heydər Əliyevin xalqın iradəsi və çağırışı ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün də təcili tədbirlər görməyə başladı. İttifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr dağıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə və milli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Məhz belə bir dövrdə, 196 Azərbaycanın zəngin neft ehtiyatlarının mövcudluğunu nəzərə alan ümummilli lider Heydər Əliyev ilk vaxtlardan başlayaraq danışıqlar prosesinə ARDNŞ-in vitse-prezidenti, millət vəkili İlham Əliyevi də cəlb etdi. Beləliklə, cənab İlham Əliyev yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün dəfələrlə vurğuladığı bir ideya dururdu: "Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”. Hamımıza məlumdur ki, 20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalanmışdır ki, bununla da yeni neft strategiyasının uğurla həyata keçirilməsinin əsası qoyulmuşdur. Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan və sonradan "Əsrin müqaviləsi” adlandırılan bu iri layihə üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası üçün çox vacib məsələ idi. "Əsrin müqaviləsi” üzrə hasil edilən Azərbaycan neftinin dünya bazarlarına ixracı üçün ilkin dövrlərdə Bakı-Novorossiysk və Bakı-Supsa neft boru kəmərlərindən istifadə olunurdu. Lakin yaxın illərdə müqaviləyə daxil olan yataqlar üzrə illik hasilatın 50 milyon tona çatdırılacağını nəzərə alan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə daha böyük nəqletmə imkanına malik ixrac marşrutları araşdırıldı və optimal variant kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri seçildi. Məhz buna görə də layihənin həyata keçirilməsində fenomen siyasətçi Heydər Əliyevin əvəzsiz xidmətlərini nəzərə alan layihə iştirakçıları 2004-cü ildə BTC əsas ixrac boru kəmərinə Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etdilər. Onu da qeyd edək ki, "Əsrin müqaviləsi” üzrə ilkin neftin hasilatına başlandığı 1997-ci ilin noyabrından bu günə qədər 50 milyon tona yaxın xam neft hasil edilərək öz alıcılarına çatdırılmışdır. Bütün bu işlərin əsas məqsədi SSRİ-nin süqutundan sonra iflic vəziyyətə düşmüş Azərbaycan iqtisadiyyatını dirçəltmək, dünya iqtisadiyyatına daha geniş inteqrasiya etməklə beynəlxalq aləmdə ölkənin nüfuzunu artırmaq və doğma Azərbaycan dövlətini dünyəvi bir dövlətə çevirməkdən ibarət idi. Bu yerdə ümummilli lider Heydər Əliyevin "Əsrin müqaviləsi”nin 5 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə söylədiyi aşağıdakı fikirləri xatırlatmaq yerinə düşərdi: "Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər – təkcə neft sahəsində deyil, Azərbaycanın iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır”. "Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 26 sazişin də imzalanmasına şərait yaratdı. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları vəsait qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir. Ümumiyyətlə, "Əsrin müqaviləsi”nin həyata keçirilməsi ilə Azərbaycan iqtisadiyyatında dönüş yarandı, böyük işlərə və iri layihələrə start verildi. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı və artıq 2005-ci il yanvar ayının birinə belə tankerlərin sayı 39-a, daşınılan neftin miqdarı isə 5,16 milyon tona çatmışdır. Bu neftin satışından əldə edilən valyuta ümummilli lideri Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fondunda toplanaraq ölkənin taleyüklü məsələlərinin həllinə və sosial problemlərin aradan qaldırılmasına yönəldilirdi. Bu dövrdə Azərbaycanın şimal istiqamətində uzunluğu 231 km olan neft kəməri bərpa və inşa edilmiş və ilk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olunmuşdur. Paralel olaraq qərb istiqamətində uzunluğu 837 km olan Bakı-Supsa boru kəməri inşa edilərək, 17 aprel 1999-cu ildə istismara verilmişdir. Statistik araşdırmalardan aydın olur ki, 01.01.2005-ci ilə kimi qeyd edilən kəmərlər üzrə 48,7 milyon ton neft dünya bazarlarına çıxarılmışdır. Eyni zamanda, 1997-ci ildə respublikada neft hasilatı 9 milyon ton olduğu halda, 2003-cü ildə bu göstərici 15,3 milyon tona bərabər olmuşdur. Ölkədə neft hasilatının ilbəil artımı yeni ixrac boru kəmərinin çəkilişini bir zərurətə çevirmişdi. Əvvəldə qeyd etdiyimiz kimi, bu istiqamətdə müxtəlif variantları nəzərdən keçirən dahi rəhbər Heydər Əliyev bütün iştirakçılar üçün səmərəli olan, ilk növbədə isə Azərbaycan dövlətinin və xalqının maraqlarına uyğun olan bir təşəbbüs irəli sürdü. Beləliklə 1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində, ATƏT sammiti çərçivəsində keçirilən görüşdə ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan ──── 197 prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalandı. 2002-ci il sentyabrın 18-də isə Bakıda, Səngəçal terminalında ümummilli lider Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyuldu və kəmərin tikintisinə başlandı. Hazırda ulu öndər Heydər Əliyevin adını daşıyan bu kəmər Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına imkan verməklə yanaşı, həm də İpək yolunun və türkdilli ölkələrin əsas magistral kəməri statusunu qazanmışdır. Ümummilli liderin böyük siyasi iradəsinin təntənəsi olan Bakı-Tbilisi-Ceyhan kəməri neft kəmərləri sisteminə dünya "arteriya”sı kimi daxil olmuşdur. Onu da qeyd edək ki, minbir əziyyətlə başa gələn bu əsas ixrac neft kəmərinin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da danılmazdır. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin yaranmasına, dünya xalqları ilə əlaqələrinin yenidən qurulmasına təkan verərək, Azərbaycan dövlətinin xarici siyasətinin güclənməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına, eləcə də onun siyasi və iqtisadi baxımdan inkişaf etməsinə səbəb olmuşdur. Bir sözlə, BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün müstəsna əhəmiyyət kəsb edən bir layihədir. Bir neçə il öncə çoxlarının qeyri-real, xəyal kimi qəbul etdiyi bu layihə artıq bütün dünyanın qəbul etdiyi əzəmətli bir gerçəklikdir. Burada "Əsrin müqaviləsi”nin 10-cu ildönümündə ölkə başçısı cənab İlham Əliyevin səsləndirdiyi bir fikri yada salmaq yerinə düşərdi: "”Əsrin müqaviləsi” imzalanarkən bəziləri bunun uğuruna inanmırdı və hesab edirdilər ki, müqavilə elə kağız üzərində qalacaq. Çünki onun həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda, siyasi və geosiyasi məsələlər öz həllini tapmalı idi. Heydər Əliyevin neft strategiyası və Heydər Əliyev diplomatiyası bunların həllini təmin etdi”. Zaman keçdikcə Heydər Əliyevin neft strategiyasının davamlı uğurları Azərbaycan dövlətinin dinamik iqtisadi tərəqqisinə çevrildi. Başqa sözlə desək, neft strategiyası əsas məqsədinə nail olmağa başladı. Çünki həyata keçirilən neft siyasətinin də əsasını, məhz ölkənin proporsional iqtisadi inkişafı, sosial problemlərin həlli, vətəndaş azadlığının və digər demokratik dəyərlərin təmin olunması təşkil edirdi. Bütün bunlar "Əsrin müqaviləsi”nin 10-cu ildönümündə dövlət başçısı tərəfindən bir daha vurğulanmışdır: "Biz iqtisadiyyatımızı şaxələndirməliyik ki, o, təkcə neft amilinə söykənməsin. Ölkəmizin hər bir bölgəsi inkişaf etməlidir. Bunun üçün çox geniş tədbirlər görülür. Neft Fondu çox şəffaf və açıq şəkildə fəaliyyət göstərir və onun ilk ödəmələri çətin vəziyyətdə yaşayan qaçqın və köçkünlərin sosial problemlərinin həllinə yönəldilib. Digər sosial məsələlərin həllinə də böyük diqqət göstərilir”. Bəli, Azərbaycan iqtisadiyyatı ümummilli lider Heydər Əliyevin yaratdığı təməl üzərində hərtərəfli və dinamik inkişaf edir. Bu gün, artıq ölkədə mühüm qlobal proqramlar, irimiqyaslı layihələr, müxtəlif sahələri əhatə edən çoxsaylı dövlət proqramları həyata keçirilməkdədir ki, bütün bunlar da ən ümdə məqsədə – Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, nüfuzunun daha da artmasına və beynəlxalq aləmdə ədalətli mövqeyinin təmin olunmasına xidmət edir. Təbii ki, düşünülmüş, uzaqgörən siyasət olmadan iqtisadi sahədə, eləcə də əksinə güclü iqtisadi dayaqlar olmadan siyasi sahədə ciddi müvəffəqiyyətlər əldə etmək qeyri-mümkündür. Ümummilli lider Heydər Əliyevin, hər zaman aktual olan "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” sözləri yada düşür. Ölkənin iqtisadi qüdrətinin artmasında və Azərbaycanın dünyaya inteqrasiyasında müxtəlif nəqliyyat növlərini əhatə edən beynəlxalq və regional layihələrin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Bu layihələr dünya bazarlarına çıxışa imkan yaratmaqla, həm də ümumi iqtisadi inkişafa ciddi təkan verir. Çünki qloballaşma və iqtisadi inteqrasiya prosesləri ilə xarakterizə edilən müasir cəmiyyətin inkişafında ən mühüm amillərdən biri də dövlətlərarası əlaqələrin səviyyəsidir. Bu əlaqələr müxtəlif sahələrdə yarandığı üçün geniş çeşidlidir. Məlumdur ki, dünya dövlətlərinin inkişafına təkan verən, onların bir-birinə siyasi, iqtisadi, mədəni və s. cəhətdən inteqrasiyasına şərait yaradan əsas amillərdən biri də dövlətlərarası nəqliyyat əlaqələridir. Bu baxımdan beynəlxalq təşkilatların, xüsusilə Avropa Birliyi (AB) ölkələrinin dəstəyi ilə həyata keçirilən TRASEKA, TAE FO, INOGATE kimi iri regional proqramlarda Azərbaycan dövlətinin fəal iştirakı olduqca önəmlidir. Konkret olaraq, Azərbaycan Respublikasının TRASEKA Proqramında iştirakı ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir. Çünki bu proqram Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi, dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün böyük imkanlar yaradır. Belə ki, keçən dövr ərzində TRASEKA proqramı çərçivəsində "Nəqliyyatın idarə edilməsinin treninqi”, "Nəqliyyatın hüquqi və tənzimləyici çərçivəsi”, "TRASEKA nəqliyyat dəhlizində vahid tarif siyasətinin tətbiqi”, "Sərhəd-keçid proseduraların sadələşdirilməsi ", "Qafqaz dəmir yollarının bərpası” və onlarla digər texniki yardım və investisiya layihələri həyata keçirilmişdir ki, bunlar da ayrı-ayrılıqda ölkəmizin nəqliyyat sisteminin, eləcə də ümumilikdə milli iqtisadiyyatın inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir198 Avropa ilə Asiyanı birləşdirən ən qısa nəqliyyat marşrutlarının kəsişməsində əlverişli geostrateji mövqedə yerləşən Azərbaycanın nəqliyyat sektorunun inkişafının ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb etdiyini dəqiqliklə qiymətləndirən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 7-8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukraynadan ibarət 9 ölkənin dövlət başçısı, eləcə də 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş Beynəlxalq konfrans keçirilmiş, Avropa İttifaqının TRASEKA proqramı əsasında "Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmış və Bakı Bəyannaməsi qəbul edilmişdir. Azərbaycan, Gürcüstan, Ermənistan, Bolqarıstan, Rumıniya, Moldova, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkiyə də daxil olmaqla 12 dövlətin dövlət və hökumət başçıları tərəfindən tarixi əhəmiyyətə malik saziş imzalanmışdır. 1998-ci ildən keçən müddət ərzində respublikamızda TRASEKA proqramı çərçivəsində Əsas Çoxtərəfli Sazişin şərtlərinin reallaşması məqsədilə müxtəlif layihələr həyata keçirilmiş, nəqliyyat infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, TRASEKA nəqliyyat dəhlizi üzrə yük axınının artırılması üçün son illər ərzində nəqliyyat sektorunun texniki təchizatının yaxşılaşdırılması sahəsində bir sıra tədbirlər görülmüş, avtomobil magistrallarının, dəmir yolu xətlərinin və körpülərin bərpası və tikintisi, dəmir yolu nəqliyyatı vasitələrinin, gəmilərin, bərələrin, liman qurğularının təmiri üzrə genişmiqyaslı işlər görülmüşdür. Ümumiyyətlə, İpək Yolu tam gücü ilə istismara verildikdə 4-5 il müddətində böyük həcmdə gəlir götürülməsi proqnozlaşdırılır. Təbii ki, bu vəsaitin çox hissəsi dövlətin daxili siyasətinin tərkib hissəsi kimi yeni iş yerlərinin açılmasına, respublika iqtisadiyyatının, xüsusən qeyri-neft sektorunun inkişafına yönəldiləcək ki, bu da işsizlik probleminin aradan qaldırılmasına kömək edərək, əhalinin maddi rifahını yüksəltməklə yanaşı, "Yoxsulluğun aradan qaldırılması haqqında Dövlət Proqramı”na da öz töhfəsini verəcəkdir. Hələ İpək Yolunun tam istifadəyə verilməməsinə baxmayaraq, bu layihənin müsbət cəhətləri nəzərə çarpmaqdadır. Belə ki, 1995-2000-ci illərdə respublika ərazisindən tranzit yük daşımaları 15 dəfə artaraq 355 min tondan 5,2 milyon tona çatmışdır. Statistik məlumatlara əsasən isə ümumiyyətlə yük daşımaların həcmi 1998-ci illə müqayisədə 1999-cu ildə 800 min ton artaraq 5 milyon tona çatmışdır. Başqa sözlə, 1999-cu ildə əvvəlki ilə nisbətən yük daşımaları 37,2 faiz, yük dövriyyəsi 39,5 faiz, müvafiq olaraq sərnişin daşımaları 10,45 faiz, sərnişin dövriyyəsi isə 17,03 faiz artmış və bunun müqabilində yükdaşımalardan 169 milyon manat, sərnişin daşımalardan isə 7,9 milyon manat çox gəlir əldə edilmişdir. Bu nailiyyətlər sonrakı dövrlərdə də davam etdirilmiş, eləcə də bütün nəqliyyat sistemini əhatə etmişdir ki, bunu statistik araşdırmalar da sübut edir. Belə ki, yalnız 2008-ci ilin doqquz ayı ərzində nəqliyyat müəssisələrində çalışan muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 min nəfər artaraq 70,5 min nəfər təşkil etmişdir. Onların 83,4 faizi dövlət müəssisələrində, 16,6 faizi isə özəl bölmədə çalışır. İşçilərin 63,7 faizi quru yol, 13,4 faizi su, 6,5 faizi hava nəqliyyatı, 16,4 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşmişdir. Statistik məlumatlara əsasən nəqliyyatçıların orta aylıq əmək haqqı ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 faiz artaraq 300,5 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 787,4 manat, dəniz nəqliyyatında 442,4 manat, avtomobil nəqliyyatında 328,3 manat, dəmir yolu nəqliyyatında isə 165,7 manat təşkil etmişdir. Əmək haqqının artımı hava nəqliyyatında 44,6 faiz, dəniz nəqliyyatında 23,4 faiz, avtomobil nəqliyyatında 40,2 faiz, dəmir yolu nəqliyyatında 26,5 faiz səviyyəsində olmuşdur. Eyni zamanda, araşdırmalardan aydın olur ki, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 35,6 milyon ton və ya ötən ilin yanvarsentyabr ayları ilə müqayisədə 2,4 faiz çox yük, 142,2 milyon nəfər və ya 6,4 faiz çox sərnişin daşınmışdır. Dəhliz üzrə yük daşınmasında dəmir yolu nəqliyyatı 55,3 faiz, avtomobil nəqliyyatı 31,2 faiz, dəniz nəqliyyatı 13,5 faiz paya malik olmuş, dəhlizdə bu nəqliyyat növləri ilə daşınmış yüklər ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 26,5 faizini təşkil etmişdir. Ölkə ərazisindən ötürülmüş tranzit yüklərin həcmi 8,4 milyon ton təşkil etmiş, o cümlədən dəmir yolunda yük daşınmasının 23,2 faizi, dəniz nəqliyyatında isə 79,9 faizi tranzit yüklərin hesabına həyata keçirilmişdir. Dəhliz üzərində həyata keçirilmiş daşımalardan 195 milyon manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz çox gəlir əldə edilmişdir. Gəlirlərin yaranmasında dəmir yolu nəqliyyatı daha çox – 62,8 faizlik paya malik olmuş, gəlirlərin qalan hissəsi -19,4 faizi avtomobil, 17,8 faizi isə dəniz nəqliyyatının fəaliyyəti nəticəsində yaranmışdır. Eyni zamanda, statistik məlumatlara əsasən cari ilin 9 ayında nəqliyyat sektorunda yükdaşıma 11,4 faiz, yük dövriyyəsi isə 22,2 faiz artmışdır. Nəqliyyat vasitələri ilə daşınan 134,5 milyon ton yükün 46,4 faizi avtomobil, 31,8 faizi boru kəməri, 15,4 faizi dəmir yolu, 6,4 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib. Özəl bölmənin nəqliyyat vasitələri ilə yükdaşıma 14,7 faiz artmış və bu sektorun yükdaşımada payı 69,1 faizə çatmışdır. Bu ilin yanvar-sentyabr aylarında sərnişindaşımanın 83,5 faizi qeyri-  199 dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmişdir. Eləcə də cari ilin yanvar-avqust aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz çox yük, 6,2 faiz artıq sərnişin daşınmışdır. Statistik məlumatlardan da göründüyü kimi, nəqliyyat sisteminin dinamik inkişafı artıq təmin edilmişdir. Ümumiyyətlə, İpək Yolu layihəsinin reallaşdırılması milli təsərrüfatın müxtəlif sahələrinin, xüsusən respublika nəqliyyat infrastrukturunun inkişafına təkan verəcəyi heç bir şübhə doğurmur. Çünki nəqliyyatın iqtisadiyyatı, onun müxtəlif növlərinin inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin tərkib hissəsidir. Bu baxımdan nəqliyyat növləri arasında prioritet əhəmiyyət kəsb edən avtomobil nəqliyyatının inkişafı ölkənin iqtisadi inkişafının bir nümunəsidir. Digər nəqliyyat növləri kimi, avtomobil nəqliyyatının da əsas vəzifəsi cəmiyyətin daşımalara (sərnişin və yük) olan tələbatını vaxtında, itkisiz və minimum məsrəflərlə ödəməkdən ibarətdir. Müşahidələr göstərir ki, keçmiş SSRİ-nin dağılmasından sonra milli təsərrüfatın bir çox sahələri kimi avtomobil nəqliyyatında da (xüsusilə yük avtomobil nəqliyyatı) yaranmış tənəzzül prosesi İpək Yolu layihəsinin gündəmə gəlməsindən sonra dayanmış və 90-cı illərin axırlarından etibarən nəzərəçarpacaq irəliləyişlərə nail olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra qısa zaman kəsiyində milli dövlətçilik sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi və sosial-iqtisadi dayaqlarını möhkəmləndirərək beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider dövlətinə çevrilmişdir. Əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına və dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuşdur. Bu isə, öz növbəsində, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımızı daha da ruhlandıraraq onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün ciddi zəmin yaratmışdır. Təbii ki, ölkəmizin inkişafında xaricdə yaşayan həmvətənlərimizin xüsusi rolu var. Bu gün onlar dünyanın harasında yaşamalarından asılı olmayaraq Azərbaycanla fəxr edir, onun uğurlarından qürur duyur və fərəh hissi keçirirlər. Məhz, bu milli birliyə və dünya azərbaycanlılarının həmrəyliyinə nail olduğumuz üçün türk dünyasının dahi şəxsiyyəti, ümummilli liderimiz Heydər Əliyevə borcluyuq. Unudulmaz şəxsiyyət olan Heydər Əliyev bütün fəaliyyəti dövründə xaricdə yaşayan soydaşlarımızın birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayaraq dünya azərbaycanlılarının vahid məqsəd ətrafında birləşdirilməsinə səy göstərmiş və buna nail olmuşdur. Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının I qurultayı birliyə nail olunmasında mühüm əhəmiyyət kəsb etdi. Qurultay xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşərək təşkilatlanması istiqamətində yeni mərhələnin başlanğıcını qoydu. Ulu öndərin ideyalarına sadiq qalan Azərbaycan Prezidenti cənab İlham Əliyev da xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını daim diqqət mərkəzində saxlayır. Soydaşlarımızla əlaqələri daha da möhkəmləndirmək və qarşıda duran vəzifələri müzakirə etmək məqsədilə Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi də bunun bariz nümunəsidir. Qurultay Azərbaycanın sürətli inkişafı və beynəlxalq arenada siyasi mövqeyinin daha da gücləndirilməsi istiqamətində tarixi işlərin görülməsinə şərait yaratmışdır. Nəhayət, dahi şəxsiyyət Heydər Əliyevin öz xalqına ən böyük xidmətlərindən biri də memarı olduğu müstəqil Azərbaycan dövlətini taleyin ixtiyarına, təsadüfün ümidinə buraxmaması, özünün siyasət məktəbində Azərbaycan dövlətinin dinamik inkişafını, bu inkişafın davamlılığını təmin etməyə qadir qətiyyətli lider, qüdrətli dövlət xadimi yetişdirməsidir. Əsası ulu öndər tərəfindən qoyulmuş milli dövlətçilik konsepsiyası bu gün Heydər Əliyevin mənəvi-siyasi irsinin ən layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək dinamizmlə davam etdirilir. Ölkə başçısının xüsusi diplomatik məharətlə həyata keçirdiyi balanslaşdırılmış daxili və xarici siyasət Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarının qorunmasına və ölkənin demokratik inkişafına xidmət edir. İqtisadi inkişaf göstəriciləri ilə, artıq nəinki regionda və ya MDB-də, hətta dünyada lider dövlətlər sırasına çıxan Azərbaycan Respublikasında əhalinin maddi-rifah halının yaxşılaşdırılması istiqamətində çoxşaxəli islahatlar həyata keçirilir. Prezident İlham Əliyev ümummilli liderin siyasi kursunu uğurla davam etdirərək ölkəmizi yaxın-uzaq ellərdə layiqincə tanıdır, yüksək idarəçiliyi və təşkilatçılığı ilə insanların rifah halının daha da yüksəlməsinə çalışır, torpaqlarımızın işğaldan azad olunması uğrunda qətiyyətlə mübarizə aparır. Bir sözlə, doğma Azərbaycanımız böyük həvəslə, qətiyyətlə, eləcə də bütün sahələrdə əldə etdiyi uğurları ilə parlaq gələcəyə doğru inamla irəliləyir.

Məhərrəm Şəfiyev,

"Bərdə Çörək" ASC-nin İH-nin sədri ,fəlsəfə doktoru
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!