Keçmiş dövlət məmuru ilə müsahibə: "Lotuların təşkil etdiyi məclislərə gedirdim" - VİDEO - FOTO

2017-03-31 12:59:57 / 2692 dəfə oxunub

Femida.az ​rejissor və aktyor Rza Rzayevdən müsahibə alıb. Rza Rzayev müsahibəsində dövlət qulluğu vəzifəsindən niyə imtina etməsindən, Qarabağ müharibəsinə həsr olunmuş yeni çəkdiyi filmdən, "qanuni oğru"larla olduğu məclislərdən və digər maraqlı məqamlardan danışıb.

Milli.Az sözügedən sayta istinadənRza Rzayevlə olan müsahibəni təqdim edir:

Müsahibin qısa arayışı:

Rza Rzayev 17 may 1973-cü ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. İdarəetmə və Biznes İnsitutunun Hüquq Fakültəsini bitirən Rza Rzayev Dövlət İdarəçilik Akademiyasında ikinci təhsil alıb. 2014-cü ildə Türkiyənin Beykent Universitetinin Sinema və Televiziya fakültəsində magistr təhsili alıb. Daha sonra New York Sinema Akademiyasinda rejissorluq kursu keçib. 2014- cü ilədək Naxçıvan Muxtar Respublikasının Bakıdakı Nümayəndəliyində müşavir vəzifəsində çalışıb. İlk dəfə rejissor Rövşən Almuradlının ekranlaşdırdığı "Bəsdir, ağlama!" filmində çəkilib. 2012-ci ildə "Dolu" filmində yaratdığı "Drakon" obrazı ilə milyonların sevgisini qazanır.

-Rza bəy, işləriniz necə gedir?

- İnsan həyatında yaxşı və pis anlar olur. İndiki vəziyyətim normaldır.

-Niyə öz ixtisasınızdan imtina edib, rejissorluğu seçdiniz?

- Mənim ümumiyyətlə təhsil almaq niyyətim olmayıb. Orta məktəbdə də o qədər yaxşı oxumamışam. İxtisaslarımı da dəb xatirinə seçmişdim. 7-ci sinfə qədər yaxşı oxuyurdum. Sonra sinif rəhbərimiz dəyişdiyi üçün buna etiraz olaraq oxumadım. Sonrakı dövrdə isə məlum hərəkat başladı. Bütün bunlar təhsilimə də təsir etdi. Buna baxmayaraq ali təhsil aldım. Cəmiyyətin marağına uyğun Beynəlxalq İdarəetmə və Biznes İnstitutunun Hüquq Fakültəsinə daxil oldum. İkinci təhsilimi Dövlət İdarəçilik Akademiyasında Dövlət və Bələdiyyələrin idarə edilməsi ixtisası üzrə almışam. Bu ixtisas üzrə bir müddət Naxçıvan MR-in Bakıdakı nümayəndəliyinin məsləhətçisi vəzifəsində işlədim. Daha sonra bildiyiniz kimi kinoya gəldim. Qeyd etdiyim kimi əvvəlki ixtisaslarımı cəmiyyətdə olan dəb xatirinə seçmişdim. Bu cəmiyyətin diktə etdiyi ixtisaslar idi. Sonradan da mən o ixtisaslardan imtina etdim. Ümumiyyətlə ixtisasın arxasınca qaçan adam deyiləm. Bu gün də rejissorluq sahəsində də beləyəm. Rejissorluğun arxası ilə yox, önündə gedirəm...




-Akademiyada sizinlə təhsil alan və bu gün məşhur olan kimlər var?

- Onların sayı çoxdur. Birinin adını çəkib, digərini çəkməsəm doğru olmaz. Onlardan biri Dövlət Neft şirkətinin vitse-prezidentidir. Digəri sığorta şirkətinin rəhbəridir. Bu gün də onlarla münasibətim yaxşıdır.

-Məndə olan məlumata görə sizi 90-cı illərdə Prezident Heydər Əliyevin mühafizəçisi kimi işə dəvət ediblər. Niyə imtina etdiniz?

- Dövrün qatı gənc müxalifətçilərindən biri kimi Əliyevçilərin sıralarında idim. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra məni də onun mühafizəsi üçün dəvət etdilər. Özüm də idmanla məşğul idim. Məşq zamanı gördüm ki, orada məndən də güclü idmançılar var. Fikirləşdim ki, onlar məndən də yaxşı Əliyevi mühafizə edə bilər. Məni işə dəvət edənlərə bunu deyəndə gülüşlə qarşıladılar. Həmçinin fikirləşdim ki, mən hissiyata qapılan insanam. Heydər Əliyevə sevgim böyük olduğu üçün geri çəkildim. Fikirləşdim ki, onu qoruya bilmərəm.

-Sizə kənardan baxanda ziddiyyətli insan təsiri bağışlayırsınız. Misal üçün Dövlət İdarəçilik Akademiyasını bitirmisiniz. Bir müddət polisə hazırlıq kursu da keçmisiniz. Buna baxmayaraq kumiriniz "qanuni oğru"lardır...

- İnsan dövrün, zamanın ifadə tərzidir. Gənclik dövrüm keçid vaxtına düşdü. Həmin vaxt cinayətkar aləm deyəcək ifadə yox idi. O illərdə mətbuat "qanuni oğru" ları müsbət tərəfdən təqdim edirdi. Mən də gənc idim. Gənclərdə belə bir düşüncə olur ki, kimi daha çox sevirlər ona oxşamaq istəyirlər. Düşünürdüm ki, "qanuni oğru"lar daha ədalətli insanlardır. Tələbəlik illlərimdə yaşadığım məhəllədə "qanuni oğru" lardan yaşayanı var idi. Onlara qarşı olan müsbət münasibət məni onlara daha da yaxın edirdi.

-Kim idi o?

- Bir çox "qanuni oğru" larla ünsiyyətdə olmuşam, məclislərdə iştirak etmişəm. Yaşadığım dağlı məhəlləsində Lotu Cavanşir qalırdı. Ona məhəllədə böyük hörmət var idi. Bundan başqa Lotu Bəxtiyara da böyük ehtiram var idi. Bir neçə dəfə onların məclisində də iştirak etmişəm.

-Belə çıxır ki, sona qədər getmədiniz bu aləmə?

- O aləmdə yox idim ki... Sadəcə olaraq mən kənardan onları izləyirdim. Gənc idim. Bu dövrün tələbi idi. Onlar daha ədalətli, dürüst görsənirdi.

-Bu gün də eyni fikirlərdə qalırsınız?

- Fikirləşirəm ki, onların müsbət tərəfləri bu gün də qalır. İnsanlara kömək edənləri dəyəndərləndirmək lazımdır.

-Söhbət "qanuni oğru" lardan düşmüşkən Rövşən Lənkəranskinin ölümünə inanırsınız?

- Hüquqşünas olduğum üçün məsələlərə hüquqi cəhətdən yanaşıram. Onun ölüsünü görməmişəm ki, ona da inanam. İnsanlar həmişə öldürən insanların ölümünə inanmır. Çünki onların gücü özlüyündə ölümsüzlük hissi yaradır. Bundan əlavə mətbuat onun dəfn mərasimini işıqlandırdı. O qədər insan dəfndə iştirak edirdi...

-Bu günlərdə çəkdiyiniz film böyük səs-küyə səbəb oldu. "Geyilməmiş ayaqqabılar" kimindir?


- Bu ayaqqabılar bütün Azərbaycanın... Bütün dünyada müharibə yaşayan millətin ayaqqabılarıdır ...

...Üzərində Qarabağ yazılmış topla futbol üzrə İran millisinin formasını daşıyan uşaq ATƏT-in həmsədri olan dövlətlərin - Fransa, Rusiya və ABŞ-a "pas" ötürür. Bir qədər oyundan sonra ABŞ və Rusiya millisinin formasında olan uşaqlar ayaqlarını topun üzərinə qoyaraq dairə vururlar. Topun sahibi Həsrət isə bu vəziyyətə nifrətlə tamaşa edir. Sonra Türkiyə millisinin formasını geyinmiş uşaq topu yerdən götürərək Həsrətə verir. Bu an dünyanın siyasi mənzərəsi əks olunur. Yəni İran Rusiyanın, Fransa isə ABŞ-ın yanında oturur. Türkiyə isə onların əksi istiqamətində gözləri dolmuş vəziyyətdə çarəsizliyini nümayiş etdirir. Film həm də onu təlqin edir ki, Qarabağın azadlığı üçün bir yol var, bu da müharibədir.


-Filmin yaranmasından danışaq.

- Bərdə yolu ilə gedəndə yolda qaçqın düşmüş uşaqların necə futbol oynadıqlarını gördüm. Həmin uşaqlar ayaqyalın şəkildə çadırlarda yaşayırdılar. Gördüyüm bu mənzərə uzun müddət beynimdə yaşandı. Gözümü yuman anda həmin uşaqların ayaqları gözümün önünə gəlirdi. Əslində filmin ssenarisi 2004- 2007-ci illərdə yaranıb. Bir çox səbəblərdən filmin ekranlaşması uzandı. Həmin dövrdə olan ssenari bir qədər fərqli idi.

-Bu filmi digərlərindən fərqli edən cəhət nədir?

- Fərqi deyə bilmərəm. Filmlə bağlı onu deyə bilərəm ki, bu bir Azərbaycan filmidir. Mən istəyirdim ki, filmdə rejissor, operator və digər vəzifələrin yerinə Azərbaycanlı yazaq. Ancaq protokol qaydalarına görə adları yazdıq. Bu filmlə millətimizin düşüncələrini xaricdə yaşayan insanlara çatdırmaq istəyirik. Bu gün elə bir dünya lideri yoxdur ki, Qarabağ münqaişəsindən xəbəri olmasın. Biz bu filmlə həmin ölkələrin sadə vətəndaşlarına çatdırmaq istəyirik ki, Qarabağda hansı haqsızlıqlar baş verir. Həmin ölkələrdə sadə insanlar rəhbərlərin qərar qəbul etməsində böyük rola malikdirlər. Bu filmlə demək istəmişik ki, bütün dünyada olan analar eynidir. Dünyanın bütün yüklərini analar daşıya bilməz. Elə filmin əsas sujet xətti də bir ananın üzərində qurulub.

-Bildiyimə görə filmin ərsəyə gəlməsi üçün evinizi də satmısınız...

- Bu məsələnin ictimailəşməsini istəmirəm. Filmi özümüzün vicdan məsələsi hesab etmişik. Həmçinin filmin çəkilməsi üçün kimdənsə pul istəməmişdik. Rejissor xarakterli insandır. Pul üçün kiminsə qapısında gedib gözləyə bilməz. Bir məqamı qeyd edim. Filmdə rolu canlandıran ananın başındakı yaylıq öz anamın yaylığıdır. Həmin ananın yerində öz anamı görüdüm. Buna görə də bu film üçün ev satmağa dəyərdi.


-Sizin üçün filminizdə ən təsirli səhnə hansıdır?

- ...Filmdə bütün yerlər əsasdır. Amma filmin sonu çox təsirlidir. Orada ananın çiyinlərinin böyüməsi səhnəsi olduqca təsirlidir. Bu səhnə filmin kulminasiya nöqtəsidir.

-Filmdə rolları canlandıran kimlərdir?

- Filmin baş rolunu canlandıran Gülzar xanımdır. O bir ananın hekayəsini oynayır. Rejissor köməkçisi aktyor Bəhruz Vaqifoğludur. Filmdə yer alan insanların böyük əksəriyyəti qonarrarlardan imtina ediblər.


-Bildiyimə görə filmin yayımlanmasında müəyyən problemləriniz var. Kinoteatrlar sizdən nə qədər istəyir?

- Filmi göstərmək üçün pul almaq onların haqqıdır. Çünki onların da işçiləri, müəyyən xərcləri var. Biz təqdimat üçün yer istəyirdik. Amma istənilən məbləğ bizə uyğun olmadığı üçün alınamdı. Bu film Qarabağ həqiqətlərindən bəhs etdiyi üçün müəyyən güzəştlər ola bilərdi. Kiminsə vicdanı yoxdursa, hər şeyi pulnan ölçürsə onların şəxsi işidir... Bircə "Cinema+" kinotetarlar şəbəkəsinin rəsmisi Cəfər müəllim bizə dəstək olmaq niyyətini bildirdi. Hələki fikirləşirik.

-Bu gün kimə baxıb film çəkmək istəyərdiniz?

- Elə bir rejissor, sənət insanı yoxdur ki, ona baxıb, o olmaq istəyim. Mən kinonu Azərbaycanlılaşdırmaq istəyirəm...Sənət kiməsə oxşamağı sevmir...

-Sizi təqdimatlarda demək olar ki, görmürük. Bəyənmirsiniz çəkilən filmləri?

- Kommersiya filmlərinin təqdimatına getmirəm. Hesab edirəm ki, bu zaman itkisidir. Biz filmə sənət kimi baxırıq. Əgər, o filmlərdə sənət yoxdursa, biz nəyə qiymət verə bilərik? Helə filmlər millətimizin ruhuna da zərbədir. Hesab edirəm ki, məqsəd pul qazanmaq olmamalıdır. Sənətlə məşğul olmaq lazımdır.

-Sizi aktyor kimi cəmiyyətə daha çox tanıdan "Dolu" filmində canlandırdığınız zabit obrazıdır. Real həyatda əsir düşsəydiniz nə edərdiniz?


- Çətin sualdır. İnsan düşmədiyi vəziyyət haqqında fikir yürüdə bilmir. İnsan özündə olmayan şeyi heç vaxt oynaya bilmir.

-Sonda bir daha Qarabağ müharibəsi haqqında çəkdiyiniz "Geyilməmiş ayaqqabılar" filminə qayıdaq. Filmin gələcək taleyi danışardınız.

-Filmi Rusiyada və Türkiyədə olan sənət insanları bəyəniblər. Fikrimiz var ki, bu filmi beynəlxalq festivallara təqdim edək . Çünki bu film dünyaya çağırışdır. Biz Qarabağ müharibəsini dünyanının faciəsi kimi görürük. Qarabağa qarşı ədalətsizlik dünyada böyük böhranlara səbəb ola bilər. Belə bir deyim var. Bakıda əsən külək, Amerikada fırtına yarada bilər. Bu nahaq yerə deyilməyib. Dünya qəbul etməlidir ki, fərdin qarşısında dayanmaq mümkün deyil. Biz bunu Mübarizlə, Dilqəmlə, Şahbazla və digərləri ilə sübut etmişik. Bizim filmimizdə olan ana obrazı Azərbaycan anasının timsalında bütün dünya analarını canlandırır. Bu səbəbdən də istəyirik ki, filmimiz beynəlxalq aləmə çıxsın. Biz bu filmə erməni əsgər analarını da baxmağa və düşünməyə çağırırıq. Baxsınlar ki, onları bu taleyi yaşamağı məcbur edirlər...





Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws