Azərbaycan OPEK-ə hesabat göndərdi

2017-04-04 16:43:14 / 3135 dəfə oxunub
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan cari ilin mart ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Sabahinfio.az-a Energetika Nazirliyindən verilən məlumata görə, həmin informasiyalara əsasən, cari ilin mart ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 733,3 min barel olub.

Bunun 693,3 min barelini xam neft, 40 min barelini kondensat təşkil edib. Gündəlik 596 min barel xam neft, 40 min barel kondensat, 23 min barel isə neft məhsulları ixrac edilib.

Beləliklə, 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaltmaq barədə razılaşması çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.

Qeyd edək ki, yanvar ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 793,9 min barel, fevral ayında isə 776,4 min barel olub.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEK üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub.

Dekabrın 10-da isə Vyanada OPEK üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!