Son 3 ayda Azərbaycana 557 mindən çox turist gəlib

2017-04-06 18:09:34 / 5212 dəfə oxunub

Bu gün Turizm Şurasının üçüncü iclası keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, iclasda aprelin 10-da işə başlayacaq Bakı Şopinq Festivalının təşkili üzrə görülmüş işlər və şuranın 2-ci iclasının protokoluna əsasən üzv qurumlar tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin cari vəziyyəti və 4-6 may tarixində Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olunub.

Turizm Şurasının sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verib. Bildirib ki, turizm ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir və bu sahənin inkişafında təsdiq olunan Strateji Yol Xəritəsi mühüm rol oynayacaq.

Nazir Prezident İlham Əliyevin 27 dekabr 2016-cı il fərmanı ilə təsdiq edilmiş "Turizm Şurası haqqında Əsasnamə”də qarşıya qoyulmuş məqsədlər və onların həlli yolları barədə danışıb. Statistik rəqəmləri diqqətə çatdıraraq son 3 ay müddətində ölkəmizə gələn xarici turistlərin sayının 557 min nəfərdən artıq olduğunu bildirib. Qeyd olunub ki, xarici turistlər əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə və ərəb ölkələrini əhatə edir. İlk onluqda isə birinci yeri Ukrayna, Qazaxıstan, İran, Özbəkistan və Birləşmiş Əərəb Əmirliklərindən gələnlər yer alır.

Turizm Şurası və Turizm Təbliğat Bürosunun fəaliyyətinə toxunan Əbülfəs Qarayev Novruz bayramı ərəfəsində həyata keçirilən layihələrdən söz açıb. Belə layihələrin gələcəkdə paytaxtla yanaşı, digər regionlarda da həyata keçirilməsini məqsədəuyğun hesab edib.

Bakı Şopinq Festivalına hazırlıqla bağlı fikirlərini bölüşən nazir bildirib ki, bu istiqamətdə bütün müvafiq işlər həyata keçirilib. Hazırda 102 ticarət obyekti qeydiyyatdan keçib və proses davam etməkdədir. Bundan əlavə, bu gündən etibarən 5 gün müddətində iştirakçılar üçün Azərbaycan Turizm və Menecment Universitetində treninqlər başlayacaq. Treninqlər Vergilər Nazirliyinin mütəxəssisləri və Turizm və Menecment Universitetinin müəllim heyəti tərəfindən həyata keçirilir. Festivalda 40-a qədər restoran iştirakçı qismində qeydiyyatdan keçib. Qısa müddətdə təşkil edilən festival cəmiyyətdə artıq böyük maraq doğurub. Televiziyalar və KİV, tərəfdaşımız olan AZƏRTAC informasiya agentliyi cəmiyyəti festivalla bağlı məlumatlandırır.

Vurğulanıb ki, festivalın uğurla reallaşması aidiyyəti qurumların əlaqəli fəaliyyətindən asılıdır: "Bundan sonra da əlaqədar strukturlarla birgə çalışaraq qarşıya çıxan çətinlikləri birlikdə həll edəcəyik”.

Əbülfəs Qarayev Ticarət festivalı günlərində ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin keçirilməsinin xarici turistlərin festivala marağını daha da artıracağını deyib.

Nazir ölkəyə xarici turistlərin daha rahat şəkildə girişinin təmin olunması üçün ölkə başçısının 20 fevral tarixində imzaladığı "Azərbaycan Respublikasına turist axının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamının əhəmiyyətini yüksək qiymətləndirib. Bu sərəncama əsasən turistlər üçün vizaların verilməsi, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, eləcə də ölkəmizə gələn xarici vətəndaşlarla birbaşa ünsiyyətdə olan əlaqədar qurumlara işin gedişi ilə bağlı müvafiq tövsiyələr verilib.

Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova Ticarət festivalına hazırlıqla bağlı hesabatla çıxış edib. Bildirib ki, festivala hazırlıqla bağlı məsələlər Turizm Şurasının 28 fevral 2017-ci il tarixdə keçirilən iclasında geniş müzakirə edilib. Ötən dövr ərzində əlavə işlər işlər görülüb, əlaqədar qurumlar bu işlərin həyata keçirilməsində yaxından iştirak ediblər: "Festival geniş təbliğ edilmiş, ƏDV-nin qaytarılması ilə bağlı məlumatlar ictimaiyyətə çatdırılmışdır. Bununla bağlı xüsusi maarifləndirici verilişlər yayımlanıb. ƏDV-nin qaytarılması proqramı üzrə normativ baza uğurla tamamlanıb. Xidmət şəbəkəsi üzrə hazırlıq işləri, o cümlədən proqram təminatı, müvəkkil banklar, ƏDV köşklərinin quraşdırılması və s. yekunlaşmışdır. Festivalın 7 ölkədə təbliğatı bağlı da işlər uğurla davam etdirilir”.

Qeyd olunub ki, festival boyunca əyləncəli və mədəni tədbirlər keçiriləcək. Bu tədbirlər şəhərin ən sıx turist axını olan nöqtələrində reallaşacaq. Məqsəd isə mədəni irsin təbliği və mədəniyyətimizin tanıdılmasından ibarətdir. Bakı şəhəri ticarət və əyləncə ab-havasına hazırlanır. Festivalın saytı 1 mart tarixindən fəaliyyətə başlayıb və ay ərzində 57 min istifadəçi saytı ziyarət edib. Sosial şəbəkələrdə yerləşdirilmiş reklamlar 10 milyon dəfə baxılıb, 600 min nəfər buna münasibət bildirib.

O da bildirilib ki, festivala qatılmaq istəyən iştirakçıların qeydiyyatı festival boyunca davam edəcək.

İclasda həmçinin hava limanında köşklərin yerləşdirilməsi, Dövlət Gömrük Komitəsi ilə festival çərçivəsində ölkəyə gətirilən mallara imtiyaz verilməsi və s. məsələlərlə bağlı fikir mübadiləsi aparıldı. Digər qurumların festivala dəstək verməsi də müzakirə olunub.

Daha sonra iclas 4-6 may tarixində Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlığın müzakirəsi ilə davam edib.

Ə.Qarayev bildirib ki, Turizm Şurası bu mötəbər tədbirdə yaxından iştirak edərək öz töhfəsini verməlidir. Diqqətə çatdırılıb ki, Forum BMT səviyyəsində dəstəklənəcək və tədbir BMT-nin rəsmi saytı vasitəsilə birbaşa yayımlanacaq.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!