SEVİNC KİMİ YADIRĞADIM SƏNİ... .

2017-04-08 12:09:48 / 5175 dəfə oxunub
... Uşaqlığının bir hissəsi gözümün önündə keçib Turalın. Düşüncəli baxışlarının arxasından bir zaman sözlə bağrı badaş olacağını təxmin etməsəm də, fərqlilik sevdiyini bilirdim. Eynən mənə təqdim etdiyi misraları kimi:


Sən ey şeir qadın,
Şeirində gizlət məni.
Uzat, uzat günahın kimi,
Bağla qəlbinə məni at dənizə.

Ədəbi cameədə olduğum otuz illdən artıq bir zaman kəsiyində bir neçə qələm sahibinə dəstək olmaq istəmişəm. Bacardığım qədər... Onların arasında ən çox mənim və yəqin ki, sevgili oxucuların da yadında qalan, SÖZ-ə sədaqət göstərənlər Elməddin Mətləb və Sərxan Xəzər olub. İnanmaq istəyirəm özünəməxsus düşüncələri olan 17 yaşlı Tural Muxtarın da yaddaşlarda qalacağına. Tural gənc yaşında belə apxada qalanların fərqindədir:

Qaçdığımız o dünənlər ki var...
Uşaq qoxusu kimi hopar üstümə.

Bütün uşaq saflığı üstüdədir Turalın – həm özününü, həm şeirlərinin. Nola, həmişə beləcə qala. 

Özünün düşüncələri kimi:
Ayağıyalın uşaq kimi,
Bir qapı arxasında, döyəcləyirəm,
Xoşbəxtliyin eşiyində.

Düşüncələrin zənginliyi adamı dünyanın çalın-çarpaz yollarında saf saxlayan tək amildir. Bu düşüncə sahibi gənc olanda onu təkcə sevmək, təkcə qorumaq yox, sevə-sevə qorumaq lazımdır.


Vasif Süleyman

***


Tural MUXTAR


Bir şeirlik ömürün qaldı sənin də
Bəlkə bir sətir, bir cümlə, bir söz
Sən də bitəcəksən.
Sən də oxunub silinib gedəcəksən.

Bir şeirlik məsafə var aramızda,
Sətirlər uzun, bitmək bilmir ki.
Nə qədər sözüm var imiş demə,
Get, get məsafələr bitmir ki...

Bir şeirlik gülüşüm qaldı mənim də,
Başlığı sonuna tay olan şeir.
Ölümə cığırdı şeirimin yolu,
Başlığı sonuna tay olan şeir.

Bir şeirlik kədərdi, ayırır bizi,
Yazdıqca süzülür gözümün yaşı.
Gücüm də çatmır ki, silim bir təhər,
Yazdıqca süzülür sözümün yaşı,

Bəlkə qarşılaşarıq eyni şeirdə,
Yan-yana düzülmüş şən sözlər kimi.
Şeir bitən kimi qovuşacağıq,
Başlığı sən kimi, sonu mən kimi?

***
Əlləri uzundə qocalan qadın,
Çək də bir üzünə günəş toxunsun.
Sığalı kişidən kasıbsan kasıb,
Qədəhlər dilimdə sözə toxunsun.

Nə var kimi varsan, nə də ki heçsən
Düzünü deməyə dilin gəlməyir.
Mən haqqı gözündə görürəm sənin,
Gözündən dilinə əlin gəlməyir.

Bir başqa dünyasan, bir başqa aləm
Doymuram gəzdikcə, azıram hətta.
Səninlə azmağın zövqü də başqa,
Yolsuzluq yolunu yazıram hətta.

Əlləri saçında qocalan qadın,
Saçların ağardı, bəxtin zil qara.
Sinənə illəri dağ kimi çəkdin,
Bu dağlı sinəylə gedirsən hara...

Nə desəm, nə sussam boşdu, bilirəm
Sənin illərini doldura bilməz.
Sən solğun gəlibsən, fani dünyaya,
Səni insan dərdi soldura bilməz.

Əlləri duada qocalan qadın,
Dualar qocaldı, sən qocalmadın.
Axı nə ümiddi, bu nə həvəsdi,
Tanrılar qocaldı, sən qocalmadın.

Əlləri üzündə qocalan qadın,
Çək də bir üzünə günəş toxunsun.
Sığalı kişidən kasıbsan, kasıb
Qədəhlər dilimdə sözə toxunsun.

***
Qaçdığımız o dünənlər ki var...
Bizi qovalar addım-addım,
Kəfən tikər bizə barmaq-barmaq.
Qaçdığımız o dünənlər ki var...
İçər bizi qurtum-qurtum,
Alar, atar dənizə, boğar bizi dalğa-dalğa.
Qaçdığımız o dünənlər ki var...
Tapar bizi kölgə kimi,
Buraxmaz bir döngə belə.
Qaçdığımız o dünənlər ki var...
Gizlər məni səndə, sonra tap deyər,
İtirər məni uşaq kimi.
Qaçdığımız dünənlərdə dustaq edər bizi.
Qaçdığımız o dünənlər ki var...
Günlərin həsrətində əsrlər yaşadar bizə
Qaçdığımız o dünənlər ki var...
Fırladıb əqrəb kimi ən başa döndərər bizi,
Vurar, çırpar, boğar, amma öldürməz
Dünənlərin həsrətində yaşadar bizi.
Qaçdığımız o dünənlər ki var...
Bir məzar olar ,
Basdırar bizi əzəldən,
Torpağımız ümidlərdən
Qaçdığımız o dünənlər ki var...
Uşaq qoxusu kimi hopar üstümə,
Göz yaşım olar,
axdıqca doldurar qəlbimi.
Hər qaçışımda ayağıma daş olar,
Soluma qardaş olar.
Arxamı çevirməkdən çəkindiyim qorxum olar.
Qaçdığımız o dünənlər ki var...
Sükut olar, cavabsız suallarım olar
Damlar-damlar ruhuma,
Damı sınıq daxmaya daman yağış kimi
Qaçdığımız o dünənlər ki var...

***
Sən ey şeir qadın,
Şeirində gizlət məni.
Uzat, uzat günahın kimi,
Bağla qəlbinə məni at dənizə.
Çəksin dəniz qoxusunu içinə qəlbin.
Sən ey şeir qadın,
dənizdə gizlət məni,
Qum elə, palçıq elə,
torpaqda gizlət məni.
Sən ey şeir qadın,
gülüşündə gizlət məni,
Göz yaşında gizlət,
hıçqırığında gizlət.
İçində qopan dəli fırtınaların
beşiyində gizlət məni.
Sən ey şeir qadın, geri dön,
dönüşündə gizlət məni.
Həyəcanında gizlət,
süzüb dərd qədəhlərində gizlət.
Qorxuram ölümdən,
ölümündə gizlətmə məni,
Ah çək, köks ötür, vur, dağıt, amma qal.
Qal ki, gedişində gizlətmə məni.
Sən ey şeir qadın,
o soyuq otaqların dörd divarında gizlətmə məni.
Azadlığım əllərində, ovuclarında,
Sən ey şeir qadın,
nəfsində gizlətmə məni.
Bahardan gizlət,
qışdan gizlət, günəşdən gizlət.
Sən ey şeir qadın,
yağışdan gizlətmə məni.
Sən ey şeir qadın,
şeirindən gizlətmə məni.
Qoy axsın göz yaşların, silmə,
Göz yaşlarından gizlətmə məni.
Yalanlardan gizlət, qürurundan gizlət,
Ağ kəfəndən gizlətmə məni.

***
Ayağıyalın uşaq kimi,
Bir qapı arxasında, döyəcləyirəm,
Xoşbəxtliyin eşiyində.
Yırğalanıb qüsurların beşiyində,
Kimsələri səsləyirəm,
Xoşbəxtliyin eşiyində.
Sus, lal ol, çıxmasın hıçqırığımın səsi,
Ac ruhumun dəli çırpıntıları.
Soyuq, şaxtalı gecədə
Bölünmüşəm iki yerə,
Xoşbəxtliyin eşiyində.
Ana qucağına həsrət qalan körpə kimi,
Səni istəyirəm.
Sevgi dilənən kasıb tək gözüm əllərdə,
Durmuşam xoşbəxtliyin eşiyində.
Səkilər yol yoldaşım,
Boz küçələrin qoynunda həyatım,
Gözləyirəm, ac qapını,
Üstüm-başım pas içində,
Xoşbəxtliyin eşiyində.
İki nəfərik - biri mən, biri də mən.
Uçqun keçmişimdən qoparıb uşaqlığımı,
Zəngə basmaq ucun qaldırmışam qucağıma.
Yox səs-səmir, durmuşuq elə hey gecədən,
Xoşbəxtliyin eşiyində...

***
Məni bir dərd kimi qopar içindən,
İçində yox olum, göyə qarışım.
Dustağam qəfəsin ovuclarında,
Qanad ol, uzanım göyə qarışım.

İçimə qar yağır, üşüyür ruhum,
Yağır, hər yağdıqca soyuyuram mən.
Çürüyür bətnində olan o saflıq,
Ucalıb palıd tək quruyuram mən.

Dərdinmi çox gəldi, sevincinmi az,
Ağlama, dərdin də dərdimə taydır.
Əllərdən qocalır zamanla duam,
Sevincim gözündə qoca dünyadır.

Əzilmiş qürurum xıncım-xıncımdır,
Ürəyim yerdədir bax, pərən-pərən.
Nə verdin ki mənə, nə də alırsan?
Verdiyin əzaba dustaqdır bədən.

****
Bəlkə bir gün görüşərik deyə,
Gedib-gəldiyim yolları ot basıb indi.
Sevinc kimi yadırğadım səni,
Pəncərəmizi toz basıb indi.
Əl vurma, qoy qalsın xatirələr
Hərdən baxıb köks ötürməkçün.
Əl vurma, ağlar, kövrəkdi qəlbim
Yara basıb indi.
Ağlamaq da çətindi
Şeirlərdə misralar göz yaşım,
Gözümü də tor basıb indi.
Darıxmaq bilmirəm nədi artıq,
Qucaqlamaq bilmirəm nədi artıq,
Qollarımı buz basıb indi.
Kimlər gəldi, getdi bu ürək yolumdan
Hər gedən bir dua qoydu getdi.
Duaları şeytan basıb indi.
Mən qaldım budaqda son yarpaq tək,
Yarpaqları xəzan basıb indi.
Bir gül, bir danış,
Məgər qurumuş dilin?
Yorğun üzündə illərimiz dilim-dilim
İtdik bu zamanda ilim-lilim,
Gələn günlərimizi yas basıb indi.
Qaldır qədəhini bir sağlıq deyək
Sağ qalmış ümidlərə,
Od qoyulmuş illərimə,
Keçən günlərimi köz basıb indi.
İki damla göz yaşım qaldı
Biri sənsən, biri mən.
Ağlat, nə qədər ki, sağam.
Onsuz da gülüşümü söz basıb indi.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!