Yolayrıcını düzgün keçə bilməyənlər yol polisini günahlandırır - SƏBƏB

Yolayrıcını keçmə qaydaları çox sadə dildə yazılıb, amma əməl edən olmur

2017-04-10 15:29:22 / 1912 dəfə oxunub

Heç kim gəlib yolda tıxac yaratmır. Tıxacı sürücülər özləri yaradır. Elə tıxacda qalan da özləri olur. Niyə? Səbəb çox sadədir; qaydalara əməl etmirlər. Hamı harasa tələsir, heç kim səbr etmək, qaydalara əməl etmək istəmir. Sağa-sola baxırlar, yol polisi və kamera yoxdursa, "B” variantına keçirlər. Yəni, kim tez keçdisə yol onundur. Sıxlıq yaranan kimi yolda sanki "kim tez aradan çıxdı” yarışı başlayır. Və bütün bunlar sonda tıxaca səbəb olur. Tıxac isə daha ağır prosedir. Saatlar, dəqiqələr boş-boşuna keçib gedir. Maddi-mənəvi zərəri hesablamaq da vacibdir. Hər halda avtomobil hava-su ilə işləmir.

Bəs, gəlin görək tıxaclar harada və hansı səbəbdən baş verir? Bakıda bu problem daha aktual olduğu üçün elə paytaxt küçələrinə nəzər salaq. Məsələn, elə bir vaxt olur ki, Zərifə Əliyeva küçəsi ilə hərəkət edən sürücülər Rəşid Behbudov küçəsi ilə kəsişmədə bilərəkdən tıxac yaradırlar. Əgər yol polisi istəsə və kameranı tam olaraq bu problemə kökləsə, elə təkcə həmin yolayrıcında hər gün yüzlərlə sürücüyə 60 manat – 3 baldan ibarət MMX protokol yaza bilər. Çünki həmin yerdə bəzi sürücülər bilərəkdən və ya bilməyərəkdən (!?) yolayrıcını keçmə qaydasını pozurlar. Bu qayda pozuntusuna görə isə İnzibati Xətalar Məcəlləsində 60 manat – 3 bal cərimə nəzərdə tutulur. Halbuki, "Yol hərəkəti haqqında” qanunda çox sadə dildə yazılıb ki, yolayrıcı iki cür olur – nizamlanan və nizamlanmayan. Elə həmin qanunda hər iki halda yolayrıcını keçmə qaydaları da izah olunub. Qanunun 75-ci maddəsində qeyd olunur ki, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.

Hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir.

Yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər.

Bunlar qanunda yazılanlardır. İndi gəlin görək, bizim sürücülər nizamlanan yolayrıcında nə edirlər? Əvvəlcə sıxlıq olan yola "özünü soxan” sürücülərdən danışan. Şüurlu insan başa düşür və görür ki, qarşıda sıxlıq var. Amma hərəkəti davam etdirib yolayrıcına daxil olur. Məsələn, Zərifə Əliyeva küçəsində belə hallar tez-tez olur. Nəticədə Rəşid Behbudov küçəsindəki svetoforda dayanan nəqliyyat vasitələri svetoforoun yaşıl ışığı yandıqda hərəkətə başlaya bilmirlər. Çünki bir neçə "ağıllı sürücü” yolu kəsir. Nəticədə sıxlıq və ləngimə baş verir. Nizamlanan yolayrıcında bu cür oyunlardan çıxan sürücülər görün, nizamlanmayan yolayrıcında nələr edirlər. Hələ, hansısa küçədə svetofor işləməyəndə ağır qəzalar da baş verir. Günahı da atırlar yol polisinin üzərinə ki, svetofor işləmədiyi üçün qəza baş verib.

Qaydalarda isə deyilir ki, yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman sürücü nə etməlidir? "Yol hərəkəti haqqında” qanunun 77-ci maddəsində deyilir ki, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir.

Yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz aralarında bu qaydaları əsas tutmalıdırlar.

Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir.

Sürücü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.

Əgər sürücü yolun örtüyünün olub-olmadığını təyin edə bilmirsə (sutkanın qaranlıq vaxtı, palçıq, qar və s. nəticəsində), üstünlük nişanları isə yoxdursa, o, belə hesab etməlidir ki, ikinci dərəcəli yoldadır.

Qanunda çox sadə şəkildə deyilir ki, nizamlanan və nizamlanmayan yolayrıcları necə keçilməlidir. Nizamlanan yerlərdə nələr baş verdiyini bildik. İndi isə nizamlanmayan yerlərdə baş verənlərə nəzər salaq. Vay o günə ki, hansısa küçədə - yolayrıcında svetofor işləməsin. O dədqiqə aləm bir-birinə qarışır. Heç kim başını qaldırıb yuxarı baxmır ki, bəlkə gözünə nişan-zad dəyər. Hamı çalışır ki, yolu tez keçib getsin. Hamı da istəyir ki, qəzaya düşməsin. Amma bunu qaydalara əməl etməklə yox, kiminsə yolunu kəsməklə edənlər çoxdur.

Əslində isə qaydalar deyir ki, əgər sürücü svetoforun işləmədiyini görürsə və ya yanıb-sönən rejimdədirsə o zaman yolayrıcında quraşdırılıan nişanlara diqqət yetirməlidir. Heç bilirsinizmi, yolayrıclarında, svetoforların yanında quraşdırılan nişanlar nə üçündür? Yəqin ki, çoxları bilmir. Elə isə bilin; nişanlar ondan ötəridir ki, svetofor işləməyəndə sürücü bu nişanları üstün tutub hərəkət etsin.

Neçə illərdir sürücülərin əksəriyyəti hələ də başa düşmür ki, Bakıxanov küçəsinin sonunda – "Gənclik” metrsona dönən yolda svetofor işləyəndə Bakı Zooparkı tərəfdən gələn sürücülərə yol vermək lazımdır. Əksəriyyəti dirənir ki, Bakıxanov küçəsində "baş yol” nişanı varsa nə üçün zoopark tərəfdən gələnlərə yol verməliyəm?

Onları başa salmaq olmur ki, svetofor işləyəndə nişanlar qüvvədən düşür. O nişanlar ondan ötəridir ki, həmin yerdə svetoforlar işləməsə sürücülər nişanlara uyğun hərəkət etsinlər. Əgər orada svetofor işləməsə o zaman Bakıxanovdan gələnlər baş yolda olduqları üçün üstünlüyə malik olacaqlar.

Bütün bunları ona görə deyirik ki, hansısa küçədə svetofor işləməyəndə və ya yanıb-sönən rejimdə olanda qəzalar baş verməsin, sıxlıq yaranmasın. Və heç bir səbəb olmadan yol polisini və digər qurumları asıb-kəsmək lazım deyil. Qaydalara əməl et, nişanlara bax, sağı-solu gözlə, evə də sağ-salamat və vaxtında get. Yoxsa haradasa svetofor işləməyəndə foto-video çəkib məzəli əhvalat kimi gülmək lazım deyil.

Söhbət Bakıdan gedirsə demək lazımdır ki, paytaxt ərazisində yüzlərlə yolayrıcı və yol birləşməsi var. Onların hər birinə bir yol polisi əməkdaşı qoymaq mümkün deyil. Bunu etmək o deməkdir ki, sürücülər heç nə bilmir, yol polisi küçədə onları idarə edir. Amma əslində qaydaları bilənlər, əməl edənlər var. Bununla yanaşı, yolayrıcında fürsətcil və qayda pozmağa meyilli sürücülər o qədər çoxdur ki, qaydaya əməl edənlər onların arasında itib-batır və yaxud da, onlar kimi sürməyə məcbur olurlar. Görünür, elementar yolayrıcını keçmə qaydasını pozanlar üçün daha ciddi cəzalara ehtiyac var. Çünki belələrinin etdiyi hərəkət normal hərəkət deyil. Məsələn, sürücü bilir ki, "Stop xətti” keçib yolayrıcına daxil olsa hərəkəti sona qədər davam etdirə bilməyib sıxlıq yaradacaq, kiminsə yolunu kəsəcək. Amma bunu edirlər. Hansı ki, svetoforda və ya yolayrıcının baş tərəfində dayanıb gözləsə daha mədəni sürücü kimi yadda qalardı.

Bəzi sürücülər qarşıda sıxlıq olduğunu görür, lakin onun dayandığı istiqamətdə svetoforun yaşıl işığı yanan kimi hərəkət edib yolayrıcına daxil olur və yolu kəsir. Soruşanda da deyir ki, svetoforuda yaşıl işıq işıq yanır, yol mənimdir. Bu, onun bildiyi qaydadır. Amma bilib əməl etmədiyi qayda da var ki, ona sərf eləmir və özünü bilmirmiş kimi aparır.

P.S. Yol polisinin kamerası və cəriməsi bir yana, yolda sıxlıq olduğunu görə-görə yolayrıcına daxil olub digər istiqamətdə gedənlərin yolunu kəsən sürücüləri çox pis söyürlər...


avtosfer.az


Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws