“Milli Məclisin ayrıca Hesablama Palatasını yaratmalıyıq”

Qüdrət Həsənquliyev: “Prezidentin parlamentdə xüsusi nümayəndəsi təyin olunsun”

2017-04-18 14:50:56 / 2110 dəfə oxunub

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Adalet.az-a müsahibə verib.

Sabahinfo.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, 2017-ci ilin I rübü geridə qaldı. Ötən günlərdə də prezident İlham Əliyev bu yöndə müşavirə keçirdi. Ölkədəki ictimai-siyasi durumu necə dəyərləndirirsiniz?

- Allaha şükür ki, ölkədə sabitlikdi, təhlükəsizlik təmin olunub. Müasir dünyada bu ən ciddi məsələlərdən biridir. Nəzərə alsaq ki, bizim əhatə olunduğumuz ölkələrin daxilində çox gərgin proseslər gedir. Biz islam dünyasının bir hissəsiyik və yenə də bizə yaxın ölkələrdə bugünlərdə qanlı terror hadisələri törədilir. Suriya, İraq kimi ölkələrdə vətəndaş müharibəsi uzun illərdi gedir və sonu görsənmir. Belə bir vəziyyətdə təhlükəsizliyin təmin olunması xüsusi qiymətləndirilməlidir. Mən həmişə söyləmişəm ki, sabitlik statistik yox, dinamik olmalıdır. Yəni bu təhlükəsizliyə görə, bu sabitlik elə bir vəziyyət yaratmamalıdır ki, ölkə durğunluq dövrünə qədəm qoysun. Necə ki vaxtilə Sovet İttifaqı 70-80-ci illərdə belə bir durğunluq dövrünü yaşamışdı. Ona görə də ölkənin ictimai-siyasi həyatı kifayət qədər dinamik olmalıdır. Ölkədə iqtisadi islahatlar sürətləndirilməlidir. Bir müddət əvvəl neftin qiyməti 40 dollar səviyyəsində idi. Artıq 55 dollar civarındadı. Bu da Azərbaycanı müəyyən mənada qane edir. Bu əsas verməməlidir ki, başladılmış islahatlar dayandırılsın, belə deyək islahatların sürəti azaldılsın.

- Dinamikanı dediniz. Azərbaycanda I Vitse-prezidentlik İnstitutu təsis olundu. Bunu siyasi müstəvidə bir dinamika kimi dəyərləndirsək, bəs iqtisadi yöndə hansı dinamikanı nəzərdə tutursunuz?

- Bilirsiniz ki, prezident iqtisadiyyatın müxtəlif sahələri, hardasa 11 istiqamət üzrə yol xəritəsini imzaladı. Fəaliyyət planını təsdiq etdi. Amma biz həmin o planın həyata keçirilməsi istiqamətində konkret operativ və çoxsaylı qərarların qəbul olunmasını görmürük. Əlbəttə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı müəyyən qərarlar qəbul olunur. Amma yenə də deyirəm, bu, qənaətbəxş deyil. Düşünürəm ki, daha sürətli iqtisadi islahatlar aparılmalıdır. Bu islahatların nəticəsi olaraq elə bir vəziyyət yaradılmalıdır ki, birinci ölkə xarici investorlar üçün çox cəlbedici olsun. İkincisi, Azərbaycan sahibkarı pulunu qonşu ölkələrə, tutaq ki, Rusiyaya, Gürcüstana, Türkiyəyə, Qazaxıstana və eləcə də başqa ölkələrə yatırmaqdan çox Azərbaycan iqtisadiyyatına yönəltməkdə maraqlı olsun. Yəni o qonşu ölkələrdən də bizə investisiya qoyulsun. Bunun üçün də bütün islahatlar paralel aparılmalıdır. Sahibkar, investor əmin olsun ki, onun əmlakı toxunulmazdır və qanunla qorunur. Əgər onun mülkiyyəti üçün təhlükə yaranarsa, o istənilən vaxt məhkəmədə öz haqlarını, hüquqlarını qoruya biləcək. Bu baxımdan hesab edirəm ki, kompleks şəklində islahatlar sürətləndirilməlidir. Bu islahatlar dediyim kimi sürətləndirilməsə, bəzi istiqamətlərdə, məsələn, köklü islahatlar aparılmasa, xüsusilə də iqtisadi sahədə, mən hələ siyasi sistemi qoyuram bir kənara, tutaq ki, neftin qiyməti 20 dollara düşsə, ölkə sıxıntılarla üz-üzə qalacaq. Bizə dönərli valyuta lazımdı. Bilirsiniz ki, ölkə müharibə vəziyyətində yaşayır. Napoleon demiş, «müharibəni süngüylə aparmırlar, müharibəni aparmaq üçün qızıl lazımdır». Valyuta olmasa müharibəni aparmaq mümkün deyil.

- Sahibkarların hüquqlarının qorunması aspektlərindən danışdınız. Sözünüzdən belə çıxır ki, bu istiqamətdə hüquqi cəhətdən hansısa boşluqlar var. İstər məhkəmə sahəsində, istər qəbul olunan qərarlarda sahibkarların hüquqları o dərəcədə qoruna bilmir.

- Parlamentdə bir dəfə də bununla bağlı məsələ qaldırılmışdı. Bir sahibkarın obyektini qanunsuz olaraq sökmüşdülər. Mətbuatın yazığından mən belə başa düşdüm. Çünki bunun əksi olsaydı, müvafiq orqanlar bunu təkzib edərdilər. Mətbuatda kütləvi şəkildə bu barədə yazıldığından parlamentdə bu məsələni qaldırdım ki, əgər günün günorta çağı sahibkara imkan verilmirsə ki, onun içindəki əmlakını çıxarsın, tutaq ki, məhkəmə qərarı olmadan və əmlakın əvəzi konstitusiyada yazıldığı kimi ədalətli şəkildə qabaqcadan ödənilmədən əgər uçurdulursa, istənilən sahibkar fikirləşər ki, sabah onun da əmlakı eyni qaydada uçurdula bilər. Ona görə də mülkiyyət toxunulmazlığı ilə bağlı, qanunun hüquqi təminatı ilə bağlı gərək hüquqi mexanizmlər yaradılmalıdır. Söhbət təkcə verilən vədlərdən getmir. İnsanlar adətən eşitdiklərinə yox, gördüklərinə inanırlar. Ona görə də biz elə bir vəziyyət yaratmalıyıq ki, bu kimi hallar Azərbaycanda baş verməsin. Tutaq ki, dövlət ehtiyatları üçün hansısa obyektlərin alınmasından söhbət gedirsə, hakimiyyət orqanları kifayət qədər səbirli davranmalıdırlar və bütün qanuni prosedurlara sona qədər əməl etməlidirlər. Hətta onun nə qədər müddət almasından asılı olmayaraq. Bəzi hallarda görürsünüz yol çəkilir. Yol çəkilən zaman vətəndaşların əmlakını vurub uçururlar. Bu yol deyil. Bu yola görə görün ölkənin imici haqqında nə qədər mənfi fikir formalaşdırırlar. Düşünürəm ki, hüquq müstəvisində məmurları da məsuliyyətə cəlb etmək imkanları olmalıdır. Sahibkarın əmlakı sökülüb, kim məsuliyyətə cəlb olundu ki? Mən bu barədə eşitmədim. Tanıdığım insanlar var ki, onların obyektləri sökülüb. Vəd verilib ki, konpensasiya ödəniləcək, amma hələ ki, heç nə ödənilməyib.

- Yeri gəlmişkən, yaxın günlərdə Aqrar Məsələlər Komitəsində deputatlar arasında bir gərginlik yaşandı. Səbəb qanun layihələrində deputatların fikirlərinin nəzərə alınmaması idi. Bu tendensiya hardan qaynaqlanır?

- Mən vaxtilə bu məsələni parlamentdə qaldırmışam. Prezidentin parlamentdə xüsusi nümayəndəsi təyin olunsun. Rusiyada da belə bir təşəbbüs olub. Həmin nümayəndə bütün parlamentin iclaslarında, o cümlədən komitə iclaslarında iştirak edir və ordakı fikirləri mütəmadi olaraq birbaşa prezidentə çatdırır. Qanunvericiliyin mükəmməl olması baxımından buna çox böyük ehtiyac var. Bizdə hazırda komitələrdə müzakirələr gedir. Bilirsiniz ki, bizdə qanunların hardasa 95 faizi, bəlkə də daha artığı prezidentin imzası ilə Prezident Administrasiyasından gəlir. Müzakirələrdən sonra komitə sədri, hörmətli Əli müəllim (Əli Hüseynli - Milli MəclisinHüquqsiyasəti və dövlət quruculuğu komitəsininsədri) deyir ki, bunu qanunvericiliyin subyektiylə, yəni qanuna göndərən orqanla müzakirə etməliyik. Müzakirələrin də nəticəsində çox vaxt dəyişikliklər nəzərə alınmır, yaxud nəzərə alınanda köklü şəkildə nəzər alınmır. Biri var bir nəfər gedib deputatın fikrini çatdıra, biri də var həmin qanunu parlamentə gətirən adam. Təbii ki, prezident ora savadlı hüquqşünas təyin etməlidir, həmin şəxs də gəlib parlamentdə deputatların arqumentlərini biləndən sonra həmin fikirləri prezidentin özünə çatdırmaq imkanı olmalıdır. Həmin şəxs də elə biri olmalıdır ki, o kimlərinsə vasitəsi ilə yox, birbaşa prezidentin özü ilə təması olsun. Yəni prezidentin komitə iclasından sonra bu şəxslə görüşmək imkanı olmalıdır. Mənim gəldiyim qənaət odur ki, hansısa nazirlik, dövlət orqanı özünə lazım olan formada qanunu aparıb təqdim edir Prezident Administrasiyasına, orda da üstünə dərkənar qoyub təqdim edirlər prezidentə. Belə olmaz. Düşünürəm ki, prezidentin parlamentdə səlahiyyətli nümayəndəsinə ehtiyac var.

- Qüdrət bəy. millət vəkili ilə yanaşı, eyni zamanda partiya sədrisiniz. Cəmiyyətdə baş qaldıran problemlərlə bağlı ictimai nəzarətin yaradılması yönündə əməkdaşlıq etdiyiniz partiyalarla məsləhətləşmələr olubmu?

- Çox təəssüf ki, Cənubi Qafqazda yeganə ölkəyik ki, bizim parlamentdə parlament fraksiyası yoxdu. Parlament fraksiyasının olmaması vəziyyəti bir az çətinləşdirir. Bizdə 25 nəfər nəzərdə tutulub ki, parlament fraksiyası yaradılsın. Bu da indiki siyasi reallıqlarda qeyri-mümkündür. Onun üçün də nə alternativ məruzələrlə çıxış etmək mümkündür, nə hər hansı məsələni ciddiyyətlə parlament rəhbərliyinin qarşısına qoymaq mümkündür. Burda yalnız fərdi qaydada çıxışlar olur ki, onun da Fəzail müəllimin söylədiyi kimi, effekti olmur. Mən bayaq dedim ki, bütün diqqət yönəlməlidir iqtisadi sahəyə, amma siyasi islahatlar da davam etdirilməlidir ki, ölkədə sağlam və güclü müxalifət formalaşa bilsin. Bir çox nöqsanlar da, söylədiyim məmur özbaşınalığı ölkədə güclü müxalifətin olmaması ilə bağlıdır. Bir məmuru yüngül tənqid et, səhər bir məsələ ilə bağlı ona zəng et, heç sənin zənginə cavab verməyəcək. Nə qorxmurlar, nə çəkinmirlər, özlərini o qədər sərbəst hiss edirlər ki. Başqa ölkələrdə belə deyil. Parlamentin hökumətə təsir imkanları olmalıdır. Bizdə bunu məmurlar hiss edirlər ki, təsir kifayət qədər güclü deyil. Ona görə də bildiklərini edirlər. Misal üçün, dövlətsatınalmaları ilə bağlı qanun layihəsi gəldi və Cinayət Məcəlləsində dəyişikliklər edildi. İndi Hesablama Palatasının son rəyi haqqında da məlumatlar var ki, kifayət qədər hərraclar keçirilmədən, tamamilə nazirlər, komitə sədrləri öz istədikləri kimi dövlət vəsaitindən istifadə edirlər. Bu da onu göstərir ki, maliyyə nəzarəti düzgün təşkil olunmayıb. Beynəlxalq bankda baş verənlər bunu əyani sübut edir. Mən vaxtilə söyləmişdim ki, biz çox azsaylı ölkələrdən biriyik ki, orda iqtisadiyyat komissiyası büdcəyə nəzarət edir. Amma dünyanın bütün sivil ölkələrində büdcəyə nəzarət üzrə komitə var. Mən vaxtilə məsələ qaldırmışdım ki, Azərbaycanda büdcə və büdcəyə nəzarət üzrə ayrıca komitə yaradılmalıdır. Bu komitə il boyu həm büdcə layihəsinin hazırlanmasında iştirak eləməlidir, həm də büdcə vəsaitlərindən istifadəyə nəzarət etməlidir. Biz Milli Məclisin ayrıca Hesablama Palatasını yaratmalıyıq. Hesablama Palatası Milli Məclis tərəfindən formalaşdırılan qurumdur və Milli Məclisə hesabat verir. Amma vəsaitin xərclənməsinə nəzarət prosesində deputatlar bilavasitə iştirak etmirlər. Yenə də hansısa şəxslərin vasitəsilə iştirak edirlər. Amma dünyanın hər yerində biz görürük ki, komitə üzvləri, yəni konqrensmenlər, parlamentarilər özləri birbaşa bu proseslərdə iştirak edirlər. Əgər Azərbaycanda belə bir büdcə və büdcəyə nəzarətlə bağlı komitə yaradılacaqsa, mən düşünürəm ki, onun effekti daha çox olacaq. Özü də inkişaf etmiş ölkələrdə bu komitənin sədri birbaşa müxalifətdən təyin olunur. Əgər Azərbaycanda da belə bir qurum yaradılarsa, bu da öz töhfəsini vermiş olacaq.

- Siz dediyiniz komitə ilə bağlı iclaslarda maliyyə pozuntuları ilə bağlı ətraflı məlumat varmı?

- Bizim mətbuatda oxuduqlarımız kifayətdir. Hesablama Palatası parlamentdə hesabat verdi. Orda da bu məsələlər müzakirə olundu. Hesabata baxanda dəhşətli faktların şahidi olursan. Dəmiryol xətti üzərində xüsusi məlumatverici qurğuların quraşdırılması üçün dəyəri hardasa 52 milyon dollar olan bir avadanlıqlar 344 milyon dollara alınıb. Dəyərindən altı dəfə də baha. İsveç prokurorluğunda cinayət işi qaldırılıb. Bu 20 faiz torpağı işğal altında olan bir ölkənin, bir milyona qədər qaçqını olan bir dövlətin, bu insanların vəsaitidi. Vəsaitin bu cür amansızcasına dağıdılması şəxsən məni dəhşətə salır. Bu əmlakı oğurlayanlar o qədər fərasətsiz və bu xalqa düşmən kəsilmiş adamlardılar ki, bunların heç oğru kimi də qabiliyyəti yoxdur. Misal çəkim: 344 milyon vəsaitin 56 milyonu geri qaytarılacaq, 52 milyon da malın dəyəridi. Bu 344 milyonun qalanı gedib xarici şirkətlərə. Bunların oğru kimi də ləyaqəti yoxdur. Oğrular bir şeyi oğrulayanda gedib onu bölürlər. Prezident dəfələrlə vurğulayıb ki, büdcənin hər manatına qənaət olunmalıdır. Bunun üçün yeni nəzarətedici mexanizm yaratmaq lazımdır. O mexanizm yaranmadığı təqdirdə heç bir yüksək iradə, qətiyyət, siyasi iradə və əzmkarlıq bu vəziyyəti dəyişmək imkanına malik deyil.

- Buna nə mane olur?

- Kadr problemləri ciddidir. Baş sektordakı vəziyyət onu göstərir ki, bizim güclü mütəxəssislərə ehtiyacımız var. Düzdür, xaricə göndərilmiş gənclərimiz var. Amma onlar da gərək institutu bitirib qalıb orda işləyələr, bir az təcrübə toplayalar. Düşünürəm ki, artıq Avropada kifayət qədər təcrübə toplamış gənclər var, o gənclər də yavaş-yavaş cəlb olunmalıdır Azərbaycanda dövlət idarəetməsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə. Söylədiyim kimi, onlar bu proseslərdə yaxından iştirak etməlidirlər. Mən həmişə qeyd edirəm ki, Azərbaycanda rəqabətə davamlı iqtisadiyyat formalaşdırmaq üçün dünya miqyasında rəqabətə davamlı kadrlar lazımdır. Bunun üçün də elmin inkişafına diqqət yetirilməlidir. Hazırda Azərbaycanda durum bundan ibarətdir ki, hər il gənclər göndərilməlidir dünyanın ən yüksək reytinqli universitetlərinə və Azərbaycan özü üçün yüksək səviyyəli kadrlar hazırlamalıdır. Vaxtilə Azərbaycanda XX əsrin əvvəllərində ən çətin beynəlxalq tarixi şəraitdə məhz xaricə təhsil almaq üçün göndərilmiş azərbaycanlılar – istər Rəsulzadədən tutmuş, istər Topçubaşov olsun, onun ətrafı olsun, yaxud da kommunist tərəfi olsun, Nərimanov. Yəni bunların hamısı xaricdə – Moskvada, Peterburqda, İstanbulda, Parisdə – təhsil almış insanlar idilər və o insanlar həmin dövrdə bir dövlət qurdular. Onun üçün deyirəm ki, indi XXI əsrin əvvəlidi və bizim o cür istedadlı gənclərə ehtiyacımız var.




Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws