“Yaxın zamanlarda işğal altında olan bütün torpaqlarımız azad ediləcək”

Dilarə Cəbrayılova: "Azərbaycan regionda ən güclü orduya, beynəlxalq aləmdə isə yüksək imicə malik ölkəyə çevrilib"

2017-03-02 10:30:00 / 1656 dəfə oxunub

Azərbaycanda həyata keçirilən uğurlu daxili və xaric siyasət beynəlxalq aləm tərəfindən də yüksək qiymətləndirilir. Bununla kifayətlənməyən ölkəmiz yeni təşəbbüslərlə çıxış edərək dünya ölkələrinə töhvələr verməkdə davam edir. Bu və ya digər məsələlərlə bağlı suallarımız millət vəkili Dilarə Cəbrayılova cavablandırır.

- Dilarə xanım, son vaxtlar Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Sizcə, belə tədbirlər ölkəmizə nə vəd edir?

-Azərbaycanda son illər keçirilən beynəlxalq tədbirlər indiyə qədər ölkəmiz haqqında formalaşan mənfi təəssüratları dəyişir, respublikamızın imicinə müsbət təsir göstərir. Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik, əmin-amanlıq məkanıdır. Respublikamızda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor isə hakimiyyətin həyata keçirdiyi siyasi kursun ümummilli maraq və mənafeyə tam cavab verməsidir. Bütün bunlar Azərbaycanı yüksək sürətlə inkişaf edən ölkəyə çevirməklə yanaşı, mövcud ictimai-siyasi sabitliyin əsaslarının daha da möhkəmlənməsini şərtləndirən əhəmiyyətli faktor qismində çıxış edir. Məlum olduğu kimi benəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malikdir. Təşkilatçılıq, təhlükəsizlik, iqtisadi və kommunkasiya imkanları hər zaman həlledici rola malikdir. Bu baxımdan beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması belə tədbirlərə ev sahibliyi etməsi imkanlarını artırır və bir çox hallarda digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur. Eyni zamanda, belə tədbirlərin keçirilməsi Azərbaycana həm iqtisadi, həm də strateji baxımdan böyük fayda gətirir. Etibarlı tərəfdaş kimi tanınması ölkəyə investisiyaların axmasına, əməkdaşlığa açıq olması isə ölkəyə yeni texnologiyaların gəlməsinə səbəb olur. Bunlarla bərabər bu tədbirlər Azərbaycan həqiqətlərinin, Azərbaycanın ədalətli mövqeyinin dünyaya yayılmasına böyük təkan verir.

- Bu il Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olunub. Sizcə, Azərbaycan bununla beynəlxalq aləmə hansı töhvələr verə biləcək?

- Dövlət başçımızın Sərəncamı ilə 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan edilmişdi. Bu, Azərbaycan multikulturalizminin dünyada təbliği və təşviqi istiqamətində sistemli hərəkata çevrilən siyasi iradənin tərkib hissəsi idi. Məhz bu il çərçivəsində görülən işlər nəticəsində Azərbaycan dünyada multikultural dövlət imici əldə etmiş mərkəz kimi tanındı və bir çox dünya dövlətlərinə, o cümlədən Avropaya örnək oldu. Məlum olduğu kimi hazırda avropalılar əcnəbilərin, fərqli din və mədəniyyət daşıyıcılarının onların yaşadıqları cəmiyyətə inteqrasiya etmələrini istəmirlər və buna görə də Avropanın əksər dövlətləri uzun illər apardığı multikulturalizm siyasətindən rəsmi şəkildə imtina edir. Bu gün dünyanın əksər ölkələrində, eləcə də Avropada multikulturalizm və tolerantlıq sadəcə hüquq müstəvisində mövcuddur. Azərbaycanda isə multikulturalizm qeyd edilən bu faktorla yanaşı, özündə çoxəsrlik mənəvi kultu qoruyub saxlayır, xalqın yaşam tərzi olmaqla yanaşı, dövlət siyasətinin aparıcı istiqaməti kimi önə çıxır. Artıq Azərbaycan sistemli şəkildə həyata keçirdiyi və dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi multikulturalizm siyasəti nəticəsində qazandığı uğurlarla fəxr edə bilər. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsini isə "Multikulturalizm İli"nin məntiqi davamı hesab etmək olar. Prezident İlham Əliyev bütün siyasi addımlarını son dərəcə sistemli və bir-birini tamamlayan məqamlarda irəli sürür. İslam həmrəyliyi deyəndə biz Prezident İlham Əliyevin bu ideyaya daxil etdiyi son dərəcə həssas və dərin mətləbləri nəzərə almalıyıq. İslam həmrəyliyi ancaq İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyası deməkdir. Dövlətimizin başçısının Azərbaycanı bu il bu ideyaların, idealların mərkəzində duran, onları həyata keçirən bir ölkə kimi təsəvvür etməsi və o hədəflərə doğru cəmiyyəti, qurumları, sadə azərbaycanlıları dəvət etməsi ölkə daxilində də, beynəlxalq aləmdə də son dərəcə əhəmiyyətli, dünyamız üçün son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır. Əlamətdar haldır ki, bu istiqamətdə dövlət qurumları ilə yanaşı, qeyri-dövlət xəttilə də mühüm iş Etiraf edilməlidir ki, Azərbaycanın birinci vitse-prezidenti, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlər Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinə böyük töhfədir. Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Dünyada qloballaşmanın yayıldığı zamanda bu prosesə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası da məhz bu qlobal çağırışlara cavab verir. Unutmayaq ki, Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir.

- Bir neçə gün öncə Xocalı soyqırımının 25-ci ildönümünü qeyd etdik. Ancaq təəssüf ki, bu soyqırımı törədənlər hələ də cəzalararını almayıblar.

-Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq rəmzinə çevrilib. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə Ermənistan Respublikasının apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisidir. Bundan əvvəl azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdi. Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təşkil etmişdir. Bu dəhşətli cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur. Bununla birlikdə, bəzi xarici dövlətlərdən böyük miqdarda hərbi yardım alan Ermənistan Respublikasının silahlı qüvvələri Xocalı faciəsindən sonra tezliklə özünə gələ bilməyən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalını qısa müddətdə başa çatdırmış və ətraf rayonların zəbt edilməsi planlarının icrasına başlamışdır. Təəssüf ki, inditə qədər bu soyqırımın təşkilatçıları və icraçıları layiqli cəzalarını almayıblar. Ancaq ölkədə bu istiqamətdə mütəşəkkil şəkildə həyata keçirilən siyasət deməyə əsas verir ki, gec-tez bu qətliamı törədənlər cəzalarına çatacaqlar.

-Dilarə xanım, millət vəkillərinin beynəlxalq təşkilatlarda Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətindəki fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?

- Bizim millət vəkilləri sözün həqiqi mənasında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi işlər görürlər. Azərbaycanı beynəlxalq qurumlarda ləyaqətlə təmsil edir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması sahısində fəallıq göstərirlər. Etiraf edim ki, bu istiqamətdə böyük uğurlar da əldə edilib. Millət vəkillərimiz istənilən xarici səfərlərində Dağlıq Qarabağ problemi, eləcə də Xocalı soyqırımı haqqında ətraflı məlumat verirlər. İştirak etdikləri tədbir çərçivəsində iştirakçılara Xocalı faciəsindən bəhs edən əyani vəsaitlər paylayırlar. Paralel olaraq, millət vəkilləri iştirak etdikləri tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikili standartların mövcud olduğunu diqqətə çatdırırlar. Etiraf edilməlidir ki, Azərbaycan Respublikasının yeni təyin olunmuş Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük əmək sərf etmişdir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası sayəsində bir çox ölkələr Xocalı faciəsini pisləyib, onu soyqırım kimi tanıyıblar. Bu ölkələr sırasında Çexiya, Rumıniya, Bosniya və Herseqovina, Meksika, Pakistan, Peru, ABŞ-ın 20-dən artıq ştatı və digər ölkələr var. Millət vəkilləri tərəfindən eyni fəaliyyət bütün beynəlxalq təşkilatlar, eləcə də parlamentlərarası əlaqələr üzrə işçi qrupları səviyyəsində də aparılır. Dünya ictimaiyyətinə Xocalı soyqırımının çatdırılması, xalqımıza qarşı erməni millətçiləri tərəfindən törədilmiş çoxsaylı cinayətlər barədə həqiqətləri çatdırmaq məqsədilə bu siyasət ardıcıl şəkildə davam etdirilir.

- Ermənistan cəbhə bölgəsində hərbi təxribatlarını davam etdirir. Sizcə, Azərbaycanın artan hərbi qüdrəti belə təxribatların qarşısını almağa qadirdirmi?

- Ermənilər bizim gücümüzü yaxşı bilirlələr və başa düşürlər ki, müharibəyə başlasalar uduzacaqlar. Ona görə də müxtəlif təxribatlara əl atırlar. İşğalçı rejim bununla hakimiyyətini uzatmağa cəhd edir. Əslində isə ermənilər bir xalq, Ermənistan isə bir dövlət kimi çöküb. Ömürlərini uzatmaq üçün son vasitələrdən istifadə edirlər. Təəssüf ki, beynəlxalq ictimaiyyət bu məsələdə də ikili standart nümayiş etdir. Ancaq vəiyyət belə davam edə bilməz. Beynəlxalq aləm dərk etməlidir ki, Ermənistanın yürütdüyü işğalçı siyasət nəinki region, eləcə də bütün dünya üçün təhdidir. Nə qədər ki, bizim güclü siyasi iradəyə malik Prezidentimiz var, inanın ki, ermənilərin bütün cəhdləru uğursuzluğa düçar olacaq. Çünki Azərbaycan regionda ən güclü orduya, beynəlxalq aləmdə isə yüksək imicə malik ölkəyə çevrilib. Azərbaycan cəmiyyəti də ölkə başısının ətrafında sıx birləşməlidir ki, işğal altında olan torpaqlarımızı azad edə bilək. Bu halda ikili standartların da heç bir təsiri olmayacaq. İnanıram ki, Ali Baş Komandanın rəhbərliyi ilə yaxın zamanlarda işğal altında olan bütün torpaqlarımız azad ediləcək.

olaylar.az


Son xəbərlər
TEST
2017-09-14 17:32:10
HÜQUQİ DÖVLƏTİN BANİSİ
2017-07-29 12:48:11



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws