Məşhur sahibkar: “Fəhləlikdən başlamışdıq və…” – REPORTAJ+FOTOLAR

2017-05-08 13:48:38 / 1676 dəfə oxunub

 "MONZA” yağlarının Azərbaycanda rəsmi tərəfdaşı olan "QOMAS AVTO” ehtiyyat hissələri mağazasının sahibi, tanınmış iş adamı Qoşqar Əsədzadə Skrom.Net-ə müsahibə verib.

Sabahinfo.az müsahibəni təqdim edir:

– Qoşqar bəy, məlumdur ki, fəaliyyət göstərdiyiniz sahədə uğur qazanmaq olduqca çətindir. Bu sahə sizə nə üçün belə doğmadır?

– Bu sahənin bizə doğmalığı Türkiyə ehtiyyat hissələri bazarında yarandı. 1999-2005-ci illərdə Türkiyədə çalışan zaman bu sahəyə marağımız yarandı və getdikcə ixtisaslaşmağa başladıq.

– Necə oldu ki, Türkiyəyə gedib işləməyə qərar verdiniz?

– Məlum olduğu kimi, həmin illərdə iş barədə bir az çətinliklər vardı. Söhbət 1999-2000-ci illərin başlanğıcından gedir. O zaman Naxçıvan Muxtar Respublikasından bir çox soydaşımız Türkiyəyə işləmək üçün üz tuturdu. Biz də elə həmin zamandan qardaş ölkəyə gedib, orada çalışmağa başladıq.

– Bəs yaxşı, orada işləməyə gedərkən ağlınızda hansısa sahədə işləməklə bağlı fikirlər var idimi? Yoxsa bu sırf təsadüf nəticəsində baş verdi?

– Xeyr. Biz Türkiyəyə gedəndə heç bilmirdik hansı sahədə işləyəcəyik. Allahın yazısı elə oldu ki, bu sahədə çalışmağa başladıq. İlk günlər adi fəhlə kimi fəaliyyət göstərdik. Türklər buna çıraq deyirlər. Bir də var dəzgahdar. Dəzgahdar çıraqlıqdan bir pillə yüksəkdir. Daha sonra işimizlə fərqləndik və dəzgah bizə etibar edildi. Ondan da sonra təbii ki, bu işə olan maraq, bu peşəyə olan sevgi bizi daha da irəliyə götürdü və bu sənətin, peşənin sirrlərinə yiyələnməyə başladıq.

– Başladıq, işlədik deyirsiniz. Azərbaycanlılardan sizdən başqa da kimsə işləyirdi yanınızda?

– Bəli. Qardaşlarım da mənimlə birgə idilər. Daha dorusu onlar məndən daha öncə bu sahədə işləməyə başlamışdılar.

– Dəqiq zaman yadınızdadırmı? Təqribi olaraq da olsa…

– Qardaşım Asiman 1999-cu ildən başlayıb bu sahədə fəaliyyətə. Mən isə bir az gec, 2001-2006-cı illər aralığında bu sahədə çalışmışam.

– Maraqlıdır, Bakıya döndükdə artıq qərar vermişdinizmi bu sahədə fəaliyyət göstərməyə? Yoxsa ölkəyə döndükdən sonra buna qərar verdiniz

– Xeyr. Artıq biz Bakıya gələndə bütün hər şeyi düşünmüşdük. Düzdür, sizin də dediyiniz kimi, bir neçə nəfər bizə bildirdi ki, bu sahədə uğur qazanmaq, fərqlənmək və fərqli iş sərgiləmək olduqca çətindir. Lakin özümüzə olan inam, qətiyyətimiz bizə güc verdi və bu gün bu yerlərə gəlib çıxa bildik.

– Bu işə başlayan zaman haradansa maddi dəstəyiniz var idi?

– Heç bir maddi dəstəyimiz yox idi. Demək olar ki, 5-6 ay burada kirayə qala biləcək qədər pulumuz varıydı.

– Bəs necə oldu ki, bu qədər maddi sıxıntılar içində öz yolunuza davam edə bildiniz?

– Türkiyədə işlədiyimiz dövrlərdə orada qurduğumuz münasibətlər, işimizlə göstərdiyimiz fərqlilik bizim həmin vaxt yardımımıza gəldi. Orada işlədiyimiz yerin sahibi bizə ən böyük dəstəyi verdi.

– Olduqca maralıdır. Azərbaycanda kiminsə yanında işləyən insan bir gün ayrılıb getsə və özünün həmin sahədə biznesini qurmaq istəsə, bu cür nümunəni orada görmək olduqca çətindir.

Lakin siz bildirirsiniz ki, yanında işlədiyiniz insan sizin başqa bir ölkədə, sırf bu sahədə öz biznesinizi qurmağa dəstək olub. Burada daha bir sual ortaya çıxır, həmin insan nə yaxşı buna razı olub və dəstək verib. Yəni, sizin oradakı münasibətləriniz sırf işçi-müdir münasibətləri idi, yoxsa, tamam fərqli bir münasibət vardı?

– Gəlin etiraf edək ki, Türkiyədə iş rejimi, işə yanaşma tərzi bizdən çox fərqlənir. Yəni, olduqca ciddidir orada iş sistemi. Lakin bəzən onlar özünü doğruldan, püxtələşmiş işçilərinə o şansı verirlər və hətta qürur hissi ilə deyirlər ki, mənim yanımda yetişən işçi özünə ayrı bir iş qursun. Və həmin insanlara dəstək olurlar. Buna da nümunə olaraq özümüzü göstərə bilərəm. Bir məsələni də qeyd edim, hətta onlar onu da düşünürdülər ki, Azərbaycan bazarında qurulan hansısa bir işin onlara mütləq bir xeyiri olacaq.

– O zaman belə çıxır ki, onlar sizin vasitənizlə Azərbaycan bazarına girmiş oldular

– Bəli, tamamilə doğrudur. Hətta mən xatırlayıram, 2007-ci ildə biz bir neçə türk topdansatışı ilə məşğul olan iş adamlarını Bakıda olan mağazalarla tanış etdik. Hətta onlar Bakıya təzə-təzə gəlməyə başlamışdılar və hara gedəcəklərini bilmirdilər. Biz bu işdə onlara öz yardımımızı göstərdik.

– Bəs Türkiyədən başqa hansı ölkələrlə əməkdaşlıq edirsiniz?

– Dubaydan ehtiyyat hissələri alırıq. Və bir də hər kəsə məlumdur ki, "MONZA” yağlarının Azərbaycanda rəsmi tərəfdaşıyıq. Bu yağlarsa Almaniyada istehsal edilir. Bu ölkə ilə də sıx əlaqələrimiz var.

– Dubaydan alınan ehtiyyat hissələrinin keyfiyyəti və orijinallığı nə dərəcədədir?

– Tam olaraq Almaniyanın bredləridir. Sadəcə Dubay azad iqtisadi zona olduğu üçün oraya gətirilir və biz də məhsullarımızı oradan sifariş edib, alırıq. Müştərilər bu cəhətdən rahat ola bilərlər. Ehtiyyat hissələrinin zəmanəti də öz yerində.

– Bakı şəhərində nə qədər mağazanız var?

– Hazırda 3 mağazamız,2 avtoservisimiz fəaliyyət göstərir.

– Müştərilərin şikayəti olurmu? Hansısa məhsul yarasız olduqda və müştəri bununla bağlı sizə şikayət ünvanladıqda bunu aradan qaldırmaq üçün hansı tədbirlər görülür?

– İlk öncə onu deyim ki, bizim üçün ən üzücü hal müştərinin bu mağazalar şəbəkəsindən əliboş və narazı getməyidir. Belə hallar baş verdikdə isə, biz birbaşa müştərinin şikayətini qəbul edirik. Çünki, müştəri hər zaman haqlıdır. Və heç bir müştəri istəməz ki, aldığı məhsul xarab çıxsın, avtomobilindən sökdürüb geri qaytarsın. Eyni məhsuldan ikinci şikayət gəldikcə isə, həmin xarab malı geri qaytarıb başqa brendlə əvəzləyirik. Müştəri bu mağazalardan razı getməlidir, çünki bizi biz edən müştəri kütləsidir. Onlar olmasa, biz də də olmarıq. "QOMAS”ları "QOMAS” edən bəlli bir kütlə var. Misal üçün, 10 il əvvəl tanıdığım bir insan, hələ də bizi seçir və bu bizim üçün olduqca qürurverici haldır.

– Bayaq ötəri də olsa bu barədə danışdıq. Siz Azərbaycanda "MONZA” yağlarının rəsmi tərəfdaşısınız. Və bir faktı da qeyd edək ki, bu gün Azərbaycan avtomobil bazarında bu sahədə fərqlənmək olduqca çətindir. Necə oldu ki, bu yağların Azərbaycanda satışına qərar verdiniz?

– Bu yağın istehsal olduğu zavoda demək olar ki, beş il ardıcıl olaraq məktub yazırdım. Buna səbəb isə, mağazalarımızın yağ sahəsindən axsaqlıq hiss etməsi idi. Mağazalarımızı sürət qutusu və mühərrik yağları ilə təmin edəcək bir brend lazım idi. Bizdə də bir fikir vardı ki, Almaniya bazarından sırf "QOMAS AVTO”lar üçün öz brend yağımızı gətirək. Və nəhayət uzun sürən məktublaşmalardan sonra mən həmin zavoda dəvət olundum.

Təbii ki,gomasavto.azsaytından bizi izləmişdilər, mağazalar şəbəkəsinə baxmışdılar və fəaliyyətimizi yaxından öyrənmişdilər. Bundan sonra Almaniyadan dəvətnamə gəldi və mən həmin ölkəyə yola düşdüm. Bundan sonrası da məlumdur ki, "MONZA” yağlarını Azərbaycana gətirdik, insanlarımıza həmin yağın keyfiyyətini əyani olaraq göstərdik.

– Harada yerləşir həmin zavod?

– Almaniyanın Hannover və Bremen şəhərlərinin yaxınlığında olan Ankum şəhərində yerləşir. Yağlar sırf Almaniyada istehsal olunur. Və onu da qeyd edim ki, biz adıçəkilən zavoda hər il fəal müştərilərdən 5-6 nəfərini qonaq aparırıq. Və sizin saytınızın vasitəsilə bunu da açıqlayım ki, bu ilin avqust ayında daha bir səyahətimizi planlaşdırırıq.

– Səyahətlər neçə dəfə olub?

– Artı iki dəfə bu səyahətlər həyata keçirilib. İnşallah üçüncü səyahətimizə də hazırlıq işləri görürük.

– Həmin insanların oraya aparılmasında məqsəd nədir?

– Bir daha vurğulayım ki, oraya gedən insanlar bizim fəal müştərilərimiz və istehlakçılarımızdır. Həmin insanlar "MONZA” yağlarının istehsal olunduğu zavodla tanış olur, istehsal prosesinə yaxından şahidlik edirlər, keçirilən treninqlərə qatılırlar və hətta gedənlərin arasında zavodda keçirilən dərslərə qatıldıqları üçün sertifikat alanlar da var. Bundan əlavə, səyahət çərçivəsində onlar böyük şəhərlərdə olurlar, avtoservisləri gəzirlər.

– Bütün məsrəfləri siz ödəyirsiniz?

– Bəli, "QOMAS AVTO” olaraq həmin zavodla qarşılıqlı əməkdaşlıq edirik. Yəni, yol hissəsini biz qarşılayırıq. Qonaqları qarşılamaq, qonaqlamaq və yola salmaq isə, zavodun öhdəsinə düşür.

– "MONZA” yağlarında neçə adda məhsul var?

– "MONZA” yağlarının zavodunda 230-250 arası məhsul var. Bunlardan 170-ə yaxın məhsulu biz artıq Azərbaycana gətirmişik. Və demək olar ki, bu gün biz müştəriləri istənilən yağ çeşidləri ilə tam təmin edə bilirik. Bir şeyi də qeyd edim ki, əlavə olaraqgomasavto.azsaytında məhsul seçimi deyilən bir bölüm var. O bölümə daxil olduqda, monza-oil.de saytına girmiş olursunuz ki, bu da Monza yağlarının Almaniyadakı rəsmi saytıdır. Müştərilər həmin bölümə daxil olmaqla öz avtomobillərinə uyğun olan yağ çeşidini məhz özləri seçə bilirlər. Avropa yağ assosiasiyasının tələblərinə uyğun olan, istehsalçı zavodlarla birgə hazırlanan sistemə uyğun olaraq istehlakçı öz yağlarını seçə, idarə etdiyi avtomobilin zavod tərəfindən istifadə edilən yağını birbaşa özü "MONZA”da tapa bilər.

– Bəs Bakıdan kənarda, bölgələrimizdə fəaliyyətlə bağlı bir planınız varmı?

– Bizim ilk öncə hədəfimiz ondan ibarətdir ki, mal verdiyimiz, əməkdaşlıq etməyə başladığımız müştərilərlə yerindəcə gedib, özümüz tanış oluruq. Və onlarla bəzən 2-3 saat danışıq aparırıq, kiçik treninq keçiririk, həmin ustanın bizim yağı istifadə etmə qabiliyyətinə baxırıq, görürük ki, həmin usta hansı səviyyədə bu yağı işlədə bilir, bundan sonra razılıq əldə olunur.

– Yəni məhsul birbaşa ekspeditorla göndərilmir…

– Bəli. Hətta biz ekspeditorlara belə icazə vermirik ki, bu məsələ ilə məşğul olsun. Onar yalnızca gedib hansısa bir mağazada müşahidə aparır, daha sonra rəhbərlik olaraq biz həmin mağazaya yollanırıq. Yaxud istər media, istərsə də sosial şəbəkələr vasitəsilə onlar bizə müraciət edirlər. Bundan sonra həmin müştərilərin əlaqə telefonları götürülür, mağazalara öz nümayəndələrimizi göndəririk və onlar orada həmin mağazaların işləmə prinsipləri, həmin yağları satma qabiliyyəti ilə tanış olduqdan sonra biz özümüz həmin ünvana yollanırıq. Yəni, proses tam olaraq bu cür cərəyan edir. Bir şeyi də unutmayaq ki, bizim məhsulun istər yaxşı, istərsə də pis ad çıxarması ustaların əlindədir.

– Mümkünsə bu nüansa aydınlıq gətirərdiniz…

– İzah edim…Misal üçün "MONZA”nın 10/40 yağı yeni nəsil bir avtomobilə tökülür və həmin avtomobilin sahibi bizim yağdan narazı qalır. Amma ona uyğun olan 5/40 və 5/30 sintetik yağı istifadə olunar və həmin avtomobilin sahibi bizim yağlardan razı qalar. Deməli, bu birbaşa ustalardan asılıdır. Bayaq verdiyiniz sualın cavabına əlavə olaraq demək istəyirəm ki, rayonlarda hələbu kimi treninqlər edə bilmədiyimiz üçün bunu həyata keçirə bilməmişik. Lakin bu barədə düşünürük və yaxın gələcəkdə buna da nail olacağımıza şübhə etmirik.

– Azərbaycanda yaradılan biznes mühiti və iqtisadi vəziyyətlə bağlı düşüncələriniz nədir?

– Bu gün biz ticarətçilər, sahibkarlar üçün çox böyük şəraitlər yaradılıb. Buna görə də dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk. Mən Avropanı və digər 10-a yaxın dövləti tez-tez ziyarət edirəm. Tez-tez bir sual verirəm ki, sizdə kiçik bir yer açmaq üçün nələr tələb olunur? Hətta mən Almaniyada bizim nümayəndələrə yemək masası ətrafında bu sualı verdim. Onlar mənə masada olan pizzanı göstərdilər. Bir növ obrazlı şəkildə izah etdilər ki, bu pizza bir biznes sahəsidirsə bu pizzanın bir dilimi sənə çatır, qalanı vergi və xərclər olaraq dövlətə ödənir. O müqayisə ilə desək, bizdə pizzanın yarıdan çoxu səninkidir. Demək istəyirəm ki, bu gün bizdə olduqca rahat və şəffaf biznes mühiti yaradılıb. Əlbəttə ki, üzərimizə düşən öhtəlikləri düzgün yerinə yetiririksə, demək hər şey qaydasında gedəcək.

– Qoşqar bəy, gözəl və səmimi söhbət üçün sizə təşəkkür edirik.

– Mən təşəkkür edirəm.




Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws