PAMBIQÇILIĞIN İNKİŞAFI MƏSƏLƏLƏRİNƏ DAİR MÜŞAVİRƏ KEÇİRİLDİ

2017-05-23 20:06:28 / 4803 dəfə oxunub
 Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının geniş akt zalında Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində ölkə başçısının nitqindən irəli gələn vəzifələrlə bağlı müşavirə keçirildi.

Sabahinfo.az xəbər verir ki, müşavirədə Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, İƏD üzrə nümayəndələr, aidiyyatı idarə-müəssisə və təşkilatların rəhbərləri, bələdiyyə sədrləri, pambıqçılıqla məşğul olan kəndli-fermer təsərrüfatı rəhbərləri və pay torpaq sahibləri iştirak edirdi.

Müşavirəni ŞİH Başçısı Qoca Səmədov açdı və geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, ölkədə kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdəndir. Pambıq isə iqtisadi səmərəlilik baxımından qiymətli kənd təsərrüfatı məhsuludur. O, bu qiymətli və strateji əhəmiyyətli texniki bitkinin ölkəyə valyuta axınını təmin edən ixracyönümlü məhsul olduğunu diqqətə çatdırdı.

Sonra diqqəti ölkə başçısının sədrliyi ilə Saatlıda keçirilən məlum müşavirəyə çəkən natiq Prezident İlham Əliyev cənablarının geniş nitqindən, həmin nitqdən irəli gələn ciddi vəzifələrdən, dəyərli tövsiyə və göstərişlərdən danışdı, xüsusi qeyd etdi ki, vaxtilə ulu öndər Heydər Əliyev də Azərbaycanda pambıqçılığın inkişafına xüsusi önəm vermiş, həmin illərdə rayonumuzda da pambıqçılıq sahəsində müəyyən uğurlar qazanılmışdır.

Qoca Səmədov əlavə etmişdir ki, dövlət başçısının həmin müşavirədəki nitqi fəaliyyətimizə stimul verməklə rayonumuzun əmək adamlarını bu sahənin inkişafı məqsədi ilə daha yaxşı işləməyə, qoyulan hədəflərə çatmaq üçün səylə çalışmağa ruhlandırıb.

ŞİH Başçısı qeyd etdi ki,ölkə başçısınının aydın, məzmunlu, proqram xarakterli çıxışında qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsinə cavab olaraq işimizi günün tələbləri səviyyəsində qurmaq üçün bütün imkanlarımızı səfərbər etmişik. Bunun üçün Tədbirlər Planı hazırlanıb təsdiq olunmuşdur.

Ötən il Yevlax pambıqçılarının qazandıqları uğurlardan məmnunluğunu ifadə edən natiq cari ildə "ağ qızıl” əkini sahələrinin 2000 hektara çatdırılacağını, bu məqsədlə indiyədək 261 istehsalçı ilə müqavilə bağlandığını, pambıq əkini üçün nəzərdə tutulmuş sahələrin vaxtında, keyfiyyətlə və optimal müddətdə şumlanıb, malalandığını, suvarma kanallarının, kollektor-dren şəbəkələrinin lildən təmizlənərək qaydaya salındığını, arat, şırımlama, səpin, becərmə üçün lazım olan kənd təsərrüfatı texnikalarının saz vəziyyətə gətirildiyini vurğuladı: – Bir sözlə, rayonda mövcud olan bütün potensial imkanlardan yaralanaraq demək olar ki, mövsümə tam hazırıq.

ŞİH Başçısı çıxışında ötən il pambıqçılıqla yanaşı aqrar sektorda mühüm əhəmiyyət kəsb edən digər kənd təsərrüfatı məhsullarının istehsalında da irəliləyiş olduğunu, cari ildə, xüsusilə, barama istehsalını daha da artırmaq məqsədi ilə ciddi iş aparıldığını, daha məhsuldar yeni çəkil bağlarının salındığını, tütün, fındıq kimi gəlirli bitkilər yetişdirilməsinə də diqqət yetirildiyini bildirdi.
Qoca Səmədov çıxışının sonunda bir daha imkanları götür-qoy etməyin, bütün qüvvələri səfərbərliyə almağın, havaların əlverişli keçməsindən maksimum səmərəli bəhrələnməklə çiyid səpinini qısa müddətdə başa çatdırmağın zəruriliyini bildirdi, Yevlax pambıqçılarının cari ildə daha çox və keyfiyyətli "ağ qızıl” yetişdirib Vətənə təhvil verəcəyinə inamı ifadə etdi və bu yolda hər kəsə uğurlar arzuladı.

Sonra söz kənd təsərrüfatı mütəxəssislərinə verildi.

Yevlax rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Zakir Rzayev rayonda pambıq əkininə hazırlıq və bütövlükdə kənd təssərrüfatı işlərinin gedişi barədə ümumi məlumat verdi. Rayonda pambıqçılığa olan münasibətə aydınlıq gətirən idarə rəisi, kənd yerlərində yaşayanların böyük həvəslə pambıq yetişdirmək yolunu seçdiklərini qeyd etdi: – Bələdiyyə və xüsusi torpaq sahələrində pambıq əkib becərmək üçün indiyədək rayonun 12 kənd və qəsəbəsindən 43 nəfər Kənd Təsərrüfatı İdarəsi ilə müqavilə bağlamışdır. Rayonumuzda cari ildə 2000 hektara yaxın əkinə yararlı sahədə pambıq əkilib-becərilməsi nəzərdə tutulsa da, məndə olan real fakta əsaslanaraq deyə bilərəm ki, artıq 2023 hektarda pambıq becərilməsi üçün müqavilə imzalanmışdır. Bunun 450 hektarı rayon Kənd Təsərrüfatı İdarəsi, 1573 hektarı isə "MKT-Yevlax” filialı ilə müqavilə bağlayanların payına düşür. Pambıqçılığa yüksək marağın oyanması birbaşa möhtərəm prezidentimizin son illər onların əməyinə verdiyi yüksək qiymətin, dövlət səviyyəsində göstərilən hərtərəfli diqqət və qayğının, bunun da nəticəsində kənd əhalisinin güzaranının yaxşılaşmasından qaynaqlanır. Yaradılan hərtərəfli münbit şərait söz yox ki, ölkənin bütün aqrar sektorunda çalışanlarla yanaşı yevlax pambıqçılarının da gəlirlərinin artmasına, rifah halının yaxşılaşmasına xidmət edəcəkdir.

"MKT-Yevlax” filialının direktoru Şaban Həsənov rayonumuzun pambıqçılarının keçən ilki fəaliyyətlərinə diqqət yönəltdi, 1514 hektarda 3677 ton xam pambıq yetişdirildiyini, rayon üzrə hər hektardan məhsuldarlığın 25,9 sentner olduğunu dedi. Bunu yaxşı göstərici kimi dəyərləndirən çıxışçı onu da xüsusi vurğuladı ki, ötən il əkin zamanı obyektiv səbəblər üzündən ləngimələr olmasaydı, məhsuldarlıq daha yüksək olardı: -Bütün bunlara baxmayaraq, pambıqçıların əli boşda qalmadı. Yetişdirdikləri 3677 ton pambığa görə istehsalçılar 366850 manat gəlir əldə etmiş 367700 manat subsidiya alaraq, ümumilikdə, 734550 manat xalis gəlir qazanmışlar.

Bu il 211 istehsalçı ilə müqavilə şərtləri bağladıqlarını, aqrotexniki işlərin görülməsi məqsədi ilə avans olaraq 99000 manat vəsait xərcləndiyni, pambığın satınalma qiymətinin artırıldığını, torpaqların məhsuldarlığına görə pambıq əkilmiş hər hektardan 20 sentner məhsul götürülməsinin nəzərdə tutulduğunu deyən natiq, fikrinə aydınlıq gətirərək bildirdi ki, hər hektardan 20 sentnerdən çox məhsul toplayıb təhvil verən fermerlərə həmin məhsul üçün əlavə bonus veriləcəkdir:-Vəziyyətin gedişindən belə qənaətə gəlirəm ki, rayonumuzun pambıqçıları bu il daha böyük nailiyyətlər qazanacaqlar. Bunun üçün hər cür şərait və imkan vardır.

Suvarma Sistemləri İdarəsinin rəisi Minnət Mürsəlov elin qiymətli sərvətinin yetişdirilməsində melioratorların da üzərinə böyük vəzifələr düşdüyünü söylədi. Bildirdi ki, bu istiqamətdə təxirəsalınmaz işlər görülmüş, yaz-əkin kampaniyasının vaxtında və yüksək keyfiyyətlə öz həllini tapmasında əllərindən gələn köməyi etməyə çalışacaqlar.

Sonra söz kənd təsərrüfatının digər sahələri ilə məşğul olanlara verildi. Barama yetişdirməklə ailə büdcəsinə xeyli gəlir gətirmiş Yenicə kənd sakini Zəhra İsmayılova ötən il az miqdarda toxum götürdüyünə görə təəssüfünü bildirdi, bu il daha çox barama məhsulu yetişdirəcəyini qarşıya məqsəd qoyduğunu dedi.

Aşağı Bucaq kənd İƏD üzrə nümayəndə Raqif Musayev kəndlərinin dağətəyi ərazidə yerləşməsi səbəbindən fındıq əkib-becərməyə önəm verdikləri, 5 hektarda yeni fındıq bağı saldıqları, gələcəkdə fındıq bağlarının ərazisini daha da genişləndirəcəkləri barədə danışdı.

Müşavirədə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov öz çıxışına martın 28-də möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sədrliyi ilə Saatlı rayonunda 22 rayonun rəhbərlərinin, kənd təsərrüfatı mütəxəssislərinin, pambıqçılıqla məşğul olan kəndli-fermer təsərrüfatları nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədən aldığı zəngin təəssüratlarını diqqətə çatdırmaqla başladı. Ölkədə qeyri-neft sektorunun inkişafına dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğıdan danışan Prezident Administrasiyasınını rəsmisi bu istiqamətdə pambıqçılığa ciddi önəm verildiyini söylədi, ötən ilin uğurlarından danışdı, 2015-ci ili isə pambıqçılıqda ən uğursuz il kimi dəyərləndirdi.

Pambıqçılığa diqqət ayrılmasının vacibliyindən danışan natiq bu sahənin inkişafının dövlətin iqtisadi qüdrətinin artmasına, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına, rifah halının getdikcə yaxşılaşmasına müsbət təsir göstərəcəyini dedi. Rayon pambıqçılarının ötən ilki fəaliyyətini yüksək dəyərləndirən natiq baramaçıların ünvanına da xoş sözlər söylədi. Onu da xoş müjdə kimi qeyd etdi ki, 2019-cu ilədək ölkədə barama istehsalı 300 min tona çatdı- rılarsa, Şəki İpək Kombinatının fəaliyyəti bərpa olunacaq.

Yaz-əkin kampaniyasına start verildiyi ərəfədə ŞİH Başçısı Qoca Səmədovla birgə rayonun təsərrüfatlarını gəzdiyini, hər yerdə qaynar işin şahidi olduğunu vurğulayan dövlət rəsmisi ölkə başçısının göstərişi ilə rayonumuzda 5000 hektarlıq böyük bir ərazidə Aqropark salınacağını, yüzlərlə insanın ictimai-faydalı əməyə cəlb olunacağını dedi, kənd təsərrüfatının bütün sahələrində 2017-ci ilin bol məhsulunun təməlinin qoyulmasında müvəffəqiyyətlər arzuladı.

Müşavirəni Qoca Səmədov yekunlaşdırdı.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!