Əhalinin gəlirləri hara xərclənir?

2017-05-24 12:45:48 / 1048 dəfə oxunub

2016-cı ildə əhalinin gəlirlərinin 76,3%-i son istehlak xərclərinə, 8,4%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 12,4%-i isə yığıma yönəldilib.

Bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

Qeyd olunub ki, əhalinin sərəncamında qalan gəlirlər 41560,1 mlrd. manat təşkil edərək əvvəlki ilin müvafiq göstəricisindən 8,8% çox olub. 2016-cı il üçün dövlət büdcəsinin layihəsi ilə bağlı təqdim edilmiş "Büdcə zərfi”nə daxil olan məlumatlara görə əhali xərclərinin həcmi 34389,1 mln. manat proqnozlaşdırılıb, ilin sonuna isə faktiki rəqəm 39773,4 mln. manat təşkil edib. 2016-cı ildə əhalinin qənaətinin həcmi əvvəlki illə müqayisədə 27,1% (2015-ci ildə 23,7%) azalıb. 2014-2016-cı illərdə qənaətin strukturunda həm maliyyə aktivləri üzrə, həm də qeyri-maliyyə aktivləri üzrə azalma müşahidə edilib. 2016-cı ildə də əhalinin qənaətinin azalmasını əsasən hesabat ilində son istehlak xərclərinin artması ilə də əlaqələndirmək olar. Belə ki, istehlak qiymətləri üzrə artım, o cümlədən, ərzaq məhsulları üzrə müşahidə edilmiş qiymət artımı əhalinin istehlak xərclərinin artımını şərtləndirib. Hesabat ilində əhalinin adambaşına düşən gəlirləri orta hesabla 4709,8 manat və ya 7,5% artıb.

2016-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi ilə birlikdə təqdim edilmiş "Büdcə zərfi”nə daxil olan məlumatlara görə, ötən il üzrə orta aylıq əmək haqqı 474,5 manat məbləğində proqnozlaşdırılıb, DSK-nın ötən ilin yekunları üzrə verdiyi məlumatlarda görə, bu göstərici 498,6 manat təşkil edib. Hesabat ilində orta aylıq əmək haqqının əvvəlki illə müqayisədə artımı 6,9%, 2016-cı ildə ölkə üzrə yaşayış minimumu (136 manat) orta aylıq əmək haqqının 27,3%- nə bərabər olub. Ötən ildə yoxsulluq səviyyəsi əvvəlki illə müqayisədə 1 faiz bəndi artaraq 5,9% təşkil edib.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws