Tottinin vida nitqi: "Dəli kimi ağlayırdım..."

2017-05-29 16:22:11 / 1389 dəfə oxunub

"Roma"nın canlı əfsanəsi Françesko Totti 25 illik karyerasını başa vurub.

"Genoa" ilə oyundan (3:2) sonra kapitan vida nitqi söyləyib:"Təəssüf ki, artıq vaxt yetişib. Bu vaxtın gəlməyəcəyinə ümid edirdim. Son günlərdə mənim haqqımda o qədər xoş sözlər deyilib ki... Siz mənimlə oldunuz, çətin anlarda dəstək verdiniz. Buna görə hər kəsə təşəkkür etmək istəyirəm. Dəli kimi ağlayırdım. Ötən 25 ili unutmaq çox çətindir. Bu müddətin necə olması barədə həyat yoldaşımla danışmışam. Ana, ata, qardaşım, ailə və dostlarıma minnətdaram. Həyat yoldaşım və üç övladım sağolsun. Yaşadıqlarımı bir neçə sözlə ifadə etmək mümkün deyil. Bunu mahnı və ya poema vasitəsilə etmək istərdim. Amma şeiriyyatda zəifəm. Ayaqlarımla oyun vasitəsi ilə hisslərimi ifadə etməyə çalışmışam. Uşaqlıqda ən çox futbol oynamağı sevirdim. İndiyə kimi bir dəyişiklik yoxdur. Amma elə vaxt gəlir ki, böyüməli olursan. Mənə deyirdilər, zaman artıq qərarını verib. Zaman kürəyimə vurub bildirdi ki, böyümək lazımdır. Dedi ki, sabahkı gündən butslarını çıxar. Zaman mənə hiss etdirdi ki, artıq otun ətrini duymaq, günəş şüalarını üzümdə, qol sevincləri vaxtı adrenalin və xoşbəxtlik hiss etmək olmaz. Son aylar özümə sual verirdim ki, bu yuxudan niyə oyanıram? Sanki uşaq olanda bir yuxu görürsən, sonra anan səni məktəbə getmək üçün oyadır. Həmin yuxunun davamını görmək istəyirsən. Amma ona bir daha qayıtmaq qeyri-mümkündür. Bu dəfə söhbət yuxudan yox, real həyatdan gedir. Bu ismarıcı mənimlə böyüyən, bəlkə də, artıq özləri ata olan uşaqlara həsr edirəm. Karyeramı maraqlı hekayə hesab edirəm. İndisə onun ən pis hissəsidir. Artıq bu hekayə başa çatır. Sonuncu dəfə futbolkanı əynimdən çıxarıram. Formamı səliqə ilə yerinə qoyacam. Mən hər şeyin başa çatdığını elan etməyə hazır deyiləm. Bəlkə də, heç vaxt hazır olmayacam. Bu müddətdə müsahibə verib öz niyyətimi açıqlamadığıma görə üzr istəyirəm. İşığı söndürmək asan məsələ deyil. İndi qorxmuşam. Bu, penaltini yerinə yetirmək üçün qapının qarşısında duranda keçirdiyin qorxu hissindən fərqlidir. İcazə verin, yüngülcə qorxu yaşayım. Sizə ehtiyacım var. Həmişə mənə bəxş etdiyiniz istiliyə...Bunun sayəsində mən səhifəni çevirib yeni macəraya başlaya bilərəm. Komanda yoldaşlarım, məşqçilərim, klub rəhbərliyi, azarkeşlər, Cənub tribunasına təşəkkür etməyin zamanıdır. Həyatımın 28 ilini "Roma"ya verdiyim üçün fəxr edirəm. Hamınızı sevirəm!".

qol.az


Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws