Qazaxda şair Eldar Nəsiblinin anadan olmasının 65 illiyi qeyd edilib

2017-06-04 18:08:22 / 8087 dəfə oxunub

Qazaxda şair Eldar Nəsiblinin anadan olmasının 65 illiyinə və "Seçilmiş əsərlər” kitabının təqdimatına həsr olmuş tədbir keçirilib.

Qazax şəhərindəki Ədəbiyyat Muzeyində keçirilən mərasimdə rayon rəhbərliyi, Milli Məclisin deputatı Kamran Nəbizadə, Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, ziyalılar, şairin qohumları, aşıqlar, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

Sabahinfo.az xəbər verir ki, tədbiri rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov giriş sözü ilə açaraq Eldar Nəsiblinin "Seçilmiş əsərlər”inə onun müxtəlif illərdə yazılmış şeirləri daxil edildiyi bildirmişdir. Qeyd etmişdir ki, Eldar şeirlərində ana yurdun bənzərsiz gözəlliklərini, bəşəri hissləri, Vətən həsrətini özünəməxsus şəkildə vəsf edib. Dünyadan vaxtsız getməsinə baxmayaraq təkcə "Bura Qazaxdır, oğlum” şeiri ilə ürəklərdə yaşayır.

Tədbirin aparıcısı, AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışmışdır.

Sonra Milli Məclisin deputatı Kamran Nəbizadə, AYB Qazax zona filialının ədəbi məsləhətçisi Mustafa Rasimoğlu, Respublikanın əməkdar məşqçisi Ramiz Tağıyev, əməkdar jurnalist Sərhəd Məmmədov, şairlərdən Ələddin İncəli, Rəfael İncəyurd, Cavanşir Rüstəm, Saqif Qaratorpaq, publisist Səbinə Yusif Eldar Nəsiblinin həyat və fəaliyyəti, yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat vermişlər.

Eldar Nəsiblinin "Bura Qazaxdır, oğlum” şeirinə mahnı bəstələmiş Vahid Qurbanov çıxış edərək mahnının necə ərsəyə gəlməsindən danışmışdır. Aşıqlardan Saqif Məzəmli, Samir Cəlaloğlu, İlqar Qələmçəli qədim saz havaları üstündə şairin şeirlərini ifa etmişlər.
Şairin nəvəsi Leylanın ifa etdiyi babasının "Görünür” şeiri alqışlarla qarşılanmışdır.

Sonda şairin qardaşı, "Ocaq” qəzetinin baş redaktoru, şair Vəli Xramçaylı çıxış edərək tədbirin yüksək səviyyədə təşkil edildiyinə görə rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşova və Milli Məclisin deputatı Kamran Nəbizadəyə şairin ailəsi və öz adından dərin minnətdarlığını bildirmişdir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!