Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının rəsmiləri ilə görüşüb

2017-06-09 17:51:22 / 2210 dəfə oxunub

Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının rəsmiləri ilə görüşüb

Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov səfər çərçivəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş Direktorunun müavini, Avropa və Orta Asiya üzrə regional direktor Haynz Koller və BƏT-in Məşğulluq siyasəti şöbəsinin direktoru Azita Berar Avadla görüşlər keçirib.

S.Müslümov ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verib. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin islahatlar kursunda əmək resurslarının səmərəli məşğulluğuna şərait yaradılmasının, işçilərin əmək və sosial müdafiə hüquqlarının təmin olunmasının mühüm yer tutduğunu vurğulayıb. Respublikada əmək, məşğulluq, sosial müdafiə sahəsində fəaliyyət mexanizmlərinin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirildiyini diqqətə çatdıran nazir bu sahədə BƏT-lə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib: "BƏT-in Azərbaycan tərəfindən ratifikasiya olunmuş Konvensiyalarından irəli gələn məsələlərin həlli daim diqqətdə saxlanılır və BƏT prinsipləri milli qanunvericilikdə də öz əksini tapır. Bir çox sahələrdə Təşkilatla birgə layihələr icra olunub və müsbət nəticələrini verib. Ümumilikdə ötən dövrdə ölkəmizin BƏT-lə uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb və "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” bu təcrübə üzərində əlaqələrin daha da genişlənməsinə imkan yaradıb”. Ölkəmizdə yaradılan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyəti barədə məlumat verən S.Müslümov əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində aparılan işləri də diqqətə çatdırıb.

Keçirilən görüşlərdə Azərbaycanda əhalinin məşğulluğunun təmin olunması sahəsində görülən işlər, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı tədbirlər, xüsusilə "İşsizlikdən sığorta haqqında” qanun layihəsi və Məşğulluq Strategiyası layihəsi barədə ətraflı məlumat verilib.
BƏT rəsmiləri Azərbaycanın bu təşkilatla çoxşaxəli fəaliyyət istiqamətlərini əhatə edən əməkdaşlıq gündəliyini yüksək dəyərləndiriblər. Onlar qarşıdakı dövrdə də birgə işlərin uğurla davam edəcəyinə əmin olduqlarını ifadə ediblər.

Görüşlər zamanı BƏT-lə gələcək əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılıb.



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws