NEFT-KİMYA SƏNAYESİNİN İNKİŞAFI HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR

2017-06-22 11:43:35 / 2085 dəfə oxunub
Ulu öndər 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə ölkəmizə yeni ictimai-siyasi ab – hava, həyat coşqunluğu, yüksək iqtisadi inkişaf, bolluq-bərəkət, ürəklərə nikbinlik, sabaha böyük inam gətirmişdisə, 1993- cü ilin 15 iyununda Azərbaycan hakimiyyətinə yenidən tarixi qayıdışı ilə dahi, uzaqgörən bir siyasətçi kimi Vətənimizi və xalqımızı ağır bəlalardan və müsibətlərdən – dünyanın hərbi-siyasi uçurumuna yuvarlanmaqdan, imperiya qüvvələrinin caynağından, onların müstəmləkə asılılığından xilas etmiş, dövlətimizin müstəqilliyinin qorunmasını, onun demokratik, sivil bir ölkə kimi inkişafı və möhkəmlənməsini təmin etmiş, dünyanın qabaqcıl ölkələri sırasına çıxması üçün on illərlə irəliyə, xoşbəxt gələcəyə hesablanmış bütün zəruri tədbirlərin qətiyyətlə həyata keçirilməsinə nail ola bilmişdi… XX əsrin bütün türk dünyasına bəxş etdiyi və xalqımızın haqlı olaraq öyündüyü böyük düha sahibi, Azərbaycanın qüdrətli xilaskarı, ölkəmizin müstəqilliyi və azadlığı, bütün mənalı həyatını haqq işinə həsr etmiş mətin mübariz, dünya şöhrətli dahi siyasətçi Heydər Əliyev doğma Vətəninin və xalqının xoşbəxtliyi uğrunda yorulmaq bilmədən fədakarlıqla çalışmış, Ulu Tanrının onun taleyinə-qismətinə yazdığı tarixi missiyanı öz dərin zəkası və qətiyyəti sayəsində qalibiyyətlə, şərəflə başa çatdırmışdır. Ölkəmizin əsrlər boyu qüdrətli dühalar, elm-sənət korifeyləri yetişdirməsinə, zəngin elmi-intellektual potensiala, təbii sərvətlərə malik olmasına baxmayaraq, sovet hakimiyyəti vaxtında Azərbaycanda əhalinin həyat tərzinin digər respublika xalqlarının yaşayış səviyyəsindən geri qalması, maddi təminatının aşağı olması böyük vətənpərvər Heydər Əliyevi 1969-cu ildə hakimiyyətə gəldiyi ilk günlərdən ciddi narahat edir və düşündürürdü. O, respublika rəhbəri kimi bütün fəaliyyətini Azərbaycanı sürətli iqtisadi inkişaf yoluna çıxarmağa, onun maddi-texniki potensialını gücləndirməyə, əhalinin güzəranını yaxşılaşdırmağa yönəltmişdi. Azərbaycanı dünyanın yüksək tərəqqi etmiş ölkələri ilə bir sırada, sosial-iqtisadi və mədəni cəhətdən inkişaf etmiş, zəngin görmək istəyən dahi rəhbərimiz uzun illər ərzində bu sahədə çox böyük və genişmiqyaslı, fundamental işlər görmüşdür. Təsadüfi deyil ki, 1969-cu ildən başlayaraq Azərbaycanda sənayenin və kənd təsərrüfatının bütün sahələrində əldə olunun yüksək nailiyyətlər nəinki o dövrün Sovet mətbuatının, hətta xarici ölkə rəhbərlərinin və analitiklərinin nəzər-diqqətini respublikamıza yönəltmişdi. Həmin illərdə Azərbaycana gələn xarici nümayəndələr heyrətlərini gizlətmədən, qısa müddət ərzində belə sürətli inkişafa nəyin sayəsində nail olunduğu ilə xüsusilə maraqlanırdılar. Onlar bunu ilk növbədə respublikanın yeni rəhbəri Heydər Əliyevin ölkəni idarəetmə işində yüksək təşkilatçılıq bacarığı ilə əlaqələndirirdilər. Lakin bu, danılmaz bir həqiqət olsa da, çoxları respublikamızın inkişafında mühüm əhəmiyyətə malik iki başlıca amili unudurdular. Birincisi, Heydər Əliyevin həm o dövrdə, həm də sonrakı illərdə bütün fəaliyyətinin özəyində doğma xalqına olan böyük, sonsuz məhəbbəti dururdu. İkincisi isə hələ o vaxt aşkarlığa və demokratiyaya şərait yaradan, əmək adamına xüsusi diqqət və qayğı göstərən respublika rəhbərinin çox qısa zaman ərzində qazandığı böyük nüfuz, ona olan ümumxalq hüsn-rəğbəti, inam və etibar idi. Məhz haqq-ədaləti yüksək tutan, əsl zəhmət adamını layiqincə qiymətləndirən yeni rəhbərə olan inam və məhəbbətin, ehtiramın nəticəsi idi ki, respublikada hər kəs yüksək əmək coşqunluğu ilə, əzmkarlıqla çalışır, ölkə iqtisadiyyatının inkişafı üçün özünün qiymətli töhfəsini verirdi. Dünyada sürətlə baş verən iqtisadi-siyasi dəyişiklikləri, yeniləşmə proseslərini daim diqqət mərkəzində saxlayan respublika rəhbəri Azərbaycanın uzaq perspektivlər üçün güclü sosial-iqtisadi təminatını nəzərdə tutan müdrik ideyalarını elə ilk dövrlərdən reallaşdırmaq üçün mümkün olan bütün vasitələri səfərbərliyə almışdı. Azərbaycanın kənd təsərrüfatının və bütün sənaye sahələrinin dinamik, kompleks inkişafı məqsədilə özünün geniş proqramını həyata keçirən ulu öndər ölkənin kimya sənayesinin də sürətli tərəqqisinə, onun potensialının güclənməsinə nail olmaq üçün iri miqyaslı tədbirlərin reallaşması istiqamətində ardıcıl şəkildə məqsədyönlü və səmərəli iş aparırdı. Bu baxımdan dahi rəhbərin ölkənin kimya müəssisələrində iqtisadi cəhətdən daha səmərəli yeni istehsalat sahələrinin yaradılmasında, mövcud sex və istehsalatların genişləndirilməsində və mütərəqqi texnologiyalar əsasında modernləşdirilməsində xidmətləri əvəzsizdir. Yalnız yaşadığı dövrü yox, on illərlə sonranı görməyə qadir ulu öndərimiz hakimiyyətdə olduğu illərdə kimya sənayesinin kompleks inkişafı və kimyaçıların sosial-mədəni həyatının durmadan yaxşılaşdırılmasına müsbət 135 təsir göstərən mühüm tədbirləri ardıcıllıqla həyata keçirirdi. Vətənini, xalqını ürəkdən sevən Heydər Əliyev hələ 1969-cu ildə hakimiyyətə gələnədək keçmiş SSRİ rəhbərliyinin Azərbaycanın xalq təsərrüfatına, o cümlədən, kimya sənayesinə ögey münasibət bəslədiyini böyük narahatlıqla hiss edirdi. Təkcə bunu qeyd etmək kifayətdir ki, kimya müəssisələrinin istehsalat fəaliyyətinə respublikanın ciddi müdaxilə edə bilməməsi məqsədilə zavodlar birbaşa ittifaq nazirliklərinə tabe etdirilmişdi. Əslində respublikanın kimya sənayesi və onun inkişafı məsələləri ümumittifaq mənafeyinə tabe edildiyindən verilən qərarlar çox zaman Azərbaycanın maraqlarının ziddinə olurdu. Məsələn, o vaxt tam əsassız olaraq sulfat turşusu, natrium qələvisi, xüsusilə superfosfat gübrələrinin istehsal gücü respublikada yüksək templərlə artırılırdı. Çox zərərli olan sulfat turşusunun istehsal həcmi həmin dövrdə 3 dəfə (!) artırılmışdı. Xammalı Rusiyadan və keçmiş SSRİ-nin digər regionlarından gətirilərək, hazır məhsulu da elə Rusiyaya daşınan bir sıra kimya müəssisələrinin Sumqayıtda yerləşdirilməsi şəhərin onsuz da ağır olan ekologiyasına son dərəcə mənfi təsir göstərirdi. Respublika rəhbəri Heydər Əliyev bununla qətiyyən barışa bilmirdi ki, keçmiş ittifaq nazirlikləri çox vaxt Sumqayıtın kimya kompleksini açıq-aşkar təcrübə poliqonuna çevirir, texnoloji proseslər sınaqdan keçirilir və lazımi yüksək nəticə əldə edildikdən sonra həmin əsas istehsal sahələri digər regionlarda tikilib istifadəyə verilirdi. Bu cür münasibət Azərbaycanın kimya sənayesi müəssisələrində iqtisadi səmərəliliyin aşağı düşməsinə, rentabelliyin azalmasına səbəb olurdu. Məsələn, 1960- 70-ci illərdə ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişaf sürəti ümumittifaq səviyyəsindən xeyli aşağı idi. Sənayedə əmək məhsuldarlığının artım tempi orta hesabla ittifaqdakı 5,05 faizə qarşı 3,35 faiz idi. 1970-ci ildə maddi istehsal sahələrində çalışan hər adama düşən orta milli gəlir isə ümumittifaq səviyyəsinin cəmi 85 faizini təşkil edirdi. Dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun qətiyyəti və iradəsi sayəsində Azərbaycanın kimya sənayesinin yenidən qurulmasında, müasirləşdirilməsində əsaslı dönüş mərhələsi başlandı. Məhz Heydər Əliyev Azərbaycan iqtisadiyyatında kimya kompleksinin roluna xüsusi əhəmiyyət verdiyindən özünəməxsus müdriklik, qətiyyət və inadkarlıqla SSRİ-nin o vaxtkı rəhbər orqanlarında Azərbaycanın neftçıxarma və neft-kimya sənayesində əsaslı yenidənqurmanın inkişafı üçün xüsusi hökumət qərarlarının qəbul edilməsinə nail olmuşdu. 1971-ci ildə respublikada kimya sənayesinin qarşısında duran həlli vacib məsələləri diqqətlə araşdıran Heydər Əliyev ilk növbədə bu sahənin bütün texniki-iqtisadi və sosial baxımdan yeniləşdirilməsi proqramının yaradılması işini təşkil etməklə kimya sənayesinin inkişaf konsepsiyasının əsasını qoydu. Onun keçmiş Sovetlər İttifaqında böyük nüfuza malik olması, mövqe prinsipiallığı, işə gündəlik nəzarəti, eyni zamanda köməyi obyektlərin müəyyənləşdirilmiş vaxtda tikilib istifadəyə verilməsi üçün yüksək tələbkarlığı sayəsində neft emalı və kimya müəssisələrinin yenidən qurulması dövrün reallığına çevrilmişdi. Heydər Əliyev ittifaq rəhbərliyindən təkidlə Azərbaycanın kimya və neft-kimya strukturlarının təkmilləşdirilməsini, mənəvi və fiziki baxımdan köhnəlmiş, aşınmış istehsalat sahələrinin ləğv edilib, əvəzində müasir, iritonnajlı, tullantısız texnologiyaya malik müəssisələrin yaradılmasını, eyni zamanda, texniki və təbiəti mühafizə obyektlərinin tikintisini həyata keçirməyə imkan verən həlledici qərarların qəbulunu tələb edirdi. Ulu öndər müəllifi olduğu konsepsiyanın, kimyanın yüksəliş proqramının tam həyata keçirilməsi üçün məhz özünün şəxsi təklifi və təkidi ilə o zaman keçmiş ümumittifaq fondundan böyük həcmdə kapital qoyuluşu ayrıldı. Məhz Heydər Əliyevin uzaqgörən rəhbərliyi və yüksək təşkilatçılığı sayəsində 70-ci illərdə Sumqayıtın kimya sənayesi müəssisələrində müxtəlif istehsalat sahələrinin yenidən qurulmasının və yeni texnoloji istehsal sahələrinin yaradılmasından sonra mineral gübrələrin, plastik kütlələrin, sintetik qətranın, kauçuk və sulfanolun istehsalı 2 dəfəyə yaxın, məişət kimyası mallarının istehsal həcmi isə 2 dəfə artmışdı. Ulu öndərin kimya sənayesinin inkişafı ilə bağlı konsepsiyasında nəzərdə tutulduğu kimi, "Kimyasənaye” İstehsalat Birliyində (hazırkı "SAM” zavodunda) 1970-ci ildən başlayaraq, sex və istehsalat sahələrində avadanlıqların təzələnməsi, yeni texnologiyaların tətbiqi üzrə ardıcıl və məqsədyönlü tədbirlər görüldü. 1975-ci ildə neft parafinlərindən istifadə etməklə daha mükəmməl texnologiya vasitəsilə yeni sulfanol istehsalı kompleksi istismara verildi. 1971-ci ildə sintetik kauçuk zavodunda illik gücü 15 min ton olan butilkauçuk istehsalı işə salındı və müəssisə keçmiş SSRİ-də butil kauçukun xüsusi markalarını istehsal edən yeganə müəssisəyə çevrildi. Nəticədə həmin kauçuk növünün xaricdən alınmasına son qoyuldu və Bakı Şin zavodunu yerli xammalla təchiz etmək və hazırlanan şinlərin keyfiyyətini yüksəltmək mümkün oldu. 1976-cı ildə həmin müəssisədə butadien sexi işə salındı. Bir il sonra isə butadien-stirol, 1980-ci ildə butadien-nitril lateksləri, sonrakı ildə isə butadien-nitril kauçuku istehsal edən sex və qurğular istismara verildi. 1981-ci ildə ən müasir texnologiyaya və yüksək istehsal gücünə malik, qiymətli kimyəvi məhsullar olan etilen və propilen istehsalı üçün nəzərdə tutulmuş ” EP-300 ” kompleksinin inşasına başlanıldı. Həmin illərdə Sumqayıt kimya kombinatında (indiki "Üzvi sintez” zavodunda) yeni obyektlərin tikintisi daha sürətlə gedirdi. 1970-ci ilin dekabrında 10 min ton qliserin, 1971-ci ildə 40 min ton benzol və 33 min ton 136 izobutilen və polizobutilen, 1973-cü ilin mayında xlor və diafraqma üsulu ilə kaustik soda istehsal edən sexlər işə salındı. Elə həmin ildə propilen-qlikol qurğusu, bir il sonra dixloretan, 1975-ci ildə poliefir qətranı istehsal edən sexlər, 1980-ci ilin əvvəllərində isə istehsal gücü ildə 45 min ton olan divinil kompleksi, sonralar isə "EP- 300″ istehsalatının texnoloji tsiklini tamamlayan ən müasir texnologiyaya və polietilen istehsalı üzrə yüksək məhsuldarlığa malik olan, texnoloji avadanlığı xaricdən – Almaniya və Çexoslovakiyadan alınmış "Polimir- 120″ kompleksi istismara verildi. O dövrdə kənd təsərrüfatının perspektiv inkişafını və tələbatını nəzərə alaraq, Sumqayıt superfosfat zavodunda regionda ilk dəfə olaraq dənəvər fosfor gübrələri istehsal edən, yüksək məhsuldarlıqlı müasir texnoloji kompleks işə salındı. Bundan əlavə həmin illərdə əhalinin kimyəvi məişət vasitələrinə tələbatını dolğun ödəmək məqsədilə respublikada yeni sex və istehsalatların tikintisi də vüsət almışdı. 1978-ci ildə "Məişət kimyası” zavodunda müasir texnologiya əsasında tikilmiş yeni sexin işə düşməsi ilə müəssisənin istehsal gücü iki dəfə artırılaraq ildə 60 min tona çatdırıldı. Heydər Əliyevin uzaqgörən iqtisadi siyasəti nəticəsində 1971-ci ildə keçmiş SSRİ-də ilk dəfə olaraq Bakı şin zavodunda iri yük və yüngül minik maşınları, həmçinin kənd təsərrüfatı maşınları, motosikllər üçün şin istehsalı xətti işə salındı. Müəssisənin modernləşdirilməsi respublikanın iqtisadiyyatına mühüm təsir göstərdi. Ölkə rəhbəri Heydər Əliyevin müdrik iqtisadi siyasəti nəticəsində neft-kimya və kimya kompleksində geniş miqyaslı yenidənqurma tədbirlərinin həyata keçirilməsi sənayenin bu vacib sahəsinin Azərbaycan iqtisadiyyatında aparıcı yer tutmasını təmin etdi. 1980-ci illərin əvvəllərində ölkənin kimya kompleksində bütün sənaye potensialının 20 faizi cəmlənmişdi, sənayedə işləyənlərin səkkizdə biri məhz bu sahədə çalışırdı. Bəli, bu gün respublikanın kimya müəssisələrinin bir çox yeni istehsalat sahələrinin genişləndirilməsi, yeni texnologiya və avadanlıqların tətbiqi, həmçinin ölkənin kimya sənayesinin haqlı olaraq avanqardı sayılan nəhəng "EP-300″ və "Polimir-120″ komplekslərinin yaradılması, onların sayəsində əldə edilmiş uğurlar və böyük iqtisadi səmərə bilavasitə dahi rəhbərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun uzaqgörən iqtisadi siyasəti nəticəsində Azərbaycan hələ ötən əsrin 70-80-ci illərində bu cür müasir və unikal qurğulara malik olmuşdur. Ulu öndərin səyi nəticəsində yaradılmış iri kimya müəssisələri həmin dövrdə yalnız Azərbaycan iqtisadiyyatının deyil, bütövlükdə regionun inkişafında həlledici rol oynamışdır. Bir zaman ulu öndərin müdrikcəsinə və uzaqgörənliklə söylədiyi "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” sözləri respublikanın gələcək inkişafı üçün onun fikir və layihələrinin genişliyindən, əhatəliliyindən xəbər verirdi. Heydər Əliyev tərəfindən vaxtilə kimya kompleksinin inkişafı üçün yaradılmış zəngin istehsalat bazası əsasında bu gün ” Azərikimya ” Dövlət Şirkətinin müəssisələri respublikamızın mühüm sahələrini – Azərbaycan Dövlət Neft Şirkətini, kənd təsərrüfatını, həmçinin MDB və qərb dövlətlərinin müvafiq neft-kimya müəssisələrini, firmalarını öz qiymətli məhsulları ilə təchiz edir. Respublikamızın kimya kompleksinə daxil olan müəssisələr hazırda ikinci yüksəliş dövrünü yaşayır. Azərbaycan kimya sənayesinin bugünkü bütün uğurları, böyük perspektivə istiqamətlənmiş yüksəlişi xalqımızın müdrik rəhbəri, uzaqgörən siyasətçisi, iqtisadi islahatlar və yeniliklər müəllifi Heydər Əliyevin müstəqil Azərbaycanımızın iqtisadiyyatının dinamik və sürətli inkişafı, xalqın xoşbəxt gələcəyi naminə böyük və gərgin əməyinin real nəticəsidir. Heydər Əliyev 1993-cü ilin 15 iyununda Azərbaycan hakimiyyətinə yenidən qayıtdıqdan sonra ölkə kimyasının inkişaf etdirilməsi üçün bütün lazımi tədbirləri görmüş, onun tənəzzülə uğramasının qarşısını almışdı. Azərbaycanın kimya və neft-kimya kompleksinin daha sürətli inkişafını təmin etmək məqsədilə 1994-cü ildə böyük uğurlar vəd edən "Əsrin müqaviləsi” imzalandıqdan sonra kimya kompleksinin də müasir tələblərə uyğun səviyyədə qurulması, kimyaçıların tez-tez üzləşdiyi enerji probleminin birdəfəlik aradan qaldırılması məqsədilə Heydər Əliyev bu dəfə üzünü Şərqə – ən müasir və yüksək məhsuldarlıqlı texnologiyalar istehsalçısı olan Yaponiyaya tutur. Ulu öndərin 1998-ci ildə bu ölkəyə tarixi səfəri zamanı əldə olunmuş razılığa əsasən artıq bir il sonra Sumqayıtda etibarlı enerji mənbəyi olan buxar-generator kompleksinin özülü qoyuldu. Onun təkcə kimya sənayesi üçün deyil, bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyətini nəzərə alan Heydər Əliyev həmin kompleksin özülqoyma mərasimində iştirak edərək, kimyaçılar qarşısında proqram xarakterli geniş nitq söylədi. Ölkə Prezidentinin kimya sənayesinə diqqət və qayğısına cavab olaraq kimyaçılar yeni kompleksin tikintisini 2001-ci ilin iyulunda başa çatdırdılar. Azərbaycanın kimya sənayesinə bu qiymətli töhfəni kimyaçılara təqdim etmək üçün yenidən Sumqayıta gələn Heydər Əliyev həm bu sahədə çalışan minlərlə mütəxəssis və fəhlənin, həm də özünün istək və arzularının həyata keçməsindən böyük bir fərəh duyaraq, böyük nikbinliklə dolu olan çıxışında ölkə kimyaçılarına belə bir nəhəng enerji blokunun vaxtında istifadəyə verilməsinə görə öz dərin təşəkkürünü bildirdi. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə uzun illər ərzində yeni sənaye mərkəzi olan Sumqayıt şəhərində regionda ən böyük neft-kimya və kimya potensialına 37 malik istehsal sahələri yerləşdirilmiş, böyük texnoloji nəqliyyat, enerji, sosial-mədəni, səhiyyə obyektləri, elmitədqiqat institutları, təhsil ocaqları və digər infrastruktur yaradılmış, peşəkar kimyaçıların bir neçə nəsli yetişmişdir. Son illərdə isə ölkəmizdə zəngin karbohidrogen ehtiyatları istismara cəlb olunmuşdur ki, bu da yeni neft-kimya kompleksinin yaradılması və inkişaf etdirilməsi üçün böyük perspektivlər açmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə neft-kimya və kimya sənayesinin perspektiv inkişafı ilə bağlı göstərişlərinə uyğun olaraq "Azərikimya” Dövlət Şirkəti 2006-cı ilin əvvəllərindən başlayaraq beynəlxalq prosedur qaydaları üzrə neft-kimya sahəsində dünyada böyük təcrübəyə malik olan və tender üsulu ilə seçilmiş – texniki məsləhətçi "Technip ", texniki iqtisadi əsaslandırmanı hazırlayan "Nexant”, hüquq məsələləri üzrə məsləhətçi "White & Case ” şirkətləri və maliyyə məsləhətçisi "Societe Generale ” Bankı ilə birgə layihə üzrə lazımi texniki-iqtisadi əsaslandırma sənədləri toplusunu hazırlamışdır. Bu böyük layihənin həyata keçirilməsi Azərbaycanın daxili tələbatını ödəməklə bərabər "Azərikimya” Dövlət Şirkətinə dünya bazarında mövqelərini xeyli möhkəmləndirməyə imkan verəcəkdir. Ən müasir texnologiyalar əsasında yaradılacaq 19 zavoddan ibarət yeni kompleks geniş çeşiddə neftkimya məhsulları və azot gübrələri istehsalı üzrə nəinki regionda, həm də bütün MDB məkanında ən iri kompleks olacaqdır. Bu kompleksdə yüksək və aşağı təzyiqli polietilen, polipropilen, benzol və digər çoxsaylı neft-kimya məhsulları istehsal olunacaqdır ki, bu da iqtisadiyyatın tikinti materiallarına, plastik boru və profillərə, boya, lak və həlledicilərə, kimyəvi reagentlərə, rezin məmulatına, müxtəlif təyinatlı sintetik materiallara, mebel ləvazimatına, məişət avadanlığına, eləcə də sənaye və məişət təyinatlı qablara tələbatını tam təmin etməyə imkan verəcəkdir. Kompleksdə qazın separasiya üsulu ilə təmizlənməsi üçün xammal qurğusu, ammonyak və karbamid istehsal edən qurğu, buxar krekinqi qurğusu, dəniz suyunu təmizləyən qurğu, eləcə də müxtəlif olefinlər, poliolefinlər və ətirli neft-kimya məhsulları istehsal edən çoxsaylı qurğuların inşası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "2008- 2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda ölkəmizin kənd təsərrüfatının azot gübrəsi ilə təmin edilməsi məqsədilə bu məhsulu istehsal edən zavodun 2008-2010-cu illərdə tikilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar "Azərikimya” Dövlət Şirkətinin sifarişi ilə "Nexant” tərəfindən illik gücü 1 milyon ton olan karbamid zavodunun texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmış və hazırda layihənin növbəti mərhələləri üzrə işlər uğurla həyata keçirilməkdədir. Bu zavodun işə düşməsi ölkəmizdə bitkiçilik məhsullarının istehsalının artırılması üçün azot gübrələrinə olan tələbatı tam ödəməklə yanaşı artıq qalan gübrənin digər ölkələrə ixrac edilməsi nəticəsində iqtisadiyyatımıza əlavə valyuta axınına şərait yaradacaqdır. Yeni kompleksin inşasına hazırlıqla bağlı dünyanın ən nüfuzlu, bu sahədə zəngin təcrübəyə malik şirkət və firmaları ilə birgə artıq üçüncü ildir ki, aparılan gərgin və səmərəli işlər indi uğurlu sonluğunu gözləyir. Buna heç bir şübhə yoxdur. Çünki bütün görüləcək işlər çox möhkəm bir özül – Heydər Əliyev ideyaları üzərində dayanır!

Zeynal Əhmədov

" SOKAR Petroleum" QSC-nin 7 saylı Qazax Neft Terminal Bazasının direktoru


Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws