“GƏNCƏ MARAFONU – 2017”DƏ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN KOLLEKTİVİ YÜKSƏK FƏALLIQ GÖSTƏRİB

2017-09-19 20:33:23 / 4175 dəfə oxunub

Sentyabrın 17-də Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Gəncə Marafonu – 2017”də Gəncə Dövlət Universitetinin kollektivi yüksək fəallıq göstəriblər.

Gəncə Dövlət Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, marafonda universitet üzrə əvvəlcədən qeydiyyatdan keçmiş 2 min 700 gənc iştirak edib.

Həmin gənclərdən 12 nəfəri 17 kilometrlik məsafəni qət edərək finiş xəttini keçib. İştirakçılardan ən yüksək nəticəni universitetin Pedaqoji fakültəsinin 2-ci kurs tələbəsi Simuzər Nəbiyeva göstərib. Marafonçu finiş xəttinə 5-ci olaraq çatıb. Kişilər arasında isə ən yüksək nəticə Riyaziyyat – İnformatika fakültəsinin 4-cü kurs tələbəsi Rahib Musayevə məxsus olub. Marafonçu finiş xəttinə 13-cü olaraq çatıb. Ümumilikdə isə Gəncə Dövlət Universitetini təmsil edən 7 marafonçu ilk iyirmilikdə qərarlaşıb.

Qeyd edək ki, "İradənlə tarix yaz”, "Marafonda bizimlə ol” şüarı altında keçirilən yarışmaya hökumət nümayəndələri, Milli Məclisin deputatları, mədəniyyət xadimləri, eləcə də respublikamızın bölgələri ilə yanaşı Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İtaliya, İran və digər ölkələrdən olan 11 mindən artıq iştirakçı qoşulub.

"Gəncə Marafonu – 2017”nin qalibləri iki kateqoriyada – kişi və qadın iştirakçılar arasında müəyyənləşib. Kişilər arasında finiş xəttini ilk olaraq Türkiyə vətəndaşı Üzeyir Söyləməz, ikinci İrandan olan Mohammed Cəfər Muradi, üçüncü Gürcüstan vətəndaşı Omar Baikeyev keçib.

Qaliblərə mükafatı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, "Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev təqdim ediblər.

Qadınlar arasında isə birinci yeri Ukrayna vətəndaşı Valentina Poltavska, ikinci yeri Azərbaycan vətəndaşı Anna Yusipova, üçüncü yeri Böyük Britaniya vətəndaşı Nataşa Petersen qazanıb.

Xanım idmançılara mükafatları kikboksinq üzrə beşqat dünya çempionu, üçqat Avropa çempionu Zabit Səmədov, deputat Qənirə Paşayeva və Əməkdar Artist Röya Ayxan təqdim ediblər.

Qeyd edək ki, kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 min, 2-ci yerin qalibi 2 min, 3-cü yerin qalibi isə min manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunublar.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!