Gimnastika Federasiyası yubiley yaşını qeyd edir

2017-10-07 13:09:46 / 1879 dəfə oxunub

Bu gün - 7 oktyabr Azərbaycan Gimnastika Federasiyası (AGF) üçün əlamətdar bir gündür. Məhz 15 il əvvəl təsis konfransında hazırda ölkənin Birinci vitse-prezidenti olan Mehriban Əliyevanın AGF-yə prezident seçilməsi ilə rəsmi olaraq federasiyanın yenidən qurulması təsdiqləndi. Həmin gündən etibarən Azərbaycanda gimnastikanın inkişafı başlandı. Bunu başqa sözlə müstəqil Azərbaycanda gimnastikanın dirçəlişi də adlandırmaq olar.

Son 3 ildə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən fəaliyyəti ilə fərqlənən və mükafata layiq görülən federasiyalar siyahısına daxil olan AGF yenidən qurulma dövrünün ilk illərində gimnastikanın 3 növünün inkişafı ilə məşğul idi. 2013-cü ilin sonlarından etibarən isə AGF-nin fəaliyyəti FIG tərəfindən tanınan 7 gimnastika növünü əhatə edir.

Bu 15 il ərzində ölkədə gimnastikanın inkişafı əsas etibarilə dinamikliyi, əhalinin gimnastika növlərinə kütləvi cəlb olunması istiqamətində görülən işlər, dünya gimnastika ictimaiyyətində möhkəm mövqenin əldə edilməsi, eləcə də bütün başlanğıclarda qətiyyət və inamla xarakterizə olunur.

Azərbaycan gimnastlarının Avropa və dünya çempionatlarında mükafatlar əldə etməsi, idmançıların Olimpiya Oyunlarında iştirakı, Bakıda UEG (Avropa Gimnastika İttifaqı) və FIG-nin irimiqyaslı yarışlarının təşkili, bu strukturların rəhbər orqanlarına AGF nümayəndələrinin seçilməsi, 2002-ci ildə gimnastikanın dirçəlişindən bu günə qədər olan effektiv strategiyanın həyata keçirilməsinin nəticəsidir.

Gimnastikanın bütün 6 yarış növündə ixtisaslaşan və 2014-cü ildə istifadəyə verildiyi gündən Bakıda keçirilən irimiqyaslı beynəlxalq yarışlara ev sahibliyi edən Milli Gimnastika Arenası (MGA) öz unikallığı ilə ölkəmizə yalnız təlim-məşq toplanışına məmnuniyyətlə gələn gimnastları deyil, həmçinin müxtəlif ölkələrdən olan bütün idman həvəskarlarının diqqətini cəlb edir.

AGF-nin kollektivi başda onun prezidenti Mehriban Əliyeva olmaqla bütün gimnastika ictimaiyyətini federasiyanın yubileyi münasibətilə təbrik edir, 15 illik uğurlu fəaliyyətə səbəb olan yüksək idarəçilik bacarığı, göstərdiyi diqqət və dəstəyə görə Mehriban Əliyevaya dərin minnətdarlığını bildirir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!