Avropa 4 günlük iş həftəsinə keçir...

2017-10-10 10:50:34 / 4414 dəfə oxunub
Azərbaycanda isə bu, mümkün olmayacaq, çünki...

Avropada 4 günlük iş həftəsi ilə bağlı müzakirələr yenidən intensivləşib. Əslində bu məsələ çoxdandır müzakirə olunurdu. Hətta 2014-cü ildə Beynəlxalq Əmək Təşkilatı 4 günlük iş həftəsi təklifi ilə çıxış etmişdi. Alimlərin hesablamalarına görə, iş müddətinin azaldılması təkcə işçiyə yox, rəhbərliyə də xeyir imiş.

Öncə bu təşəbbüsün müəlliflərinin gətirdiyi arqumentlər haqqında danışaq. Belə ki, insan həftədə cəmi 4 gün işləsə, bu, hansı formada onun özünə və çalışdığı müəssisəyə, dolayısı ilə cəmiyyətə fayda verə bilər?

Öncə təbii ki, sağlamlıq gəlir. Bu, işçilərə sağlamlıq problemlərindən qaçmağa imkan verir. Ürək-damar xəstəlikləri, mədə-bağırsaqdakı problemlər, baş ağrıları, əsəb pozğunluğu - bütün bunlar çox çalışmanın fəsadları ola bilər. Hətta dünyaca məşhur işxorlar olan yaponlar belə çox işləməyin əks təsiri, gərginliyin ölümlə nəticələnəcəyi barədə maraqlı bir atalar sözü fikirləşiblər: ofisə hamıdan tez gələn adam "idiotdur”.

İş vaxtlarının azaldılması insanlara öz yaxınları ilə daha çox vaxt keçirməyə imkan verir. Bu isə stressi azaldır. Axı stress, anormal iş rejimi olan insanları öz iş yoldaşları ilə daha çox konfliktə cəlb edir. Bu isə xoşbəxtliyi azaldır.

Dörd günlük iş həftəsi qazanan işçinin maddi durumunda da yaxşılaşma ola bilər. Belə ki, əgər istəsə, yerdə qalan 3 gündə sərbəst iş fəaliyyəti ilə məşğul olub, daha çox pul qazanmaq imkanı əldə edə bilər. İqtisadi böhran şəraitində bundan ideal vasitə düşünmək mümkün deyil. Bunu təkcə iş gününü yox, həftəlik iş saatını azaltmaqla da etmək mümkündür. Məsələn, Cənubi Oktyabr inqilabının ildönümündə 6 günlük iş sistemi ləğv olundu.

Koreyada iş həftəsi 44 saatdan 40 saata qədər azaldıldığı üçün insanların məşğulluq və yaradıcılıq faizi də artıb. İş vaxtı heç də hər yerdə eyni deyil. Məsələn, Yunanıstanda bu orta hesabla 44 saatdır. Təəssüf ki, bu, ölkə iqtisadiyyatına o qədər də çox kömək etmir. Meksikada 48 saat olan iş həftəsi isə ölkə iqtisadiyyatına xeyir verir. Şimali Koreyadakı iş düşərgələrində isə vəziyyət faciəvidir - həftədə 110 saat.

İş saatı daha çox olan ölkələrin siyahısına isə Daminarka, Norveç, İsveç daxildir. Onluqda eyni zamanda İrlandiya, Almaniya, İsveçrə, Belçika, Avstriya və İtaliya da yer alıb. İlk üçlükdə yer alan ölkələrdə həftəlik iş saatı 33 saatdır. Almaniya, İsveçrə və Belçikada 35 saat, Fransada isə 36 saat.

Bir neçə il bundan əvvələ qədərsə 6 günlük iş norma sayılırdı. Məsələn, keçmiş SSRİ-də bu sistem Oktyabr İnqilabının 50 illiyi münasibətilə ləğv olundu və 5 günlük iş sisteminə keçildi. Bu keçid isə sosializmin uğuru kimi simvolizə olundu.

ABŞ-da həftəlik 40 saatlıq iş rejiminin əsası Henri Ford tərəfindən qoyuldu. 1922-ci ildə o, 48 saatlıq həftəlik iş rejimini qısaltdı və nəticədə gündəlik 8 saatlıq iş rejimi qüvvəyə mindi. O, bununla da işçilərinə daha çox sərbəstlik vermək, onların istehlak məhsulları, eləcə də avtomobillərin satın alması ilə bağlı göstəriciləri yüksəldi. Bu nümunəni daha sonra Virgin-in sahibi və yaradıcısı Riçard Brenson davam etdirdi. Dördgünlük iş həftəsinin tərəfdarları arasında "Google” firmasının yaradıcısı Larri Peyc və amerikalı milyarder Karlos Slim də yer alır.

"CNN Money” saytı dünyada ən az həftəlik iş saatlarına malik  olan ölkələri sıralayıb.  Məlum olub ki, MDB ölkələri və ABŞ sakinləri həftədə 40 saat işləyir. ABŞ-da iş həftəsinin bu qaydası hələ XX əsrin 40-ci illərində təyin edilmişdi. Lakin hazırda bu qayda dövlət işçiləri üçün keçərlidir. Belə ki, bir çox özəl şirkətlər bu göstəricini 35 saata endirib. Avropa Parlamenti həftədə 48 saat maksimum iş normasını təyin edib. Bəzi ölkələr buraya öz istisnalarını əlavə edib. Məsələn, Finlandiya belə hesab edir ki, onun vətəndaşları 40 saatdan çox yox, məhz 32 saat işləməlidir. Adətən isə avropalılar həftədə 35 saat işləyir.

Hollandiya ən qısa orta statistik iş həftəsinə - 27 saat normasına sadiqdir. Holland müəssisələri 4 günlük iş gününə keçid edir, orta işçinin iş günü isə 7 saat 30 dəqiqə təşkil edir.

İrlandiya və Fransada isə iş həftəsi 35 saatdır. Bu dünyada ən aşağı səviyyəli göstəricilərdən biri olsa da, İrlandiyada əməyin məhsuldarlığı kifayət qədər yüksək səviyyədədir. Fransada cümə günü rəsmi olaraq iş günü hesab edilsə də, bir çox şirkətlər bu günü qısaldır. Cümə günü nahar fasiləsindən sonra kimisə öz iş masasının arxasında görmək çətin məsələ olur. Keçən əsrin 90-cı illərində Fransada 35 saatlıq iş normasının tətbiq edilməsi əhali arasında narazılığa səbəb olmuşdu. Bu yaxınlarda ölkə rəhbərliyi həftəlik iş normasının artırılması məsələsinə qayıtdı və bu da çox sayda etiraz yürüşlərinin baş qaldırmasına gətirib çıxardı.

Danimarka əhalisi gün ərzində 7 saat 21 dəqiqə işləyir. Burada iş həftəsinin davamiyyət müddəti 37,5 saat tə.kil edir ki, bu da Avropada ən aşağı səviyyəli göstəricilərdən biridir. Lakin bununla belə, danimarkalılar saatda təqribən 37,6 avro qazanır.

Almaniyada iş həftəsi 38 saat davam edir. Bundan əlavə, ölkədə mövcud olan təcrübəyə əsasən, hər hansı bir şirkətdə maliyyə problemləri yarandıqda əməkdaşların ixtisar edilməsi əvəzinə iş saatı azaldılır. Norveç sakinləri isə həftədə 39 saat çərçivəsində çalışır. Avropada ən əməksevər ölkələr Böyük Britaniya, Yunanıstan və Portuqaliyadır. Portuqaliyalılar 48, britaniyalılarla yunanlar isə həftədə 43,7 saat işləyirlər.

Asiyada insanlar daha çox zəhmət çəkir. Çində iş günü 10 saat təşkil edir və üstəlik şənbə günü də iş günü hesab edilir. Nəticədə həftədə 60 saat qaydası yaranmış olur. Çinlilərin nahar fasiləsi 20 dəqiqə, məzuniyyətləri isə ildə 10 gündür.

Yaponiyada standart iş müqaviləsində iş həftəsi 40 saat olaraq nəzərdə tutulub. Lakin yaponlar üçün karyera pilləsində irəliləməyin əhəmiyyətinin nə dərəcədə vacib olduğunu bilirik. Bu irəliləyişi isə əksər hallarda insanın iş yerində nə qədər çox zaman keçirməsi təyin edir. Bu səbəbdən də bəzi hallarda iş həftəsi 50 saata bərabər olur.

Tailand və Hindistanda da şənbə iş günü hesab edilir və işçilərin əksəriyyəti həftədə 48 saat çalışır. Dövlət müəssisələri və həmçinin qərb şirkətlərinin ofislərində 40 saatlıq iş həftəsi qaydasına riayət edilir.

Bu sistemin Azərbaycanda tətbiq olunacağı isə şübhəlidir. Doğrudur, iş gününün azalmasına baxmayaraq faydalı iş əmsalı artar. Tutaq ki, 5 günlük iş zamanı 50 detal istehsal edən usta bunu 4 gündə edə bilir, əvəzində 3 gün istirahət edir. Bunu eksperiment kimi hansısa sahələrdə tətbiq etmək olar. Amma  Azərbaycanda bu təklifin dəstəklənəcəyi gözlənilən deyil. Çünki 4 milyon yarım əmək qabiliyyətli adamdan yalnız 1 milyon yarımının əmək müqaviləsi var. Qalanları qeyri-formal əmək bazarının iştirakçılarıdır. O baxımdan da ölkəmizdə iş gününün azaldılması ilə bağlı təklifin qəbul görəcəyi inandırıcı deyil. Özəl və müqaviləsiz işçilərlə dolu sektorda bu cür iş gününün ixtisarı müsbət heç nə vəd etməyəcək./musavat.com/
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!