Qobustan Energetiklər Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib

2017-10-20 17:17:49 / 5289 dəfə oxunub

Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində Energetiklər Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində 20 oktyabr Energetiklər Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universitetinin müəllim və tələbələri, Qobustan rayon ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
Qonaqlar Ulu Öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyduqdan sonra, Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi ilə tanış olublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərkəzin açılışında iştirakını əks etdirən "Prezident İlham Əliyev Azərbaycanda alternativ enerji mənbələrindən istifadə strategiyasının banisidir" sənədli filmi təqdim edilib.
Dövlət Agentliyinin Enerjinin istehsalı şöbəsinin müdiri Fəzahir Süleymanovun "Müasir texnologiyalardan istifadənin Azərbaycan modeli: Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi" mövzusunda mühazirəsi dinlənilib. Mərkəzdəki dispetçer və idarəetmə məntəqəsində külək və günəş enerjisinin elektrik enerjisinə çevrilməsi prosesi əyani şəkildə şərh olunub. Qobustan rayonunun elektrik enerjisi ilə təminatında stansiyanın rolu faktlarla dinləyicilərə çatdırılıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Energetikanın problemləri" ETL-in müdiri, texnika elmləri namizədi, dosent Fuad Məmmədov, Azərbaycan Texniki Universitetinin "Elektrotexnika və energetika" fakültəsinin dekan müavini, texnika elmləri namizədi, dosent Sabir Bağırov ölkəmizin zəngin alternativ və bərpa olunan günəş, su, külək və digər ekoloji təmiz enerji mənbələrindən istifadənin əhəmiyyətindən danışıblar. Alternativ və bərpa olunan enerji mənbələrinin geniş tətbiqinin enerji təhlükəsizliyinin yüksəldilməsində, təbii qaza qənaət olunmasında, atmosferə atılan zərərli tullantıların azalmasında, ekoloji tarazlığın təmin olunması ilə innovativ inkişafın sürətlənməsində və yeni iş yerlərinin yaranmasında mühüm əhəmiyyətə malik olduğu vurğulanıb. Belə səfərlərin elmlə təcrübənin, təhsillə istehsal müəssisələri arasında əməkdaşlığın möhkəmlənməsində, tələbələrin dünyagörüşünün zənginləşməsində mühüm əhəmiyyəti qeyd edilib.
Bilik Fondunun sektor müdiri Hacı Abdulla "İqtisadi maarifləndirmə" və "Ekoloji maarifləndirmə" proqramları çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, Dövlət Agentliyinin rəhbərliyinə səmərəli əməkdaşlığa görə təşəkkür edib, əlaqələrin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!