Şamaxıda yol polisi ilə sürücü arasında İNSİDENT

2017-10-25 12:04:40 / 1235 dəfə oxunub

Şamaxı rayonunda sürücü yol polisi əməkdaşı tərəfindən döyüldüyünü iddia edib.

APA-nın yerli bürosunun xəbərinə görə, insident ötən gün Şamaxı şəhərində qeydə alınıb. Rayonun Dağ Bağırlı kənd sakini, 1984-cü il təvəllüdlü Feyzullayev Ruslan Dizcan oğlu idarə etdiyi 15-BO-626 dövlət nömrə nişanlı, "Ford Tranzit” markalı yük avtomobili ilə hərəkətdə olarkən Şamaxı rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı, baş leytenant Fərid Məlikov tərəfindən saxlanılıb.

Ruslan Feyzullayev bildirib ki, polis əməkdaşı onu avtomobil idarə edərkən siqaret çəkdiyinə görə saxlayıb və sənədləri yoxlayan zaman aralarında mübahisə yaranıb: "Sənədlərim qaydasında oldu və siqaret çəkdiyimə görə saxlanılmağımın qanunsuz olduğunu izah edərkən polis əməkdaşı Fərid Məlikov tərəfindən təhqir olundum. O, mənim sinəmə, ayağıma yumruq və ayaq zərbəsi vurdu. Avtomobilimdə olan qardaşım və əmim oğlu da hadisənin şahidləridir. Məni təcili yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparıblar. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 məlumat xidmətinə zəng edərək məlumat vermişik. Həkim müayinəsindən keçmişəm, şahidlərim var, məsələ araşdırılır”.

Yol polisi əməkdaşı, baş leytenant Fərid Məlikov bildirib ki, sürücü yolda digər avtomobili ötmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün saxlanılıb və barəsində protokol tərtib olunub. "Sürücü siqaret çəkirdi, mən onu saxlayıb sənədlərini yoxladıqda o ağzı ilə siqaretin tüstüsünü üzümə vurdu. Ona dedim ki, mən özümü mədəni şəkildə polis zabiti kimi təqdim elədim, amma sən siqaretin tüstüsünü üzümə vurursan, etikan, mədəniyyətin olsun dedim. Mən onu siqaret çəkdiyinə görə saxlamamışam. Yalan deyir, mənə böhtan atır. Yol polisi avtomobilinin kamerasının qarşısında mən onu döyə bilmərəm. O əsəbi şəkildə mənimlə mübahisə yaratdı, onu sakitləşdirib yola saldıq, sonra gedib məndən şikayət edib. Mən cəriməni yazdım, o indi məni qəsdən şərləyir”.

Faktla bağlı araşdırma aparılır.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!