“Azersky” təsvirləri əsasında Şəki rayonu ərazisində torpaqların təyinatı üzrə istifadəsinin monitorinqi aparılıb

2017-10-25 18:39:23 / 5790 dəfə oxunub
"Azərkosmos” ASC ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti arasında imzalanmış müqaviləyə əsasən, Şəki rayonu ərazisində torpaqların təyinatı üzrə istifadəsinin monitorinqi aparılıb.

ASC-nin korporativ kommunikasiya departamentindən AZƏRTAC-a bildirilib ki, layihənin yerinə yetirilməsində əsas məqsəd Şəki rayonu inzibati ərazisinə daxil olan kənd təsərrüfatı təyinatlı torpaqların təyinatı üzrə istifadəsinin "Azersky” peyk təsvirləri istifadə edilməklə kosmik monitorinqinin aparılması və istifadə edilməyən torpaqların aşkarlanması olub.

Rayon ərazisində "Azersky” peyk təsvirləri vasitəsilə aparılmış monitorinqlər nəticəsində 8 istifadə olunmayan sahə müəyyən olunub. İstifadə olunmayan ərazilərin ümumi sahəsi 33.22 hektar təşkil edib ki, bu da Şəki rayonu üzrə xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı ərazilərin 0.06 faizi deməkdir. Beləliklə, Şəki rayonu üzrə torpaqlardan istifadə olunma göstəricisinin çox yüksək olduğu aşkarlanıb.

"Azersky” peykindən əldə olunan təsvirlər bu tip monitorinqləri respublikanın digər rayonlarında tətbiq etməklə əkin sahələrində mütəmadi nəzarətin aparılmasını mümkün edir.

Cənubi Qafqazda ilk peyk operatoru olan "Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos” tərəfindən idarə edilən "Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən "Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, "Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı planlaşdırır.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!