Balakəndə 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları həsr olunmuş hesabat yığıncağı keçirildi

2017-10-18 12:00:39 / 4943 dəfə oxunub
17 oktyabr tarixdə "Qubek” otelində 2017-ci ilin 9 ayında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar icra hakimiyyətinin başçısı yanında şuranın hesabat yığıncağı keçirilib.

Geniş məruzə ilə çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar Nazirlər Kabinetinin oktyabrın 9-da keçirilmiş iclasında Prezident İlham Əliyevin nitqində qeyd edilən məsələlərə toxunaraq bildirdi ki, dövlət başçısının qöstərdiyi rəqəmlər ölkəmizin sosial–iqtisadi inkişafının durmadan davam etdiyini göstərir.

İslam Rzayev qeyd etdi ki, 03 avqust 2017-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin Balakən rayonuna sayca beşinci səfəri onun rayona diqqət və qayğısı, balakənlilərin Prezidentə böyük məhəbbəti hesab olunmalıdır. Növbəti səfəri zamanı ölkə başçısı Balakən Su Elektrik Stansiyasının, Bayraq Muzeyinin, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun və ABAD mərkəzinin açılışında iştirak etdi, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü və görülmüş işləri yüksək qiymətləndirdi.

Bildirildi ki, ötən dövr ərzində tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı zəruri hazırlıq işləri aparılıb, rayonda 241 ha sahədə Virciniya, 8 ha sahədə Berley və 279 ha sahədə isə İtiyarpaq növ olmaqla cəmi 528 ha sahədə tütün əkilib. Tütün əkilmiş sahələrin becərilməsi, suvarılması, istehsalçıların texnikaya, mineral gübrələrə olan tələbatının ödənilməsi, həmçinin, sahələrdə bitki xəstəliklərinə və zərərvericilərə qarşı mübarizə aparılması üçün tədbirlər görülüb. Artıq 1147,5 ton Virciniya növ, 96,0 ton quru tütün tədarük olunaraq qəbul məntəqələrinə təhvil verilib, hazırda təsərrüfatlarda tütün qırımı davam etdirilir.

Rayonda cari ildə 11,5 ton barama istehsal olunub ki, bu da keçən ilə nisbətən 3,7 dəfə çoxdur. Son illərdə baramaçılığın yem bazasının yaxşılaşdırılması üçün tut tinglərinin əkilməsi təmin olunmuş, mövcud tut ağaclarının inventarizasiyası aparılıb, məhsuldarlığın artırılması üçün tədbirlər görülüb.
Məruzədə qeyd olundu ki, fındıqçılığın inkişaf etdirilməsi sahəsində 2264,2 ha sahədə yeni fındıq bağları salınıb ki, onun da 662 hektarı cari ildə salınan bağlardır.
Məlumat verildi ki, 2017-ci ildə keçirilən qəbul imtahanlarında 341 nəfər məzun iştirak edib, onlardan 224 nəfəri tələbə adını qazanıb. Ali məktəblərə qəbul olunanlardan 13 nəfəri 600-dən, 28 nəfəri isə 500-dən çox bal toplayıb.

Həmçinin məruzədə hesabat dövründə rayonda ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dini durumun öyrənilməsi, qeyri-ənənəvi və zərərli təriqətlərin yayılması kimi məsələlərə dair araşdırmaların aparılması, rayonda gedən ictimai-siyasi proseslərin müntəzəm təhlil edilməsi və bu sahədə maarifləndirici tədbirlərin keçirilməsi ilə bağlı məlumat verilib.

Hesabat iclasında rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Cavanşir Alqayev, 15 saylı Yol İstismar İdarəsinin rəisi Rüstəm Paşayev, ABAD Mərkəzinin direktoru Amil Musayev çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat veriblər.

Sonda RİH-nin başçısı İslam Rzayev aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışıb, uğurlarla yanaşı problemləri də qeyd edib, aidiyyəti xidmət təşkilatlarına tapşırıq və tövsiyyələrini verib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Yekunda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Aydın Xoçberova medalı təqdim edildi
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!